AMEA Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun «İran tarixi və iqtisadiyyatı» şö`bəsinin əməkdaşı Şəfiyeva Əfşan. Xacə Nəsirəddin Tusinin “Şərafətli insanların xüsusiyyətləri” əsərinə yazdığı müqəddİmə
Nəhayətsiz şükür və həmd olsun o Allaha [ondan ötəri] ki, Onun həqiqətindən xəbərdar olmağa heç bir əqlin gücü yetməz, heç bir fikir və bilik Onun mə`rifətinin dərinliklərinə vara bilməz. Onun haqqında deyilən hər bir söz, Onun vəsfində dildə cari olan hər bir bəyan əgər sübuti1 olsa təsəvvürə gələn bənzətmə nöqsanı olmadan mümkün olmayacaqdır, əgər qeyri-sübuti olsa vəhmi idrakda (təvəhhöm) canlanması tə`til fitnəsindən amanda qalmayacaqdır. Buna görə də peyğəmbərlərin ağası, övliyaların müqtədası Xatəmül-Ənbiya Muhəmməd Mustafa dedi: “Sənə sitayiş etməyə qadir deyiləm. Sən həmin o Zatsan ki, Özün Özünü vəsf etdin. Sən, Sənin haqqında söz söyləyənlərin dediklərindən daha üstünsən.”
Minlərcə salam və salavat, afərin və əhsən onun müqəddəs ruhuna, pak ruhlara, onun sülaləsinə, xüsusilə də mə`sum imamlara və seçilmiş silahdaşlarına olsun, Allah həqqinə!
Amma sonra [deyim ki] bu risalənin yazarı Muhəmməd Tusi, gözəl əxlaqın və filosofların qaydasına uyğun bəyənilmiş siyasətin bəyanına şamil olan və “Əxlaqi Nasiri” adlandırılan kitabı yazdıqdan sonra fikirləşirdi ki,1 təriqət yolçularının və əqli, nəqli qanunlara söykənən, və nəzəri və əməli yöndən həqiqət aşiqlərinin qaydasına müvafiq övliya və bəsirət əhlinin yolu haqqında müxtəsər − həmin fənnin xülasəsi və məğzi həddində ola biləcək − bir risalə hazırlasın. [Amma] işlərin çoxluğundan, bə`zi maniələr üzündən həmin mühüm işlə məşğul olmaq heç cür müyəssər olmurdu, fikirdə olanları həyata keçirməyə imkan tapılmırdı.
Nəhayət Yer üzünün padşahı, aləmin buyruqçusu, qılıncın və qələmin valisi, ərəbin və əcəmin böyüklərinin müqtədası, haqqın və dinin günəşi, islamın və müsəlmanların şökəti, aləmlərin məliki, məmləkətlərin divanının sahibi, əşraf və ə`yanın iftixarı, ədl və ehsanın məzhəri, cahanın əfzəl və əkməli, İranın pənah və ümid qapısı, övliyaların sevimlisi, xoşbəxtlik sahibi Muhəmməd bin Əl-Cuveyninin2 kəsərli işarəsi həmin fikrin həyata keçməsinə səbəb oldu. Belə ki, fürsət əl verdi, vaxt və hal da yerinə düşmüş oldu; maneələrin olmasına və işlərin çoxluğuna baxmayaraq, o şey ki, könül onun bəyan edilməsində köməkçi olmuşdu, həmin maneələrin qələmə alınmasında güzəştə getdi. O böyük zatın əmrinə baş əyərək və fərmanına itaət edərək həmin həqiqətlərin şərhindən və fikirlərin zikrindən ibarət neçə bab bu müxtəsər risalədə qələmə aldı. Hər babda Qur`ani Məciddən − [necə ki, bu ayədə buyurmuşdur:] “Heç bir batil nə qabaqdan, nə də arxadan onun sorağına gəlməz” − dediklərimizə şəhadət verəcək misallar çəkildi. Əgər məqsədə uyğun açıq-aşkar misallar tapılmadısa, ona yaxın olanlarla kifayətləndi və onu “Övsaful-Əşraf” adlandırdı. Əgər [bu risalə onun] şərəfli nəzərində bəyənilərsə, [deməli] məqsəd yerinə yetirilmişdir, əks təqdirdə qabaqcadan üzürxahlıq edir, [və ümid edirik ki] Onun şərif zatının bəyənilmiş əxlaq və gözəl xüsusiyyətləri yol verilmiş nöqsanları öz məğfirət pərdəsi ilə örtsün. Allah-taala onu məcazi aləmdə məxsus padşahlıq dərəcəsinə çatdırdığı kimi, həqiqi aləmdə də ilahi rəf`ətə və əbədi dövlətə çatdırsın.
Allah lətif və duaları qəbul edəndir.
Dostları ilə paylaş: |