Şanel:(biraz sükutdan sonra) Bəlkə biraz da özümüzdən danışaq. Artur, biz çox gec-gec görüşürük. Bilirəm, sən İngiltərədən bura hər gün gedib-gələ bilməzsən. Mənim üçün çətin olsa da, anlayıram ki, sənin orda arvadın var. Amma mən burda sənin üçün çox darıxıram.
Artur: Bilirəm, mənim Kokom...
Şanel: Mənə bir də belə müraciət eləmə.
Artur: Niyə?
Şanel: Çünki bu mənə Etten Balsanı xatırladır.
Artur: Yaxşı. Anlayıram səni amma mən də məcburam. Bezmişəm o həyatdan. Hərdən üsyan edib demək istəyirəm ki, cəhənnəm olsun sizin pulunuz, malikanəniz, zadəganlığınız, amma cəsarətim çatmır.
Şanel: Mən səni elə sevirəm ki, səni ömür boyu gözləyə bilərəm. Bilirsən, mən elə düşünürdüm ki, bütün aşiqlər acizdir. Doğrudur, acizdir. Amma sənin üçün aciz olmaq da əsl xoşbəxtlikdir.