10.3.2. Antisemitizm
Yəhudi xalqının nümayəndələrinə qarşı nifrəti bildirmək üçün
“antisemitizm” ifadəsi ilk dəfə 1879-cu ildə istifadə olunmuşdur. Toraya görə
(Musa peyğəmbərin beş kitabından ibarət olan yəhudiliyin müqəddəs kitabı.
Tora haqqında bu dərsliyin IV fəslinin 4.1.2.-ci bəndinin “Dini mətnlər” adlı alt-
bəndində ətraflı məlumat verilir.- Red.), yəhudilər Nuhun üç oğlundan biri olan
Simin birbaşa nəslindən gəlirlər. Həmçinin Sim bütün semit xalqların (ərəblər,
babilistanlılar, assuriyalılar, finikiyalılar, aramilər, maltalılar və s.) əcdadı sayılır.
Lakin avropalılar az qala bütün Avropa ölkələrində yaşayan yəhudilərlə daha
çox qarşılaşdıqları üçün bu termin yalnız onlara aid edilməyə başladı. Ehtimal
olunur ki, “antisemitizm” anlayışını ilk dəfə irqçi, fanatik jurnalist Vilhelm Marr
işlətmişdir.
Əksər alimlərin fikrincə, yəhudilərə qarşı kütləvi qırğın tarixdə ilk dəfə
e.ə. III əsrdə Ptolomeylər sülaləsi dövründə Misirin paytaxtı olan İsgəndəriyyə
şəhərində törədilmişdir. O zamanlar İsgəndəriyyə dünyanın ticarət və elm
mərkəzi sayılırdı. İsgəndəriyyənin beş məhəlləsindən ikisində yəhudilər
yaşayırdı. Şəhərdə yəhudilərə qarşı ilk talan e.ə. 38-ci ildə törədilmişdir.
Yəhudi və yunan tacirləri, sənətkarları arasında artan rəqabət həmin talanın baş
verməsinə səbəb olmuşdur.
MULTİKULTURALİZMƏ GİRİŞ
356
Qədim Roma imperiyası dövründə də yəhudilərə qarşı nifrət geniş
yayılmışdı. Romalıların bu yəhudi düşmənçiliyi daha çox hər iki xalq arasında
dini baxışlarda mövcud olan fərqliliklərdən qaynaqlanırdı.
Bizim eranın başlanğıcında xristianlığın meydana gəlməsi də sonrakı
dövrlərdə Avropada yəhudi düşmənçiliyin rəvac tapmasına gətirib çıxardı.
Belə ki, xristianlıq yəhudi cəmiyyətində yarandığı üçün bu dinin ilk ardıcılları
milliyətcə yəhudi olublar. İlk yəhudi-xristianlar iudaizmin qaydalarına riayət
edir və özlərini yəhudi dinindən ayrı tutmurdular. Hətta Fələstindəki yəhudi-
xristianlara rəhbərlik edən İsa Məsihin qardaşı Yaqub başqa xalqların xristianlığa
dəvət olunmasına qarşı çıxırdı. O, bu məsələdə həvari Pavel ilə fikir ayrılığına
düşmüşdü. Həvari Pavel də yəhudi idi. Lakin o, xristianlığa yeni tərəfdarlar
qazanmaq üçün yəhudi dininin vacib hökmlərini ləğv etməyə səsləyirdi. Pavel
və onun şagirdləri qədim Roma imperiyasının şəhərlərində yəhudilərlə yanaşı,
bütpərəst olan başqa xalqların nümayəndələrini də yeni dinə dəvət etməyə
başladılar. Nəticədə xristianlıq daha çox başqa xalqlar arasında yayıldı.
Xristianlar özlərini iudaizmin mənsublarından fərqləndirmək üçün
yəhudiləri İsa Məsihin qətlində günahlandırdılar. Bununla yanaşı, xristian
ilahiyyatında antisemit məqamlar yer almağa və inkişaf etməyə başladı. Bir
çox xristian din xadimləri və ilahiyyatçılarının ritorikasında daim yəhudilərin
ünvanına kəskin ifadələr səslənirdi. Yəhudi xalqına mənfi münasibət
protestantlığın əsas istiqamətlərindən biri olan lüteranlığın banisi, məşhur
din islahatçısı Martin Lüterin (1483-1546)
“Yəhudilər və onların yalanları
haqqında”
adlı kitabında pik həddə çatdı. O, kitabında yəhudi dini mətnlərini
yandırmağa və sinaqoqları uçurtmağa səsləyirdi. Dörd əsr sonra isə milyonlarla
yəhudinin ölümünə bais olan Adolf Hitler
“Mənim mübarizəm”
adlı kitabında
Lüterin ideyalarını həyata keçirdiyini bildirdi.
Təbii ki, orta əsrlər Avropasında bir çox xristian din xadimlərinin
yəhudilər əleyhinə çağırışları təsirsiz ötüşə bilməzdi. Çünki o vaxtlar əhalinin
əksəriyyəti ruhanilərin təsiri altında idi. Baxmayaraq ki, kilsə hər kəsə məhəbbət
duymağı təbliğ edirdi, reallıqda orta əsr idealları sülhpərvərlik və humanizmdən
çox uzaq idi. Ardı-arası kəsilməyən müharibələr vaxtı şəxsi mülkiyyət və şəxsi
toxunulmazlıq hüququndan söhbət belə gedə bilməzdi. Belə bir vəziyyətdə başqa
xalqların nümayəndələrinə, xüsusən digər dinlərin mənsublarına münasibət
birmənalı olaraq mənfi idi.
MÜASİR DÖVRDƏ QƏRB ÖLKƏLƏRİNDƏ
ETNİK-MƏDƏNİ MÜXTƏLİFLİK VƏ ONUN TƏNZİMLƏNMƏSİ
357
Həmçinin illər boyu haqsızlıq və yoxsulluqdan, feodal zülmündən
əziyyət çəkmiş məzlum sadə camaat daim nifrətini bildirməyə ehtiyac duyurdu.
Şəhərlərdə ac və qəzəbli qara camaat soyğunçuluq və qarət hesabına varlanmaq
fürsəti axtarırdı. Odur ki, mütləq köməksiz düşmən göstərmək lazım idi.
Yəhudilər hamıdan daha çox bu obraza uyğun gəlirdilər. Qara camaat sələmçiliklə
məşğul olan yəhudilərə nifrət bəsləyir, borc verənə borcu qaytarmaq yerinə, onu
öldürməyə üstünlük verirdi. Yəhudi tacirləri və sənətkarları isə rəqabət səbəbi
ilə təqibə məruz qalırdılar.
Yəhudiləri talan və qarət edənlər öz əməllərinə dini və nəcib qəhrəmanlıq
donu geydirirdilər. Səlib yürüşləri bunun əyani sübutudur. Belə ki, İsa Məsihin
Qüdsdəki məzarını azad etməyə gedən “nəcib” cəngavərlər və zadəganlar
yol xərclərini ödəmək üçün varlı yəhudiləri talan edirdilər Səlib yürüşlərinə
qatılan səfil və kasıb soydaşları isə yəhudiləri öldürərək qurbanlarının hesabına
varlanmağa çalışırdılar. Bu səbəbdən 1096-cı ildə Birinci səlib yürüşü vaxtı
Almaniyanın bəzi şəhərlərində yəhudilər qətlə yetirilmişdi. İkinci xaçlı səfərində
səlibçilərdən Fransadakı yəhudilər zərər çəkmişdi. XIII əsrin sonlarında üçüncü
səlib yürüşünə hazırlıq isə İngiltərədəki yəhudilər üçün faciəli oldu.
Orta əsrlər Avropasında antisemitizm konkret xristian ölkəsində yerli
əhalidən heç də pis yaşamayan, bəzən isə daha yaxşı yaşamağa cəsarətləri
çatan köməksiz yadlara qarşı insan nifrətinin ifadəsi idi. XIII əsrdə IV Lateran
məclisinin qərarına əsasən, Roma Katolik Kilsəsi yəhudilərdən xüsusi tanıtma
nişanı olan paltarlar geyinməyə tələb etdi. XVI əsrdən başlayaraq bir çox Avropa
dövlətlərində gettolar (italyan dilində “yeni tökmə emalatxanası” mənasına
gəlir.- Red.), yəni bütün yəhudilərin məcburi şəkildə məskunlaşdırıldığı xüsusi
məhəllələr yaradıldı. Bu məhəllələr əsl təcridetmə zonası idi.
Belə bir şəraitdə Reç Pospolita (Polşa Krallığı Taxt-tacı və Böyük
Litva Knyazlığı arasında 1569-cu ilin iyul ayında imzalanmış razılığa əsasən
yaradılmış federativ dövlət.- Red.) Avropada yəhudilərə tolerant münasibət
göstərən yeganə dövlət olaraq qalırdı. Burada ən iri və sürətlə inkişaf edən
yəhudi icması mövcud idi. XVII əsrdən Reç Pospolitada məskunlaşan yəhudilər
əsasən icarədarlıq, kənd təsərrüfatı məhsullarının satışı, müxtəlif vergi və
rüsumların iltizamı, şərabçəkmə, potaş basma ilə məşğul olmağa başladılar. Bu
zaman yəhudilər arasında sələmçilərin, xüsusən sənətkarların sayı əhəmiyyətli
dərəcədə azaldı.
MULTİKULTURALİZMƏ GİRİŞ
358
Polyak maqnatların və şlyaxtiçlərin (keçmişdə Polşada xırda zadəgan.-
Red.) öz iri mülkləri ilə məşğul olmağa həvəsləri yox idi. Ona görə də onlar
bu mülkləri yəhudilərə icarəyə verirdilər. İcarə müqaviləsinin qüvvədə olduğu
müddət ərzində yəhudilər malikanəni və onun sakinlərini idarə etmək, istədiyi
vaxt isə təhkimli kəndliləri cəzalandırmaq hüququna malik idilər. 1616-ci ilin
astanasında polyak taxt-tacına aid olan Ukrayna torpaqlarının yarıdan çoxu
yəhudilər tərəfindən icarəyə götürülmüşdü. Bu səbəbdən təhkimli kəndlilər
mülkədara nifrət etdikləri kimi, icarədara da kin bəsləyirdilər. Məhz buna
görə 1648-ci ildə Boqdan Xmelnitskinin rəhbərliyi altında kazakların qorxunc
üsyanı baş verdikdə polyaklarla yanaşı yəhudilər də qiyamın qurbanına
çevrildilər.
XVIII əsrin sonlarınadək yəhudilər Rusiya imperiyasının cüzi hissəsini
təşkil edirdilər. Reç Pospolitanın parçalanması və yüz minlərlə yəhudinin
yaşadığı ərazilərin Rusiya imperiyasının tərkibinə qatılması ilə vəziyyət kəskin
şəkildə dəyişdi.
1791-ci ildə II Yekaterinanın fərmanı ilə “oturaqlıq hüdudları” adlanan
yəhudi yaşayış məntəqələri yaradıldı. “Oturaqlıq hüdudları” yəhudilərə
məskunlaşmaq üçün icazə verilən əraziləri müəyyən etdi. “Oturaqlıq
hüdudları”ndan kənarda yalnız bu təbəqəyə məxsus yəhudilərə yaşamağa icazə
verilirdi: xidmətini başa vurmuş əsgərlər, birinci dərəcəli tacirlər, ali təhsilli
şəxslər, sənətkarlar və s.
Nə qədər qəribə səslənsə də, Rusiya imperiyasında yəhudilərə qarşı
törədilmiş ilk qırğınların ümumiyyətlə rus antisemitləri ilə əlaqəsi yox idi. Belə
ki, 1821-ci ildə Odessa şəhərində yəhudilərə qarşı həyata keçirilmiş talanların
təşəbbüskarları yunanlar oldu. Onlar İstanbuldakı yunan pravoslav patriarxı
Qriqorinin qətlində yəhudiləri ittiham edirdilər. Məhz yunanlar çar Rusiyasının
ərazisində 1859, 1862 və 1871-ci illərdə yəhudilərə qarşı qırğın törətdilər.
Əslində isə bu talanların əsas səbəbi dini ədavət deyil, ticari rəqabət olmuşdur.
Rus çarı III Aleksandrın taxta çıxması ilə yəhudilərə qarşı siyasət daha
da sərtləşdi. Belə ki, narodovolçuların (Rusiyada XIX əsrin 80-cı illərində
“Narodnaya volya” adlı gizli xalqçı təşkilatın üzvləri.- Red.) törətdiyi sui-qəsd
nəticəsində islahatçı çar II Aleksandr öldürüldü. “Narodnaya volya” üzvlərinin
müəyyən hissəsini yəhudilər təşkil etdiyi üçün II Aleksandrın qətlində yəhudiləri
günahkar bildilər. Onlara qarşı qırğınlar törədildi. Həmçinin 1891-ci ilin may
MÜASİR DÖVRDƏ QƏRB ÖLKƏLƏRİNDƏ
ETNİK-MƏDƏNİ MÜXTƏLİFLİK VƏ ONUN TƏNZİMLƏNMƏSİ
359
ayında III Aleksandr fərmanlar verməklə yəhudilərin hüquqlarını əhəmiyyətli
dərəcədə məhdudlaşdırdı.
Bu siyasəti rus çarı II Nikolay da davam etdirirdi. Onun dövründə
antisemitizm daxili siyasətin tənzimlənmə alətinə çevrildi. Çar müstəbid rejimə
yəhudilərə qarşı törədilən talanlara sosial gərginliyi azaltmaq, xalqı inqilabdan
yayındırmaq metodu kimi baxırdı. Sonuncu rus çarı dövründə yəhudilərə qarşı
ilk iri talan 1903-cu ilin aprel ayında Kişinyovda baş verdi. Dubossarı şəhərində
Mixail Rıbaçenko adlı 14 yaşlı yeniyetmənin həlak olması bu talanın törədilməsinə
bəhanə oldu. Kişinyovda çıxan və məşhur çernosotenets (çernosotenetslər –
çar Rusiyasında ifrat mürtəce-şovinist, antisemit, talançı monarxist təşkilatın
üzvləri) Pavel Kruşevan tərəfindən buraxılan “Bessarabets” adlı qəzetdə təxribat
xarakterli silsilə materiallar dərc olundu. Həmin materiallarda iddia olunurdu ki,
M.Rıbaçenko yəhudilər tərəfindən dini ayin zamanı qətlə yetirilmişdir. Aparılan
istintaq nəticəsində məlum oldu ki, əslində yeniyetmə öz qohumu tərəfindən
mirasa görə öldürülmüşdür.
Lakin yeniyetmənin yəhudi dini ayinlər zamanı qətlə yetirilməsi ilə bağlı
şayiələr geniş yayılmışdı. Belə bir şayiə də yayıldı ki, güya rus çarı “Pasxadan
sonra üç gün ərzində yəhudiləri öldürməyə və qarət etməyə icazə verib”. Bundan
təşvişə düşən yəhudi icmasının nümayəndələrinin hakimiyyət orqanlarına
müraciəti cavabsız qaldı. Aprelin 19-da yəhudilərin evləri daşa basıldı.
Hökumət nümayəndələri baş verənlərə çox ləng reaksiya göstərirdilər. Yalnız
aprelin 20-də axşama yaxın hadisələrə ordu müdaxilə etdi. Bundan sonra iğtişaş
yatızdırıldı. Bessarabiyanın qubernatoru (Bessarabiya – cənubi-şərqi Avropada
tarixi vilayət.- Red.) Rudolf Raaben isə vəzifəsindən azad olundu. Bir çoxları
hakimiyyət orqanlarının fəaliyyətsizliyini onunla izah edirdi ki, yəhudilərə qarşı
talanı imperiya əhalisinin müxtəlif təbəqələri arasında nifaq və düşmənçilik
salmaqla bağlı göstəriş alan Mühafizə şöbəsinin agentləri təşkil etmişlər.
Rusiya imperiyasında 1905-ci ildə inqilabın baş verməsi çernosotenslər
tərəfindən yəhudilərə qarşı törədilmiş silsilə talanlara gətirib çıxardı. Həmin ilin
oktyabr ayında talanlar pik həddə çatdı. Belə ki, bu zaman Rusiya imperiyasının
102 yaşayış məntəqəsində 690-dək talan törədildi.
Həm hərbi, həm mülki, həm mərkəzi, həm də yerli hakimiyyət
orqanları talanların təşkili və törədilməsində əhəmiyyətli rol oynadılar. Polis
departamentində orduya və əhaliyə müraciət edərək talanlara səsləyən vərəqələr
MULTİKULTURALİZMƏ GİRİŞ
360
çap olunurdu. Bu vərəqələri çap edən mətbəənin rəhbəri rotmistr M.Komissarov
açıq-aşkar deyirdi:
Dostları ilə paylaş: |