Albert (dilənçi və yaşlı kişi qiyafəsində) – Şanelin atası
Qulluqçu (Covanna-ad şərtidir) – Şanelin sadiq köməkçisi
Zadəgan qonaqlar, müğənni qadın, mühafizəçilər, iki polis məmuru və başqaları...
1-ci hissə
İşıq yanır bir kaberədə. Ucuz pərdələr və xırda bəzək əşyaları ilə bəzədilmişdir. Bir neçə dəyirmi masa və ətrafında taxta stullar qoyulmuş, hər masa 5 nəfərlikdir, lakin bəzilərində 3, bəzilərində 2, bəzilərində 4 və 5 nəfər oturmuşdur. Baş tərəfdə kiçik bir səhnə görünür. Masalarının üstü müxtəlif yemək və içkilərlə doludur. İnsanların gülüş və danışıq səslərri bir-birinə qarışıb. Öndə, sağ tərəfdə duran masanın kənarında Şanel və Balsan üz-üzə oturmuşdur. Şanel uzun qırmızı don geyinmiş, iki hörüyünün birini sağ, digərini sol çiynindən sallamışdır, qarayanız, arıq qızdır. Balsan isə fransız zadəganları kimi bahalı və mürəkkəb geyinmişdir. Balsan Şanelə gülümsəyərək nəsə deyir, Şanel isə ətrafa həyəcanla boylanır və sonra utanaraq başını aşağı salır. Balsan onun əlindən tutur, Şanel tərəddüdlə qalxıb yenidən həyacanla ətrafa boylanır. Utandığı yanaqlarının qızartısından məlumdur. Səhnəyə doğru addımlayırlar. Şanel səhnəyə çıxır və Balsan aşağıda durub diqqətlə ona baxır, başı ilə artıq başlamasına işarə edir. Getdikcə səssizlik yaranır və hamının diqqəti Şanelə yönəlir. Şanel arxasında duran musiqiçilərə yaxınlaşır və birinin qulağına nəsə pıçıldayır. Az sonra musiqi səslənir və Şanel titrək bir səslə məşhur fransız mahnısı olan “Kokonu görən oldumu?” adlı mahnını oxuyur. O, oxuduqca musiqi ilə bərabər tamaşaçıların alqış səsləri, heyrətamiz baxışları və oturaq halda uşaqsayağı rəqsləri onu müşaiyət edir. Musiqi bitəndə hamı ayağa qalxaraq onu alqışlayır, Şanel ehtiramla baş əyir və Balsan onun əlini tutaraq səhnədən endirir, az öncə əyləşdikləri masaya yaxınlaşırlar. Balsan onu qucaqlayıb öpür.