Milli – mənəvi dəyərlərimiz arasında, böyüyə hörmət xüsusi yer tutur. Tarixən
xalqımız da, kiçiklər yaşca özlərindən böyüklərə, yaşlı adamlara, qocalara, böyük
bacı – qardaşlarına, valideynlərinə, qonşulara hörmətlə yanaşmış, onların üzünə ağ
olmamış, yolunu saxlamış, məsləhətlərini dinləmişlər.
Atalar sözləri və məsəllərimizdə deyilir:
“Böyüyə hörmət elə, sən də böyüyəcəksən”.
“Böyük danışanı kiçik götürər”.
“Böyüyün üzünə ağ olanı torpaq götürməz”.
“Böyüksüz evdə bərəkət olmaz”.
Vətən sevgisi milli – mənəvi dəyərlərdəndir ki, onun əsasında da vətənpərvərlik
hissi durur. Vətənpərvərlik hissi hər bir şəxsə xas olmalıdır. Bu hiss lap körpə
yaşlarından uşaqlara təlqin edilməlidir. Həm də Vətəni sözdə sevmək azdır,
özünün hərəkəti, təəssübkeşliyi, dövlət rəmzlərimizi, torpağımızı, maddi və mənəvi
sərvətlərimizi, xalqımızı, dövlət başçılarımızı, tarixi və mədəniyyət abidələrimizi
sevmək, onlara görə iftixar və qürür hissi keçirmək, ölkəmizin tərəqqisi,
çiçəklənməsi və möhkəmlənməsi, Azərbaycanı dünyada tanıtmaq və şərəflə,
ləyaqətlə təmsil etmək, vətənimizi hər cür təcavüzdən qorumaq lazımdır.
Atalarımız demişlər:
“Vətənin yüz bir qışı, qürbətin yüz baharından yaxşıdır”.
“Doğma yurd şirin olar”.
“Vətənsiz vətəndaş olmaz”.
“Qürbət yer cənnət olsa, yenə vətən yaxşıdır”.
Ailəyə bağlılıq, qadının sədaqəti,
kişi qeyrəti, qadın isməti, ailənin şərəfini
qorumaq milli – mənəvi dəyərlər arasında xüsusi yer tutur. Şifahi xalq
yaradıcılığında da bu məsələlərə geniş yer ayrılmışdır:
“Arvadın isməti, ərin izzəti”.
“Varını itirən az şey itirər, namusunu itirən çox şey”.
“Ağıllı gəlinin ailədə üzü ağ olar”.
“Ailədə yanılmaq yamanlıq gətirər”.
Şifahi xalq yaradıcılığında nəsihətlərin də öz yeri vardır. Ləyaqət, ismət, namus,
ailə şərəfi kimi milli – mənəvi dəyərlərimiz nəsihətlərdə özünün geniş əksini
tapmışdır.
Diqqət yetirək: “Qeyrətsiz, namussuz yaşamaqdansa ölmək yaxşıdır”. “Ev
düşmənindən qorx və ehtiyatlı ol”.
Əxlaq tərbiyəsi, uşaqların tərbiyə məsələləri şifahi xalq yaradıcılığında
diqqət
yetirilən məsələlərdən biridir. “Ata evin tərbiyə ocağıdır” atalar sözü deyilən
sübutdur. Ata – babalarımız tərbiyəçinin şəxsiyyətinə yüksək qiymət verir. Uşağın
tərbiyəvi təsirlərə laqeyd qalmaması üçün tərbiyəçinin, valideynin sözü də,
əməlinin vəhdət təşkil etməsi, onun şəxsi nümunə göstərməsi tələb olunur.
“Uşaq gördüyünü götürər”.
“Ana qızına taxt verər, ata oğluna baxt”.
“Ata oğlunun pisliyini istəməz”.
Şifahi xalq yaradıcılcğında şəxsiyyətin keyfiyyətlərinin inkişafı qayğısına qalmaq
vacib tələb kimi irəli sürülür. Düzlük, doğruluq, yoldaşlıq
və dostluq,
vətənpərvərlik, böyüyə hörmət, mərdlik və qəhrəmanlıq, humanizm və s. bu kimi
nəcib sifətlər təqdir olunur. Yalançılıq, pislik, yaltaqlıq, namərdlik, satqınlıq,
kobudluq, qəddarlıq xoşagəlməz və mənfi keyfiyyətlər tənqid edilir.
Atalar sözlərində müsbət keyfiyyətlər:
“Adama adamlıq lazımdır”.
“Doğruluq insanı heç vaxt utandırmaz”.
“Düz yaşa, yüz yaşa”.
“Dost dosta arxa olar”.
“Ən böyük gözəllik sadəlikdir”.
Mənfi sifətlər:
“Adam başından böyük danışmaz”.
“Alçaqlıqdan ölüm yaxşıdır”.
“Yalançılıq üz qızardır”.
Xalq təfəkkürünün ən gözəl, bariz nümunələrinin toplandığı folklor insanların
mənəvi baxımdan saflaşması, bir şəxsiyyət kimi kamilləsməsi, yetkinləşməsi üçün
zəngin material verir. Şifahi xalq yaradıcılığı nümunələrindən ailədə və məktəbdə
uşaqların yeniyetmə və gənclərin tərbiyəsində istifadə olunmalıdır.
Dostları ilə paylaş: