Qiymətli daş
(Azərbaycan xalq nağılı)
Qiymətli daş tapan bir kişi onu padşahın sarayına apardı ki, əvəzində bəxşiş alsın.
Sarayın qapıçısı kişini içəri buraxmadı və dedi:
- Padşah sənə nə versə, onun yarsını mən verərsənmi?
Kişi cavab verdi:
- Yox!
Qapıçı dedi:
- Bu şərti qəbul etməsən, səni içəri buraxan deyiləm.
Kişinin əlacı kəsildi, razı oldu. Qapıçı onu padşahın yanına apardı. Padşah daşı
bəyənib dedi:
- Əvəzində sənə nə verim?
Kişi cavab verdi:
- Padşah sağ olsun, əmr et ki, mənə əlli çubuq vursunlar. Başqa heç bir şey lazım
deyil.
Padşah təəccübləndi:
- Sənə bəxşiş vermək istəyirəm. Niyə özünü döydürmək istəyirsən?
- Padşah sağ olsun! Qapıçı məni içəri buraxanda sizdən alacağımı yarı bölmək
şərtini qoyub. Ona görə, buyur, əlli çubuğun yarısını mənə vursunlar, yarısını da ona.
Yoxsa məndən inciyər.
Məsələni anlayan padşah güldü və əmr etdi ki, ona yaxşı bir xələt bağışlasınlar.
Qapıçını isə saraydan qovdu.
Dostları ilə paylaş: |