Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə59/175
tarix02.12.2023
ölçüsü16,97 Mb.
#137209
növüDərslik
1   ...   55   56   57   58   59   60   61   62   ...   175
1 Multikulturalizmə giriş 2019

”Sultan Səncər və qarı”. 
Azərbaycanlı rəssam Sultan 
Məhəmməd tərəfindən 
Nizami Gəncəvinin “Xəmsə” 
əsərinə çəkilmiş miniatür. XVI əsr.


MULTİKULTURALİZMƏ GİRİŞ
128
qardaşı Hüseyn Şirvani (v.1074) kimi Azərbaycan sufiləri böyük nüfuz sahibi 
idilər. Artıq XII əsrdə Azərbaycanda yüzlərlə sufi ocağı fəaliyyət göstərirdi. 
XII əsrin müəllifi Məhəmməd İbn Münəvvərin verdiyi məlumata görə, təkcə 
Şirvanda sufi şeyxi Əbu Səid Əbülxeyrin tərəfdarlarının 400-dən artıq xanəgahı
vardı. Belə xanəgahlardan biri günümüzədək gəlib çıxmış Pir Hüseyn 
xanəgahıdır. Hacıqabul rayonunun Qubalıbalaoğlan kəndi ərazisində yerləşən 
bu dini-tarixi abidə Şeyx Hüseyn Şirvaninin məqbərəsi ətrafında inşa edilmişdir. 
XI – XII əsrlərdə tikilmiş Pir Hüseyn xanəgahı XIII əsrdə böyük bir kompleksə 
çevrilmişdir.
Artıq XII əsrdən etibarən Azərbaycanda bir sıra sufi təriqəti yaranaraq 
islam dünyasında geniş yayılmışdır. Bu təriqətlərdən biri sührəvərdilik 
olmuşdur. Təriqətin qurucusu Şihabəddin Ömər Sührəvərdi (1144-1234) Cənubi 
Azərbaycanın Zəncan əyalətində yerləşən Sührəvərd şəhərində dünyaya gəlmişdir. 
Onun əsərlərində sufilərin əxlaq normaları və davranış qaydalarının təfsilatlı izahı 
verilir. O, sufilərin “səma” (musiqi və nəğmə sədaları altında firlanaraq Allahı zikr 
etmək. - Red
.
) adlanan zikr növünə qarşı çıxmış, yalnız “xəfi”” (“gizli”, “səssiz”) 
və “cəhri” (“yüksək səslə edilən”) zikrləri məqbul saymışdır. 
Azərbaycanda meydana gəlmiş digər sufi təriqəti hürufilikdir (“hüruf” 
sözü ərəb dilində “hərflər” mənasına gəlir. - Red
.
). XIV əsrin sonlarında təşəkkül 
tapmış bu təriqətin banisi Şeyx Fəzlullah Cəlaləddin Nəimidir. Hürufilər 
Allahın təbiətdə, əşyada, sözdə, xüsusən insanda təcəssüm etdiyinə inanırdılar. 
Onların təliminə görə, Fəzlullah Allahın qüvvəsinin təzahürü, timsalı və naibi 
olmuşdur. Bu təriqətin ardıcılları Allahın söz şəklində təcəssüm etdiyini, ərəb 
əlifbasının hərflərinin müqəddəs olduğunu, onlar vasitəsi ilə dünyanın sirlərini 
açmağın mümkün olduğunu qeyd edir, 4, 7, 28, 32 kimi rəqəmlərə xüsusi məna 
yükləyirdilər. Hürufiliyin görkəmli nümayəndələrindən biri dahi Azərbaycan 
şairi İmadəddin Nəsimi (1369-1417) olmuşdur. 
Hürufiliklə eyni dövrdə Azərbaycanda digər bir sufi təriqəti – xəlvətilik 
meydana gəlmişdir. Bu təriqətin əsası Əbu Abdulla Siracəddin Ömər Xəlvəti 
(v.1349/1397) tərəfindən Şamaxıda qoyulmuşdur. Məşhur azərbaycanlı sufi 
Seyid Yəhya Bakuvinin fəaliyyəti sayəsində xəlvətilik Azərbaycanın hüdudlarını 
aşaraq digər müsəlman ölkələrində özünə xeyli tərəfdar tapmışdır. Xəlvəti 
dərvişləri başlarına qara və ya yaşıl rəngli dördkünc əmmamə qoyur, bununla da 
digər sufi təriqətlərinin ardıcıllarından fərqlənirdilər.


129
DÜNYA DİNLƏRİ 
Şirvanşahlar saray kompleksində yerləşən Seyid Yəhya Bakuvinin türbəsi.
Azərbaycan xalqının dövlətçilik tarixində böyük rol oynamış, 
milli incəsənətimizin, ədəbiyyatımızın, memarlığımızın, ümumiyyətlə
mədəniyyətimizin inkişafına əhəmiyyətli təsir göstərmiş sufi təriqəti isə, 
şübhəsiz, Səfəviyyə təriqətidir. Bu sufi təriqəti XIII əsrin sonunda Сənubi 
Azərbaycanın Ərdəbil şəhərində Şeyx Səfiəddin əl-İshaq əl-Musəvi əl-Ərdəbili 
(1252-1334) tərəfindən yaradılmışdır. Səfəviyyə təriqətinin altıncı başçısı 
Şeyx Heydərin (1460-1488) dövründə təriqətdə yeniliklər baş vermişdir. Onun 
vaxtında təriqətin tərəfdarları şiə məzhəbinə mənsub olduqlarını göstərmək 
üçün başlarına 12 zolaqlı qırmızı çalma qoymağa başlamışlar. Bu zolaqlar on 
iki imama işarət edirdi. Səfəvilərin baş örtüyü qırmızı rəngdə olduğuna görə 
onlar “qızılbaşlar” kimi də tanınırdılar. Zaman keçdikcə Səfəviyyə təriqətinin 
nüfuzu artmış və onun ideologiyası əsasında qüdrətli Azərbaycan Səfəvi dövləti 
qurulmuşdur. Tariximizin ən şanlı və parlaq səhifələrindən biri olan, 1501-ci 
ildə görkəmli Azərbaycan hökmdarı və şairi Şah İsmayıl Xətai tərəfindən əsası 
qoyulan Səfəvilər dövləti 1736-cı ilədək mövcud olmuşdur. 


MULTİKULTURALİZMƏ GİRİŞ
130
Azərbaycanda İslamın tarixindən danışarkən mütləq çar Rusiyası dövrünü 
də qeyd etmək lazımdır. Çünki XIX əsrin əvvəllərində Qafqaz ərazisi, o cümlədən 
Şimali Azərbaycan Rusiya imperiyası tərəfindən istila edildikdən sonra çar 
hökuməti tərəfindən dini sahədə bir sıra tədbirlər həyata keçirildi. İlk növbədə, 
müsəlmanların dini həyatını nəzarətə götürmək məqsədilə ruhani idarələr təsis 
olundu. Belə ki, rus çarı II Aleksandr 5 aprel 1872-ci ildə “Şiə məzhəbinə 
mənsub Zaqafqaziya müsəlman ruhanilərinin idarə olunması haqqında” və 
“Sünni məzhəbinə mənsub Zaqafqaziya müsəlman ruhanilərinin idarə olunması 
haqqında” əsasnamələri təsdiq etdi. Bununla da 2 yanvar 1873-cü ildə Şiə 
məzhəbi üzrə Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi və Sünni məzhəbi üzrə 
Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi yaradıldı. Bakı, Yelizavetpol (Gəncə), 
Tiflis və İrəvan quberniyalarında yaşayan müsəlmanların tabe olduqları bu 
idarələrin mərkəzləri Tiflis şəhərində yerləşirdi. Şiə ruhani idarəsinə şeyxülislam, 
sünni ruhani idarəsinə isə müfti titulunu daşıyan din xadimləri başçılıq edirdi. 
Həm şeyxülislam, həm də müfti çar hökuməti tərəfindən təyin olunur və Qafqaz 
canişini qarşısında cavabdehlik daşıyırdılar. 
28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra 
dini işlərin həllində şeyxülislamın və müftinin roluna diqqət artırıldı. Cümhuriyyət 
hökumətinin 1918-ci il 18 iyun tarixli qərarı ilə islam dininə aid məsələlərin 
Nazirlər Şurasında müzakirəsi zamanı şeyxülislama və müftiyə həlledici səs 
hüququ verilirdi. Fətəli xan Xoyskinin 2-ci hökumət kabinəsində Xalq Maarifı 
və Dini Etiqad Nazirliyi yaradıldı. Həmin nazirliyin şeyxülislama və müftiyə 
1918-ci il 10 avqust tarixli müraciəti nəticəsində Şiə məzhəbi üzrə Zaqafqaziya 
Müsəlmanları Ruhani İdarəsi və Sünni məzhəbi üzrə Zaqafqaziya Müsəlmanları 
Ruhani İdarəsi Tiflisdən Gəncəyə köçürüldü. Hər iki idarə rəhbərinin 1918-ci 
il 1 sentyabr tarixli qərarı ilə şiə və sünni ruhani idarələri birləşdirildi. Yeni 
yaradılan ruhani idarə “Məşyəxət-i islamiyyə” (“islam şeyxləri, ağsaqqalları, 
rəhbərləri, başçıları” mənasındadır) adlandırıldı. Xalq Maarifı və Dini Etiqad 
Nazirliyinə təqdim edilmiş ştat cədvəlinə görə, “Məşyəxət-i islamiyyə” idarəsi 
2 sədr, 4 idarə üzvü, katib, 2 kargüzar, ümumiyyətlə, 15 nəfərdən ibarət olmalı 
idi. Hökumət 1918-ci il 8 oktyabr tarixli qərarı ilə müfti və şeyxülislamın aylıq 
məvacibini 2 min 500 manat müəyyən etmiş, digər dövlət və hökumət orqanları 
ilə birlikdə, onların da dəftərxanalarını Bakıya köçürtmüşdü. Sonralar müfti və 
şeyxülislamın məvacibi 1 min 500 manat məbləğində müəyyənləşdirildi.


131
DÜNYA DİNLƏRİ 
“Məşyəxət-i islamiyyə” idarəsi Bakıya köçürüldükdən sonra onun 
strukturunun dəqiqləşdirilməsi sahəsində işlər davam etdirildi. İdarəyə 
şeyxülislamın və müftinin həmsədrlik etməsi qərara alındı. Hökumətin 1920-ci 
ilin mart ayında verdiyi sərəncama əsasən, həmsədrlər nazir köməkçisi ilə eyni 
status alırdı. 
28 aprel 1920-ci ildə Azərbaycanın bolşeviklər tərəfindən işğalı nəticəsində 
ölkədə sovet hakimiyyəti quruldu. Ateizm siyasəti yürüdən bolşevik-kommunist 
hakimiyyəti bütün dinlərlə, o cümlədən islamla mübarizə aparmış, nəticədə 
dini təsisatların fəaliyyəti dayandırılmış, “Məşyəxət-i islamiyyə” idarəsi ləğv 
olunmuş, müsəlman din xadimləri və alimləri təqiblərə məruz qalmış, ibadət 
yerləri və ziyarətgaların əksəriyyəti bağlanılmış və ya məhv edilmiş, məscidlər 
anbar və müəssisələrə çevrilmiş, müqəddəs kitablar yandırılmış, dini hər vasitə 
ilə unutdurmaq, insanları dini köklərindən ayrı salmaq yönündə ciddi-cəhdlə 
səylər göstərilmişdir. 
Lakin İkinci Dünya müharibəsi illərində sovet hakimiyyətinin dinlə 
bağlı siyasətində müəyyən dəyişiklik baş verdi. Mövcud dini vəziyyətə 
nəzarəti effektiv həyata keçirmək, eləcə də ağır müharibə illərində dindar əhali 
arasında rəğbət qazanmaq üçün islahatlar aparıldı. Həmin dövrdə dini idarələrin 
formalaşdırılması labüd hesab edildi. Nəticədə Qafqazdakı müsəlmanların 
dini həyatını tənzimləyəcək ruhani idarə bərpa edildi. SSRİ Ali Soveti Rəyasət 
Heyətinin 14 aprel 1944-cü il tarixli 17 saylı qərarı ilə mərkəzi Bakı şəhərində 
yerləşən Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi təsis olundu. 25-28 may 1944-
cü ildə Bakıda Zaqafqaziya müsəlmanlarının I qurultayı keçirildi. Zaqafqaziyada 
yaşayan müsəlmanların şiə və sünni məzhəblərinə mənsub dindarların say 
nisbəti nəzərə alınaraq, bu təşkilatın idarə heyətinin 7 üzvündən 4-ü şiə, 3-ü isə 
sünni məzhəbinin nümayəndələri seçildi. İdarənin sədri vəzifəsini çoxluq təşkil 
edən şiələrin nümayəndəsi tutdu və ona şeyxülislam rütbəsi verildi. Sünnilərin 
nümayəndəsi isə idarə sədrinin müavini vəzifəsini tutaraq müfti rütbəsi aldı. 
1989-cu ildə Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin nəzdində Bakı 
İslam Mədrəsəsi təsis olundu. 1991-ci ildə həmin təhsil müəssisəsinin bazasında 
Bakı İslam İnstitutu (hazırda bu ali dini təhsil ocağı Bakı İslam Universiteti adı 
ilə fəaliyyət göstərir) yaradıldı. 
1991-ci ildə Azərbaycan xalqı öz müstəqilliyini bərpa etdikdən sonra 
ənənəvi islami dəyərlərə qayıdış prosesi başladı. İlk növbədə, sovet hakimiyyəti 


MULTİKULTURALİZMƏ GİRİŞ
132
illərində bağlanılmış müsəlman ibadət yerləri və ziyarətgahların fəaliyyəti bərpa 
olundu, respublikanın bütün bölgələrində yeni məscidlər inşa edildi. 
Əgər sovet hakimiyyəti dövründə ölkəmizdə cəmi 17 məscid fəaliyyət 
göstərirdisə, hazırda onların sayı 2 mindən yuxarıdır. Həmin məscidlərdən 
300-dən çoxu tarixi-mədəni abidə kimi qorunur. İslam dəyərlərinə, onun tarixi-
dini abidələrinə qayğı göstərilməsinin əsası ümummilli lider Heydər Əliyev 
tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam 
etdirilir. Göstərilən bu qayğı nəticəsində Bibiheybət, Təzəpir, Əjdərbəy, Şamaxı 
Cümə məscidləri və Gəncə şəhərindəki “İmamzadə” kompleksi əsaslı şəkildə 
təmir və bərpa olunmuş, ölkəmizin paytaxtında Cənubi Qafqazın ən möhtəşəm 
məbədi Heydər məscidi inşa edilmişdir. 
Bununla yanaşı, Sovet imperiyası dağıldıqdan sonra respublikamızda 
yüzlərlə yeni müsəlman dini icması fəaliyyətə başlamış, Zaqafqaziya 
Müsəlmanları Ruhani İdarəsinin bazası əsasında Qafqaz Müsəlmanları İdarəsi 
təsis olunmuşdur. Azərbaycan Respublikasında fəaliyyət göstərən müsəlman 
dini icmaları bu tarixi dini mərkəzdə birləşirlər və təşkilat məsələlərində ona 
tabedirlər.
Müstəqillik dövründə Azərbaycanda islam dininin elmi əsaslarla 
öyrənilməsi və müvafiq təhsil müəssisələrinin formalaşdırılması üçün də 
münbit şərait yarandı. 1992-ci ildə Bakı Dövlət Universitetinin (BDU) 
nəzdində İlahiyyat fakültəsi təsis olundu. 2018-ci ilin fevralın 9-da 
Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə Dini Qurumlarla 
İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutu
təsis olundu. BDU-nin İlahiyyat fakultəsi həmin institutun strukturuna 
daxil edildi. Həmçinin respublikamızın müxtəlif bölgələrində islam dininin 
ehkamlarını öyrədən orta dini təhsil müəssiələri və dini icmaların tərkibində 
kurslar açıldı.
Sadalanan faktlar onu göstərir ki, müasir Azərbaycanda ənənəvi islami 
dəyərlərin qorunub-saxlanılması və yaşadılması üçün dövlət tərəfindən geniş 
imkanlar yaradılmışdır. 
İslam dünyası ilə münasibətlərin qurulması və inkişaf etdirilməsi 
dövlətimizin xarici siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. 
Təsadüfi deyildir ki, İslam Konfransı Təşkilatı (2011-ci ildən İslam Əməkdaşlıq 
Təşkilatı (İƏT) adlanır.-Red.) Azərbaycanın ilk üzv olduğu beynəlxalq qurumdur. 


133
DÜNYA DİNLƏRİ 
Dövlətimiz öz müstəqilliyini bərpa etdikdən sonra keçmiş sovet respublikaları 
arasında ilk olaraq həmin təşkilata üzv olmaq barədə müraciət etmiş, nəticədə 
8 dekabr 1991-ci ildə Seneqalın paytaxtı Dakar şəhərində keçirilən VI İslam 
Konfransında Azərbaycan İslam Konfransı Təşkilatına tamhüquqlu üzv kimi 
qəbul olunmuşdur. Həmçinin 1991-ci ildə Azərbaycan Təhsil, Elm və Mədəniyyət 
Məsələləri üzrə İslam Təşkilatının (İSESKO) üzvü seçilmişdir. Burada qeyd 
etmək lazımdır ki, İslam Konfransı Təşkilatı Ermənistanın Azərbaycana qarşı 
təcavüzünü açıq şəkildə pisləyən ilk beynəlxalq təşkilat olmuşdur. 
Azərbaycan dövləti qısa zamanda İƏT və İSESKO kimi nüfuzlu beynəlxalq 
müsəlman qurumların fəal üzvünə çevrilmişdir. Məsələn, ölkəmizin təşəbbüsü 
ilə İƏT Gənclər Forumu, İƏT Əmək Mərkəzi, İƏT-ə üzv Dövlətlərin Jurnalistləri 
Assosiasiyası kimi yeni qurumlar təsis edilmişdir. Ölkəmizin müsəlman 
aləmində fəal rol oynadığının digər bariz nümunəsi Azərbaycan Respublikasının 
Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım 
Əliyevanın müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətidir. Məhz bu 
səbəbdən o, 23 noyabr 2006-cı ildə İSESKO-nun Xoşməramlı səfiri adına layiq 
görülmüşdür. Diqqətəlayiq məqam odur ki, Mehriban xanım Əliyeva İSESKO-
nun Xoşməramlı səfiri adına layiq görülmüş ilk qadındır. 
Qeyd etmək lazımdır ki, bu gün Azərbaycan islam dünyasında həmrəyliyin 
möhkəmləndirilməsi işinə böyük töhfələr verir. Dövlətimizin bu istiqamətdə 
fəaliyyəti isə müsəlman aləmində yüksək qiymətləndirilir. Bakı şəhərinin 2009-
cu ildə İSESKO-nun dəstəyi ilə İslam mədəniyyətinin paytaxtı elan olunması, 
2018-ci ildə isə bu şərəfli ada bizim digər qədim şəhərimiz Naxçıvanın layiq 
görülməsi bunun bariz nümunəsidir.
Azərbaycan dövlətinin müsəlman aləmində sülh və birliyin bərqərar 
olması sahəsində həyata keçirdiyi mühüm təşəbbüs və tədbirlərə nümunə kimi 
Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan 
edilməsini, yaxud 12-22 may 2017-ci ildə respublikamızın paytaxtında “Bakı-
2017” IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsini göstərmək olar.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 
Sərəncamı ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunması 
da islam həmrəyliyinin möhkəmlənməsi işinə öz töhfəsini vermişdir. Belə ki 
“Multikulturalizm ili” çərçivəsində 15 yanvar 2016-cı ildə Bakıdakı Heydər 
məscidində məzhəbindən asılı olmayaraq, bütün müsəlmanlar bir araya gələrək 


MULTİKULTURALİZMƏ GİRİŞ
134
vahid məkanda cümə namazı qılmışlar. “Vəhdət namazı” adlandırılan bu dini 
mərasimin yerinə yetirilməsi olduqca böyük tarixi əhəmiyyət daşıyır. Müasir 
dünyada tolerantlıq və multikulturalizmin əsas mərkəzlərindən biri hesab olunan 
Azərbaycanda vəhdət namazının qılınması və daha sonra bu ibadətin ənənə halına 
çevrilərək ölkəmizin digər məscidlərində yerinə yetirilməsi, əslində, xalqımızın 
dünyaya verdiyi bir sülh və həmrəylik mesajıdır. Vəhdət namazının ilk dəfə 
Heydər məscidində qılınması isə rəmzi məna daşıyır. Çünki məhz ulu öndər 
Heydər Əliyev Azərbaycanda tolerantlığı və multikulturalizmi dövlət siyasəti 
səviyyəsinə qaldırmışdır. Hazırda isə bu siyasət Azərbaycan Respublikasının 
Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 
Gördüyümüz kimi, uzun əsrlərdən bəri islam sivilizasiyasının əsas 
mərkəzlərindən biri olan Azərbaycan bu gün də müsəlman aləmində mühüm 
mövqe tutur. Təsadüfi deyildir ki, respublikamızın suverenliyinin əsas 
atributlarından olan Dövlət bayrağımızın üç rəngindən biri, yəni yaşıl rəng,
Azərbaycan xalqının islam sivilizasiyasına mənsubluğunu ifadə edir. 
Azərbaycan xalqının mənəviyyatını, həyat tərzini islam dəyərləri 
olmadan təsəvvür etmək çətindir. İslam dininin ölkəmizin müqəddəratında, 
xalqımızın taleyində müstəsna, birləşdirici və mütərəqqi rol oynaması danılmaz 
tarixi həqiqətdir. Xalqımızın genetik yaddaşında dərin iz qoymuş islam 
azərbaycanlıların vahid xalq kimi təşəkkül tapmasına, onların milli kimliyinin, 
dövlətçilik ənənəsinin, mədəniyyətinin formalaşmasına güclü təsir göstərmişdir. 
Lakin o da reallıqdır ki, Azərbaycan xalqı islam sivilizasiyasına mənsub 
olmaqla yanaşı, özündə ümumbəşəri, sivil, dünyəvi, tolerant və multikultural 
dəyərləri yaşadır. Bu baxımdan demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu 
yolunu seçmiş, vətəndaş cəmiyyətinin bərqərar olunması istiqamətində inamla 
addımlayan Azərbaycan islam dünyasında özünəməxsusluğu ilə fərqlənir. Çünki 
Şərq və Qərb mədəniyyətləri arasında körpü rolunu oynayan ölkəmiz dünyada 
dinlər və sivilizasiyalararası dialoqun inkişafına, yer üzündə sülh və harmoniyanın 
bərqərar olunmasına mühüm töhfələr verir, unikal birgəyaşayış və nümunəvi 
multikulturalizm modeli təqdim edir. Beləliklə, Azərbaycan həm ümumbəşəri, 
həm də milli-mənəvi dəyərlərinə, o cümlədən tarixi müqəddəratında mütərəqqi 
rol oynamış islam dininin yüksək mənəvi-əxlaqi prinsiplərinə sadiq qaldığını 
göstərir. 


135
DÜNYA DİNLƏRİ 

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin