23.4. Çətənə Əhəmiyyəti, tarixi, yayılması və məhsuldarlığı. Çətənə iki qiymətli məhsul - toxum və lif
verən vacib bitkidir. Onun gövdəsindən alının lif (27%) yüksək möhkəmliy, çürüməyə qarşı
davamlığı ilə fərqlənir. Ondan kəndir, ip, parça, yoğun kəndir (kanat) və digər məmulatlar
hazırlanır. Ona görə də xalq təsərrüfatında təbii çətənə lifinə tələbat ilbəil artır. Çətənənin qısa lifləri
yaxşı tıxaclayıcı (sanitar texnik işlərdə) materialıdır. Cırbit (kətan darandıqdan sonra qalan qabıq, lif
və daraqağzı) plastmas, kağız və digər materialların hazırlanmasında istifadə olunur.
Çətənə toxumunun tərkibində 30-35% tez quruyan yağ, eləcə də 18-25% zülal, 15% sellüloza
və 4-5% kül elementləri var. Dad keyfiyyətinə görə çətənə yağı əla növ ərzaq yağlarına yaxındır.
Ondan qənnadı sənayesində, konserv istehsalında, həmçinin əla növ əlif yağı və yağlı boya (rəng)
hazırlanmasında geniş istifadə olunur. 100 kq toxumdan 1 kq-da 280 qram protein olan 65 kq çətənə
jmıxı almaq mümkündür.
Toxumu bir çox quş növləri üçün qiymətli yemdir. Eləcə də tərkibində 30% zülal və 10% yağ
olan jmıxı kənd təsərrüfatı heyvanları üçün konsentratlı yemdir.
Çətənə yüksək gəlirli bitkidir, əkin sahəsinin strukturunda 3-5% təşkil etdikdə bitkiçilik
sahəsindən əldə edilən gəlirin 40%-dən çoxu onun payına düşür.
Çətənə çox qədim dövrlərdən becərilən bitkidir. Vətəni Mərkəzi Asiyadır. Rusiya ərazisində
IX əsrdən becərilir. Avropa ölkələrində XVI əsrdən becərilməyə başlanılıb. Onun haqqında ilk
yazılar bizim eradan 800-900 il əvvəl Hind ədəbiyyatlarında qeyd edilmişdir.
Çətənə mədəni halda əsasən Hindistan, Rusiya və Qərbi Avropa ölkələrində becərilir.
Monqolustan, Hindistan, Pakistan, Çin, Əfqanıstan və Azərbaycanda yabanı halda bitir.
Alaq çətənəsi yazlıq bitkilərin alağı kimi Orta Asiyada, Rusiya ərazisində və Azərbaycanda
rast gəlir.
Məhsuldarlığı (lif) orta hesabla hektardan 0,7-1,2 ton və daha artıq olur.