2.2. Din fərdi dünyagörüşün və ictimai şüurun
forması kimi
Din ictimai şüurun tarixi bir forması kimi meydana gəlmişdir. Doğrudur,
dini şüur əsasını fərdi şüurdan irəli gəlmişdir, lakin tarixə nəzər saldıqda
görürük ki, bütün dünya dinləri fərdi şüurun hüdudlarını keçib ictimai xarakter
qazanmışdır.
Dini şüur tarix boyu müxtəlif cəmiyyətlərdə fərqli formalarda təzahür
etmişdir. Bu müxtəliflik, ilk növbədə, cəmiyyətlərin ictimai-mədəni təməllərinin
fərqliliyindən irəli gəlir. Ümumilikdə, dini şüur nəzəri, praktik və ictimai olmaqla
üç ifadə formasında özünü göstərir. Dini şüurun nəzəri ifadəsi ilə dini inam və
etiqadlar, praktik ifadəsi ilə ibadət və ayinlər, ictimai ifadəsi ilə dini birliklər
nəzərdə tutulur.
Dini şüurun təməli kimi çıxış edən nəzəri aspektin özü də müxtəlif
səviyyələrdə təzahür edir. İbtidai dünyagörüşlərində miflər şəklində ifadə
edilən etiqadlar mədəniyyətin daha mütərəqqi mərhələlərində “dini doktrinalar”
və ya teologiyaya (ilahiyyat) çevrilmişdir. Dini şüurun nəzəri ifadəsi xüsusi
əhəmiyyətə malik olan üç mövzunu əhatə edir: tanrı, kainat və insan. Başqa sözlə,
teoloji, kosmoloji və antropoloji anlayışlar müxtəlif dinlərdə miflər, inamlar və
doktrinalar formasında təzahür etmişdir. Teologiyada tanrının və ya tanrıların
mahiyyəti, atributları, mənşəyi və bunların isbat edilməsi mövzularından bəhs
edilir. Kosmologiyada kainatın mənşəyi, inkişafı, müxtəlif mərhələləri, onun
aqibəti və ya sonu ilə əlaqəli konsepsiyalar yer tutur. Dini təcrübənin nəzəri
ifadəsinin antropoloji bəhsi isə insanın yaranması, onun mahiyyəti, vəzifəsi və
aqibəti ilə bağlı mövzulardan ibarətdir.
Dini şüurun praktik təzahürünə müqəddəs hesab edilən varlıqla bağlı
ayinlər, mərasimlər, ibadətlər, simvollar və müxtəlif qurban ritualları daxildir.
Dini şüurun nəzəri, yoxsa praktik yönünün daha önəmli olduğu mövzusunda
çoxlu müzakirələr aparılmışdır. Nəticə olaraq, ibtidai və milli dinlərdə dini
təcrübənin praktik və ya ritual aspektinin, ümumbəşəri dinlərdə isə dini şüurun
nəzəri (etiqad) aspektinin daha əhəmiyyətli olduğu fikri qəbul edilir.
Dini şüurun başqa bir yönünü isə onun ictimai ifadəsi təşkil edir, çünki
dinlər insanları dini qruplar və birliklərdə birləşdirmə potensialına malikdir.
61
DİNİN MAHİYYƏTİ VƏ ONUN TƏZAHÜR FORMALARI
Dini şüurun ictimai aspekti, əslində fərdi şüurun ictimai şüur müstəvisinə
yüksəlmə prosesidir. Belə ki, subyektiv dini şüurun yayılması və ictimailəşməsi
nəticəsində din bir qrup insanın və ya bütovlükdə cəmiyyətin ictimai şüurunun
formalaşmasında mühüm rol oynayır.
Dinin funksiyası dedikdə, dinin fərd və cəmiyyət üçün əhəmiyyəti, dinin
cəmiyyətdəki rolu və yeri nəzərdə tutulur. Dinin sosioloji təriflərinin, eləcə də
dini şüurun ifadə formalarının müxtəlif olması, dinin fərd və cəmiyyət üçün
bir-birindən fərqli funksiyaları yerinə yetirdiyi mənasına gəlir. Dinin bütün
cəmiyyət və zamanlar üçün dəyişməz funksiyalarını müəyyənləşdirmək o qədər
də asan deyil. Onun ictimai rolu cəmiyyətin strukturundan və mədəniyyətindən
asılıdır. Məsələn, dövlət strukturuna malik olmayan primitiv cəmiyyətlərdə
ictimai nizamı tənzimləyici funksiyanı din, dünyəvi dövlətlərdə isə bu funksiyanı
mədəni hüquq yerinə yetirir. Deməli, dinin funksiyaları universal deyildir,
əksinə, bunlar dəyişkən və nisbi xarakter daşıyır. Bununla belə, müxtəlif tarixi
dinlərin keçmişdə və günümüzdə cəmiyyət və fərd üçün vacib olan bəzi rollarını
müəyyənləşdirmək mümkündür. Bunları, əsasən, iki qismdə – dinin fərdi
funksiyaları və dinin ictimai funksiyaları olaraq nəzərdən keçirək.
Dinin fərd üçün əhəmiyyəti çox böyükdür. Belə ki, din insanların həyatına
məna qazandırır və onların dünyagörüşünü formalaşdırır. İstər keçmişdə, istər
müasir dövrdə insanlar “Nə üçün varam?”, “Nə etməliyəm?”, “Öldükdən sonra
nə olacaq?” kimi suallara cavab axtarıblar. Lakin din xaricində bu suallara
konkret cavab verən başqa dünyagörüşü forması mövcud deyildir. Dini şüurun
nəzəri ifadəsi, daha öncə də gördüyümüz kimi, müxtəlif etiqad sistemləri, miflər,
yaxud dini hekayələr vasitəsilə kainatın, insanın necə və nə üçün yaradıldığı,
vəzifələri, onun aqibəti ilə bağlı cavabları ehtiva edir.
Elm təbiətlə bağlı olan bir çox hadisələri izah etməyə nail olsa da,
həyatın mənası və dəyərini izah etmək elmin vəzifələrinə daxil deyildir. Odur
ki, bir çox filosoflar həyatın mənası, məqsədi və hədəfini elmin deyil, yalnız
dinin müəyyənləşdirə biləcəyini etiraf etmişlər. Məsələn, tanınmış alman
sosioloqu
Maks Veberə (1864-1920)
görə, həyata məna vermək dinin əsas
funksiyasıdır. Çünki iztirab, haqsızlıq, ədalətsizlik, ölüm kimi hallara din xüsusi
məna qazandırır, fərdin mənəvi-psixoloji ehtiyaclarına cavab verən əhatəli
dünyagörüşü formalaşdırır.
MULTİKULTURALİZMƏ GİRİŞ
62
Həmçinin insana mənsubiyyət və kimlik qazandırmaq dinin digər fərdi
funksiyasıdır. İnsan inandığı fövqəltəbii qüvvəyə tabe olaraq, hansı dinə və ya
məzhəbə mənsub olduğunu, qısaca, öz kimliyini müəyyənləşdirir. Beləliklə, din
müasir dövrdə bir çox insanın məruz qaldığı kimlik böhranına qarşı güclü sipər
funksiyasını yerinə yetirir.
Dinin ictimai funksiyaları da müxtəlifdir. Burada dinin sosial inteqrasiya,
tənzimedici və legitimləşdirici funksiyaları xüsusilə qeyd edilməlidir. Dinin
sosial inteqrasiya və birləşdirmə funksiyasını yerinə yetirməsi, demək olar ki,
bütün funksionalist sosioloqlar tərəfindən vurğulanmışdır. Din ortaq inanc, ayin
və mərasimlər vasitəsilə insanları dini birlik və qruplarda birləşdirir. Müştərək
dünyagörüşü və eyni hədəflər insanların cəmiyyət halında yaşamasını mümkün
edir. E.Dürkheym məhz din sayəsində cəmiyyət həyatının mümkün olduğunu
ifadə edir və bildirirdi ki, din, əslində ictimai həyatın simvolik ifadəsindən
ibarətdir. Buna baxmayaraq, dinin inteqrasiyaedici funksiyası nisbi xarakter
daşıyır. Din müştərək inancları bölüşən insanları birləşdirdiyi halda, fərqli
inanclara malik olanlara və ya inancsızlara qarşı mənfi münasibət bəsləməyə,
hətta zorakılığa da səbəb ola bilər. Dinin bu qəbildən olan mənfi rollarına isə dinin
disfunksiyası
deyilir. Tarixdə və günümüzdə dini zəmində çoxlu münaqişələrin
baş verdiyi məlumdur. Odur ki, dinin inteqrasiya və ya münaqişəyə səbəb olması
situasiyaya bağlı olaraq dəyişir.
Eyni zamanda, din ictimai dəyərləri, normaları və mədəniyyəti
legitimləşdirmə, onlara haqq qazandırma funksiyasına malikdir. Belə ki, o,
ictimai norma və dəyərlərə müqəddəs məna yükləməklə sosial strukturu qoruyur.
Beləliklə, din adət-ənənələr, ictimai normalar və dəyərlər üçün sağlam təməl
rolunu oynayır, həmçinin dini məna daşıyan norma və dəyərləri nəsildən-nəslə
ötürür. Yaxşı və ya pis əməllərin (normalar) din tərəfindən müəyyənləşdirilməsi
insanlarda özünənəzarət mexanizmini gücləndirir. Bu da ictimai asayişin təmin
olunması və ictimai nizamın möhkəmlənməsi sahəsində öz töhfəsini verir.
Sonda bir daha qeyd etmək lazımdır ki, dinin inteqrasiyaedici, ictimai
nizamı dəstəkləmə və ya iğtişaşlara səbəbolma funksiyaları cəmiyyətin mövcud
sosial, mədəni, iqtisadi və siyasi strukturundan, habelə toplumda, geosiyasi
mühitdə baş verən proseslərdən asılı olaraq, müsbət və ya mənfi istiqamətdə
inkişaf edə bilər.
63
DİNİN MAHİYYƏTİ VƏ ONUN TƏZAHÜR FORMALARI
Dostları ilə paylaş: |