Növbəli əkində yeri. Yemçilik növbəli əkinlərində gülül digər bitkilər üçün yaxşı sələfdir.
Gülül + vələmir qarışığından sonra tarla alaq otlarında təmiz qalır və torpaq azotla zənginləşir.
Gülül payızlıq dənli bitkilər və yazlıq cərgəarası becərilən bitkilərdən sonra əkildikdə daha
yaxşı nəticə verir. Köklərində yaşayan fır bakteriyalarının hesabına torpağı azotla zənginləşdirir.
Buna görə də əlverişli sələf hesab olunur.
Gülüldən sonra növbələnmiş pambıq əkinlərində məhsuldarlıq hektardan 2-3 sentner artır.
Qarğıdalı bitkisinin də hektardan yaşıl kütlə və dən məhsuldarlığı gülüldən sonra xeyli artır.
Torpağın becərilməsi. Gülül və onun digər bitkilərlə qarışıq əkinləri üçün torpağın
becərilməsi yazlıq bitkilərdə olduğu kimidir. Sələf bitkisindən sonra sahə üzlənir, sonra ön
kotancıqlı kotanla 20-25 sm dərinliyində şum qaldırılır. Yazlıq səpinlər üçün nəzərdə tutulmuş
sahələr payızdan dondurma şumu edilməlidir. Yazda malalama aparılır, kultivasiya çəkilərək
yenidən malalanır.
Gübrələmə. Yazlıq gülül becərilən bütün bölgələrdə üzvi gübrə verildikdə ot məhsuldarlığı
kəskin artır. Gülül və vələmir-gülül qarışığı fosfor və kalium gübrələrinə yaxşı reaksiya göstərir.
Fosfor gübrəsini sahəyə hissə-hissə verdikdə (dondurma şumu altına, səpinqabağı və vegetasiya
müddətində) bitkinin quru ot məhsuldarlığı hektardan 8-10 sentner artır. Fosfor fır bakteriyalarının
fəaliyyətini artırır və azotun mənimsənilməsini sürətləndirir.
Molibden gübrəsinin tətbiq olunması yazlıq gülülün ot məhsuldarlığını əhəmiyyətli dərəcədə
artırır. Gübrə verən zaman gülülün yerüstü kütləsində proteinin miqdarı artır.
Səpin. Səpinə yaxşı hazırlanmış sahə üçün tarla cücərmə qabiliyyəti 95% olan toxumlar
götürülməlidir. Yaxşı olar ki, toxumun təmizliyi 98%-dən aşağı olmasın. Səpin üçün iri toxumlar
seçilməlidir. Səpindən qabaq toxumlar rizotorfin (nitragin) preparatı və molibdenlə işlənilməlidir.
Səpin cərgəvi üsulla aparılır. Cərgə araları 7,5; 15; 30 sm götürülür. Səpin norması hektara
70-100 kq olmalıdır. Vələmir və çovdarla qarışıq əkildikdə toxum normalarının nisbətindən asılı
olaraq yemdə proteinin miqdarı dəyişir.
Gülülün toxum normasının proteinin miqdarı
Vələmir toxumuna nisbəti sen./ha
1:1
3,75
2:1
5,32
3:1
5,76
Yüksək yem vahidi əldə etmək üçün gülülün toxum norması vələmirə nisbətən daha çox
olmalıdır.
Gülül əkinləri o qədər də güclü qulluq tələb etmir. Gülülün qarışıq əkinləri alaq otlarını yaxşı
məhv edir.
Ən çox yayılmış zərərvericiləri yonca sovkası, noxud mənənəsi, çəmən kəpənəyi, yonca uzun
burunu və s.-dir. Mübarizə məqsədilə kimyəvi preparatlardan istifadə olunur.
Xəstəliklərdən ən çox pas, unlu şeh, bakterioz, askaxitoz, pernosporioz və s.-dir. Mübarizə
tədbiri yonca bitkisində olduğu kimidir.