SUALLAR
1.Xəvaric və mürciənin iman və küfr barəsindəki nəzərlərini, eləcə də bu barədə haqq nəzəriyyəni bəyan edin.
2.İman və küfrün həqiqətini, onların elm və cəhalətlə olan əlaqəsini şərh edin.
3.Küfr və imanın həddini bəyan edin.
4.Şirk və nifaqın küfrlə olan nisbətini bəyan edin.
5.Fiqhdə deyilən İslam və küfrün kəlam elmindəki iman və küfrlə nə əlaqəsi var?
6.İman və küfrün insanın əbədi xoşbəxt və ya bədbəxt olmasındakı tə’sirini və bunun sirrini bəyan edin.
7.Qur’andan bu tə’sir barəsində olan ayələri söyləyin.
ƏLLİ BEŞİNCİ DƏRS İMAN VƏ ƏMƏLİN QARŞILIQLI ƏLAQƏSİ
–Müqəddimə
–İmanla əməlin əlaqəsi
–Nəticə
MÜQƏDDİMƏ
Mə’lum oldu ki, əbədi bədbəxtçiliyin əsl səbəbi küfr, əbədi səadətin də əsl səbəbi imandır. Şəxsin əbədi və möhkəm imanı onun əbədi səadətinə zəmanət verir, hərçənd, günaha mürtəkib olması məhdud zaman ərzində əzaba düşməsinə səbəb olur. Digər tərəfdən də daimi küfr əbədi bədbəxtçiliklə nəticələnir və bunun varlığı ilə heç bir yaxşı iş sahibinin axirət səadətinə səbəb olmaz.
Onu da qeyd etdik ki, iman və küfrün güclü və zəif mərhələləri vardır, belə ki, böyük günahların çoxluğunun imanı aradan aparması, eləcə də yaxşı işlərin görülməsinin küfrün kökünün zəiflətməsi və onda imana şərait yaratması da mümkündür.
Buradan imanla əməlin əlaqəsi barədə sual meydana çıxır və bu dərsdə həmin məsələ araşdırılır.
İMANLA ƏMƏLİN ƏLAQƏSİ
Yuxarıda qeyd olunanlardan aydın olur ki, iman elm və meyllərdən qaynaqlanan ruhi bir halətdir və imanlı şəxsin, imanlı olduğu şeylərə əməl etməyə dair icmali şəkildə qərara gəlməsini tələb edir.
Deməli, həqiqətlərdən agah olan, amma onun tələbinin heç birinə əməl etməyəcəyini qərara alan şəxsin həmin şeylərə imanı olmayacaqdır. Hətta əgər əməl edib-etməməsi barədə şübhədə olsa yenə də iman gətirməmiş sayılır. Qur’ani-kərim buyurur:
“Ərəblər (çöl ərəblərindən bir qrupu Peyğəmbərə) dedilər: “Biz iman gətirdik.” De: Siz iman gətirməmisiniz. Deyin ki, “İslamı qəbul etmişik”, iman hələ onların qəlblərinə daxil olmayıb.”1
Həqiqi imanın da müxtəlif mərhələləri vardır və onun hər bir mərtəbəsi bununla əlaqədar olan bütün vəzifələri yerinə yetirməyi gərəkli etmir. Mümkündür ki, şəhvət və ya qəzəb kimi hislər imanı zəif olan şəxsi günaha tərəf çəksin. Lakin belə də olmamalıdır ki, üsyankarlığa və imanın gərəkli etdiyi şeylərlə həmişə müxalifət etməyi qərara alsın. Əlbəttə, şəxsin imanı nə qədər güclü və kamil olarsa, ona münasib olan əməllərin yerinə yetirilməsindəki tə’siri də bir o qədər çox olacaqdır.
Bir sözlə, iman onun təfərrüatına əməl etməyi zatən tələb edir və həmin zəruri tə’sirinin miqdarı da onun şiddətli və ya zəif olmasına bağlıdır. Nəhayət, hər hansı bir işi yerinə yetirməyi, hansısa bir işi tərk etməyi şəxsə vacib edən də məhz onun iradə və qərarıdır.
ƏMƏLİN İMANLA OLAN ƏLAQƏSİ
Hər hansı bir əməl ya imanla uyğundur, ya da uyğun deyil. Birinci halda imanı gücləndirərək qəlbə nuranilik bəxş edir. İkinci halda isə imanının zəifləməsinə və qəlbin zülmətə düşməsinə səbəb olur. Deməli, mö’min şəxsdə baş verən saleh əməllər onun imanından qaynaqlanmaqdan əlavə, imanın qüvvət və sabitliyini də artırır, daha artıq yaxşı işlər görməsinə şərait yaradır. Yaxşı əməlin imanın kamal həddinə çatmasındakı rolunu aşağıdakı ayədən başa düşmək olar:
“Pak söz (və e’tiqad) Allaha doğru yüksələr və pak sözü də saleh əməl qaldırar.”1
Bir çox ayələrdə də yaxşı əməl sahiblərinin iman, nur və hidayətlərinin artmasından söhbət açılır.2
Digər tərəfdən, imana müxalif olan məqsədlər qarşıya çıxarsa və yaramaz işlər görülərsə, eyni zamanda, şəxsin imanı da onların qarşısını ala biləcək səviyyədə olmazsa, onun imanı zəifləməyə doğru gedər, günahın təkrarlanması üçün zəminə yaranar. Bu minvalla davam edərsə şəxsin daha böyük günahlara düşməsinə və onların təkrarlanmasına səbəb olar və nəhayət, iman aradan getmək və (nəuzubillah) küfrə və nifaqa (münafiqliyə) çevrilmək təhlükəsi altına düşər.
Qur’ani-kərim işləri nifaqla nəticələnən şəxslər barəsində buyurur:
“Allahla bağladıqları və’də xilaf çıxdıqları (ona əməl etməmələri) və yalan danışdıqlarına görə, Allah da onların qəlblərinə, Onunla görüşəcəkləri günə qədər nifaq saldı.”3
Başqa bir ayədə buyurulur:
“Sonra da Allahın ayələrini yalan hesab edib onları məsxərəyə qoymaqla pislik edənlərin aqibəti lap pis oldu!”4
Bundan əlavə də, bir çox ayələrdə günahkarların küfr, zülm və qəsvətlərinin (daşürəkliliklərinin) artma məsələsindən söhbət açılır.5
NƏTİCƏ
İmanla əməlin qarşılıqlı əlaqəsi, eləcə də onların insanın səadətində tə’sirinə diqqət yetirməklə xoşbəxt həyatı6 kökləri yeganə Allaha, və Onun peyğəmbərlərinə, mələklərə, qiyamətə və ilahi cəzaya elə iman gətirmək, gövdəsi isə iman tələbi olan şeylərə əməl etməkdən ibarət olan ağaca bənzətmək olar ki, heç bir vasitə olmadan göyərir. Onun budaqları və yarpaqları imandan qaynaqlanan yaxşı və layiqli əməllər, meyvəsi isə əbədi səadətdir. Təbiidir ki, əgər kökü olmazsa heç vaxt ağacın gövdəsi, budağı və yarpağı da olmaz, nəticədə meyvə də gətirməz.
Lakin kökün mövcud olması heç də həmişə ondan budaq və yarpağın cücərməsi xoşagələn meyvələr verməsi demək deyil. Əksinə, bə’zən mühitin münasib olmaması və ya müxtəlif təbii fəlakətlər nəticəsində qol-budaq açmır. Nəticədə nəinki xoşagələn meyvələr vermir, hətta qurumaqla nəticələnir.
Bu da mümkündür ki, ağacın budağına, gövdəsinə, hətta, kökünə peyvənd vurmaqla başqa bir ağaca dönsün. Bu da imanın küfrə (mürtədliyə) çevrilməsinə bənzəyir.
Bir sözlə, qeyd olunan işlərə iman gətirmək insanın səadəti üçün əsas amildir. Lakin bu amilin kamil tə’sir qoymasının şərti budur ki, saleh əməl və bəlaları dəf etmək, ziyanları aradan aparmaq və günahlardan çəkinməklə lazım olan məqsədə doğru addım atılsın.
Vacib əməlləri tərk etmək və haram işlərə qurşanmaq iman ağacının kökünü zəiflədir, bə’zən onun tamamilə quruması ilə nəticələnir. Eləcə də düzgün olmayan əqidələrlə peyvənd vurmaq onun mahiyyətinin dəyişməsinə səbəb olur.
Dostları ilə paylaş: |