hərtərəfli və genişdir. Struktur dilçiliyin banisi sayılan F.de Sössürün sistemli dil
haqqında təlimində əsas yeri dil və nitqi fərqləndirmək durur. O, belə bir sxem
təqdim edir:
nitq fəaliyyəti (langage) – nitq (parole) – dil (langua)
Nitq fəaliyyəti - konkret nitq aktı, danışıq prosesidir.
Nitq – insan danışığının cəmidir.
Dil – insanın ünsiyyəti, təfəkkürü və onun ifadəsinə xidmət edən işarələr sistemidir.
Dil və nitqi bir-birindən fərqləndirən əsas cəhətlər aşağıdakılardır:
1.Dil ünsiyyət vasitəsi, nitq ünsiyyət prosesidir.
Biz bütün ünsiyyətimiz zamanı, istər şifahi, istərsə də yazılı kommunikativ
münasibətlərimizdə hakim
olduğumuz dil və ya dillərdən, dilin fonetik, leksik,
sintaktik vahidlərindən bir vasitə kimi istifadə edərək, daha doğrusu, bu vahidlərdən
öz fərdi kombinasiyalarımızı yaradaraq nitq prosesini reallaşdırırıq. Ümumi dil
vahidlərindən fərdi nitqimizi qururuq.
2.Dil həcm və keyfiyyət baxımından nitqdən genişdir.
Heç bir halda dilin potensialı ilə nitqin potensialı müqayisə edilə bilməz. Çünki nitq
dilin təzahür formasıdır. Ən istedadlı, dilin bütün incəliklərinə bələd, uzun illər
mütaliə təcrübəsi olan insanın nitqi belə dilin bütün potensialını özündə əks etdirə
bilməz.
3.Dil ümumi, nitq isə fərdi xarakter daşıyır.
Dil ictimai hadisə
olduğu üçün xalqa məxsusdur, nitq isə qeyd etdiyimiz kimi, fərdi
insanların danışığının cəmidir. Məsələn, “Azərbaycan xalqının dili” ifadəsi düzgün
olduğu halda, “Azərbaycan xalqının nitqi” ifadəsini işlətmək doğru deyildir.
4.Nitqi dildən fərqləndirən başlıca əlamətlərdən biri odur ki, nitq yalnız şəxslər
arasında baş verir. Şəxssiz nitq mümkün deyildir. Lakin dil belə deyil.
Məsələn ölü
dillər hazırda şəxslərarası ünsiyyətə xidmət etməsə də mövcuddurlar və biz onlar
üzərində müəyyən tədqiqat işi apara bilirik.
5.Dil nitqə nisbətən sabit, nitq isə dəyişkəndir.
Dilin qrammatik quruluşu uzun zaman müddətində formalaşdığı üçün möhkəm bir
sistem təşkil edir və az dəyişir. Dil səviyyələri içərisində daha çox dəyişikliyə
uğrayan leksik səviyyədir. Qrammatik quruluş isə əsrlər boyu sabit olaraq qalır.
Müasir türk dilləri ilə onların əcdadı hesab edilən qədim türk dilinin qrammatikası
arasında oxşar cəhətlər fərqlərdən qat-qat çoxdur. Nitqə gəlincə isə fərdi xarakter
daşıdığından o daha dəyişkəndir. Bir insanın nitqi zamanla inkişaf edərək təkmilləşə
və yaxud deformasiya oluna bilər. Nitqimizi zənginləşdirmək, daha təkmil formaya
salmaq bizım əlimizdədir.
Dil və nitq arasında fərqləri daha detallı şəkildə belə qruplaşdırmaq olar:
Dil Nitq
ümumbəşərilik
millilik
potensiallıq (mümkünlük) gerçəklik (realizə edilmək)
ümumilik xüsusilik
obyektivlik subyektivlik
mücərrədlik konkretlik
normalıq üslubilik
neytrallıq emosionallıq
ümumxalqlıq
dialektlik
Dil və nitqin funksiyaları arasında da müəyyən fərqlər mövcuddur.
1. Dil ünsiyyət və kommunikasiya vasitəsidir. Bu dilin ən mühüm funksiyasıdır.
2.Dil düşüncə formalaşdırma vasitəsidir, daha dəqiq desək dil təfəkkürümüzün
sözlərlə ifadəsidir.
3.Dilin koqnitiv funksiya daşıyır. Dil dünyanı tanımaq, bilik toplamaq və başqa
insanlara və sonrakı nəsillərə ötürmək vasitəsidir.
Nitqə gəlincə, kommunikativ, emotiv (ekspressivlik), estetik (poetik) funksiyaları
göstərmək olar.
Bunlardan əlavə, nitq prosesində əşya, hal-hərəkət, vəziyyət,
anlayışlar ümumi deyil, daha dar mənada, real vəziyyətdə adlandırılır.
Bütün bunlarla yanaşı, dil və nitq biri digərinin təzahürü, biri digərini şərtləndirən
anlayışlardır. Dil və nitqin qarşılıqlı münasibətləri obyektiv zərurət kimi mövcuddur.
Çünki dil öz varlığını nitqdə, nitq isə mənbəyini dildə tapır.
Bütün kommunikativ situasiyalar nitq prosesi ilə qurulur.
Nitq prosesində üç
başlıca amil mövcuddur.
-
danışmaq;
-
eşitmək;
-
dərk etmək.
Düzgün danışmaq, yaxşı eşitmək və normal dərk etmək nitq prosesinin
keyfiyyətini təmin edən əsas cəhətlərdir.
Dostları ilə paylaş: