Hindusların inancına görə Şiva, aləmi məhv etməklə iki iş görür:
birincisi,
dünyadakı surətləri bir-birindən ayırır və bununla da cəhalət və nadanlıq pərdələri
aradan qaldırılır. Digər iş isə həyatı yeniləşdirməkdir. Aləmin məhv olunması yeni
yaradılışı tələb edir. Şiva həm ölüm, yoxluq sultanıdır; həm həyatın mənşəyi və onun
hərəkətverici qüvvəsidir. Şiva aləmi məhv etməklə yeni doğumlar prosesinin əsir
olanları, nadanlıq və cəhalət buxovlarındakı varlıqları azad edir. Yeni yaradılış
mövsümündə Şiva divanə rəqqas kimi dağ və çölləri təpikləyərək əl çalır, təbil və
şeypurundan qiyamət səsi çıxır, bütün varlıqlara
forma və qiyafə verir, yeni bir
aləmin binasını qoyur. Bunun nəticəsində varlıqlar yenidən
həyata və fəaliyyətə
başlayırlar.
Şivanı rəsmlərdə əksər hallarda dörd qolunu iki tərəfə açaraq havada əlini
yelləməklə hiylə və yalan şeytanının cəsədi üzərində rəqs edə-edə onu təpikləyən
halda təsvir edirlər. Onun bir əlində kiçik bir təbil, digər əlində isə şö'lələnən alov
vardır. Təzə doğmuş aypara şəkli onun başının ətrafını örtür və Qanqa çayının suyu
saçlarından axıb tökülür. Onun başında və ayağında da həyat qüvvəsi və varlıq
qüdrəti cilvələnir. Hinduslar inanırlar ki, onun “rəqs edib təpik döydüyü”
şəkli
dünyada ölüm və həyat dövri çarxının sür'ət rəmzidir.
Eyni zamanda, hindusların inanclarına görə, dağlarda məskunlaşmış Şiva dağların
zirvəsindən fələkə baş vuraraq səhralara və çöllərə hücum çəkir, bəla və müsibətləri
camaatın başından tökür. Dağların ətəyində dərman bitkiləri bitdiyindən, hinduslar
bunu da Şivanın lütf və mərhəmətinin bəhrəsi kimi qələmə verirlər. Sanki, o bununla
xəstəliklərə də hücum etmək istəmişdir. Buna əsasən, Şiva heç də həmişə insanlar
üçün ölüm və yoxluq amili deyil, əksinə xəstəlik törədən
amilləri məhv etməklə
camaatın asayiş, rifah və səadətinə də şərait yaradır. Buna görə də, hinduslar Şivanı
təkcə şər və əziyyət verən bir mə'bud kimi tanımır, ona yaradıcı
və həyatverici
çalarlar da verirlər. Əlbəttə, Şivanın vasitəsilə bu kimi yaranışlar ilkin mərhələyə
deyil, sonrakı mərhələlərə aiddir. Çünki qeyd olunuduğu kimi, ilk yaranış brahmanın
vəzifəsidir və sonrakı xilqətlər Şivanın, onun qorunub saxlanması
isə Vişnunun
öhdəsinə düşür.
Dostları ilə paylaş: