4.3.3. Siqhizm
Hazırda
Siqhizmin
(pəncab dilində “siqh” kəlməsi “şagird”, “ardıcıl”
mənasına gəlir.- Red.) dünyada 25 milyondan çox mənsubu vardır. Siqhlərin əksər
hissəsi Hindistanda yaşayır. Burada onlar əsasən Pəncab ştatında məskunlaşıblar.
Bundan başqa, ABŞ-da, Kanadada, Böyük Britaniyada, Tailandda və digər
ölkələrdə siqhlərin icmaları mövcuddur.
Siqhizm XV əsrdə Hindistan yarımqitəsinin şimal-qərb hissəsində
Pəncab bölgəsində meydana gəlmişdir. Bu sinkretik dinin (fərqli dinlərin
sintezindən yaranmış din.- Red.) banisi Quru Nanak Dev (1469-1539) sayılır. O,
Hinduizmdəki çoxallahlılığa, kasta sisteminə qarşı çıxmış, kahinlər (brahmanlar)
kastasına tanınan imtiyazları kəskin tənqid atəşinə tutmuşdur. İslamın saf
təkallahlılıq ideyasından təsirlənən Quru Nanak Devin əsas məqsədi Hinduizmdə
islahat aparmaq olmuşdur. Beləliklə, İslam və Hinduizmin sintezindən yeni din
– Siqhizm yaranmışdır.
Siqh ənənəsi yeni dinin yaranmasını bu hadisə ilə əlaqələndirir: bir dəfə
Quru Nanak Dev sübh tezdən çimmək üçün Kali Beyn çayına gedir, lakin geri
qayıtmır. Hər kəs onun çayda batdığını düşünməyə başlayır. Üç gündən sonra o,
peyda olur və başına gələnləri ondan soruşanlara eyni cavabı verir:
“Orada nə
hinduist var, nə də müsəlman”
.
1496-cı ildə baş vermiş bu hadisə Siqhizmin meydana gəlmə tarixi sayılır.
Bu ildən etibarən Quru Nanak Dev uzun müddətli səyahətə çıxmış, Hindistan
yarımqitəsinin müxtəlif yerlərinə baş çəkmiş, Tibetdə, İraqda, Ərəbistan
yarımadasında, o cümlədən Məkkədə olmuşdur. Təqribən otuz il çəkən bu
səyahətlər nəticəsində Quru Nanak Devin dini təlimi formalaşmışdır. Ömrünün
son on ilini o, Pəncabdakı Kartarpur kəndində keçirmiş, burada öz dini ideyalarını
təbliğ edərək xeyli sayda tərəfdar qazanmış, nəticədə Kartarpur kəndində siqh
icması yaranmışdır. Quru Nanak Devin özü isə burada 70 yaşında vəfat etmişdir.
Siqhizmin təlimi və müqəddəs kitabı təkcə Quru Nanak Devin sayəsində
deyil, həm də ondan sonra siqh icmasına ardıcıllıq yolu ilə rəhbərlik edən doqquz
qurunun
(mürşid) fəaliyyəti nəticəsində formalaşmışdır. Reinkarnasiyaya inanan
siqhlərə görə, Nanakın ruhu sıra ilə ondan sonra gələn quruların bədənlərinə
köçmüşdür. Ona görə də, bu qurular Nanakın təzahürü sayılmışlar. Beləliklə,
tarixi dövr ərzində siqhlərə Nanak daxil olmaqla, aşağıda adları sadalanan 10
187
MİLLİ DİNLƏR
quru ardıcıl şəkildə rəhbərlik etmişdir: 1. Nanak Dev; 2. Anqad (1504-1552);
3. Amar Das (1479-1574); 4. Ram Das (1534-1581); 5. Arcan (1563-1606); 6.
Harqobind (1595-1644); 7. Har Ray (1630-1661); 8. Har Krişan (1656-1664); 9.
Teqh Bahadur (1621-1675); 10. Qobind Sinqh (1666-1708).
Bu qurular silsiləsi onuncu quru Qobind Sinqhin ölümü ilə sona yetmişdir.
Belə ki, onuncu quru vəfatından öncə elan etmişdir ki, ondan sonra siqhlərin
müqəddəs kitabı
“Adi Qranth”
son və əbədi quru olacaqdır.
Qobind Sinqh haqqında danışarkən qeyd etmək lazımdır ki, bu onuncu
quru siqh icmasının hərbi cəhətdən güclənməsi işində böyük rol oynamışdır. O,
13 aprel 1699-cu ildə siqhlərin “Xalsa” (“Pakların təriqəti”) adlı hərbi təşkilatını
qurmuşdur. İndiyədək mövcud olan bu hərbi qardaşlığa daxil olmaq üçün siqhlər
“amrit sançar”
(“nektarın qəbulu”) adlanan xüsusi mərasimdən keçməlidirlər.
Bu mərasim bitdikdə siqh ömrünün sonunadək özündə beş əlamət daşımağa
başlayır: 1. Qırxılmamış saçlar; 2. Taxta daraq; 3. Polad və ya dəmir qolbaq; 4.
Xəncər və ya qılınc; 5. “Kaççera” adlanan xüsusi alt paltarı.
Bununla yanaşı, “Xalsa” qardaşlığının üzvləri üç prinsipi yerinə
yetirməlidirlər (daim Tanrını xatırlamalı, insanlığa xidmət göstərərək ümumi
bərabərlik prinsipinə riayət etməlidirlər). Eyni zamanda, bu təşkilatın üzvləri dörd
əhd-peymana əməl etməlidirlər: saç və saqqallarını qırxmamalı, müsəlmanlar
tərəfindən kəsilmiş əti yeməməli, zinadan uzaq durmalı və tütündən istifadə
etməməlidirlər.
Siqhizmin tarixindən danışarkən bir məqama da toxunmaq lazımdır. Belə
ki, 1716-1849-cu illərdə siqhlərin öz dövləti olmuşdur. Mərkəzi Amritsar və
Lahor şəhərlərində yerləşən siqh dövlətinin varlığına britaniyalı müstəmləkəçilər
son qoymuşdur.
Dini mətn
Siqhlərin müqəddəs kitabının adı
“Adi Qranth”
(pəncab dilində
“İlk kitab” mənasına gəlir.- Red.) və ya
“Quru Qranth Sahib”
dir. Bu kitab
“sadhbhaşa” dilində yazılmışdır. “Sadhbhaşa” - Hind və pəncab dillərinin, eləcə
də Hindistanın bəzi yerli dialektlərinin sintezindən yaranmışdır.
“Adi Qranth” 1469-1708-ci illərdə yazılmışdır. Siqhlərin
inancına görə, onların müqəddəs kitabı Siqhizmin on qurunun canlı
MULTİKULTURALİZMƏ GİRİŞ
188
mücəssəməsidir. Bu müqəddəs kitaba yeddi qurunun - Nanak, Anqad,
Amar Das, Ram Das, Arcan, Teqh Bahadur və Qobind Sinqhin
əsərləri, eləcə də sufi şeyxi Fəriduddinin, həmçinin bxakti hərəkatının
ardıcılları olan bəzi hinduist şairlərin şerləri daxildir. “Adi Qranth” özündə 6
mindən yuxarı şer ehtiva edir.
İnanc əsasları
Siqhizm – monoteist dindir. Siqhlər qüdrətli, hər şeyi bilən və görən, hər
yerdə mövcud olan, əzəli və əbədi tək Tanrıya iman bəsləyirlər. O, mərhəmət
və məhəbbət yağdırır, nifrət və hər cür qərəzli münasibətdən tamamilə uzaqdır.
Siqhlər inanırlar ki, Tanrı xüsusi ada malik deyildir, çünki heç bir söz və isim
onun həqiqi mahiyyətini ifadə edə bilməz. Lakin onlar ibadət edərkən Tanrıya
“Satnam”
və ya
“Sat Naam”
(“Həqiqi Ad”) deyə müraciət edirlər. Siqhlərin
inancına görə, Tanrının iki aspekti mövcuddur:
Nirqun
(sifət və xüsusiyyətləri
olmayan) və
Sarqun
(sifət və xüsusiyyətləri olan). Nirqun - Tanrının külli-aləm
xəlq edilməmişdən öncə öz-özlüyündə mövcud olan Mütləq Varlıq olması
mənasına gəlir. Sarqun isə Tanrının xilqətdən sonra kainatın hər zərrəsində, o
cümlədən hər insanın daxilində məhəbbət və mərhəmət şəklində mövcud olması
deməkdir.
Ruhun bir bədəndən digərinə köçməsinə inanan siqhlər hesab edirlər ki,
insan bu təkrarlanan ölüm və doğulma zəncirindən xilas ola bilər. Buna nail
olmaq üçün bəşər övladı öz eqoizmindən əl çəkməli, bütün fikrini Tanrı üzərində
cəmləməli, siqd ürəklə Yaradanı sevməlidir. Məhz Tanrıya məhəbbət Siqhizmdə
ən fəzilətli əməl sayılır. Siqhlərin inancına görə, yalnız Tanrıya məhəbbət
sayəsində insanın ruhu ölümdən sonra sonsuz reinkarnasiya zəncirindən xilas
olacaq və Xaliqə qovuşacaqdır. Burada qeyd etmək lazımdır ki, siqhlər cənnətə,
cəhənnəmə, insanın axirətdə günahlarına görə cəza almasına, Hinduizmin inanc
əsaslarında mərkəzi yer tutan karmaya inanmırlar. Onlara görə, bu tip inanclar
insanlarla manipulyasiya etmək üçün uydurulmuşdur.
Siqhizmin etiqad prinsiplərinə əsasən, bütün insanlar azad iradəyə sahibdir
və Tanrı qarşısında bərabərdir. Eyni zamanda, siqhlər zahidlik və rahiblik
həyatını tənqid atəşinə tutur, Tanrı ilə insan arasında heç kəsin və heç nəyin
vasitəçi ola bilməyəcəyini ifadə edir, ruhani institutu qəbul etmirlər.
189
MİLLİ DİNLƏR
Dini ayinlər
Siqhizmə görə, insan yalnız tək Tanrıya üz tutmalıdır. Bu dində başqa
tanrılara, ruhlara və digər fövqəltəbii qüvvələrə sitayiş etmək qadağandır.
Əslində, Siqhizmdə dini ayin və mərasimlər heç bir əhəmiyyət daşımır. Quru
Nanak Dev qeyd edirdi ki, zəvvarlıq, orucluq, su ilə paklanmaq və özünü
intizama salmaq - ayinlər, dini mərasimlər və ya boş ibadətlər kimi faydasızdır.
Siqhizmdə Tanrı ilə ünsiyyətdə dini ayin və mərasimlər əhəmiyyətsiz
sayılsa da, zaman keçdikcə bu dində də müəyyən rituallar formalaşdır. Siqhlər
hesab edirlər ki, dini şəkilçiliklə, zahiri ibadətlərlə Tanrının razılığını qazanmaq
mümkün deyildir. Mütləq Varlığa yalnız meditasiya, yəni fikrini cəmləşdirərək
daim Tanrı haqqında düşünmək, ürəyində davamlı onun adını zikr etmək yolu
ilə qovuşmaq mümkündür. Bu gündəlik meditasiya “nam-smrana” və “nam-ca-
pan” adlanır.
Siqhlər ayin və mərasimlərin dini cəhətdən əhəmiyyətini inkar etsələr də,
onları sosial baxımdan, yəni insanlar arasında həmrəyliyin yaradılması nöqteyi-
nəzərindən faydalı sayırlar.
Qeyd etmək lazımdır ki, siqhlərdə dini və ictimai həyatın mərkəzləri
“
qurdvara”
adlanır. Bu məbədlər adətən siqhlər üçün müqəddəs sayılan
“Qızıl Məbəd” (“Harimandir”).
MULTİKULTURALİZMƏ GİRİŞ
190
yerlərdə, on qurunun həyat və fəaliyyətləri ilə bağlı məkanlarda ucaldılıb. Hər
“qurdvara”
da siqhlərin müqəddəs kitabı “Adi Qranth” yerləşdirilir. Siqhlər
onun ətrafında toplaşaraq meditasiya edirlər. Həmçinin siqhlər Hinduizmin
ardıcılları kimi ölülərini yandırırlar.
“Qızıl Məbəd” (“Harimandir”) və ya “Darbar Sahib” (“Tanrının Evi”)
siqhlərin baş məbədi sayılır. 1588-ci ildə Quru Arcun tərəfindən tikilən bu
məbəd Hindistanın Pəncab ştatının Amritsar şəhərində yerləşir.
Dostları ilə paylaş: |