Naqiliağrısızlaşdırmalar. Naqili anesteziya üz-çənə cərrahiyyəsində poliklinik və
klinik şəraitdə bir çox cərrahi əməliyyatlar aparılan zaman geniş istifadə olunur. Bu
anesteziyanı aparmaq həkimdən üz-çənə nahiyəsinin topoqrafik anatomiyasını,
sinirlərin və iri damarların yerləşməsi haqqında dərin biliyə malik olmasını tələb edir.
Naqili anesteziyanın köməyi ilə hissi sinirin keçiriciliyini müvəqqəti dayandırmaq
cərrahi əməliyyat aparılan yerdən uzaqda blokada etmək mümkün olur. Anesteziyanı
endonevral və perinevral növlərə bölürlər. Endonevral üsulda travmatik nevrit və
digər fəsadların baş verməsinə görə çox halda perinevral üuldan istifadə olunur. Hər
növ naqili anesteziyanı aparan zaman o yerə düşmək üçün onun oriyentiri var,
həmin səmtdən dəqiq istifadə etmək lazımdır.
Naqili anesteziya periferik və mərkəzi (kəllə əsası) aparılır.
Periferik növ anesteziyalar hansı nahiyələrdə aparılırsa o yerlərin anatomik adı ilə,
əng və çənə sümüklərində olan kanalın adı ilə adlanırlar. Əng sümüyündə naqili
anesteziyalar qabar nahiyədə (tuberal), göz yuvasıaltı kanalda (infraorbital), böyük
damaq dəliyində (palatinal), kəsici kanalda (insiziv) aparılır.
Çənədə oynaq çıxıntısı ilə tac çıxıntısının birləşdiyi yerdə yaranmış sümük
qalınlığında (torusal), çənə kanalının girəcəyində (mandibulyar), mental dəlikdə
aparılır.
Mərkəzi naqili anesteziya qanaqd- damaq çuxurunda aparılır. Üüçlü sinirin ikinci
şaxəsini blokada etmək üçün anestetik girdə dəlik istiqamətdə, üçüncü şaxəsini
keyləşdirmək məqsədilə oval dəlik nahiyəsinə vurulur. Əngdə palatinal
anesteziyadan, çənədə torusal anesteziyadan başqa qalan naqili anesteziyalar ağız
daxili və ağızdan kənar aparıla bilərlər.
Naqili anesteziya bir sıra cəhətlərinə görə infiltrasion anesteziyadan xeyli üstündür:
dərin və uzun müddət keyləşdirir, anestetik az istifadə olunur, əməliyyat aparılan
yerdə toxumanın formasını dəyişmir. Hər bir naqili anesteziyanı yerinə yetirən
zaman o nahiyənin topoqrafik anatomiyasından asılı olaraq anesteziya düzgün
aparılmazsa, müəyyən ağırlaşmalar baş verə bilər.
İnfraorbital anesteziya (yuxarı ön alveol sinirlərinin ağrısızlaşdırılması). Bu
keyləşdirmədən yuxarı kəsici, köpək və kiçik azı dişləri çəkəndə, alveol çıxıntısında
törəmələri çıxardan zaman, yanaqda, burunda, üst dodaqda, haymor boşluğunda
cərrahi əməliyyatlarda istifadə olunur. Göz yuvasıaltı dəlikdə ağrısızlaşdırma
ağızdaxili və ağızdankənar aparılır.
Ağızdaxili üsul. İlk növbədə göz yuvasıaltı kanalın girəcəyi təyin edilir. Onun üçün sol
əlin şəhadət barmağı ilə göz yuvasının aşağı kənarı ayırd olunur. Bu kənardan 0,5-0,7
sm aşağı gözaltı dəlik yerləşir. Kanalın girəcəyi önə, aşağı, içəri istiqamətdədir.
Anesteziyanı aparan zaman iynə yuxarı və xaricə tərəf irəlilədilir. Ağızdaxili
anesteziya zamanı sol əlin baş barmağı ilə üst dodaq bir az yuxarı qaldırılır. İynə ikinci
kəsici diş səviyyəsində keçid pərdəsindən 0,5 sm yuxarı vurulur. Yuxarıda göstərilən
istiqamətdə toxumaya anestetik buraxmaqla 2,5 sm dərinliyə irəlilədilir, göz
yuvasıaltı kanal nahiyəsində 0,5 ml anestetik vurulur, ehtiyatla kanalın girəcəyi tapılır
və 0,5-1 ml keyləşdirici məhlul kanala yeridilir, 7-10 dəqiqədən sonra keyləşmə tam
baş verir.
Ağızdankənar üsul: sol əlin göstərici barmağı göz yuvasının aşağı kənarına qoyulur,
0,5 sm həmin kənardan aşağıda dəri 2%-li yodla, spirtlə işlənildikdən sonra iynə
sümüyə qədər yeridilir. 0,5-1 ml anestetik vurulur və ağrısız olaraq yuxarı xarici
istiqamətdə kanalın girəcəyi axtarılıb tapılır, 1,0-1,5 ml keyləşdirici dərman vurulur.
İnfraorbital anesteziyanı yerinə yetirən zaman bir sıra ağırlaşmalar baş verə bilər.
Damar zədələnərsə hematoma, dəridə məhdud işemiya gözlənilə bilər. Vurulan
anestetik göz yuvasına düşərsə göz alması əzələsini innervasiya edən siniri blokada
edə bilər və bu müvəqqəti iki görmə - diplopiya yaradır. Təsadüfən sinir şaxəsi iynə
zədələnərsə gözaltı sinirin nevriti ola bilər.
Kəsici anesteziya (n. Nasopalatinus ağrısızlaşdırılması). Bu keyləşdirməyə göstərişlər
kəsici və köpək dişlər çəkiləndə, bu nahiyənin selikli qişasında, alveol çıxıntısında
əməliyyat aparan zaman istifadə edilir. Kəsici kanal sərt damağın önündə mərkəzi
kəsici dişlərin arasında orta xətt üzrə yerləşir. Kanal üstdən məməciklə (papilla)
örtülüdür və anesteziyanı aparmaq üçün oriyentir verir. məməcik çox həssasdır, iynə
vurulmamışdan qabaq o nahiyəni 10% - li lidokain aerozolla aplikasiya etmək
lazımdır, sonra iynəni məməciyin kənarından vurub kanal istiqamətdə irəlilətmək
məsləhətdir. Kanala 0,5 ml anestetik məhlul yeritdikdən 3-5 dəqiqə sonra anesteziya
başlayır. Bu nahiyədə patoloji proses olarsa kəsici anesteziyanı ağızdan kənar burun
çəpərinin əsasında aparmaq olar. Ağızdankənar kəsici anesteziya zamanıl burun
damaq (n.nasopolatini) siniri burun boşluğunun dəhlizində kəsici kanalın girəcəyində
blokada edilir. Aplikasion anesteziya üçün istifadə olunan anestetiklə cuna tampon
isladılıb hər iki burun keçəcəyinə qoyulur. Sonra iynə burun keçəcəyi tərəfdən burun
çəpərinin əsasına vurulur, 1 ml anestetik yeridilir.
|