Natiqlik sənətinin tarixi . Nitqin hazırlanması və
təqdim edilməsi
Natiqliyin yaranmasına ictimai əhəmiyyət kəsb edən məsələlərin kütləvi
müzakirəsi və həlli yollarının axtarışı səbəb olmuşdur. Tarixi təcrübə göstərir ki,
ritorikanın yaranması üçün ən mühüm şərt təkcə, inkişaf etmiş cəmiyyət deyil,
vətəndaşların ölkənin siyasi həyatında fəal iştirakıdır. Daha doğrusu, natiqlik yalnız
demokratik idarə forması olan dövlətdə inkişaf edə bilərdi. Təsadüfi deyil ki, natiqlik
ilk olaraq Yunanıstanda yaranıb çiçəklənmişdir. Aristokratiyanın hər hansı məsələni
nəzarətsiz şəkildə, istədiyi formada həll etmək hüququna malik olduğu qədim yunan
şəhər dövlətlərindən biri olan Spartada natiqlik sənəti məşhur deyildi. Lakin xalq
məclisinin ali hakimiyyətə malik olduğu Afinada isə qısa müddətdə görkəmli
natiqlər yetişdi, ritorika ilə bağlı əhəmiyyətli əsərlər yazıldı.
Tədqiqatçıların da qeyd etdiyi kimi, natiqlik ən çox kritik tarixi dövrlərdə inkişaf
edir. Bəlağətin çiçəklənmə dövrü sosial inqilablar zamanıdır. Natiqlik insanları
müəəyən məqsəd ətrafında toplamağa kömək edir, ruhlandırır, istiqamətləndirir.
Unutmaq lazım deyil ki, qədim zamanlarda insanlara təsir etməyin, onları müəyyən
fikirlərə inandırmağın, öz tərəfinə çəkib səni dəstəkləməyə vadar etməyin yeganə
yolu natiqlik idi.
Antik dövrdən başlayaraq natiqliyə münasibətdə iki yanaşma müəyyən
edilmişdir. Bəziləri natiqliyin əsas vəzifəsinin inandırmaq olduğunu düşünür, ilk
olaraq məzmuna, ideyaya önəm verirdilər. Ritoroka inandırmaq sənəti kimi başa
düşülürdü. Məsələn, Aristotel ritorikanı “hər hansı bir mövzu haqqında
inandırmağın mümkün yollarını tapmaq bacarığı” kimi dəyərləndirir. Bir qisim isə
ritorikanı nitqin bəzədilməsi sənəti hesab edir, forma və üslubu natiqliyin əsas
göstəricisi sayırdılar. Məşhur Roma natiqi F.Kvintilianın məşhur tərifində deyilir:
“Ritorika gözəl danışmaq sənətidir”. O hesab edirdi ki, natiqin nitqi saflığı,
aktuallığı, aydınlığı, gözəlliyi, zənginliyi və söz rəngarəngliyi ilə seçilməlidir.
Bu fikir ayrılıqları uzun əsrlər davam etmiş, bəzən qızğın mübahisə və
qarşıdurmalara səbəb olmuşdur. Məsələn rus alimi V.Q.Belinski ümumiyyətlə,
ritorikanın bir elm kimi qəbul edilməsinə qarşı çıxırdı. O, natiqlik sənətinin yalnız
təcrübə, real ifalarla inkişaf etdiyini, bu sənətin nəzəri cəhətdən əsaslandırılmasının
mümkün olmadığı fikrini müdafiə edirdi.
Qeyd etdiyimiz kimi, natiqliyin inkişafında ən mühüm mərhələ antik
Yunanıstandır. Ritorika Yunanıstanda e.ə.V-IV əsrlkərdə yaranmış, III-II əsrlərdə
inkişaf edərək çiçəklənmişdir. Ritorikanın baniləri sofistlərdir (sophia – müdriklik
sözündəndir). Sofistlər insanlara məntiqi təfəkkür, fikirlərin təqdimetmə
qaydalarını, sübut və təkzibetmə üsullarını öyrədirdilər. Ritorika nəzəriyyəsini
inkişaf etdirən ilk sofist filosoflardan biri Protaqordur. Sofistlər qeyd edirdilər ki,
nitqin inandırıcılığı çox vaxt irəli sürülən tezisin doğruluğundan asılı deyil. Onlar
qarşı tərəfi çaşdırıb qələbə qazanmaq üçün müxtəlif hiylələrə əl atırdılar.
Mübahisə, müzakirə, polemika mühüm ictimai-sosial ünsiyyət forması olmaqla
bərabər, həm də afinalıların sevimli əyləncəsi idi.
Afinada natiqlik sənətinin məşhur olma səbəblərindən biri də mövcud məhkəmə
sistemi idi. O zamanlar prokuror, vəkil kimi vəzifələr yox idi. Hər kəs ittihamçı
qismində çıxış edə bilərdi. İttiham olunan şəxs isə özünü müdafiə etməli idi. Hər
kəsin taleyini nitqinin nə qədər düzgün, məntiqli, inandırıcı olması həll edirdi. Hətta
antik Yunanıstanda insanları məhkəmələrə hazırlayan “loqoqraf” adlı xüsusu peşə
sahibləri fəaliyyət göstərirdi.
Hər 10 gündən bir isə şəhər meydanında dövlət və ictimai işlərin müzakirəsi
keçirilirdi. E.ə. 391-ci ildə Afinada İsokratın rəhbərliyi ilə ritorikanın tədris edildiyi
məktəb açıldı. İsokrat məktəbinin şagirdləri məhkəmə nitqləri qurmağı, ən ümidsiz
işləri, hətta öz fikirlərinə əks nöqteyi-nəzərləri belə müdafiə etməyi öyrənirdilər.
İsokrat məktəbinin ən məşhur yetirməsi Demosfen olmuşdur. Nitq orqanları qüsurlu
olan Demosfen (onun dili bir qədər pəltək imiş, q səsini düzgün tələffüz etmir,
danışanda yersiz əl-qol atır, sağ çiynini tez-tez çəkirmiş) sözləri daha aydın ifadə
edə bilmək üçün ağzına xırda daşlar alaraq dəniz kənarında nitq söyləyər, danışarkən
çiynini atmağı tərgitmək üçün tavandan asılı cidanın altında durarmış. Səsini inkişaf
etdirmək məqsədi ilə ucadan qışqırar, öz səsi ilə dalğaların səsini boğmağa
çalışarmış. Uzunmüddətli məşqlər Demosfeni natiqlik sənətinin zirvəsinə yüksəltdi.
Siseron onun haqqında demişdir: “Kim Demosfen olmaq istəmirsə, o natiq deyil”.
Demosfen natiqlik sənəti nəzəriyyəçilərindən biri idi. O, ritorika ilə bağlı bir sıra
əsərlər yazmış, bu elmi nəzəri və praktik cəhətdən şərh etmiş, faydalı fikirlər,
mülahizələr söyləmişdir.
Antik yunan ritorikasının ən böyük nəzəriyyəçisi filosof və alim Aristoteldir.
Onun “Ritorika” əsəri ictimai nitqin dili, üslubu və quruluşundan bəhs edən üç
kitabdan ibarətdir.
1.
Nitqin tərtibi prinsipi;
2.
Natiq üçün lazım olan şəxsi keyfiyyət və qabiliyyət;
3.
Nitqin texnikası, vasitələri və priyomları.
Aristotel nitqin üsluba, məqsədə və şəraitə uyğun qurulmasına daha çox fikir verir
və göstərirdi ki, üslubun əsas mahiyyəti onun aydınlığı ilə bağlıdır. Üslub nitqin
predmetinə uyğun olmalıdır. Aristotel mükəmməl nitq hazırlamaq üçün 5 mərhələ
ayırırdı:
1. Materialın icadı və onun hazırlanması.
2. Planın tərtibi. Materialın plan üzrə müvafiq formaya salınması.
3. Həmin materialın öyrənilməsi və yadda saxlanılması.
4. Materialın şifahi şərhinin ədəbi-üslubi cəhətdən işlənməsi.
5. Nitqin söylənilməsi, orfoepiya (ədəbi tələffüz), intonasiya, emosiya və s.
məsələlərin nəzərə alınması və onlara əməl olunması.
12 əsr davam edən orta əsrlərdə yeni sosial-iqtisadi quruluş bütün sahələrdə
olduğu kimi ritorikanın inkişafında da ciddi dəyişikliklərə səbəb oldu. Aparıcı janr
kilsə natiqliyi, şifahi kütləvi ünsiyyətin ən populyar forması isə kilsə moizəsi idi.
Orta əsrlər natiqliyi qədim ritorika və formal məntiqin əsas normalarını, antik dövr
natiqlərinin təcrübəsini mənimsəsə də dini istiqamətin üstünlüyü baxımından yeni
çalarlar qazanmışdır. Dəyişikliklər, ilk növbədə mütləq hakimiyyətin dini
doqmalarla bağlı olmasından irəli gəlirdi. Mövzudan asılı olmayaraq hər bir natiq
mühakimə və mülahizələrini “Müqəddəs Yazılar”la (Bibliya) əlaqələndirməli idi.
Təkzibedilməz mənbəyə istinad etmək natiqi dərin arqumentasiyadan istifadə etmək
zərurətindən azad edir, digər tərəfdən isə nitqə sxolastika (elmi söhbət) elementləri
daxil edirdi. Kilsə ritorikası ibrətamiz xarakter daşıyır, müqəddəslərin həyatına,
möcüzə hekayələrinə, qiyamətə əsaslanır, tövbə və saleh həyata çağırışları ehtiva
edirdi.
Orda əsrlərdə müsəlman dünyasında da adekvat vəziyyət hökm sürürdü. Natiqlik
sənəti birbaşa dini moizələrlə, Quranı ucadan oxumaqla bağlı idi. Qeyd etmək
lazımdır ki, həmin dövrdə ilahi mənşəyinə görə ərəb dilinə böyük diqqət yetirilir, bir
çox antik mədəniyyət nümunələri bu dilə tərcümə edilirdi.
Ərəb-müsəlman Şərqinin
söz sənəti təkcə dinin, siyasətin və hüququn mülkü deyil, həm də ədəbi müsabiqələr
təşkil edən, eləcə də teoloji, etik mövzularda söhbətlər və müzakirələr aparan
imkanlı vətəndaşların gündəlik həyatının əvəzsiz tərkib hissəsi idi.
İntibah dövründə ritorika sənəti yeni çalarlar əldə etdi. Məhkəmə natiqliyi yenidən
aktuallaşdı, ticarət və parlament natiqliyi kimi yeni sahələr yarandı. Orta əsrlərdən
fərqli olaraq intibah dövrünün humanistləri hesab edirdilər ki, insan fərdiliyi və
azadlığı özünün ən parlaq ifadəsini məhz söz sənətində, ritorikada nümayiş etdirir.
Bu dövr həm də canlı milli dillərin dirçəlişi və latın dilinin ikinci planda qalması ilə
xarakterizə oluna bilər.
İntibah dövründə kilsə daxilində belə üsyan moizələri oxunurdu. İtaliyalı rahib
Savonarola (1452-1498) katoloik kilsəsinin zənginliyi və dəbdəbəsini qəzəblə
pisləyir, Vatikanı tənqid edirdi. Onun xütbələri 1494-cü ildə Mediçi tiranlarının
Florensiyadan qovulmasına və respublikanın yaranmasına səbəb olan xalq üsyanına
töhfə verdi. Çexiyada alman hökmranlığına və katolik kilsəyə qarşı xalq hərəkatının
lideri Praqa Universitetinin rektoru Yan Hus (1371-1415) öz nitqlərini sadə xalq
dilində söyləyir, müraciət etdiyi auditoriyanın tələbindən asılı olaraq fikirlərinin
təqdimat formasını dəyişmək bacarığı nümayiş etdirirdi.
Modern dövrünün görkəmli yazıçı və mütəfəkkirləri Blez Paskal, Mişel
Montaigne, Frensis Bekon və başqaları da natiqlik sənətinin inkişafına mühüm
töhfələr vermişlər.
Müasir dövrümüzdə də insanlara müəyyən məlumatlar ötürmək, həqiqətləri demək,
onları bu və ya digər fəaliyyətə cəlb etmək baxımından natiqlik və ritorika sənəti
aktual və tələbolunandır.
Dostları ilə paylaş: |