OTUZ BEŞİNCİ DƏRS ZƏRDÜŞT DİNİNDƏKİ DƏYİŞİKLİKLƏR Zərdüştilik əsrindən sonra Mazdaizm çoxlu dəyişikliklərə mə'ruz qaldı. Bu din bir
tərəfdən neçə-neçə firqələrə bölündü, digər tərəfdən də yeni ayinlərlə - Manəvi,
Məzdəki kimi cərəyanlarla üzləşdi və həmçinin bir çox siyasi hadisələrlə qarşılaşdı.
1. FİRQƏLƏR Üçüncü dərsdə qeyd olunduğu kimi, zərdüştilikdə əsas bəhs Ahura Məzdanın
xilqət aləminə olan mehr-məhəbbəti, Sepentaminunun və Əngirəminunun Ahura
Məzda ilə olan rabitəsinin necəliyi ətrafındadır. Zərdüştiliyin ilkin tə'limlərinə
əsasən, Ahura Məzda öz əndişəsində iki minunu xəlq etmişdir. Bu iki minu xilqətin
əvvəl çağlarından xeyirlə şərdən birini seçməyə və öz seçimləri ilə Sepənd və
Əngura olmağa vadar edilmişlər. Bu seçki o qədər əsaslı və mühüm idi ki,
Sependminu öz düşməni Əngirəminuya demişdir: “Bizim fikrimiz, ayinimiz,
meylimiz, seçimimiz, söhbətimiz, əməlimiz, elmimiz və ruhumuz bir-birilə müvafiq
deyildir.”
Hər halda Allah iki minunu xəlq etmişdir, onlardan biri xeyir və yaxşılığı, digəri
isə şər və pisliyi seçmişdir. Buna əsasən, allah Ahura Məzda hər iki minudan ilkindir;
baxmayaraq ki, Sepentminu ilə müvafiqdir və Əngireminunu rədd edir.
Amma Ahura Məzda ilə bu iki minu arasında əvvəlcədən tə'yin olunmuş rabitə
sonrakı dövrlərdə dəyişdirildi və bu rabitənin təhlil və dəyişdirilməsinin necəliyi ilə
əlaqədar olaraq, zərdüşt dini üç firqəyə bölündü: Sənəviyyani Məzdai, Məsxiyyə və
Zərvaniyyə.
1. Sənəviyyani Məzdai: Bu firqə nur və işıqlığın xaliqi və məzhəri olan Sepəndminunun Ahura Məzda ilə
eyni səviyyədə olduğuna və Əhrimənin onun müqabilində dayandığına etiqadlıdır.
Onlar mütləq işıqlığa və nura pərəstiş edir, hər növ nuru ondan bilir və onu (mütləq
işıqlığı) aləmin rəhbəri kimi təqdim edirdilər; bütün yaxşı işləri ona aid edirdilər.
Onun adı Ahura Məzda, yaxud Xudavənd və yaxud da Yəzdandır. Bunun da
müqabilində Əhrimən qərar tutur ki, bütün pis işlər ona mənsub edilir. Ahura Məzda
bu kimi işlərdən pak və münəzzəhdir. Buna əsasən, bu firqə Ahura Məzdanı nurun
xaliqi hesab edərək, onunla zülmət xaliqi olan Əhrimənin arasında daimi mübarizə
və keşməkeş olduğuna inanır və bu aləmin əslinin nur və zülmətdən nəş'ət tapdığına
inanırdılar.