6.“Kitabi – Dədə--Qorqud” da tərbiyə məsələləri
Türkdilli xalqların bədii təfəkkürünün ən dəyərli məhsulu və ədəbiyyatımızın şah
əsəri olan “Kitabi – Dədə Qorqud” dastanı əsrlər ötsə də öz təravətini itirməmiş,
həmişəyaşar və mükəmməl bir abidə kimi nəsillərin həyat yoluna işıq saçmış və
saçmaqdadır.
Şifahi və yazılı ədəbiyyatımızın öncülü və şah damarı olan bu sənət abidəsi soy
kökümüzün sıx tellərlə bağlı olduğu qədim türklərin, oğuzların adət və ənənəsini,
məişətini və s. parlaq boyalarla əks etdirir.
Dastanda mənəvi sərvətlər, ailə tərbiyəsi qırmızı xətlə keçir, ayrı – ayrı hadisələr
əks olunur. Bu bir həqiqətdir ki, insanın necə təşəkkül tapacağı, onun həyatda
hansı mövqe tutacağıaldığı tərbiyədən, ata – anaların, valideynlik vəzifələrini nə
şəkildə yerinə yetirmələrindən çox asılıdır. Bu mənada oğuzlar öz övladlarını
yersiz əzizləmir, onları çətinliklərə, bərkə - boşa salırlar ki, igid, çevik olsun.
Uşaq müəyyən yaş həddinə dolub özünü təsdiq edənə qədər ona ad qoyulmurdu.
Həm də göstərdiyi hünərin, cəsarət və qabiliyyətin müqabilində oğlana, qıza ad
verilirdi. Bunun böyük tərbiyəvi əhəmiyyəti vardı. Uşağı tənbəllikdən qoruyur,
ona cəsurluq, çeviklik aşılayırdı. Dirsə xanın oğlu üç kişinin sağ və üç kişinin sol
yanından tutaraq meydana gətirdiyi dəmir zəncirli buğanı alnına çəpəgi bir
yumruq vurmaqla yerə sərib başını kəsdikdən sonra ona “Burğac” adı verildi.
Başqa sözlə, o öz hünəri ilə bu adı qazanır.
Həmin boyda tərbiyənin metodlarının bilavasitə adı çəkilməsə də, tərbiyənin
həvəsləndirmə metoduna toxunulur. Yaxşı əməlinə görə övladına
mükafatlandırılması lazım bilinir.
Ümumiyyətlə götürdükdə, dastanda tərbiyə məsələlərinin qoyuluşunu bir neçə
istiqamətdə araşdırmaq mümkündür. Burada tərbiyənin metodlarına münasibət
bildirilir, həm qızların, həm dı oğlanların mənəvi keyfiyyətlərə yiyələnmələrində
valideynlərin, ətrafdakıların şəxsi nümunəsi məsələsinə toxunur.
Diqqət ailədə ər və arvad arasında qarşılıqlı hörmətin, anlama, səmimiyyət və
mehribanlığın mövcud olması zərurətinə yönəldilir. Qadın kobudluğu xoşlamır,
gül ləçəyi kimi zərif və incə olduğundan onunla xoş davranmalı, ona daim
hörmət, mehribanlıq göstərilməlidir. Təsadüfi deyildir ki, ulu babalarımızın
qiymətli mirası olan “Kitabi – Dədə Qorqud” dastanında qadına sevgi, onun
qayğısına qalmaq vacib tələb kimi irəli sürülür.
Ər – arvad arasında səmimiyyətin, xoş ünsiyyətin olması ona görə vacibdir ki, bu
bir tərəfdən ailədə müsbət mənəvi və psixoloji iqlimin yaranmasına imkan verir,
ikinci tərəfdən uşaqların düzgün tərbiyəsindən ötrü əlverişli şərait yaranır.
Dastanda Qorqud Dədə yaxşı, ləyaqətli, həyalı, ədəbli, qayğıkeş qadını ailənin
dayağı hesab edir. Abır – həyasını itirmiş, ipə - sapa yatmayan qadını ər üçün,
ailə üçün ləkə hesab edir.
Ailənin şərəfini qorumaq ailənin bütün üzvlərinin müqəddəs borcu, vəzifəsidir.
Türk dünyasında, Azərbaycan xalqında bu hiss son dərəcə güclüdür.
“Kitabi – Dədə Qorqud” dastanı gənc nəsildə ailə şərəfi, kişi qeyrəti, qızlıq qüruru,
qadın ləyaqəti və s. bu kimi məsələlər barədə aydın təsəvvür yaratmaq və bu
müqəddəs keyfiyyətlərə yiyələnmək üçün zəngin material verir.
Xalqımızda ailəyə, övlada bağlılıq, qadının isməti üçün cavabdehlik hissi
qüvvətlidir. Məhz bunun nəticəsində ölüm təhlükəsiz də bir ata, bir ər kimi
kişiləri, bir övlad, bir qardaş və nişanlı kimi bu cavanları qorxutmur.
Uşaqların ailə həyatına hazırlanması məsələlərinin dastanda qoyuluşu da
diqqətəlayiqdir. Gənclər ailə qurmamışdan əvvəl gələcək ailə sahibləri kimi bir –
birini sınayır, bir – birinin xasiyyətinə, hünərinə bələd olurlar.
Dastanda oğlan və qıza ömür – gün yoldaşı seçməkdə müstəqillik verilir. Deməli,
ailə qurarkən maddi mülahizələr deyil, azad sevgi, məhəbbət başlıca yer tutur.
Lakin ağ saqqal, valideyn məsləhəti də nəzərə alınırdı.
“Kitabi – Dədə Qorqud” dastanında uşaqlar arasında münasibətlərdə səmimiyyət,
mehribanlıq, birinin digərinin taleyi üçün narahat olmaq hissləri öz əksini
tapmışdır.
Böyük sənət abidəsi, dərin, müdrik təfəkkürün məhsulu olan “Kitabi Dədə
Qorqud” dastanının yarandığı vaxtdan 1300 ildən artıq bir zaman keçir. Lakin
buna baxmayaraq, o, hələ də öz dəyərini itirməmişdir.
|