3. Axirət: Zərdüştilikdə axirət məsələsi aşkar şəkildə işıqlandırılır. Zərdüştilik təlimlərinə
əsasən, varlıq aləminin ömrü sona çatandan sonra ümumi qiyamət başlanacaqdır. O
cümlədən, bütün əməllər haqda sorğu-sual ediləcək, yaxşı və pis əməl sahiblərinin
yerləri müəyyənləşəcəkdir. Zərdüşt əqidələrinə uyğun olaraq, ölümdən bir az sonra
insanın əməlləri araşdırılır. Amma onun müqəddəratı qiyamət günündə tə'yin edilir.
Qiyamət günündə hamı cəhənnəmin üzərində olan “simut təhl” adlı bir körpüdən
keçməlidir. O körpünün bir tərəfi behiştə gedib çıxır.
(Bu əqidə eynilə İslami e'tiqadlarda
olan sirat körpüsü ilə uyğundur).
Körpünün əvvəlində əməl dəftəri oxunur və hamının
əməlləri Ahura Məzdanın əlində olan tərəzinin iki gözünə qoyulur. Tərəzinin yaxşı
əməllər qoyulan gözü ağır olarsa, həmin şəxs behiştə gedəcək, çirkin əməllər
qoyulan gözü ağır olduqda isə, cəhənnəmə gedəcəkdir. Yaxşı əməl sahibləri
Zərdüştün yol göstərməsi ilə o körpüdən sağ-salamat keçib gedəcəklər. Amma şər
əməl sahiblərinin cəhənnəmə süqut etməkdən başqa bir yolları olmayacaqdır.
Zərdüştiliyin müqəddəs kitabında əfv, bağışlamaq, kəffarə və şəfaətdən söhbət
açılır; deyilir ki, hər kəs öz əməlinin girovundadır. İnsan yaxşı iş görsə, yaxşı
fikirləşsə və yaxşı danışsa nicat tapacaq, pis iş görüb, pis danışsa və şər əməl sahibi
olsa cəhənnəmə getməkdən başqa yolu qalmayacaq.
4. Müjdə: Zərdüşt, xalqı Ahura Məzdaya doğru dəvət etməklə yanaşı, inanırdı ki, axırda elə
bir gün gəlib çatacaq ki, hamı düzgün bir dinə qovuşacaqdır. Amma o, özünü axırıncı
peyğəmbər və ümumbəşəri bir xilaskar kimi tanıtdırmamışdır; həmişə “suşyant”
adlandırdığı xilaskarın gəlişini müjdə verirdi.
SUAL VƏ TAPŞIRIQLAR 1. Zərdüşt Ahura Məzdanı necə təqdim edirdi?
2. Nə üçün Zərdüşt divə pərəstiş etməklə müxalifətçilik edirdi?
3. «Sepentaminu» və «Əngireminu» nədir və onların rolu nədən ibarətdir?
4. «Emşasipentand»ın nədən ibarət olmasını izah edin?
5. Zərdüştilik tövhid dinidir, yoxsa ikiliyə pərəstiş dini?
6. Zərdüşt əqidəsində axirətlə əlaqədar hansı inanclar vardır?
173
7. ”Suşyant” nə deməkdir?
Müəllimin köməyi ilə zərdüştlərin Əhrimən barəsində olan əqidələrini
müsəlmanların şeytan barəsində olan əqidələri ilə müqayisə edin.