145
Gecə qaranlıqda batalyona çatdıq. Yolda oturmuşdular.
İbrahim soruşdu: "Burada nə edirsiniz?! Siz düşmən
mövqeyinə hücum etməlisiniz".
Dedilər: "Komandirin əmridir".
İbrahimlə irəli getdik. O, komandirə dedi: "Uşaqları nə
üçün bu düzənlikdə saxlamısınız? İndi hava işıqlanacaq.
Burada gizlənməyə yer yoxdur, düşmənin düz gözü
önündəsiniz".
Komandir dedi: "Qarşıdakı sahə minalanıb, aramızda da
mina təmizləyən yoxdur. Qərargahla əlaqə saxladıq,
gəlirlər”.
İbrahim dedi: "Gözləmək olmaz".
Sonra üzünü uşaqlara tutub dedi: "Canından keçməyə
hazır olan bir
neçə könüllü mənimlə gəlsin, yolu açaq".
Uşaqların bir neçəsi onun ardınca qaçdı. Onlar
minalanmış sahəyə girib ayaqlarını sürüyə-sürüyə
irəliləməyə başladılar.
Mat-məəttəl İbrahimə baxırdım. Yerimdə donub
qalmışdım. Mən şəxsi heyətin yanında dayanmışdım, o isə
minalanmış sahədə idi. Hər an partlayış səsini və
İbrahimin şəhadətini gözləyirdim. Saniyələr ağır keçirdi.
Nəhayət, yolun sonuna çatdılar. Allaha şükür ki, o hissədə
mina yox idi.
Həmin gecə minalanmış sahədən keçib düşmən
səngərlərinə hücum etdik və mövqeləri tutduq, amma çox
irəliləmədik.
Səhərə yaxın İbrahim böyründən qəlpə yarası aldı.
Uşaqlar onu tez geri göndərdilər.
Səhər İbrahimi təyyarə ilə şəhərə aparmaq istəyirdilər,
amma o, israrla təyyarədən endi, tibb məntəqəsində
yarasını tikdirib yenidən əməliyyat yerinə qayıtdı.