Ucuz parçalardan və cihazlardan ibarət çəkiliş studiyası. Rejissor taxta stulda əyləşib kitab varaqlayır. Olduqca fikirli və əsəbi görünür. Dərindən nəfəs alıb kitabı kənara qoyur. Daha sonra siqaret yandırıb çəkməyə başlayır.
Rejissor: (üzgün-üzgün mahnı oxuyur)
Əziz dostum məndən küsüb incidi,
Ayrılıb yad kimi çıxdı evimdən.
O gedən yolları ot basıb indi,
Dost gedib qalmışam həsrətində mən...
Necə nəğmə qoşum, necə dillənim?
Dost gedib özümə gələ bilmirəm.
Elə bil əllərim yox olub mənim,
Gözümün yaşını silə bilmirəm...
Assistent yanında bir xanımla daxil olur. Rejissor siqareti söndürüb cəld ayağa qalxır. Gülümsəyərək onlara yaxınlaşır.
Assistent: Kastinq üçün müraciət edən sonuncu xanımdır. Ümid edirəm bu xanımla dil tapa bilərsən.
Rejissor: Sən canın çıx, get, süni cümlələr qurma mənə.
Assistent: Üzür istəyirəm. (çıxır)
Rejissor: Xoş gəlmisən.
Xanım: Xoş gördük.
Rejissor: Adın nədir?
Xanım: Xanım.
Rejissor: Deməli belə, Xanım xanım, yəqin ki, mənim prinsiplərimə bələdsən.
Xanım: Az-maz eşitmişəm haqqınızda.
Rejissor: Məsələn, nə eşitmisən?
Xanım: Eşitmişəm ki, siz bütün xanımları soyundurursuz.
Rejissor: Yalnız xanımları deyil, gözəlim, kişiləri də soyundururam mən.
Xanım: Mənə gözəlim deməyin.
Rejissor: Üzürlü say, dilim öyrəncəlidir.
Xanım: Bilmək olar niyə soyundurursuz insanları?
Rejissor: Kameranın önünə keç, anlayacaqsan.
Xanım kameranın önünə keçir. Rejissor kameradan ona baxır. Araya sükut çökür.
Xanım: İndi neyləyim?
Rejissor: Soyun, gözəlim!
Xanım:(hirslə) Mənə gözəlim deməyin.
Rejissor: Aman... Eh! Soyun da...
Xanım: Anlamadım.
Rejissor: Nəyi anlamadın? Soyun deyirəm. Soyunmaq nəcə olur, bilirsən?
Xanım: Aha... (düşünür) Bilirəm. Amma bu soyunmağın da bir səbəbi olmalıdır.
Rejissor: Eləsə geyinməyin də bir səbəbi olmalıdır məncə.
Xanım: Geyinməyin səbəbi yoxdur ki?
Rejissor: Çoz uzadırsan. Ya soyun, ya da çıx, get!
Xanım:(hirsli-hirsli jaketini çıxarır) Al... (jaketi rejissorun üstünə tullayır)
Rejissor: Elə bu?
Xanım: Yenə soyunum?
Rejissor: Əlbəttə... Davam elə.
Xanım: Siz bura məni soyundurmaq üçün çağırmısız?
Rejissor: Bax, dediklərimi edəcəksənsə, davam edək. Yoxsa hər şeyə bir sual verəcəksənsə, çıx, get!
Xanım: (dərindən nəfəs alıb özünü cilovlamağa çalışır) İndi nəyi çıxarım?
Rejissor: Köynəyini.
Xanım:(düşünür, hirsli olduğu gözlərindən sezilir və hirslə köynəyini çıxarır) Al... (köynəyi rejissorun üstünə tullayır)
Rejissor: Davam elə...
Xanım: Ehhh. Bezdim e! Daha nə qədər soyunacağam? Bunun bir ssenarisi olmalıdır. Yoxsa eləcə soyunmağın nə mənası var?
Rejissor: Süniliyə vərdiş etmisiniz hamınız. Təpədən dırnağacan saxtalaşmısız, xəbəriniz yoxdur. Kiminsə yazdığı cəfəngiyyatlara ehtiyacım yoxdur mənim. Dediklərimi eləsən, burda ikimiz bir film çəkərik ki, Oskar alar. Amma əbəs əlləşirəm mən!
Xanım: Mən sizi anlamıram. Axı siz ancaq mənim soyunmağımı istəyirsiz. Camaatın mənim soyunmağıma baxmasıyla siz Oskar alacaqsız?
Rejissor: Yox, camaat sizin soyunmağınıza yox, insanın ən təbii və ən gözəl halına baxacaq. İnsanın ən təbii və ən gözəl halı çılpaq halıdır.
Xanım: Mən elə geyimdədə təbii və gözələm. Buna şübhəniz olmasın.
Rejissor: Sizi aldadıblar. Heç bir insan geyimdə gözəl deyil. (pencəyini çıxarır, daha sonra köynəyini çıxarmağa başlayır) İndi mənim çılpaq halımı görün, siz də əmin olacaqsız ki, insan çılpaq olanda daha gözəl olur.
Xanım:(əlləri ilə gözlərini qapayır) Siz neyləyirsiz? Hey! Dayanın, soyunmayın. (gözücü baxır, amma rejissor soyunmağa davam edir) Dayanın dedim sizə. İndi qışqırıb hamını çağıracağam bura.
Rejissor:(şalvarını çıxarır) Qışqırın. İnsan qışqıranda da təbii və gözəl olur. Baxın, indi mənim əynimdə təkcə alt paltar var və mən bayaqkından daha təbii və gözələm. Elə deyil?
Rejissor:(əyləşir və kameradan Xanıma baxıb gülür) Qışqırın.
Xanım: Siz nəyə gülürsüz? Utanmaz. Alçaq. (qışqırır və hirslə ətəyini çıxarır) Mundar. İnsanları ələ salırsız. Hayasız. (ayaqqabılarını çıxarıb rejissorun başına atır) Sizi polisə şikayət edəcəyəm. Əxlaqsız! (qışqıraraq buzqalterini açmağa çalışır və iti addımlarla studiyadan çıxır)
Rejissor: Asisstent! (sükut)
Assistent: (daxil olur) Buyur.
Rejissor: Bu qızdan da bir şey çıxmadı.
Assistent: Mən sənə demişdim. Sən xam xəyallardasan. Bunu səninçün heç kəs etməyəcək. Onlar elə bilirlər ki, sən sadəcə onların döşünə-başına baxmaq üçün onları soyundurursan.
Rejissor: (fikirli) Amma mənim anlamadığım bir şey oldu. Mən bu qıza o qədər izah elədim, o qədər soyun dedim, soyunmadı. Lap axırda məni söyə-söyə soyunmağa başladı və getdi. Bu nə demək idi, görəsən!?
Assistent: (gülür) Sən hələ anlamamısan? (qəhqəhə çəkir)
Rejissor: Nəyi? (assistent gülməkdən cavab verə bilmir) Nə hırıldıyırsan? De görüm, nə baş verir?
Assistent: Bu qızın anketini oxumamısan? (gülməyə davam edir)
Rejissor: Yox. Mən onların heç birinin anketini oxumamışam.
Assistent: Bu qız anketindəki “hirslənəndə nə edirsiz?” sualına “soyunuram” deyə cavab yazmışdı.
Rejissor: Bax, mən indi alt paltarımı da çıxaracağam. Gör mən necə gözəl görünəcəyəm.
Xanım:(özünü cilovlayır) Cəhənnəmə çıxar. İstəsən dərini də soyun.
Rejissor:(asisstentə) İşə yaramadı.
Assistent:(özünü sillə vurur və pıçıltıyla) Vur. Sillə vur.
Xanım: Çəkil qabağımdan.
Rejissor:(özünə sillə vurur) Getmə...
Assistent:(pıçıltıyla) Özünə yox, ona vur ki, hirslənsin.
Rejissor: Getmə. (ona sillə vurur)
Xanım:(özünü itirməməyə çalışır və qüvvəsini toplayıb rejissora sillə vurur) Elə bilirsən mən sillə vura bilmirəm? Al... (gülür)
Rejissor:(Xanıma sillə vurur) Hirslən də...
Xanım:(rejissora sillə vurur) Hirslənmirəm. Hirslənməyəcəyəm. Özümə söz vermişəm. Özünü öldürsən də hirslənməyəcəyəm. (gülür)
Rejissor:(bağıra-bağıra assistentin üstünə cumur və asisstentə sillə vurur) Bu da işə yaramadı. Başqa şey fikirləş.
Assistent: Mən neyləyim e. Hirslənmir də.
Rejissor: Ax, ax! Havalanacam indi. Tut bunun əllərini.
Assistent: Kimin?
Rejissor: Kimin olacaq? Qızın.
Assistent: (Xanımın əllərini tutur) Tutdum.
Rejissor: Bağla.
Xanım: Neyləyirsiz? (qışqırır) Kömək edin. Təcavüz edirlər mənə.
Rejissor: Ağzını da bağla.
Assistent: Nəylə bağlayım?
Rejissor: Mən nə bilim!? Bir şey tap bağla da.
Assistent: Buraxsam qaçacaq. Mənə ip ver.
Rejissor: Heç bir işə yaramadın da. (sirmədən bir top ip çıxarıb assistentin üstünə atır) Möhkəm bağla.
Xanım:(durmadan qışqırır) Kömək edin. Məni öldürürlər. Kömək edin.
Rejissor: Tez bağla, indi milləti yığacaq başımıza.
Assistent:(Xanımın əllərini bağlayır) Mənə de görüm bunu niyə bağlayırıq?
Rejissor: Qaçmasın deyə.
Assistent:(Xanımın ağzını bağlayır) Onu burda niyə saxlayırsan?
Rejissor: Axmaq, soyunmağı lazımdır bizə. Niyə çağırmışıq onu?
Assistent:(Xanımın ayaqlarını bağlayır) Onu bilirəm, amma əli, ayağı bağlı halda necə soyunacaq bu yazıq?
Rejissor: (düşünür) O da düzdür. Amma açsaq qaçacaq.
Assistent: Ayağını açmayaq.
Rejissor: Bəs harasını açaq?
Assistent: Əlini.
Rejissor: Axmaq, əlini açsaq öz əli ilə öz ayağını açacaq da.
Assistent:(düşünür) Düzdür. Bəs nə edək?
Rejissor: Danışıb yola gətirək. Onu tamam hirsləndirək, sonra əl-ayağını açıb çəkək.
Assistent: Səncə hirslənəcək?
Rejissor: Bu qədər oyun gətirdik başına. Mən olsam indi hirsimdən iflic olmuşdum.
Xanım əli-ayağı bağlı halda çabalayır, ağzı bağlı olduğu üçün səsi çox boğuq gəlir. Rejissor ona yaxınlaşıb saçlarını sığallayır.
Rejissor: Sənə adam kimi hirslən deyəndə hirslənsəydin bütün bunlar gəlməzdi başına.
Assistent: Bir onu bilirəm ki, şiddət və zorakılıqdan hərəmiz 4-5 il yatacağıq içəridə.
Rejissor: Gic-gic danışma. Fikirləş gör necə hirsləndirək bunu?
Assistent: Elə hər şeyi də mən fikirləşirəm. Nə bilim necə hirsləndirək. Saçını yol, üzünü cırmaqla...
Rejissor Xanımın saçından tutub dartır, Xanım hiyləgər baxışlarla sakit-sakit rejissorun gözlərinə baxır, ağrı çəkdiyi üzündən bilinsə də, tərpənmir. Rejissor onu çimdikləməyə başlayır. Xanım qıdıqlanıb gülür. Onun gülməyinə rejissor hirslənir. Assistent qəhqəhə çəkir. Rejissor assistentin gülüşünə hirslənib ona tərs-tərs baxır. Assistent ciddi sifət alır.
Rejissor: İşə yaramır, yaramır. (hirslə) Mən nə edim indi? (düşünür) Bayaq mən soyunanda o hirslənirdi.
Assistent: Aha...
Rejissor: Deməli, sən də soyunsan hirslənər.
Assistent: İndi də məni soyunduracaqsan? Sən özün niyə soyunmursan?
Rejissor: Görmürsən, axmaq? Mən təkcə tumandayam.
Assistent: Onu da soyun hirslənsin də.
Rejissor: Sən soyun, hirslənməsə, mən onu da soyunaram.
Assistent: Sən əzizlərinin canı, məni də öz gününə salma.
Rejissor: Soyunmasan, işdən qovacam.
Assistent:(soyuna-soyuna) Böhranın üzünə lənət. Gör pul üçün nə günlərə düşdüm!?
Xanım gözlərini yumur. Assistent köynəyini, şalvarını, ayaqqabılarını soyunur və təkcə alt paltarda Xanımın önündə durur.
Rejissor:(Xanımın gözlərini açmağa çalışır) Aç gözlərini. Bax, gör insan soyunanda necə gözəl və təbii olur.
Assistent: Bunun harası gözəldir? Enli köynək çıxaranın ölüsünə rəhmət, göbəyim bugün-sabah dizlərimə çatacaq. Yenə o köynək eybimi örtürdü biraz.
Rejissor:(asisstentə hirslə) Sus. (Xanıma) Bax, aç gözlərini bax! Bu təbii mənzərəni bir də heç vaxt görməyəcəksən!
Xanım gözlərini açmır. Rejissor hirslə döşəməyə yumruq vurur. Assistent öz çılpaq halına üzgün-üzgün baxır. Rejissor əsəbi və fikirli halda var-gəl edir. Xanım gözlərini azacıq açıb onlara sakit-sakit baxır, daha sonra yumur.
Assistent: Tapdım.
Rejissor: Nə tapdın?
Assistent: Bayaq biz mahnı oxuyanda hirslənmişdi.
Rejissor:(düşünür) Hə...
Assistent: Onda, gəl, yenə mahnı oxuyaq, oynayaq.
Rejissor: Başla... (ayağa qalxıb əl çalır)
Assistent:(rəqs edə-edə)
Bu gün ayın üçüdür
De görüm nanay nayna ninay
Yar, girmə bostan içidir,
De görüm nanay nayna ninay
Rejissor: (rəqs edə-edə)
Bu qala daşlı qala,
Çınqıllı, daşlı qala.
Qorxuram yar gəlməyə,
Gözlərim yaşlı qala.
Assistent: Bəh bəh! (cuşa gələr kimi)
Bulaq başı toz olar,
Üstü dolu qız olar.
Əyil dəsmalı götür,
Mən götürsəm söz olar.
İkisi bir yerdə:
Bu qala daşlı qala,
Çınqıllı, daşlı qala.
Qorxuram yar gəlməyə,
Gözlərim yaşlı qala.
Rejissor:(Xanıma baxır, hirslənir) Buna heç təsiri yoxdur.
Assistent: Daha nə edəcəyimizi mən bilmirəm. Məndən soruşma. (oturub dizlərini qucur)
Rejissor: Mən də bilmirəm. (eyni vəziyyətdə oturur)
Assistent: İndi neyləyəcəyik?
Rejissor: Heç nə...
Assistent: Necə yəni heç nə? Ömrümüzün axırına qədər belə oturacağıq burda?
Rejissor: Yox, aç bunu, burax, getsin.
Assistent:(sevincək yerindən qalxır) Ay səni yaşa...
Assistent Xanımın əllərini və ayaqlarını açır. Rejissor Kamera arxasına keçib nəsə ilə məşğul olur. Assistent Xanımın ağzını açan kimi Xanım hirslə qışqırmağa başlayır.
Xanım:(jaketini və köynəyini soyunur) Mən bütün bunların əvəzini sizdən çıxacağam. Pis günlərə salacağam sizi. (jaketi və köynəyi rejissorun üstünə tullayıb ayaqqabılarını çıxarır və birini rejissorun, digərini assistentin başına atır, sonra ətəyini çıxarmağa başlayır) Mən sizə göstərərəm mənim əlimi-qolumu bağlamaq nə deməkdir? Siz başınızdan böyük qələtlər elədiz. (ətəyini assistentin üzünə çırpır və dayanmadan danışa-danışa uzun corablarını çıxarıb rejissorun üstünə atır) Bölmələrdə, məhkmələrdə sürünəcəksiz. Qanınızla, canınızla ödəyəcəksiz bu etdiklərinizin hesabını. (buzqalterini açmağa çalışır) Zibil! (qışqırır) Siz heç bilirsiz mən kiməm? Namussuzlar! Əxlaqsızlar! (buzqalterini açıb assistentin üzünə çırpır və alt paltarını çıxarır) Çətini bu xarabadan çıxanacandı. Ondan sonra alacaqsınız payınızı. (alt paltarını rejissorun üstünə atır)
Assistent: Mənim üstümə ataydın da onu. (buzqalteri qoxlayır)
Xanım: Alçaq. Namussuz. (assistenti sillələyir və yumruqlayır) İtilin. Rəd olun gözümdən. Bu etdiklərinizə peşman olacaqsız. Ayağıma düşüb yalvaracaqsız, amma bağışlamayacam.
Xanım yerə oturub döşəməni döyəcləməyə başlayır. Ağlayır və qışqırır. Assistent buzqalteri qoxlayıb həzz alır. Rejissor kamera arxasında ləzzətlə baş verənləri izləyir. Sonra sevinc dolu siması ilə alqışlayaraq ayağa qalxır. Xanım özünü toplayıb dizlərini sinəsinə doğru çəkir və dizlərini qucaraq oturur.
Rejissor:(Xanıma) Sənə çox minnətdaram. (Xanım qışqırır) Boş-boş nə qışqırırsan? Neylədim sənə? (Xanım yenə qışqırır) Havalandın?
Assistent: Yazıq qız. (qalan paltarları götürüb çıxır)
Rejissor: Yaxşı, bəsdir. Gedə bilərsən.
Xanım qüvvəsini toplayıb dərindən nəfəs alır və ayağa qalxıb alt paltarını geyinir. Sonra sakit halda rejissora baxır.
Xanım: Siz hər şeyi çəkdiz? (buzqalterini geyinir)
Rejissor: Əlbəttə. Çox təbii idi hər şey. Çooox, çox...
Xanım: Hmmm... (köynəyini geyinir)
Rejissor: Hirsin soyudu?
Xanım: Hə, soyudu. (ətəyini geyinir)
Rejissor: İndi sakit-sakit danışa bilərik.
Xanım: Hə, bilərik. (corablarını geyinir)
Rejissor: Sən çox böyük aktrisa olacaqsan.
Xanım: Çox böyük olacağam, amma aktrisa yox, çox böyük qatil olacağam. (ayaqqabılarını götürüb rejissorun başına çırpır) Sizi öldürəcəyəm. Çox az ömrünüz qalıb. Əgər o çəkdiyinizi silməsəniz, sizi tikə-tikə doğrayacağam.
Rejissor: Mən hər şeyi gözə almışam.
Xanım:(öz-özünə) Hirslənmə, Xanım, hirslənmə...
Rejissor: Hirslən, Xanım, hirslən. Sən hirslən ki, kainat gülsün, sevinsin. Yaradan nə gözəl yaratmış səni. Hirslənəndə soyunmaq... Hər adama nəsib olmur bu fərqlilik. (qəfil fikirləşir) Mən nə dedim? Dedim hirslənəndə soyunmaq... Aaaa....... Tapdım! Tapdım! Filmin adını tapdım. Hirslənəndə soyunmaq. (sevinclə gülür) Əla!
Xanım: Gülün, gülün... Axır gülüşünüz olsun. Rəbbim bir də gülmək qismət eləməsin. (ayaqqabılarını geyinir)
Rejissor: Xanım, razı ol, əlimizdə gül kimi material var. Qəşəng bir film hazırlaya bilərik. İşimiz yarım qalmasın. Bu sənətdir. Qurban tələb edir. Səndə çox böyük istedad var. Zay eləmə bu istedadı.
Xanım:(öz-özünə) Hirslənmə, Xanım, hirslənmə...
Rejissor: Hirslən, Xanım, hirslən. Sən nə qədər istəsən hirslən. Başqa heç nə eləmə. Ancaq hirslən. Gecə-gündüz hirslən. (əl çalıb gülür və oxumağa başlayır)
Xanım:(onun sözün kəsir və yüksək səslə) O çəkdiyinizi silirsiz ya yox?
Rejissor: Ancaq mən ölsəm, o silinə bilər. Başqa cür mümkün deyil. Biz hələ səninlə bu filmin başqa səhnələrini çəkəcəyik...
Xanım:(baş barmağını işarə və orta barmağının arasına salıb rejissora tərəf uzadır) Gələ çəkərsiz! Nə film e? Siz məni ələ salmısız? Bu sui-istifadədir. (hirslənir və jaketini çıxarmaq istəyəndə öz-özünə) Hirslənmə, Xanım, hirslənmə...
Rejissor: Hirslən, Xanım, hirslən... (gülür və əl çalıb oxumağa başlayır)
Fərəhindən coşar,
Yeni nəğmə qoşar,
Şur ilə bülbül,
Lalə, qızılgül
Açar çəməndə
Sən hirslənəndə.
Xanım:(özünü cilovlayır) Yaxşı. Mən gedirəm. Sizin görüşəcəyik... məhkəmədə. (iti addımlarla çıxır)
Rejissor: Gülə-gülə... Yox, hirslənə-hirslənə! Xxaxaxayyy!
Rejissor sevincli qəhqəhələr içində kamera arxasına keçir. Kameradan Xanımın bayaqkı qışqırıq səsləri gəlir.
Rejissor: Əla! (gülür) Soyun, gözəlim, soyun!
İşıq sönür. Səhnə qaranlıqlaşır.
Pərdə enir.
2-ci pərdə
Rejissor studiyada birinci pərdənin əvvəlindəki kimi fikirli və əsəbi halda oturub. Assistent lində çayla daxil olur. Çayı rejissorun önünə qoyur. Rejissor siqaret yandırıb qəmli-qəmli oxumağa başlayır. Assistent onun səsi ilə dərin düşüncələrə dalır.
Rejissor:
Ay çəkilər yuxu kimi, yuxu kimi, yar...
Bir ovçunun oxu kimi, oxu kimi, yar....
Hamı deyər, hamı gülər, hamı gülər, yar,
Mən gülmərəm çoxu kimi, çoxu kimi, yar...
Şirin günlər, şirin çağlar,
Bir-bir gəlib düşər yada...
Ürək deyər, ayrılığın
Üzü dönsün bu dünyada...
Assistent:(fərəhlə alqışlayır) Əhsən! Çox yanğılı oxuyursan. Kaş ki, rejissor yox, müğənni olaydın.
Rejissor: Yox, mənim rejossorluq istedadım daha çoxdur.
Assistent: Ona görə neçə ildir bir filmi çəkib bitirə bilmirsən?
Rejissor: Mən hamı kimi sıradan, bəsit şeylər çəkmək istəmirəm. Fərqlilik axtarıram, fərqlilik.
Assistent: Mən ölüm, hamısı sənin kimi deyir. Axırda baxırsan ki, elə eyni şeyi çəkir hamı.
Rejissor: Mən illərimi xərcləmişəm. Bütün qazancımı qəpik-qəpik yığmışam. İdeyamı həyata keçirmək hələ nə qurban lazımdırsa, yenə verməyə hazıram. Amma əvvəl-axır bu filmi çəkəcəyəm.
Assistent: Filmi çəkmək üçün sənə soyunan aktrisa lazımdır. Sən bu ölkədə soyunan aktrisa tapa bilərsən? Bu milli-mənəvi dəyərləri, mentaliteti, qatı dini inancı olan bir ölkədir.
Rejissor: Bunların heç birinin sənətə dəxli yoxdur. Sənət qarşısında hər şey bir heçdir. Sənət sərhədi sevmir. Yaradıcılığa qarşı bu barbar mövqeyini məhv etmək gərəkdir.
Assistent: Yaxşı görək. Nə çox olub sənin kimi pafoslu çıxışlar edən rejissorlar. Hamısı da Şekspiri söyə-söyə gedib dünyadan.
Rejissor: Axmaq, mən teatr rejissoru deyiləm. Kinorejissoram.
Assistent: Kinosu olmayan kinorejissor.
Rejissor: Bir də belə cümlələr qursan, işdən qovaram səni.
Assistent səsini kəsir. Rejissor çaydan qurtumlayıb kamerada nəsə izləyir. Xanımın qışqırıq səsləri gəlir. Assistenti gülmək tutur, rejissor ona tərs-tərs baxınca özünü yığışdırır.
Assistent: Sən bu qızı gözləyirsən, hə?
Rejissor: Hə. Ondan yaxşısı dünyada yoxdur.
Assistent: Ümid edirsən ki, gələcək?
Rejissor: Səncə gəlməyəcək?
Assistent: Məncə yox.
Rejissor: Axı o qədər deyindi, söyüş söydü, and içdi, söz verdi...
Assistent: Nəyə dair?
Rejissor: Bizi polisə şikayət edəcəyinə, məhkəməyə verəcəyinəö dair.
Assistent: Sən onun bizi məhkəməyə verməsini istəyirsən?
Rejissor: Ay gicbəsər, hara verir versin, əsas odur ki, gəlsin. Bu filmi çəkib həbsdə yatmağa da razıyam mən.
Assistent: O şikayət etsə, filmi çəkmədən gedəcəksən zindana.
Rejissor: O zaman mən onun bura polislə gəlişini çəkərəm. Bu də sənə final. Qız soyundu, qışqırdı, bağırdı və özünü polisə şikayət etdi. Tənhalığın dibidir. Bundan gözəl məzmun taparsan?
Assistent: Sən havalanmısan. Təkadamlıq film çəkmək istəyirsən? Bu nə süjetdir, nə məzmundur. Hanı bunun zavyazkası, razvyazkası, kuliminasiyası?
Rejissor: Bəsdir görək. Axı dedim sənəti belə çərçivələrə soxmayın. Kİm sənə demiş ki, hər əsərdə, hər filmdə olmalıdır bunlar? Bunları da sənin kimi, mənim kimi adamlar uydurub. Şöhrət xətrinə sənəti çərçivəyə soxublar gorbagorlar...
Assistent: İncimə, amma mən belə fərqliliyi qəbul etmirəm.
Rejissor: Özün bilərsən. Bu boş-boş danışıqları burax da, o qızı tap gətir mənimçün.
Assistent: Yenə keçdik bu qızın pazına... Bezdim e. Sən məni qovmadan özüm istefa verəcəm.
Rejissor: Ya qızı tap, ya da elə istefanı ver, get. Mən də daha yararlı birini tapım. (hirslə çayı bir qurtuma içir)
Assistent çarəsizliklə başını aşağı dikib düşünməyə başlayır. Rejissor kamerada nəsə ilə məşğuldur. Qapı döyülür. Assistent qapını açır. Xanım yanında bir oğlanla daxil olur.
Xanım:(yüksək səslə) Bax, bunlar. Bu iki adam məni soyundurub əlimi, qolumu bağladı, kameraya çəkdilər məni.
Rejissor:(çaşqınlıqla yerindən qalxır) Nə baş verir?
Oğlan: Sevgilimin söylədikləri doğrudur?
Assistent:(rejissora) Həbsə gedəsi olmadıq. İndi namus davasından məzara gedəcəyik. Tanrım, özün kömək ol.
Rejissor: Bir yanlışlıq var. Biz heç kəsi buna məcbur etməmişik. Xanım özü soyunub.
Oğlan:(rejissorun üstünə cumur) Biqeyrət! Qızı güclə soyundurmusuz! Mənim sevgilimə şər atırsan sən?
Rejissor: Əlinizi çəkin! Hər şey kamerada var. İzləyin, özünüz görün. O, özü soyundu. Bizdə filmin ssenarisi belə idi. Biz onun əlini qolunu bağlamalı idik, sonra əlini qolunu açınca o soyunmalı idi. Xanım da bunu bilib razı olmuşdu.
Oğlan: Xanım, o düz deyir?
Xanım: Yalan deyir. Onlar mənə heç bir ssenari verməyiblər.
Rejissor: Əgər ssenari yox idisə, onda sən niyə soyunurdun?
Xanım:(söz tapa bilməyib kəkələyir) Şeyy.... Mən...
Assistent: Aman canım, qız hirslənəndə soyunur onsuz da. Bizim soyundurmağımıza ehtiyac yoxdur ki.
Rejissor:(assistentə pıçıltıyla) Sus...
Oğlan: Başa düşmədim, hirslənəndə soyunmaq nədir?
Rejissor: O mənim filmimin adıdır. Müəllif hüquqları var bu ölkədə.
Oğlan:(hirslə) Nə sayıqlayırsan sən? Mən heç nə başa düşmürəm.
Rejissor:(qorxmuş halda) Heç. Yəni deyirəm ki, Xanım bizimlə əməkdaşlıq edir. İndi niyə bizə hirslənib bilmirəm, amma biz sadəcə film çəkirik. Başqa heç nə.
Oğlan: Video hardadır?
Rejissor: Kamerada.
Oğlan: Baxmaq istəyirəm.
Xanım:(oğlanın önünə keçir) Yox, ona baxmaq lazım deyil.
Oğlan: Niyə lazım deyil ki?
Xanım:(düşünür) Çünki... çünki... mən utanıram. Onlar məni soyundurublar. O videoda mən tamam çılpağam. Sənin məni elə görməyini istəmirəm. (ağlamsınır)
Oğlan: Tamam çılpaqsan?
Rejissor:(oğlanın önünə keçir) Bağışla, sənin adın nədir?
Oğlan: Oğlan.
Rejissor: Sən oğlansan?
Oğlan:(hirslə) Qıza oxşayıram?
Rejissor: Mən də qıza oxşatmadım. Oğlan olduğunu özün dedin.
Oğlan: Sən adımı soruşdun. Mən də adımı dedim.
Rejissor: Adın Oğlandır?
Oğlan: Hə.
Rejissor: Hə, əvvəldən de də bunu. Bax, Oğlan... Bu nə addır veriblər sənə? İndi sənə rəsmi müraciət edəndə gərək Oğlan bəy deyim? Aman.. Nəysə. Mən rejissoram. Film çəkirəm. Film üçn kastinq elanı vermişdik. Sevgiliniz Xanım xanım filmə çəkilmək üçün özü müraciət edib.
Oğlan: Mənim sevgilim artist deyil!
Rejissor:(hirslənir) Artist deyilsə, onda niyə müraciət edir?
Oğlan: Siz onu məcbur etmisiz...
Rejissor: Biz onu hardan tanıyırdıq ki, məcbur edək? Öz ayaqları ilə gəlib bura. Keçib kameranın qarşısına. Hər şey kamerada var.
Oğlan: Onda kameraya baxaq...
Xanım: (yenə özünü itirir) Olmaz... (düşünür) Dedim axı..
Oğlan: Xanım, sən mənim sevgilimsən, bugün-sabah halalım olacaqsan, icazə ver baxım videoya, əgər bunların oğraşlığına əmin olsam, ikisinin də canını alım.
Xanım: Mənim sözümə inanmırsan?
Oğlan: İnanıram, amma onlar başqa şey deyir.
Xanım: Deməli, onlara inanırsan.
Rejissor:(qorxuya düşür) Bax, Oğlan, əgər o haqlı olsaydı, icazə verərdi ki, videoya baxasan. Amma biz haqlı olduğumuz üçün heç nədən çəkinmirik.
Xanım: (hirslənir) Utanmazlar! Bəsdirin də. Etdikləriniz az deyilmiş kimi hələ mənə böhtan da atırsız. (Jaketini çıxarıb rejissorun üstünə tullayır)
Rejissor: Bax, görürsən, o hirslənəndə soyunur.
Xanım:(hirslə) Mən hirslənmirəm. Hirslənəndə də soyunmuram. (köynəyini çıxarmağa başlayır) Bütün bunlar ağ yalandır. Bu iki namussuz mənə böhtan atırlar. (köynəyini rejissorun başına çırpır)
Oğlan:(məətəl) Xanım, sən neyləyirsən? (köynəyi götürüb Xanıma önündə tutur) Geyin bunu.
Rejissor: Görürsüz, mən sizə deyəndə inanmırdız.
Asisstent:(pıçıltıyla rejissora) Əla, əla... Davam elə.
Rejissor: Hirslənsə yenə soyunacaq.
Xanım:(hirslə) Məni boğaza yığmısız. Sizin əlinizdən intihar edəcəm. (ətəyini çıxarır)
Oğlan: Sən neyləyirsən?
Xanım:(ətəyini oğlanın başına çırpır) Ehhh. Əl çək. Heç özüm də bilmirəm neyləyirəm. Ölmək istəyirəm mən. Bunlar mənim taleyimlə oynadılar. (uzun corablarını çıxarır)
Rejissor: Biz heç kəsin taleyi ilə, bəxti ilə, qisməti ilə oynamamışıq. Hər şey sənə danışdığım kimidir. Bütün baş verənlər kamerada var.
Xanım:(corabları rejissorun başına atır) Lənətə gəlsin sənin kameran da, filmin də. Bura gəldiyim gün ayağım sınaydı. (buzqalterini açmağa çalışır)
Oğlan: Aaaaa. Utanmaz. Xanım, səndən heç gözləməzdim. Niyə soyunursan yad kişilərin qabağında?
Xanım: İtil sən də. Əsəbi vaxtımda. (buzqalteri aça bilmir, ayaqqabılarını çıxarıb birini rejissora, o birini assistentə atır)
Assistent: Mənim nə günahım var? (ağlamsınır)
Oğlan: Ayrılırıq, Xanım. Daha sən öldün mənimçün.
Xanım:(buzqalteri açır) Qara cəhənnəmə ayrılırıq. Rədd ol get, hara gedirsən. (buzqalteri oğlanın başına çırpmaq istəyir)
Assistent:(qışqırır) Mənə at, onu mənə at!
Xanım: (assistentin başına atır) Utanmaz. Mənim namusuma göz dikmisiz siz!
Oğlan: İnana bilmirəm. Mən gördüklərimə inana bilmirəm.
Xanım: İnan. Bezdim yalan danışmaqdan. Həyatda rol oynamaqdan. Nə böyük səhvim varmış? Hə, mən aktrisayam. Çünki bu peşəni sevirəm. Gizlətmişəm, çünki siz oğlanlar aktrisaya pis baxırsız. Nə imiş? Biz güya əxlaqsız imişik. Əxlaq bu büründüyüm paltarlarda deyil. Əxlaq burdadır (əlini sinəsinə qoyur). Qat-qat bürünən əxlaqsız olmaqdansa, çılpaq əxlaqlı olmağı üstün tuturam mən. Heç kəsə pisliyim dəyməyib, heç kəsə xəyanət etməmişəm, heç kəsə kələk gəlməmişəm. Bircə sənə yalan danışmışam, ona da məcbur olmuşam. Çünki aktrisa olduğumu və hirslənəndə soyunduğumu desəydim, məni sevməyəcəkdin. Məni pozğun hesab edəcəkdin. Lənətə gəlsin sənin kimi düşünən beyinlər. (alt paltarını çıxarıb oğlanın başına çırpır) Lənətə gələsiniz hamınız. Çıx, get burdan. Itil. Mənim həyatımdan da rədd ol. Çuşka!
Xanım oğlanın sinəsini yumruqlayır. Yerdən ayaqqabısını götürüb onun başına vurur. Oğlan başını tutub qaçır. Xanım onun arxasıyca qışqıra-qışqıra yerı oturub özünü döşəməyə çırpır.
Assistent:(yazığı gəlir) Xanım, qalxın ayağa, hirslənməyin. (Xanımın paltarlarını ətrafdan toplayır) Dəyməz bu qədər üzülməyə.
Rejissor:(üzündə xəfif təbəssümlə Xanıma yaxınlaşır) Deməli, bütün dərdin bu imiş... Can. Mənə əvvəlcədən deyəydin gərək.
Xanım:(ağlayaraq) Anam gecə-gündüz danlayır məni. Deyir aktrisa olan qızı kim alar? Mən də Oğlanla evlənib anama sübut edəcəkdim güya. Ona da siz imkan vermədiniz.
Rejissor: Yalanla qurduğun ailə nə olacaqdı ki? Özünü aldatmaqda fayda yoxdur. Xanım, sən istedadlısan. Elə hirslənəndə soyunmağın özü böyük istedaddır. Sən əsl aktrisasan. Bu sənət sənə çox uğurlar gətirəcək.
Xanım: Ailəm də atacaq məni. Hamı atacaq məni. Amma mən sənəti ata bilmirəm.
Rejissor: Atma. Niyə atırsan ki? Bu sənət yeganə sənətdir ki, onu insan seçmir. O insanı seçir. Əgər bu sənət səni seçibsə, deməli, sən həqiqətən sənətə layiq birisən. Onu atmağa haqqın yoxdur.
Xanım: Amma yalnız qalıb nə edəcəyəm ki, mən?
Rejissor: Yalnız qalmayacaqsan. Mən sənin arxandayam. Sənə kömək edəcəyəm.
Xanım:(ürəklənir və ayağa qalxıb assistentdən paltarlarını alır, geyinməyə başlayır) Doğrudan? Necə kömək ecdəcəksiz mənə?
Rejissor: Bu filmi çəkib festivala göndərəcəyik. Uğur qazansa, hər cür imkanımız olacaq. Bütün filmlərimdə oynayacaqsan, həm pul, həm şöhrət qazanacaqsan. Pul və şöhrət də elə şeydir ki, indi səni atanların hamısı onda dizin-dizin geri qayıdacaqlar.
Xanım: Mən sizin film təklifinizi qəbul edirəm. Bütün dediklərinizi edəcəyəm.
Rejissor: Doğrudan? (sevinclə)
Xanım: Hə, qəbul edirəm.
Rejissor:(assistentə) Oldu bu iş. (əl çalıb oxumağa başlayır)
Evlərinin önü yonca,
Yonca qalxmış dam boyunca, dam boyunca...
Boyu uzun, beli incə
Ninnə yarım Ninnə, əsmər yarım Ninnə, Ninnə, Ninnə...
Assistent:(rejissora qoşulub oxumağa başlayır)
Evlərinin önü lalə,
Saqi doldur, ver piyalə, ver piyalə...
Yoldaş olaq, düşək yola,
Ninnə yarım Ninnə, əsmər yarım Ninnə, Ninnə, Ninnə...
Assistentlə rejissor qucaqlaşıb sevincə gülüşürlər. Xanım saçlarını səliqəyə salır, üst-başını düzəldir.
Xanım: İcazənizlə, mən gedim...
Rejissor: Niyə gedirsən?
Xanım: Biraz tək qalmaq istəyirəm. Halım düzələn kimi gələcəyəm.
Rejissor: Yaxşı, mən səni səbrsizliklə gözləyirəm.
Xanım: Oldu. (çıxır)
Rejissor: Gördün, artıq mənim işim düzəldi.
Assistent: Təki düzəlsin də, hamımızın canı qurtulsun artıq.
Rejissor:(kamera arxasına keçir) Öz aramızdı, bu qızdan çox xoşum gəlir...
Assistent: Hansı qızdan? Xanımdan?
Rejissor: Hə, Xanımdan.
Assistent: İşə bax... Bəs sən deyirdin burda ancaq sənət var, başqa niyyət olmaz, əxlaqsızlıq olmaz, ay nə bilim, nə...
Rejissor: Axmaq, ağzının danışığını bil, mən ona aşiq olmağa başlamışam. Yəni ciddi fikrim var onunla bağlı...
Assistent: Aaa... Aşiq olmağa qız tapmadın? Hirslənəndə soyunan birindən sənə arvad olacaq?
Rejissor: Elə illərdir subay qalıb gözləmişəm ki, belə fərqli, maraqlı biri ilə tanış olum. Hamı eyniləşib. Bu eyniliyin içində bir fərqli insan tapmaq çox çətindir. Tapmışkən, itirmək istəmirəm.
Assistent: Nə deyim!? Sənin kimisi də çətin tapıla...
Rejissor: Bunu indi anlamısan? (gülür və birdən sevincli təbəssümə qərq olur) İnana bilmirəm!
Assistent: Nə baş verir?
Rejissor: Kamera...
Assistent: Nə olub kameraya?
Rejissor: Çəkirmiş... Hər şeyi çəkirmiş. (qəhqəhələrlə)
Assistent: Bayaq olanları? Xanımın gəlməyini?
Rejissor: Gəlməyindən getməyinəcən hər şeyi çəkib kamera. Bu mükəmməl oldu. İstədiyim kimi bir film alınacaq. Hər şey əla gedir.
Assistent: Nə deyim? Uğur olsun!
Rejissor: Boş-boş danışmağı burax da, gedək nigah üçün müraciət edək.
Assistent: Nə nigahı? Mənlə evlənirsən?
Rejissor: Gicbəsər, Xanımla evlənirəm. Gedib rəsmi müraciət edək.
Assistent: Dayan görüm, ay insan, sən heç Xanıma demisən ki, onunla evlənmək istədiyini? O razıdır məgər?
Rejissor: Razı olacaq, mən buna əminəm. Onun da məndə könlü var.
Assistent:(gülür) Xanım söyüb sənə ölü diri, var yox saxlamayıb.
Rejissor:(hirslə) Nə sayıqlayırsan?
Assistent: Deyirəm yəni bu qədər olandan sonra evlənəcək səninlə?
Rejissor: Evlənəcək, evlənəcək... Onu boş ver. Mən bu sevincimi qeyd etməliyəm. (əl çalıb mahnı oxuyur)
Qəlbimi dindir, sənə sözüm var,
Çox naz eyləmə, gəl, görüşək, yar...
Çıx yaşıl düzə,
Qonaq gəl bizə.
Gözüm yoldadır,
Xoş xəyaldadır.
Gəl, gəl, öz gülüm,
Gözəl sevgilim,
Xəyalımda var,
Sevdalı bir yar.
Assistent:(rəqs edib oxuyur)
Yanağı çiçək, gözləri göyçək,
Üzəngidən tut, sən məni görcək.
Çıx yaşıl düzə,
Qonaq gəl bizə.
Gözüm yoldadır,
Xoş xəyaldadır.
Gəl, gəl, öz gülüm,
Gözəl sevgilim,
Xəyalımda var,
Sevdalı bir yar.
İkisi də birlikdə rəqs edir, əl çalır, mahnı oxuyurlar.
İşıq sönür.
İşıq yanır yenidən studiyada. Ortada güllələ bəzədilmiş masa var, ətrafında stullar qoyulub. Assistent əlində dibçəklə mahnı oxuyaraq daxil olur.
Assistent:
Ay aşıq, təriflə bizim gəlini,
Qaynana gəlsin, bağlasın belini.
El oba desin, bəy toyun mübarək,
Bəy sevindirsin obasını elini.
Yetişdi toy axşamı,
Durun yandırın şamı.
Gəlinə bəzək vurun,
Gəlir oğlan adamı.
Əl çalın, əl çalın,
Əl çalın bəy oynasın,
Yetişsin murada,
Arzu kamı qalmasın.
Assistent mahnı oxuyub əl çalaraq özü də rəqs edir. Bu vaxt rejissorla Xanım bəy və gəlin paltarında daxil olurlar. Assistentin oxumağına onlar da rəqs edirlər. Assistent şampan partladır. Masanın üstünə qədəhlər qoyub şampan süzür. Üçü də badə qaldırır.
Rejissor: Həyatımın ən maraqlı anını yaşayıram indi. Mənə bunu yaşatdığın üçün təşəkkür edirəm, Xanım.
Xanım: Mən sənə təşəkkür edirəm. Çünki heç vaxt olmadığım qədər xoşbəxt elədin məni.
Assistent: Rejissor, bilirsən, mən açıqsözlüyəm. Ona görə soruşmalıyam. Xanım, necə oldu ki, az qala atan yaşda olan bu kişiylə evlənməyə razı oldun?
Xanım: Sevginin yaşa baxmadığını deyirdilər, inanmırdım. Xoşbəxtlik də yaşda deyil. İnsanı kim xoşbəxt edirsə, onun yanında olmalıdır. O, məni həqiqətən xoşbəxt elədiyi üçün onun yanındayam.
Assistent: Təki həmişə xoşbəxt olun! Amma kaş ki, toy olaydı.
Rejissor: Mən yüzlərlə adamın yığışıb iki nəfər üçün oynamasının əleyhinəyəm. Xoşbəxtlik o şadlıq saraylarında deyil. Heç bu libaslarda da deyil. Xanım istədiyi üçün geyindik. Amma mən belə daha rahatam. Özümü və başqalarını niyə narahat edim ki?
Assistent: Ah rejissor, rejissor! Mən demişəm də, səndən tapılmaz...
Rejissor:(gülür) İçək sevgimizin sağlığına!
Qapı döyülür. Xanım və rejissor qədəhləri toqquşdurub içirlər, assistent çıxır və az sonra əlində zərflə geri qayıdır. Zərfi rejissora uzadır.
Assistent: Sənədir.
Rejissor:(zərfi alıb açır) Festivaldandır.
Xanım:(təlaşla) Nəticə nədir?
Rejissor:(oxuyur) “Soyun, gözəlim” – birinci yer
Xanım:(Sevinclə gülür) Əla!
Assistent:(sevinir) Təbrik edirəm. Bəs adını dəyişmişdin?
Rejissor: Hə, dəyişmdim. Oğlan mənim qoyduğum adı oğurladı, ona görə dəyişdim.