Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə75/175
tarix02.12.2023
ölçüsü16,97 Mb.
#137209
növüDərslik
1   ...   71   72   73   74   75   76   77   78   ...   175
1 Multikulturalizmə giriş 2019

4.2.2.Daosizm
“Daosizm” özündə dini və fəlsəfi elementləri birləşdirən ənənəvi Çin 
təlimidir. Bu termin Çin dilində “yol haqqında təlim” mənasına gələn “dao-jiao” 
sözündən törəmişdir. Tədqiqatçılara görə, daosizm ənənəsi eramızdan əvvəl 
V-III əsrlərdə formalaşmışdır. İlk daosist dini təşkilat isə bizim eranın II əsrində 
meydana gəlmişdir. Belə ki, həmin dövrdə dağlarda tərki-dünya həyatı yaşayan 
Çjan Daolin “Səmavi Ustadların Yolu” adlı dini məktəb yaratmış, bununla da ilk 
daosist icmanın banisi kimi tarixə düşmüşdür. 
Daosizmin banisi eramızdan əvvəl VI-V əsrlərdə yaşadığı iddia 
olunan çinli mütəfəkkir Lao-Tzu və ya Lao-Tsı (çin dilində “yaşlı körpə”, 
“müdrik qoca” mənasına gəlir) sayılır. Onun həyatı haqqında çox az məlumat 
vardır. Məşhur çin tarixçisi Sım-Tsənin “Tarixi rəvayətlər” adlı əsərində 
verdiyi məlumata görə, Lao-Tzu Çinin cənubunda yerləşən Çu çarlığının 
Xu qəzasındakı Tsüycen kəndində dünyaya gəlmişdir. O, Çjou sülaləsi 
dövründə dövlət kitabxanasının kitabxanaçısı və imperator arxivinin mühafizi 
vəzifəsində işləmişdir. Bu isə onun yüksək təhsilə malik olmasından xəbər 
verir. Rəvayətlərə görə, Lao-Tzu Konfutsi ilə görüşmüşdür. Bundan sonra 


MULTİKULTURALİZMƏ GİRİŞ
170
Konfutsi şagirdlərinə belə demişdir: 
“Mən bilirəm ki, quş uça, balıq üzə, vəhşi 
heyvan isə qaça bilir. Qaçanı tələyə, üzəni tora salmaq, uçanı isə oxla vurmaq 
olar. Əjdahaya gəldikdə isə, mən bilmirəm, necə olur ki, o, küləyi yəhərləyib, 
buludları dələrək, səmaya doğru irəliləyir. Mən bu gün Lao-Tzu ilə görüşdüm, 
o, əjdaha kimidir!”
.
Əfsanəyə görə, insanları sadə və tərki-dünya həyat tərzi sürməyə dəvət 
edən Lao-Tzu ahıl yaşında doğma yurdunu tərk edərək qərbə tərəf getmişdir. O, 
Çinin son sərhəd məntəqəsinə çatdıqda sərhəd rəisi ondan öz təlimi haqqında 
danışmağı xahiş etmişdir. Sərhəd rəisinin xahişini yerinə yetirən Lao-Tzu “Dao 
de tszin” adlı kitab qələmə almişdiır. Daha sonra isə dünya həyatından tamamilə 
uzaqlaşaraq naməlum yerlərə getmişdir. Ona görə də Lao-Tzunun vəfat tarixi və 
yeri məlum deyildir. 
“Dao de tszin” kitabının müəllifi Lao-Tzu hesab olunsa da, bu dini-fəlsəfi 
əsər onun yaşadığı dövrdən sonra yazılmışdır. Tədqiqatçılar bu kitabın yazılma 
tarixini e.ə. III əsrə aid edirlər. Hətta bir çox araşdırmaçılar tarixdə Lao-Tzu adlı 
şəxsiyyətin mövcud olmadığını bildirirlər.
Qeyd edək ki, daosizmin dini ənənəsinin inkişafında Yan Çju (e.ə. 440/414-
380/360 illər) adlı şəxs böyük rol oynamışdır. O, Yan Tzi və ya Yan Şen adı ilə 
də tanınır. Onun dünyagörüşünü bu şəkildə xülasə etmək mümkündür: “Hər kəs 
özü üçündür” və “Hər şeyə nifrət etmək, həyatı yüksək qiymətləndirmək”. 
Daosizmin inanc prinsipləri üç kitaba əsaslanır: 
“Dao de tszin”, “Çjuan 
tszı” və “Le tszı”
. Daha əvvəl bəhs etdiyimiz “Dao de tszin” daosizmin ən əsas 
kitabı sayılır. Bu kitab 81 kiçik fəslə bölünmüşdür və 5000 heroqlifdən ibarətdir. 
Məzmun baxımından olduqca sirli mətndir. Buna görə də hər bölüm bir neçə 
variantda şərh edilmişdir. Traktatda Dao apofatik (bütün mümkün təriflərin 
inkarı yolu ilə Tanrının mahiyyətinin izah olunması. Məs.: Tanrı – günahsızdır, 
ölümsüzdür, sonsuzdur. – Red.) tərzdə təsvir edilmiş, ona ilahi atributlar verilmiş, 
bütün varlığın başlanğıcı kimi təqdim olunmuşdur. Həmçinin fiziki dünyada 
Daonun təzahürü olan De xeyir gücündən də bəhs edilmişdir.
Daosizmin ikinci əsas kitabı olan “Çjuan tszı” adını müəllifi sayılan filosof 
Çjuan Tszıdan götürmüşdür. Konfutsiçiliyə qarşı polemik fikirlərin yer aldığı 
bu traktatda ayinlərin mənəvi və praktiki dəyəri ideyası inkar edilir. Burada 
obrazların köməyi ilə insan biliklərinin nisbiliyi, ümumiyyətlə, mövcud olan hər 
şeyin nisbiliyi ideyası irəli sürülür. 


171
MİLLİ DİNLƏR 
“Le-tszı” adlı üçüncü kitab da öz müəllifi Le Yuy-konun şərəfinə belə 
adlandırılmışdır. Bu əsərdə daoistlərin təbiət və ətraf dünya ilə bağlı fəlsəfi 
prinsipləri izah olunur. Burada həmçinin insanın şəxsi rifahının onun ictimai 
mənfəətindən üstün olduğu ideyasına yer verilir.
Daosizmdə əsas kateqoriya “Dao”dur. Onun ifadə olunduğu heroqlif 
aşağıdakı mənalara gəlir: qanunauyğunluq, prinsip, yol, danışmaq və s. 
Daosizmin dini-fəlsəfi sistemində Dao - hər şeyin başlanğıcı, eyni zamanda 
bütün aləmin və varlıqların yaranma və var olma səbəbini izah edən kainatın 
təməl qanunudur. 
Daosizmin ikinci təməl kateqoriyası sayılan De isə xeyir qüvvə
məziyyət kimi tərcümə olunur. “Dao de tszin”in 51-ci fəslində deyilir: 
“Dao 
(şeyləri) yaradır, de (onları) yedizdirir, böyüdür, tərbiyə edir, təkmilləşdirir, 
kamil edir, (onların) qayğısına qalır, (onlara) dəstək olur. Vücuda gətirmək və 
mənimsəməmək, yaratmaq və öyünməmək, böyük olmaq və hökm verməmək – 
bütün bunlar ən dərin “de” sayılır”.
Daoya ehtiram ilk baxışda daosizmin monoteist din olduğu fikrini 
formalaşdıra bilər. Ancaq daoist panteonuna müxtəlif xalq inanclarından, 
həmçinin digər dini ənənələrdən (məs.: buddizm) götürülmüş çoxsaylı tanrılar 
daxildir.
Daosizmə əsasən, şərti olaraq tanrılar iki qrupa bölünür: 
“səmadan 
öncəkilər”
– görünən dünya yaranmadan öncə mövcud olanlar və 
“səmadan 
sonrakılar”
– yer üzündə yaşayan və ölümsüzlük əldə edənlər. Sonunculara həm 
də kiçik ilahi personajlar aid edilir. Daodan sonrakı mərtəbəni “Üç pak” adlanan 
tanrılar tutur: İlk səma hökmdarı, Səmanın hörmətli mənəvi cəvahiratları, Ali 
hökmdar Lao, yaxud Ən qədim ali hökmdar (Lao-Tzunun təcəssümlərindən biri 
sayılır). “Səmadan sonrakılar” arasında isə ölümsüzlük və möcüzə göstərmək 
qabiliyyəti əldə etmiş 8 personaja xüsusi ehtiram göstərilir. 
Daoistlər dünyanın yaranmasını faciə kimi qəbul edir. Çünki dünya 
Daodan ayrılma nəticəsində meydana çıxmışdır. Bu isə hər şeyin, hər məxluqun 
öz mənşəyindən qopması deməkdir. Odur ki, varlıq faciəsinin qarşısını almaqdan 
ötrü əsas kateqoriyaları “boşluq” və “sadəlik” olan Daoya bənzəmək lazımdır. 
Bu baxımdan xaosun özü nizam-intizamdan daha üstün sayılır, çünki o, ümumi 
başlanğıcdan daha az uzaqlaşmışdır. 
Daoistlər Daodan ayrı düşdüyünə görə dünyanın mövcudluğu kimi, insanın 


MULTİKULTURALİZMƏ GİRİŞ
172
var olmasını da faciə sayırlar. Daosizm Çin mədəni ənənələrində məşhur olan 
prinsipi insan mövcudluğunun əsas məqsədi elan etmişdir: “Ölmədən uzun müddət 
yaşamaq”. Məhz ölümün öhdəsindən gəlmək, iztirab və xaosa tabe olmayan 
xüsusi vəziyyətə çatmaq daoistlər tərəfindən son məqsəd olaraq elan edilmişdir. 
Daoist ibadətinin klassik, ilk növbədə, ictimai normaları haqqında ümumi 
təsəvvürləri Tayvanda bu günə qədər mövcud olan daoist icmalarının müasir 
ibadət təcrübəsindən əldə edə bilərik. Dini mərasimlər ikipilləli iyerarxiya 
şəklində təmsil olunan ruhani sinfinin nümayəndələri tərəfindən həyata keçirilir. 
Ən yüksək pillədə “Dao-şi” (hərfi mənada “yol rəhbəri, müəllim”) durur. O, 
kosmik bərpa ritualı sayılan daoist ibadətini yerinə yetirmək hüququna sahibdir. 
Bu ibadəti hər ayın birinci və on beşinci günü yerinə yetirirlər. İbadət qədim 
Çin ədəbi dilində keçirilir. Onu yalnız ən təhsilli çinlilər anlaya bilərlər. Zəruri 
hallarda Dao-şi, adətən, aşağı pillədəki ruhanilər tərəfindən həyata keçirilən 
ayinləri də yerinə yetirə bilər. 
Aşağı pillədə isə “Fa-şi” (hərfi mənada “qanunu öyrədənlər”) durur. 
Onlar danışıq dilində aşağı ilahlara həsr olunmuş ayinləri, o cümlədən xüsusi 
mərasimləri (məsələn, şeytanın qovulması kimi ayinləri) yerinə yetirirlər. 

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin