Palatinal anesteziya (böyük damaq sinirinin ağrısızlaşdırılması). Bu keyləşdirmə
böyük azı dişləri çəkərkən, damağın selikli qişasında, Haymor boşluğunda cərrahi
əməliyyat zamanı aparılır. Böyük damaq dəliyi iki və üçüncü böyük azı dişlərinin
ortasında yerləşir. Üçüncü azı dişi olmazsa ikinci böyük azı dişdən arxaya, ya da sərt
və yumşaq damaq sərhəddindən 0,5 sm önə istiqamət götürülür. O nahiyəyə
diqqətlə baxılsa selikli qişasının kanaldan çıxan damar – sinir kələfi ilə dartılması
hesabına nöqtəvi çökəklik müşahidə edilir. Xəstə ağzını geniş açır, damaq dəliyi
yerləşən proyeksiyadan 1 sm önə iynə selikli qişaya yeridilir və arxaya irəlilədilir, 0,5-
1 ml anestetik vurulur 3-5 dəqiqədən sonra anesteziya başlayır.
Artıq miqdarda keyləşdirici dərman vurulsa yumşaq damağı innervasiya edən sinir
blokada olur, xəstədə xoşagəlməyən öyümə, qusma refleksləri əmələ gəlir, yumşaq
toxumada nekroz baş verə bilər, damar zədələnərsə hematoma, qanaxma yarana
bilər.