1. ÜMumi DİLÇİLİk I indd


Unudulmuş bəzi yazıların oxunulması



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə44/250
tarix26.11.2023
ölçüsü10,63 Mb.
#135133
1   ...   40   41   42   43   44   45   46   47   ...   250
1. ÜMUMİ DİLÇİLİK I

Unudulmuş bəzi yazıların oxunulması. İnsanların 
vaxtilə yaratdıqları yazılar eyni formada və tipdə olmamış-
dır. Yazı müxtəlif yerlərdə, ayrı-ayrı xalqlar tərəfindən çox 
müxtəlif şəkillərdə əmələ gəlmişdir. Dünya xalqlarının ya-
ratdığı yazıların bizə gəlib çatan nümunələrinin bir çoxu heç 
də asanlıqla oxunulmamışdır. Hətta indinin özündə belə 
hələ sirri açılmamış yazılar çoxdur. Unudulmuş yazıların 
oxunulmasının elm və mədəniyyət tarixi üçün böyük əhə-
miyyəti vardır. Belə yazılardan biri də Misir heroqlifləridir.
Misir yazısı Avropa alimlərini çoxdan maraqlandır-
mış, onlar bu heroqliflərlə tanış olmağa ciddi səy etmişlər.
Məlumdur ki, XVIII əsrin sonunda Fransa dövləti 
müxtəlif ölkələri ələ keçirmək üçün müharibələr etmişdir. 
1799-cu ildə Fransa ordusu Misiri zəbt etmişdir. Misirin 
qədim və zəngin abidələri ilə tanış olmaq üçün oraya əs-
gərlərlə bərabər çoxlu alim və rəssam da getmişdir
1
.
1
Alimlər elm üçün əhəmiyyəti olan obyektlərlə maraqlanır, rəssamlar bu obyektlərin və abi-
dələrin şəklini çəkir, gördükləri yazıların üzünü köçürürdülər.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
82
1799-cu ilin iyul ayında fransız əsgərləri dəniz sahi-
lində Rozett qəsəbəsinin yaxınlığında səngərlər qazmağa 
başlamışlar. Bu zaman əsgərlərdən biri yumşaq torpağı 
qazarkən əlindəki alətin daşa toxunduğunu hiss etmişdir. 
Həmin daşı torpaqdan çıxarmışlar. Bu ləpik daşın uzun-
luğu 1 metr, eni 75 santimetr, qalınlığı isə 27 santimetr idi.
“Rozett daşı” adı ilə məşhur olan bu abidənin üzə-
rində müxtəlif əlifba və heroqliflərlə yazılan 3 yazı həkk 
edilmişdi. Birinci yazı qədim Misir heroqlifləri ilə yazılmış 
14 sətirdən ibarət idi. Daşın yazı olan hissəsinin sol tərəfi 
yuxarıdan sınmışdı. Buna görə də bu yazı tam deyildi.
Daşın orta hissəsində Misir demotik yazısı həkk edil-
mişdi. Orta yazı 32 sətirdən ibarət idi. Bu yazının işarələri 
birinci və üçüncüdən tamamilə fərqlənirdi. Daş üzərində 
demotik yazı olduğu kimi saxlanılmışdı.
Sonuncu yazı 54 sətirdən ibarət olub, qədim yunan ya-
zısı idi. Yuxarıdakı (yəni birinci) mətn qədim yunan dilinə 
tərcümə edilmişdi. Daşın aşağı hissəsinin sağ tərəfi sındığı 
üçün bu yazı da tam deyildi.
Fransız zabiti Pyer Buşar tapılmış daşın təsvirini ya-
zıb təcili Qahirə hərbi sahəsinə göndərmişdi. Bu daşın elm 
üçün xüsusi əhəmiyyətə malik olduğunu müəyyən etmək 
məqsədilə onu Qahirədə nümayiş etdirmişlər. 1801-ci ildə 
xüsusi müqaviləyə əsasən “Rozett daşı” ingilislərə veril-
miş və onu Londona gətirib muzeyə qoymuşlar.
“Rozett daşı”nın tapılması xəbəri bütün dünya alim-
lərinin böyük marağına səbəb olmuşdu. Bu abidənin üzü 
çıxarılıb müxtəlif yerlərə aparılmışdı.
Alimlər daşdakı yunan mətnini oxuyub məzmunu ilə 
tanış olmuşlar. Bu yazı eramızdan əvvəl II əsrdə hökmdar 
Ptolomeyin şərəfinə həkk edilmişdi. Məlum olmuşdu ki
hər 3 yazının məzmunu eynidir. Yunan mətnini asanlıq-
la oxuyan Avropa alimləri Misir yazısının sirrini açmağa 


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
83
böyük həvəs göstərmişlər. Alimlərin diqqətini, hər şeydən 
əvvəl, mətndəki xüsusi isimlər cəlb etmişdir. Onlar ilk 
növbədə bu adları oxumağa cəhd göstərmişlər.
Fransız alimi Silvestr de Sasi mətndə üç adın olduğu-
nu müəyyən etmişdir: Ptolomey, Aleksandr, Arsinoya. Bu 
adların müəyyənləşdirilməsi təsadüfi olmuşdur. Silvestr 
de Sasi bir neçə il gərgin işlədikdən sonra belə bir nəticəyə 
gəlmişdir ki, Misir yazısının oxunulması heç zaman müm-
kün olmayacaqdır.
İsveç alimi Okerblad Misir yazısı ilə çox maraqlanmış-
dı. O, mətndə daha yeddi xüsusi ad (Aet, Pirra, Filin, Arey, 
Berenika, Eyrena, Diogen) müəyyən etmişdi. Okerblad bu 
adlardakı işarələr əsasında 2-ci yazıya müvafiq əlifba tərtib 
etmiş, lakin mətni heç cür oxuya bilməmişdi.
1814-cü ildə “Rozett daşı”nı oxumağa ingilis ali-
mi Tomas Yunq böyük qüvvə sərf etmişdi. Yunq bir çox 
dili mükəmməl bilirdi. O, daşdakı 2-ci yazını diqqətlə iz-
ləməyə, axtarmağa başlamışdı. Yunq burada bütün xüsu-
si isimləri seçmiş və yazıdakı işarələri hesablamışdı. Bu 
yazıda təxminən 100 işarə müəyyən etmiş və bununla da 
həmin yazının fonetik (əlifba) yazı olmadığı qənaətinə gəl-
mişdi. Yunq xüsusi adlardan Ptolomeyi oxuya bilmiş və 5 
işarəni dəqiq müəyyənləşdirmişdi.
“Rozett daşı”nın tapılmasından 20 il keçsə də, Misir he-
roqlifləri oxunmamış qalmışdı. Bu yazının sirlərini açmaq 
1822-ci ildə gənc fransız alimi Şampoliona nə-
sib olmuşdur.

Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin