Dərsin strukturu (Lesson structure) - Hər müəllimin planlaşma işini asanlaşdırmaq və
səmərəli etmək üçün dərsin strukturu kimi anlayış mövcuddur. Dərsin strukturu dedikdə, onun bütün
elementləri və elementlərin təşkil olunma ardıcıllığı nəzərdə tutulur. Müəllimin tətbiq etdyi
yanaşmadan asılı olaraq, dərs aşağıda verilmiş elementlərdən ibarət ola bilər:
-
Qısa başlanğıc tapşırığı. Belə tapşırıq şagirdlərin cari biliklərini öyrənmək və yeni biliklərə
motivasiya qurmaq məqsədilə verilir.
- Dərs üçün müəyyən edilmiş təlim məqsədlərinin açıqlanması və izah olunması.
- Öyrənmə prosesi: müəllimin veridiyi izahatlar, istifadə etdiyi təqdimatlar, modellərin və
nümunələrin göstərilməsi, qrup və ya bütöv siniflə işlərin aparılması, tətbiqi xarakterli
tapşırıqların yerinə yetirilməsi.
- Refleksiya. Şagirdlər tərəfindən öyrəndiklərinin nümayiş etdirilməsi, bir-birinə və müəllim
tərəfindən verilən əks-əlaqə, növbəti addımların müzakirəsi. Dərs sturkturunun bu elementi
müəllimin dərs üçün müəyyən etdiyi təlim məqsədlərinə uyğun olaraq həm dərsin sonunda,
həm də dərsin digər mərhələlərində tətbiq olunması səmərəli hesab olunur.
Dərs ili (School year) - Təlim prosesinə xüsusi mərasimlərlə (məs: dövlət bayramları, yay tətili
və s.) əlaqədar qısa fasilələrlə müvəqqəti ara verilməsi ilə müşayiət edilən 32 - 40 həftəlik təlim
müddəti.
Dərslik (Textbook) − Təhsil müəssisələrində təlim məqsədləri üçün istifadə olunan kitab.
Dəst (Battery) - Vahid blokda təqdim edilməsi planlaşdırılan bir neçə test qrupunun birləşməsi.
Bu cür birləşmə, müxtəlif fənlər üzrə biliklərin vahid test bloku ilə qiymətləndirilməsinə imkan
yaradır. Bu zaman əlavə fənn blokları üzrə balların qiymətləndirilməsi isə vahid qiymət əsasında
aparıla bilər.
Dəyişiklik və yeniliyin idarə edilməsi (Management of change and innovation) - Tədris işini
təkmilləşdirmək, şagirdlərin (tələbələrin) bilik, bacarıq və şəxsi inkişafını yaxşılaşdırmaq üçün təhsil
müəssisəsində yeniliyin tətbiqi prosesi.
Dəyişiklik yeniliyə nisbətən daha fundamental anlayışdır. Elmi ədəbiyyatlarda bu söz həmişə
“yaxşılaşdırma (təkmilləşdirmə)” mənasını verir. Dəyişikliyin idarə edilməsi isə daim yenilik tələb
edir.