İlyas Əfəndiyev üçün mənəvi-əxlaqi dəyərlər, özü də 10-15 il
bundan əvvəl deyildiyi kimi, söhbət sovet adamının mənəvi-
əxlaqi dəyərindən yox, min illər boyu yaranmış, əbədiyaşarlıq
haqqı qazanmış, xalqımızın mənəvi pasportu olan mənəvi-əxlaqi
dəyərlərdən gedir, bütün ideoloji dəyərlərdən həmişə üstün ol-
muşdur. İlyas Əfəndiyev milli-mənəvi dəyərləri heç vaxt ideoloji
dəyərlərin ayağına verməmiş, bu dəyərləri həmişə uca tutmuş, bir
yazıçı kimi, böyük sənətkar kimi həmişə bu dəyərlərə sadiq ol-
muşdur. İlyas Əfəndiyev böyük məktəbdir. Şəxsiyyət kimi də,
yazıçı kimi də.