Qulaqaltı vəzi{glandula parotidea} ağız suyu vəzilərinin ən böyüyüdür. O, qulaq
seyvanının aşağı
ön tərəfində, çənəarxası çuxurda yerləşir. Qulaqaltı vəzi quruluşca
mürəkkəb alveollu vəzilərə, vəzifəcə seroz vəzilərə aiddir. Vəzin çəkisi 30 qram olub,
ayrı-ayrı paycıqlardan təşkil olunub. Çeynəmə əzələsinin fassiyasından əmələ gəlmiş
kapsula ilə örtülmüşdür. Paycıqların ağız suyu boruları birləşərək paycıq axacaqlarını,
onlarda birləşərək paycıqlararası axacaqları, onlar
da öz növbəsində birləşərək
qulaqaltı axacağı əmələ gətirirlər. Qulaqaltı vəzin axacağı (ductus parotideus) 5-6 sm
uzunluğunda və 2-3 mm diametrində olub, yuxarı ikinci böyük azı dişin bərabərində
selikli qişadan əmələ gəlmiş qulaqaltı vəzinin məməciyi üzərində ağız dəhlizinə açılır.
Qulaqaltı vəzinin innervasiyası hissi, simpatik və parasimpatik sinirlərlə həyata
keçirilir. Qulaqaltı vəzin cismindən üz siniri keçir.
Çənəaltı vəzi (glandula submandibularis) böyüklüyünə görə ikinci böyük ağız suyu
vəzisidir. O, çənəaltı toxumalar sahəsində çənə ilə ikiqarıncıqlı əzələ arasında
yerləşir. Quruluşca mürəkkəb alveol-borulu, vəzifəcə qarışıq vəzilərə aiddir. Çəkisi 10
qram ağırlığında olub, 10-12 paycıqdan ibarətdir. Çənəaltı vəzi axacağı – ductus
submandibularis 5-6 sm uzunluğunda olub, ağız dibi selikli qişasının altı ilə önə doğru
gedir və dilaltı vəzin axacağı ilə bir yerdə dilaltı məməciyin üzərində xüsusi ağız
boşluğuna açılır.
Dilaltı vəzi (glandula sublungualis) böyük ağız suyu vəzilərinin ən kiçiyidir. Ağız dibi
selikli qişasının altında çənə - dilaltı əzələnin üzərində yerləşir. Quruluşca mürəkkəb
alveollu-borulu, vəzifəcə selikli vəzilərə aiddir. Çəkisi 4 qram ağırlığında olub orta
hesabla 5-8 paycıqdan təşkil olunmuşdur. Bu vəzin böyük və kiçik axacaqları
vardır.
Böyük axacağı - ductus sublungualis major çənəaltı vəzinin axacağı ilə bir
yerdə dilaltı məməcik üzərində xüsusi ağız boşluğuna açılır.
Kiçik axacaqları
təxminən 20 ədəd olub, müstəqil şəkildə dilaltı büküş boyu xüsusi ağız boşluğuna
açılır.
Çənəaltı və dilaltı vəziləri hissi (dil siniri), simpatik və parasimpatik (üz siniri) sinirlərlə
innervasiya edilmişdir.
Dostları ilə paylaş: