QIRX YEDDİNCİ DӘRS SӘLİQӘ VӘ TӘMİZLİK ӘTİRLӘRDӘN İSTİFADӘ
Nəql olunmuş rəvayətlərdə mö᾿minlərə paltar və bədənlərinin səliqə və təmizliyinə diqqət yetirmələri ilə yanaşı, gözəl ətirlərdən istifadə etmələrinə də tə᾿kid olunmuşdur. Bu məzmunda nəql olunmuş bir çox rəvayətlərdə mö᾿minlərin, ətirlərdən istifadə etməsi məsləhət görülməklə yanaşı, böyük savaba nail olacaqları haqda da danışılmışdır.
Peyğəmbər (s) buyurur:
«Gözəl iy qəlbə güc verir».1
«Әtir vurmaq peyğəmbərlərin gözəl adət ən᾿ənələrindən olmuşdur».2
İmam Riza (ə) buyurur:
«Peyğəmbərlərin gözəl xüsusiyyətlərindən biri də gözəl ətirlərdən istifadə etmək olmuşdur».3
İmam Sadiq (ə) buyurur:
«Həqiqətən Allah gözəllik və zinətləndirməyi sevər, qəmginlik və qaraqabaqlığı xoşlamaz. Allah-taala Öz bəndəsinə ne᾿mət bəxş etdiyi zaman onun əlamətlərini Öz bəndəsində görmək istər. Onun qəmgin və qaraqabaq görməsini isə əsla istəməz. İmam Sadiq (ə)-dan bunun necə olduğunu soruşduqda buyurur: «Paltarını təmizləyib, gözəl ətirlər vurmuş olsun və evinin divarlarını ağardıb tozunu alaraq səliqə-səhmana diqqət yetirsin. Həqiqətən gün batmazdan əvvəl həyəti işıqlandırmaq həm yoxsulluğa son qoyur, həm də ruzinin artmasına səbəb olur».4
Peyğəmbər (s) buyurur:
«Dünyanızda məni sevindirən iki şey var: Ailə qurub gözəl ətirlərdən istifadə etməniz, gözlərimə nur verən isə namazdır».5
Peyğəmbər (s) buyurur:
«Dörd şey peyğəmbərlərin gözəl adət ən᾿ənələrindən olmuşdur: Gözəl ətirlərdən istifadə etmək, ailə qurmaq, dişləri yumaq və vaxtaşırı hənadan istifadə etmək».6
Başqa bir hədisdə buyurur:
«Mələklər gözəl ətirləri iylədikləri üçün mö᾿minlər bu gözəl sünnəni tərk etməməlidirlər. Elə isə cümə günlərində ətir vurmağı unutmayın».7
İmam Cə᾿fər Sadiq (ə) buyurur:
«Gözəl ətirlərə nə qədər pul xərcələsəniz israfa yol vermiş olmazsınız».1
İmam Musa Kazim (ə) buyurur:
«İnsan ətir vurmağı tərk etməməlidir. Әgər gündəlik ətirdən istifadə etməyə imkanı olmazsa, iki gündən bir, buna da qadir olmadıqda, heç olmasa həftədə bir dəfə ətirdən istifadə etməlidir».2
İmam Cə᾿fər Sadiq (ə) başqa bir hədisdə buyurur: «Peyğəmbər (s) ətirə çörəkdən daha çox pul xərclərdi».3
Әli (ə) buyurur:
«Bu bir həqiqətdir ki, Peyğəmbərə (s) ətir və ya şirniyyat şeyləri gətirdikdə heç vaxt onu geri qaytarmazdı».4
Әnəs ibni Malik deyir:
«Peyğəmbər (s) sovqat olaraq gətirilən ətirləri geri qaytarmazdı.»5
Səhabələrdən biri deyir: «İmam Sadiq (ə)-dan sovqat olaraq verilən ətrin geri qaytarılmaması haqda soruşduqda buyurur:
«Belə bir böyük hörməti geri qaytarmaq yaxşı iş deyildir».6
EV VӘ ӘTRAF MÜHİTİN TӘMİZLİYİ
İslam dini paltar və bədənin təmizliyinə diqqət yetirdiyi kimi, ev, ətraf mühit və məişət əşyalarının da təmizliyinə böyük əhəmiyyət verir. İstər Peyğəmbər (s), istərsə də onun sadiq davamçıları olan Mə᾿sum imamlar (ə) bədən və məişət təmizliyinə xüsusi diqqət yetirmiş və müsəlmanlara bu məsələyə ciddi yanaşmalarına tə᾿kid etmişlər.
Belə ki, istər əxlaq və davranış, istərsə də ictimai və məişət nöqteyi-nəzərindən hər bir müsəlmanın həyat tərzi başqalarına örnək və nümunə olmalıdır.
Bütün bunlarla yanaşı, təmizliyə riayət olunması haqda nəql olunmuş hədis və rəvayətlərdə natəmizliyə yol verilməməsinə və bunun nəticəsində bir çox xəstəliklərin qarşısının alınmasına xüsusi diqqət yetirilmişdir. Bunun üçün də nəql olunmuş bir çox rəvayətlərdə hər hansı bir əməlin bir çox qorxulu xəstəliklərin qarşısının alınmasına işarə olunmuşdur. Bəlkə də rəvayətlərin bir çoxunda Şeytan deyildikdə, müxtəlif virus və mikroblar nəzərdə tutulur.
Peyğəmbərin (s) buyurduğu «Bığlarınızı çox uzatmayın ki, Şeytan orada özünə yer etməsin» - hədisini buna misal göstərmək olar.
Bunun üçün də əgər hər bir müsəlman öz məişət və ictimai həyatında Peyğəmbərin (s) və Mə᾿sum imamların (ə) tövsiyələrinə əməl etsə, ətraf mühitin və özlərinin sağlamlıqlarını tə᾿min edəcək və çox nadir hallarda xoşagəlməz hadisə və xəstəliklərlə qarşılaşmış olacaqlar.
Bu dərsimizdə ilk növbədə Mə᾿sum imamların (ə) ev və şəxsi əşyaların təmizliyinə riayət olunması haqda etdikləri tövsiyələrdən söhbət açacaq, daha sonra ətraf mühitin və ümumi yerlərin təmizliyinə riayət olunması barədə nəql olunmuş hədis və rəvayətlərin bir neçəsini gətirəcəyik.
Lakin hər şeydən əvvəl nəzərdən qaçırmamalıyıq ki, hər bir müsəlman fərdi təmizliyə riayət etməklə yanaşı, ətraf mühitin və başqalarının narahatçılığına səbəb olacaq natəmizliyə və hüquqlarının taptalanmasına da yol verməməlidir.
İmam Məhəmməd Baqir (ə) buyurur:
«Evi vaxtaşırı təmizləyib süpürgələmək yoxsulluğu aradan aparır».1
İmam Cə᾿fər Sadiq (ə) buyurur:
«Qabların və evin təmizlənməsi ruzinin çoxalmasına səbəb olur».2
Peyğəmbər (s) buyurur:
«Şeytan özünə sığınacaq tapmasın deyə, yeməkdən əvvəl əllərinizi sildiyiniz bulaşıq dəsmalları və evi süpürdükdən sonra toz və zibili qapının arxasında saxlamayın».3
Başqa bir hədisdə buyurur:
«Şeytan özünə yer etdiyi üçün, istər axşam, istərsə də gündüz atılası zibili evlərinizdə saxlamayın».4
Әli (ə) Peyğəmbərdən (s) nəql edərək buyurur:
«Yağlı əl dəstmallarınızı evlərinizdə saxlamayın, çünki Şeytan orada özünə sığınacaq tapır».5
Həmçinin Peyğəmbər (s) buyurur:
«Şeytanlar evlərinizdə hörümçək torlarında sakin olarlar».6
Әli (ə) buyurur:
«Evlərinizi hörümçək torlarından təmizləyin, onların qalması fəqr və yoxsulluğa səbəb olur».7
İmam Cə᾿fər Sadiq (ə) buyurur:
«Peyğəmbər (s) çıraq olmadan qaranlıq evlərə girməyi qadağan edərdi».8
Başqa bir rəvayətdə deyilir:
«Gün batmazdan əvvəl ev və həyəti işıqlandırmaq ruzini artırır və yoxsulluğa son qoyur».9
ӘTRAF MÜHİTİN TӘMİZLİYİ
Nəql olunmuş rəvayətlərdə yol (küçə, dalan), su kanallarına, meyvəli və kölgəsindən istifadə olunan ağacların dibinə, mənzil, məscid kənarına, ümumiyyətlə camaatın istifadə etdiyi və narahatçılıqlarına səbəb olacaq ümumi yerlərə sidik və nəcasət ifraz olunması qətiyyətlə yasaq olunmuşdur.
Demək, mö᾿minlər ətraf mühitin və yaşayışlarının dözülməz hala düşməsinə səbəb olacaq bu kimi xoşagəlməz işlərə yol verməməlidirlər.
İmam Cə᾿fər Sadiq (ə) atasından nəql edərək deyir: «Peyğəmbər (s) camaatı içmək üçün istifadə etdikləri quyu və çaylara, həmçinin meyvə ağaclarının dibinə nəcasət ifraz etməyə yasaq edərdi».1
Başqa bir hədisdə buyurur:
«Peyğəmbər (s) buyurardı: Kölgəliklərə nəcasət ifraz edənlər, ümumi su quyularından istifadə etməyi qadağan edənlər, ümumi yolları bağlayanlar Allahın lə᾿nətinə gələrlər».2
İmam Sadiq (ə) atasından nəql edərək buyurur: «Peyğəmbər (s) səhabələrə müraciət edərək buyurdu: Ey müsəlman ümməti! Allah-taala iyirmi dörd şeyi sizlərə yasaq edir. Onlardan biri də çaylara sidik və meyvə ağaclarının dibinə nəcasət ifraz etməməyinizdir.»3
Bir şəxs imam Zeynəlabidin (ə)-dan soruşur: «Qərib bir insan harada dəsətəmaz alıb nəcasətini ifraz etməlidir?» İmam Zeynəlabidin (ə) sualın cavabında buyurur: Çaya, axar sulara və meyvəli ağacların dibinə və ümumiyyətlə camaatın narazılığına səbəb olacaq yerlərə sidik və nəcasət ifraz etməməlidir».4
SUALLAR VӘ TAPŞIRIQLAR
1. Peyğəmbər (s) gözəl ətirlər haqda nə buyurur?
2. Әtir almaq üçün nə qədər pul xərclənməlidir?
3. Peyğəmbər (s) və Mə᾿sum imamlar (ə) yaşayış yerlərinin təmizliyi haqda nə fikirdə olmuşlar?
4. Nəcasətin ifraz olunması haralarda yasaq olunur?
Dostları ilə paylaş: |