P 140217
Məsləhətləşmə hesabatı (DD1)
Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi
BMTİP
İyun, 2014-cü il
Sənəd barədə məlumat
|
Tarix
Layihə Nömrəsi
Məsul şəxs
Sifarişçi
Sifarişçinin nümayəndəsi
|
28.06.2014
P 140217
Dr. Georq Petersen
BMTİP
Cənab Fərid Abbasov
|
Bu hesabat eynisinin bütün əvvəlki versiyalarını əvəzləyir və onları qüvvədən salır
Əlaqə
Dr. Georq Petersen
HYDROC Consult
Siegum 4, 24960 Siegum, Almaniya
+49-172-4509149
gpetersen@hydroc.de
www.hydroc.de
Bu hesabatda 2014-cü ilin may ayı ərzində Bakıya ilk missiya zamanı maraqlı tərəflərlə aparılmış məsləhətləşmələr təsvir olunmuşdur. Görüşlər Meliorasiya və Su Təsərrüfatı ASC (MST) və Fövqəladə Hallar Nazirliyinin (FHN) Su Ehtiyatları Dövlət Agentliyi ilə aparılmış və bu zaman diqqət institusional potensialın qiymətləndirilməsinə, onların fikir və prioritetlərinə, habelə əməkdaşlıq, koordinasiya və su ehtiyatlarının inteqrasiyalı idarəetməsi (SEİİ) barədə mövqelərinə yetirilmişdir. Bundan əlavə, birgə koordinasiya iclası keçirilmişdir.
Su sektorunun digər aparıcı maraqlı tərəfləri, yəni Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN), Kənd Təsərrüfatı Nazirliyi, Azərenerji ASC və Azərsu ASC ilə onların vaxtlarının yoxluğu səbəbindən görüşmək mümkün olmadığı üçün milli institusional ekspert tərəfindən əlavə görüşlər keçirilmiş, lazımi məlumatlar toplanmışdır.
1. Texniki tapşırıq
SEİİ üçün institutsional mexanizmlər layihəsi haqqında bütün müvafiq hökumət, qeyri-hökumət, icma və sair qruplarla ilkin məsləhətləşmə həyata keçirmək
SEİİ aspektləri və əlaqədar institutsional mexanizmlərdə iştirak edən, əvvəlcədən müəyyən olunmuş subyektlərlə iki həftə ərzində məsləhətləşmələr keçiriləcək. Məsləhətləşmələr subyektlərin vəzifələri və qarşılıqlı əlaqələrinin, eləcə də SEİİ-nin Azərbaycanda həm rəsmi/qanunvericilik, həm də praktiki icra və icraya nəzarət nöqteyi-nəzərindən hansı səviyyədə qəbul olunduğunun, o cümlədən, strukturların, vəzifələrin icrası aspektlərinin və əlaqədar boşluqların başa düşülməsi məqsədi daşıyacaqdır.
Vəzifə və səlahiyyətlərə töhfə olaraq
-
Sənaye sahələrinin planlaşdırılan inkişafı, torpaqdan istifadədə dəyişikliklər, demoqrafik tendensiyalar, planlaşdırılan infrastrukturlar və s. məlumatları özündə əks etdirən regional inkişaf planlarını nəzərdən keçirmək, və su tələbatına mümkün təsiri qiymətləndirmək.
-
İnstitutsional potensialın nəzərdən keçirilməsi və qiymətləndirməsi və institutsional potensialın inkişaf etdirilməsi planına təkliflərin verilməsi.
Nəticələr
Qısa məsləhətləşmə hesabatı
2. Maraqlı tərəflərin müəyyənləşdirilməsi
Azərbaycanda SEİİ-də iştirak edən maraqlı tərəflər milli institutsional ekspert və BMTİP ofisi ilə razılaşdırılaraq müəyyən edilmişdir.
Siyahıya aşağıdakı qurumlar daxil edilmişdir
Milli səviyyədə
Meliorasiya və Su Təsərrüfatı ASC (MST)
Fövqəladə Hallar Nazirliyi (FHN)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN)
Kənd Təsərrüfatı Nazirliyi
Azərsu ASC
Azərenerji ASC
Yerli səviyyədə
Su İstifadəçi Birlikləri
Yerli Bələdiyyələr
Kiçik fermerlər
Qurumlar barədə məlumat aşağıda göstərildiyi kimi Milli İnstitusional Ekspert tərəfindən təmin edilmişdir. Daha ətraflı məlumat Milli İnstitusional Ekspertin "Azərbaycanda Daşqın və Su Ehtiyatlarının İdarə edilməsi üzrə İnstitusional Potensialın və Ehtiyacların Müəyyənləşdirilməsi" adlı hesabatında təqdim olunur (Institutional capacity assessment.docx)
2.1 Meliorasiya və Su Təsərrüfatı ASC (MST)
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti (MST) kənd təsərrüfatı qurumları və torpaqların meliorasiyası üçün su təchizatının təmin edilməsi üzrə məsul olan əsas dövlət orqanıdır. Böyük su anbarları istisna olmaqla, ölkədə mövcud olan bütün suvarma sistemləri, paylayıcı kanallar, kollektor-drenaj şəbəkələri bu qurumun məsuliyyəti altındadır. Bu qurum, eyni zamanda, hazırda tikilməkdə olan suvarma sistemləri ilə də məşğuldur.
Əksər rayonlarda, idarə suvarma kanallarına görə cavabdehdir və kollektor-drenaj şəbəkələri ayrılıqda fəaliyyət göstərir. MST-nin təşkilati strukturu olduqca mürəkkəbdir və bəzən onun idarələrinin fəaliyyətində paralellik müşahidə olunur.
-
Suvarma Sistemləri və Mexaniki Suvarma İdarələri (SSMSİ)
-
Subartezian Quyularının İstismarı İdarələri (SQİİ)
-
Qış Otlaqlarının Su Təminatı Sistemlərinin İstismarı İdarələri.
-
Meliorasiya İdarələri.
2.2 Fövqəladə Hallar Nazirliyi (FHN)
Fövqəladə Hallar Nazirliyi su ilə əlaqədar təbii fəlakət, daşqın və qəfil daşqın, torpaq sürüşməsi, uçqun, quraqlıq, meşə yanğınları risklərinin azaldılması, fövqəladə hallar zamanı onların idarə olunması və zəruri hallarda fövqəladə vəziyyət zonalarının elan olunması üzrə məsuldur. Hazırda FHN böyük su obyektlərinə nəzarət edir və mümkün təbii fəlakətlərin qarşısını almaq üçün tədbirlər görür.
2.3 Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Azərbaycan Respublikasında ətraf mühitin mühafizəsi, təbiətdən istifadənin təşkili, yerüstü və yeraltı su ehtiyatlarının səmərəli istifadəsi və bərpası, hidrometeoroloji proseslərin müşahidəsi və proqnozlaşdırılması üzrə dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Su obyektlərinin mühafizəsi, onların çirklənməsinin və tükənməsinin qarşısının alınması, habelə suyun keyfiyyəti və rejiminin təkmilləşdirilməsi qaydaları ETSN tərəfindən müəyyən edilir. ETSN həmçinin meşə ehtiyatlarının mühafizəsi, onlardan səmərəli istifadə, meşələrin bərpası, yeni meşə zolaqlarının salınması üzrə məsuldur.
Su obyektlərinin ekoloji tələblərə uyğun saxlanması, onların çirklənməsinin qarşısının alınması, eləcə də bitki və heyvanlar aləminin məskunlaşdığı ətraf mühitin mühafizəsi məqsədi ilə, ETSN su mühafizə zonaları və su qoruyucu meşə zolaqlarını müəyyən edir, su obyektlərinə zərərli təsir üzrə məqbul norma tətbiq edir, və su anbarlarının altındakı ekoloji su sərflərini müəyyən edir. ETSN-in mandatına hidrometeoroloji məlumatların toplanması da daxildir.
2.4 Kənd Təsərrüfatı Nazirliyi
Kənd Təsərrüfatı Nazirliyi kənd təsərrüfatı sahəsində dövlət siyasətini formalaşdıran və həyata keçirən icra hakimiyyəti orqanıdır. Nazirlik həmçinin yerli icra strukturlarına aqrar islahatların aparılmasında praktiki yardım göstərir. Bir neçə istisnadan başqa, Nazirliyin müasir suvarma texnologiyalarının tətbiqində heç bir diqqətçəkən fəaliyyəti yoxdur
2.5 Azərsu ASC
"Azərsu" ASC istehlakçıları içməli su və kanalizasiya xidmətləri ilə təmin edən bir qurumdur. Azərsu həmçinin içməli su təchizatı sahəsində dövlət siyasətini və strategiyasını həyata keçirən yeganə müəssisədir. Azərsu ASC mənbələrdən suyun qəbulu, onun emalı, nəqli və satışı və tullantı sularının təmizlənməsi ilə məşğul olur. O, sutəmizləyici qurğular, su anbarları, nasos stansiyaları, su kəmərləri, kanalizasiya kollektorlarının layihələndirilməsi, tikintisi və istismarı ilə məşğul olur və onlara texniki xidməti təmin edir. Azərsu ASC-in bütün regionlarda fəaliyyət göstərən yerli idarələri vardır.
Su ehtiyatlarına artezian və subartezian quyuları, bulaqlar və qismən çaylar daxildir. Yuxarı dağ kəndlərində içməli su təchizatı yerli bələdiyyələr və icmalar tərəfindən təmin edilir.
2.6 Azərenerji ASC
Azərenerji Azərbaycanın ən böyük enerji təchizatçısıdır. Azərbaycanın su elektrik stansiyalarına daxildir:
Yenikənd Su Elektrik Stansiyası 112 meqavat
Mingəçevir Su Elektrik Stansiyası 400 meqavat
Sərsəng Su Elektrik Stansiyası 50 meqavat
Şəmkir Su Elektrik Stansiyası 380 meqavat
Yenikənd Su Elektrik Stansiyası 150 meqavat
Araz Su Bəndi (Naxçıvan) 44 meqavat
Xudafərin Su Bəndi (Dağlıq-Qarabağ) 100 meqavat
Bundan əlavə, bir neçə istilik elektrik stansiyaları fəaliyyət göstərir.
2.7 Su İstifadəçi Birlikləri
Su İstifadəçi Birlikləri "Meliorasiya və İrriqasiya haqqında Azərbaycan Respublikasının Qanunu"na uyğun olaraq yaradılmışdır. Onlar mərkəzləşdirilmiş deyil, daha çox yayğın maraqlı tərəfdir. Birliklərin əsas məqsədlərinə suvarma sistemlərindən səmərəli istifadənin təmin edilməsi, su pullarının toplanması, su istifadəçiləri arasında mübahisələrin həlli daxildir. Regionda SİB-lərin sayı barədə dəqiq məlumat yoxdur, onlar fəaliyyətlərini Meliorasiya və Su Təsərrüfatı ASC (MST) ilə koordinasiya edirlər.
2.8 Yerli Bələdiyyələr
Bələdiyyə torpaqlarında yerləşən dövlətə məxsus yerli əhəmiyyətli su təsərrüfatı obyektləri bələdiyyənin mülkiyyətindədir. Bu obyektlərin istifadə və idarə edilməsi "Bələdiyyələrin su təsərrüfatı haqqında Azərbaycan Respublikasının Qanunu" ilə tənzimlənir. Bu qanuna görə, bələdiyyələr öz balanslarında olan su təsərrüfatı obyektlərini idarə etmək üçün su təsərrüfatı müəssisələri yarada bilər.
Bələdiyyələrin idarəçiliyində olan suvarma sistemləri, kollektor-drenaj şəbəkələrinin işlək vəziyyətdə saxlanması da bələdiyyənin məsuliyyətindədir. Bundan başqa, bələdiyyələr öz mülkiyyətində olan su obyektlərinin idarə olunmasını təşkil edə və su obyektlərinin mühafizəsini təmin etmək üçün müxtəlif fəaliyyət planları işləyib hazırlaya bilərlər. Məsələn, bələdiyyələr su obyektlərində su götürmə yerlərini müəyyən edə, xüsusi qadağan olunmuş zonalar yarada və su qoruyucu meşə zolaqları sala bilərlər.
Bələdiyyələr milli orqan tərəfindən təmsil olunmayan fərdi qurumlardır.
2.9 Kiçik fermerlər
Kiçik fermerlər su istifadəçiləri arasında ən həssas təbəqəni təmsil edir. Müxtəlif məlumatlara görə, kiçik fermerlərin torpaqlarının sahəsi 1-6 hektar arasında dəyişir. Başlanğıcda, bu fermerləri dəstəkləmək SİB-lərin vəzifəsi idi, lakin fermerlər SİB-lərin fəaliyyətinə heç bir birbaşa təsirə malik deyildirlər.
Sonra fərdi olaraq məsləhətləşmələr aparılmışdır. Soruşulan əsas suallar bunlar olmuşdur:
-
qurumun nə kimi rolu və vəzifələri vardır?
-
icra ilə bağlı vəziyyət necədir?
-
qurum digər maraqlı tərəflərlə/qurumlarla necə məsləhətləşir və əməkdaşlıq edir?
-
digər maraqlı tərəflərin tələbləri necə nəzərə alınır?
-
tələblə bağlı məlumat mübadiləsi olurmu?
-
maraqlı tərəflərin bir-birinə zidd olan tələblərinə yanaşma necədir?
-
qərar qəbulu hansı məlumatlara əsaslanır?
3.1 Meliorasiya və Su Təsərrüfatı ASC (MST)
MST ilə görüş 20.05.2014 tarixində, Suvarma Sistemlərinin İstismarı Şöbəsinin müdiri cənab Əjdər Cavadov və Beynəlxalq Əlaqələr, Elm və Layihə Şöbəsinin müdiri cənab Teymur Osmanovun iştirakı ilə keçirilmişdir. MST Kənd Təsərrüfatı Nazirliyindən asılı deyil, lakin informasiya mübadiləsi yolu ilə onunla əlaqə saxlayır. Bütün suvarma ilə bağlı aspektlər istənilən halda MST tərəfindən müəyyən edilir.
MST yerli idarələr və su istifadəçiləri birlikləri tərəfindən toplanan informasiya və məlumatlardan istifadə edir, məsələn, suvarılan sahələr, məhsul növləri, sudan istifadə, və s. Bu məlumatlar əsasında suvarma və su təchizatı planları işlənib hazırlanır. Su mövcudluğuna dair planlaşdırma məqsədləri ilə fərz olunur ki, orta çoxillik uzunmüddətli axıntının 75%-i əlçatandır. Su ehtiyatlarının idarə olunmasına gəldikdə, MST sırf, məsələn, saxlama, bölüşdürmə və yayımı təkmilləşdirmək üçün texniki tədbirləri nəzərdən keçirir, halbuki, məsələn, təbii axımların ləngidilməsi üçün yuxarı sutoplayıcı hövzələrin idarə edilməsinin təkmilləşdirilməsi aspektlərinin onların mandatında deyil, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətində olduğu hesab olunur.
Planlaşdırma və su paylanması zamanı MST digər maraqlı tərəflərin ehtiyacları və prioritetlərini nəzərə alır. Yəni, suvarma kanallarından qeyri-suvarma suyu istifadəçilərinin ehtiyacları da nəzərə alınır və hətta suvarma mövsümü xaricində də təmin olunur və axının aşağısında olan istifadəçilərin (məsələn, şəhər su təchizatı) ehtiyacları çaylardan su yığımı zamanı nəzərə alınır. Quraqlıq hallarında, MST faktiki vəziyyət əsasında digər su istifadəçilərinin prioritetlərini nəzərdən keçirir.
Digər maraqlı tərəflərin qurumları ilə koordinasiya "lazım olduqda" prinsipi əsasında aparılmaqla məhdudlaşır. Su Ehtiyatları üzrə Dövlət Agentliyi ilə koordinasiya hələ ki yoxdur. Heç bir komitə və ya idarəetmə orqanı mövcud deyildir, sorğular rəsmi kanallar vasitəsilə yazılı şəkildə verilir.
3.2 Fövqəladə Hallar Nazirliyi (FHN)
FHN, Su Ehtiyatları üzrə Dövlət Agentliyi ilə görüş 20.05.2014 tarixində Şöbə müdiri cənab Arif Axundov və Su Resurslarının İdarə Edilməsi Şöbəsinin rəhbəri cənab Elnar Sultanovun iştirakı ilə keçirilmişdir.
Su Ehtiyatları Dövlət Agentliyi Azərbaycanda 2010-cu il daşqın hadisələrinə cavab olaraq yaradılmışdır, belə ki, həmin vaxt su idarəetməsi üzrə hər hansı bir qurumun mövcud olmadığı diqqəti çəkmişdir. Onun başlıca vəzifələrinə əsas su anbarlarının idarə olunması daxildir. Bu qurum, daşqınlar zamanı cavab tədbiri görmək bacarığına görə, həmçinin onun yaranmasında iştirak etmiş və razılıq vermiş su ilə əlaqədar digər maraqlı tərəflər arasındakı "neytral" mövqeyinə görə FHN-də yerləşdirilmişdir.
Hazırkı vəziyyət budur ki, Dövlət Agentliyi fəaliyyət göstərir, lakin bu fəaliyyət məhduddur, yəni agentlik potensialı ilə bağlı səbəblərdən özünün tam mandatını qəbul etməyib. Əhatə olunan fəaliyyətlərə məlumat mübadiləsi üçün digər tərəfdaş qurumlarla qarşılıqlı əlaqələr və tərəfdaş qurumların təqdim etdiyi tələblər əsasında su bölüşdürmə planlarının işlənib hazırlanması daxildir. Maraqlı tərəflər daha sonra bu planları təsdiq etmişdirlər.
Dövlət Agentliyi ilə ETSN arasında məlumatla bağlı ixtilaf mövcuddur, belə ki, hazırda yalnız cari və proqnozlaşdırılan məlumatlar Dövlət Agentliyinə təqdim olunur, halbuki, Dövlət Agentliyinin vəzifələri üçün daha geniş məlumat bazalarına ehtiyac ola bilər.
3.3 Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN)
Milli institusional ekspert burada olmuşdur
Nazirliyin mandat və vəzifələrinə təbii landşaftların mühafizəsi, qorunan ərazilərin idarə olunması, hidrometeoroloji məlumatların toplanması, daşqın və hava proqnozlaşdırması daxildir. Qərar qəbulu Nazirliyin Hidrometeorologiya Departamentinin topladığı və saxladığı hidrometeoroloji məlumatlar əsasında həyata keçirilir.
Məlumat verimişdir ki, üçüncü tərəflərin Hidrometeorologiya Departamentindən məlumat əldə etməsi çətin ola bilər
3.4 Kənd Təsərrüfatı Nazirliyi
Milli institusional ekspert burada olmuşdur
Kənd Təsərrüfatı Nazirliyi (KTN) iri həcmli su istifadəçisi kimi görünmür və daha çox sonradan MST tərəfindən icra olunacaq suya qənaət edən suvarma üsullarının işlənib hazırlanmasında maraqlıdır. KTN öz gündəlik planlaşdırma ehtiyacları üçün deyil, tədqiqat zamanı nəzərdən keçirmək üçün uzunmüddətli su ehtiyatlarının mövcudluğu proqnozlarına maraq göstərir.
3.5 Azərsu ASC
Milli institusional ekspert burada olmuşdur
Şirkətin hazırkı mandatına və vəzifəsinə içməli su təchizatı daxildir. Qısa və uzunmüddətli perspektivdə dayanıqlı su təchizatı üçün planlaşdırma və qərar qəbul etmə xüsusən su ehtiyatları barədə məlumatların mövcudluğundan və zamanla işlənib hazırlanmasından asılıdır. Hazırda bu informasiya tələb olunan həddə mövcud deyil və davamlılığın hansı dərəcədə olduğu da məlum deyil.
3.6 Azərenerji ASC
Milli institusional ekspert burada olmuşdur
Azərenerjinin hazırkı mandatına Azərbaycandakı su elektrik stansiyalarının idarə olunması daxildir. Hidroenerjinin rəvan istehsalı üçün, xüsusilə də, su anbarı və su sərfinin idarə edilməsini nəzərə almaqla, su anbarının səviyyəsi barədə ən son məlumatlar, eləcə də axın və ehtiyatların inkişaf etdirilməsi məlumatının olması vacibdir. Uzunmüddətli davamlı enerji istehsalını təmin etmək üçün gələn axınlar barədə proqnozlara xüsusi diqqət yetirilir. Müvafiq məlumatlar isə Azərenerji tərəfindən deyil, ETSN tərəfindən toplanılır və heç də həmişə asan əlçatan olmur.
Böyük su anbarlarının idarə edilməsi barəsində Su Ehtiyatları üzrə Dövlət Agentliyi ilə vəzifələrin üst-üstə düşməsi səbəbindən ixtilaf mövcuddur.
3.7 Xülasə
Müxtəlif tərəfdaş qurumlardan əldə olunmuş məlumatlar qurumların cari imkan və vəzifələrinin başa düşülməsi üçün yekcins olmayan bir mənzərə yaradır.
-
Koordinasiya rəsmi kanallar vasitəsi ilə, "lazım olduqda" prinsipi əsasında aparılır.
-
Birgə koordinasiyanın məhdud olduğu görünür və idarəedici komitə yoxdur
Bu, ümumilikdə, potensialın məhdudluğunun və, eyni zamanda, məhdud çatışmazlıqla tələbin adekvat ödənməsinin nəticəsi ola bilər.
-
Belə görünür ki, müvafiq digər iştirakçı maraqlı tərəflər digər sahələrin tələbatlarını tam nəzərə almır və bu da ümumi planlaşdırmanı çətinləşdirir.
-
SEİİ-də rəhbərlik fəaliyyət göstərmir, vəzifələr qismən üst-üstə düşür ki, bu da potensial ixtilaf ilə nəticələnir və iştirakçı qurumlar arasında koordinasiyanın mexanizmləri kifayət qədər müəyyən olunmamışdır.
Dostları ilə paylaş: |