Kəskin diffuz pulpit (pulpitis acuta diffuca). Kəskin diffuz pulpit ocaqlı pulpitin
sonrakı inkişaf mərhələsidir. Həmin pulpit zamanı öz – özünə başlayıb uzun müddət
davam edən, bəzən isə çox intensiv ağrılar (arada qısamüddətli fasilələrlə) olur. Bəzi
hallarda ağrılar tamam dayanmır, lakin bir qədər azalır və müəyyən müddətdən
sonra yenidən güclənir.
Diffuz pulpit zamanı ağrı yayılmış xarakter daşıyır, o, üçlü sinirin və digər sinirlərin
şaxələri boyu gicgaha, qaşüstü hissəyə, almacıq nahiyyəsinə, qulağa, boyuna, alt və
ya üst çənə dişlərinə irradiasiya verir. kəsici və köpək dişlərinin iltihabı zamanı
irradiasiya çənənin əks tərəfinə keçə bilir.
Pulpitin bu forması zamanı diş gecələr həmişə ağrıyır. Qıcıqlandırıcıların təsirindən
başlayan ağrılar, həmin təsir kənar olduqdan sonra da uzun müddət davam edir.
Xəstələr bəzi hallarda dişə təzyiq etdikdə ağrı hissi olduğunu bildirirlər. Bu,
periodontun qıcıqlandığını göstərir. Kök zirvəsi formalaşmamış dişlərdə periodontun
pulpa iltihabına xüsusilə aydın təzahür edən reaksiya müşahidə olunur. Belə halda
parçalanma məhsullarının pulpiadan periodont toxumasına daxil olması üçün
əlverişli şərait yarandığından periodont intoksikasiyaya uğrayır.
Müayinə zamanı dərin karioz boşluq, böyük miqdarda yumşalmış və piqmentləşmiş
dentin aşkara çıxarılır; boşluq dibinin bir nöqtədə zondlanması xüsusilə ağrılı olur.
Diş boşluğunun karioz boşluqla aşkar əlaqəsi müşahidə olunmur. Temperatur
qıcıqları ağrılara səbəb ola bilir. Elektrikdən qıcıqlanma hüdudu aşağıdır – pulpa 20-
30kA cərəyana reaksiya verir., adətən, bütün nöqtələrdən yoxlandıqda qıcıqlanma
qabiliyyətinin aşağı olduğu aydınlaşır.