Məhsulun yığılması. Yığımın müddəti və üsulu məhsulun həcmindən (miqdarı) və
keyfiyyətindən asılıdır. Dənli bitkilər istehsalında məhsul yığımı ən məsul, böyük diqqət və gərgin
əmək tələb edən prosesdir. Bu dövrdə ən mühüm məsələ məhsulu vaxtında və itkisiz yığmaqdır.
Taxıl biçininin 10-15 gün gecikdirilməsi 23-27% məhsul itkisi deməkdir. Payızlıq buğda birfazalı
(kombaynla birbaşa) və ikifazalı (hissə-hissə) üsulla yığılır. Yığıma tam yetişkənlik fazasında
başlanılır.
Küləşin biçilməsinə dəndə nəmlik 35%-ə endikdə başlamaq olar. Yəni 35% nəmlikdə taxıl
hissə-hissə yığılır: Küləş əvvəlcə taxıl biçən maşınla (JVN-6A, JVR-10, JRB-4,2) biçilir, kütlə
quruduqdan sonra (aran rayonlarında 3-4, dağ rayonlarında 5-7 gün) biçilmiş taxıl xüsusi aqreqatla
təchiz edilmiş CK-5, «Niva» və ya «Kolos», yaxud yeni kombaynlarla döyülür. Biçin zamanı
kəsimin hündürlüyü torpaq səthindən 10-20 sm, alçaq boylu və yatmış taxıllar üçün 10 sm-dən az,
uzun küləşli və yatmış taxıllar üçün isə 15-20 sm həddində müəyyən edilir.
Hissə-hissə yığım məhsul yığımının tez başlanmasına, tökülmənin (dən itkisinin) qarşısının
alınmasına və quru dən əldə edilməsinə imkan verir, toxumluq materialın və satışa yararlı dənin
qurudulması və təmizlənməsi işinin həcmini əhəmiyyətli dərəcədə azaldır. Eyni zamanda payızlıq
buğdanın yığımı ilə yanaşı vaxtlı-vaxtında kövşənliyin üzlənməsi və payız şumunun qaldırılması
üçün küləşin də sahədən çıxarılması zəruridir. Küləş bütöv (tam), kip bağlanmış (
pres ) və
xırdalanmış halda yığılır.
Nəmlik dəndə 17-18% olduqda taxılı birbaşa kombaynla yığmaq olar. Böyük sahələrdə hər iki
üsul əlaqələndirilərək tətbiq olunmalıdır. Birbaşa yığım mum yetişkənlik fazasının sonunda aparılır.
Bunun üçün bitkinin sünbüllü gövdəsi eozin məhlulunda 3 saat saxlanılır. Əgər sünbül rəngini
dəyişmirsə yığım aparmaq olar, sünbül qızarırsa deməli, bu süd yetişkənlik fazasıdır. Yığım
gecikdirildikdə tənəffüsün hesabına dəndə quru maddənin miqdarı azalır. Çox alaqlanmış, yatmış
taxıl və şoran torpaqlarda inkişafı qeyri bərabər olan sahələrdə də taxıl hissə-hissə üsulla
yığılmalıdır.
Yığılmış taxıl məhsulu xırmana daşınır, nisbətən qurudulur, təmizlənir və 12-13% nəmlikdə
anbar şəraitində saxlanılır.