MULTİKULTURALİZMƏ GİRİŞ
142
formalaşdırdı, dini ayinləri və dua mətnlərini sistemləşdirdi. O, ömrünün
sonunadək Kavi Viştaspanın sarayında yaşadı, 70 və ya 77 yaşında ikən qətlə
yetirildi. Belə ki, köhnə inancların tərəfdarı olan bir kahin dua edən Zərdüştün
kürəyinə xəncər saplayaraq onu öldürdü.
Zərdüşt üç dəfə ailə həyatı qurmuşdur. Bu evliliklərdən Urvatat-nara,
Hvara-çitra, İsad-vastra adlı üç oğlu və Freni, Triti, Poruçista adlı üç qızı
dünyaya gəlmişdir. Onun ölümündən sonra Zərdüştilik təlimi Yaxın və Orta
Şərqdə, o cümlədən Azərbaycan, İran, Orta Asiya, Əfqanıstanda geniş intişar
tapdı, Əhəmənilər dövləti (e.ə. 550 – e.ə. 330) və Sasanilər imperiyasında (224
– 651) dövlət dini səviyyəsinə yüksəldi.
Onu da qeyd edək ki, zərdüştiliyə məxsus ilk yazılı abidələr Əhəmənilər
dövləti dövründə yaranmışdır. Sasanilər imperiyası vaxtı isə mərkəzləşdirilmiş
zərdüşti dini təşkilatın formalaşdırılması məqsədilə tədbirlər görülmüş,
habelə Adurbad Mahraspandananın rəhbərliyi altında “Avesta” kitabı
sistemləşdirilmişdir.
İslamın gəlişindən sonra Zərdüştilik əvvəlki hakim mövqeyini itirmiş
və tənəzzülə uğramışdır. Hazırda azsaylı zərdüşti icmalar İran və Hindistanda
mövcudluğunu qoruyur. Bununla yanaşı, Əfqanıstan, Tacikistan, Pakistan,
habelə ABŞ və bir sıra Avropa dövlətlərində zərdüştiliyin mənsublarının
yaşadığı məlumdur. Lakin müasir dövrdə dünyada yaşayan zərdüştilərin ümumi
sayı dəqiq bilinmir. Ehtimal olunur ki, dünya üzrə bu dinin mənsublarının sayı
125-300 min nəfər təşkil edir.
Dostları ilə paylaş: