Tənəffüs üzvlərini mühafizə edən sadə vasitələr. Əhali sadə vasitələrdən
respirator kimi sitifadə edə bilər. Onlar quruluşca çox sadədir, bu səbəbdən də
əhalinin özü tərəfindən hazırlanan kütləvi mühafizə vasitəsi olaraq işlədilməsi
tövsiyə edilir. Tənəffüs üzvlərinin sadə mühafizə vasitələrinə toz əleyhinə parça
maska (PTM-1) və pambıqlı tənzif sarğı aiddir. Hər bir adamın iş və yaşayış
yerində belə mühafizə vasitələri olmalıdır.
Toz əleyhinə parça maskası (PTM-1) iki əsas hissədən – maskanın gövdəsindən və
bərkidici hissədən ibarətdir. Maskanın gövdəsi 2-4 qat parçadan hazırlanır, onun
göz yerləri olur ki, oraya şüşə lövhəcikləri və ya hər hansı şəffaf material salınır.
Maska, onun yan kənarları boyu tikilmiş bərkidici hissə vasitəsilə başa geyilir.
Bərkidici hissənin yuxarı tikiş yerindəki rezin və aşağı tikiş yerindəki bağlar
vasitəsilə, həmçinin gövdənin yuxarı kənarı boyu eninə bənd edilmiş rezin
vasitəsilə maskanın üzə kip yatması təmin edilir ki, bu da maskanın altına zəhərli
hava keçməsinin qarşısını alır. Nəfəsalma zamanı parçanın bütün qatlarından keçən
hava maskada süzülüb təmizlənir.
Maskanı geymək üçün onu iki əllə bərkidici hissənin aşağı hissəsindən elə tutmaq
lazımdır ki, baş barmaqlar maskanın içərisinə doğru yönəldilmiş olsun. Sonra
maskanın aşağı hissəsini çənənin altına keçirib başa doğru çəkməklə maskanı üzə
keçirir, bərkidici hissəni başda sahmanlayırlar. Daha sonra maskanı üzdə əl ilə elə
düzəltmək lazımdır ki, o alına və gicgahlara kip yatsın.
Pambıqlı tənzif sarğı ölçüləri 80x40 sm olan tənzif parçasından hazırlanır. Onun
orta hissəsinin üzərinə 20x15 sm sahədə qalınlığı 2 sm olan pambıq qatı döşəyir,
tənzifin artıq qalan hər iki kənarını uzununa pambıq qatı üstünə qatlayır və uclarını
kəsirlər. Bu zaman iki bağ alınır, sarğını taxarkən onun aşağı bağları kəllədə,
yuxarı bağları isə peysərdə bənd edilir. Pambıqlı tənzif sarğı ağızı və burunu əhatə
edib örtməlidir. Belə sarğılar ancaq bir dəfə istifadə üçün yararlıdır. Parça maska
və ya sarğı olmadıqda dəsmaldan, şərfdən, yaylıqdan və s. istifadə etmək lazımdır
və mümkündür. Gözləri radioaktiv tozdan qorumaq üçün tozdanqoruyan eynək
taxmaq olar.