N Ə T İ C Ə
İctimai şüur uzun bir tarixi inkişaf prosesinin məhsuludur. Belə ki, ictimai
şüurun inkişafında bütün ictimai-siyasi hadisələr – sosial sarsıntılar, milli mübarizə
motivləri öz izini qoyur. Bunun ən bariz nümunəsi erməni qəsbkarlarının torpaqlarımızı
işğal etməsi nəticəsində təbiətə vurulan ziyanlar, milli və ekoloji şüurun inkişaf
etdirilməsini tələb edir. Burada milli mənlik şüurunun inkişafı böyük rol oynayır. Milli
mənlik milli şüurun bir komponentidir. Milli mənliyin əsasını insanın – hər bir fərdin
mənsub olduğu millət və ya xalqın onu əhatə edən sosial həyatın bütün sahələrinə
bəslədiyi subyektiv əqidəsi təşkil edir. Milli mənliyə vətəni sevmək, doğma yurda
məhəbbət bəsləmək, təbii sərvətləri qorumaq və s. ilə bağlı olan sosial keyfiyyətlər
daxildir. Milli mənlik şüuru sayəsində millət xalq və etnik qrup maddi və mənəvi
sərvətlərinin tarixi inkişaf xüsusiyyətlərini, sosial-etnik cəhətlərini bütün dolğunluğu ilə
dərk edir, bunlarla bağlı bu və ya digər hadisəyə öz münasibətini bildirir. Milli mənlik
şüuru vəzifəsindən, tutduğu mövqeyindən asılı olmayaraq, hər bir Azərbaycan
vətəndaşında olmalıdır.
Milli mənlik şüuru ictimai şüurdan kənarda mövcud ola bilməz. O, şüurun
daxilində yüksək səviyyədə çıxış edir. Mənlik şüuru insanın özünün fikir və hisslərinin,
mənafe və məqsədlərinin öyrənilməsinə yönəlir. Bu halda insanın daxili aləmi şüurun
obyekti kimi çıxış edir.
Mənlik şüuru hər bir şəxsin daxili xarakterini, insanlara, cəmiyyətə olan
münasibətini bildirir. Sosial şəratidən asılı olaraq mənlik şüuru dəyişir, insanın öz
hərəkət və davranışını sərbəst surətdə seçir, başqaları qarşısında məsuliyyət daşıdığını
dərk edir. Mənlik şüuru olan insan özünü təhlil və özünümühakimə qabiliyyətinə malik
olur. Beləliklə, qeyd etmək lazımdır ki, milli şüur, milli hisslər, milli mənlik şüuru
ekoloji şüurun yaranmasına, millətin özünü dərk etməsi prosesinə təsir edir və
cəmiyyətdə öz mövqeyinin möhkəmlənməsinə kömək edir.
XX yüzilliyin əvvəllərində Ə.Ağaoğlu öz əsərlərində milli şüurun və milli
dərketmənin olmamasını türk xalqlarını bir-birindən təcrid edən, onların yaxınlaşmasını
çətinləşdirən bir amil kimi demişdir: «daima dini mübahisələrlə məşğul olan və həmişə
özgələrin hakimiyyəti altında yaşayan adamlar arasında milli şüur və milli özünüdərk
necə yarana bilər?».
Əgər bu gün Qarabağ torpaqları düşmən əlindədirsə, onda bizim milli şüurdan
danışmağa mənəvi haqqımız çatmır. B.Vahabzadə göstərir ki, Vətən əxlaqı güclü
olmasa, biz nə müstəqilliyimizi, nə azadlığımızı və nə də bütövlüyümüzü qoruya bilərik.
Vaxtilə bu fikri Böyük Atatürk də söyləmişdir: «Milli şüur, hər şeydən öncə,
müstəqillik şüurudur. Düşmən süngüsü altında milli birlik olmaz».
B.Vahabzadə «Vicdan, namus və ləyaqət» adlı məqaləsində yazırdı: «İnsanlıq
ləyaqətini addımbaşı alçaldan bir rejimdə – qorxu və repressiyanın hökm sürdüyünü bir
zamanda hansı ləyaqətdən, hansı vicdandan və namusdan söhbət gedə bilər? Odur ki,
insanlığa xas olan üç sifət – vicdan, namus və ləyaqət ilk növbədə cəmiyyət tərəfindən
qorunmalı, yalnız bundan sonra ayrı-ayrı fərdlərdən umulmalıdır».
Dostları ilə paylaş: |