Zərərsizləşdirmə üsulları. Sulfit anhidridini neytrallaşdırmaq üçün qələvilərin su
məhlullarından, ammonyakdan, söndürülmüş əhəngdən və 1:90 nisbətində (1 kq
sulfit anhiridi üçün 90 kq su) sudan istifadə etmək lazımdır.
Kimyəvi zədələnmə ocağı. Kimyəvi silahın tətbiq edildiyi ərazidə kimyəvi zədələnmə zonası, onun hüdudları
daxilində isə kimyəvi zədələnmə ocağı yaranır. Düşmən tərəfindən bilavasitə
kimyəvi silah istifadə edilən ərazi və zədələyici konsentrasiyalarda ZM buludun
yayıldığı ərazi və ya kimyəvi silahın təsirindən insanların, heyvanların və bitkilərin
kütləvi zədələndiyi əraziyə kimyəvi zədələnmə ocağı deyilir. Kimyəvi zədə
ocağının ölçüsü və xarakteri təkcə ZM növündən deyil, həm də hançı üsulla tətbiq
edilməsindən, metereloji şəraitdən, ərazinin relyefindən, bitki örtüyünün
vəziyyətindən və yaşayış məntəqələrindəki tikililərdən asılıdır.
Həmin ərazidə dəstələr əleyhiqazlarda olmalıdırlar. İtkilərin miqdarı və strukturu
ZM xüsusiyyətlərindən və hansı döyüş vasitəsilə tətbiqindən asılıdır. Ən böyük
itkilər yüksək toksiki təsirli, tez bir müddətə təsir edən ZM havadan kütləvi tətbiqi
zamanı baş verir.
Kimyəvi döyüş sursatı partladıqda əmələ gələn ZM buxarları və aerozolları havanı
zəhərləyir və birincili zəhərli hava buludu külək istiqamətində yayılaraq ZM olan
döyüş sursatı bilavasitə partlamış ərazidən qat-qat böyük sahələri zəhərləyir.
Zəhərləyici maddənin bir hissəsi torpağa və obyektlərə damcı şəklində çökür və
buxarlandıqda ikincili zəhərli hava buludu əmələ gəlir və yenidən insanları
zədələyir. Aydın günəşli havada zəhərli hava buludunun yayılması 2 dəfəyə qədər
azalır, sıx tikili yaşayış məntəqələrində və meşə massivlərində zəhərli havanın
yayılması 3-3,5 dəfə azalır.
Havanın, obyektlərin, texnikanın və insanların kimyəvi döyüş sursatları tətbiq
edilən zaman zədələnməsi birincili kimyəvi zədələnmə adlanır. ZM tətbiq
ediləndən sonra səthlərdən buxarlanan zəhərli maddə buxarları ilə zədələnmə
ikncili zədələnmə adlanır. Bu cür zədələnmə həmçinin, insanların zədələnmiş ərazi
ilə, əmək alətləri ilə və cihazlarla təması zamanı yaranır.