Növbəli əkində yeri. Çətənənin növbəli əkində bitkinin tələbatını nəzərə almaqla
yerləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Çətənə sələflərdən, daha çox payızlıq taxıllar, başdan-
başa becərilən bitkilər və çoxillik otlardan sonra yerləşdirilir.
Təsərrüfatın konkret təbii-iqtisadi şəraiti və tarla bitkilərinin bioloji xüsusiyyətləri nəzərə
alınmaqla, bitkilərin növbələndirilməsi və quruluşu növbəli əkin tarlalarının sayını müəyyən edilir.
Torpağın becərilməsi. Çətənə dənli taxıl və dənli-paxlalı bitkilərdən sonra becərildikdə diskli
kultivatorlarla 6-8 sm dərinliyində üzləmə aparılır. Üzvi və mineral gübrələr verilərək 25-27 sm
dərinliyində ön kotancıqlı kotanla şum qaldırılır.
Əgər çətənənin sələfi başdan-başa becərilən bitkidirsə və çoxillik alaqlardan tarla təmizdirsə
şum əvəzinə torpaq üzdən (səthi) 10-12 sm dərinliyində becərilir.
Çay vadilərinə gətirilmiş torpaqlarda çətənə əkilərsə payızda becərmə aparılmır. Yaz
becərmələri torpağın 10-12 sm dərinliyində disklənməsi və eyni vaxtda malalanmasından ibarətdir.
Gübrələmə. Çətənə bir sentner lif əmələ gətirmək üçün torpaqdan 2 kq azot, 0,6 kq fosfor və
1 kq kalium elementi aparır. Çətənə daha intensiv boy atma dövründə, qönçələmədən çiçəkləməyə
qədər azot və kaliumun təxminən ¾ hissəsini tələb edir. Fosfor bütün vegetasiya ərzində eyni
bərabərdə mənimsənilir.
Üzvi və mineral gübrələrin verilməsinə çətənə yaxşı reaksiya göstərir. Onun üçün ən yaxşı
üzvi gübrə peyindir.
Peyin payızda əsas şum altına yaxud erkən yazda pərşum altına verilir. Torpaq münbitliyindən
asılı olaraq hektara peyin norması 30-40 ton, münbitliyi zəif olan torpaqlarda isə 60 tondur.
Çətənə mineral gübrələrin verilməsinə yaxşı reaksiya göstərir. Hektara azot 130-150, fosfor və
kalium 130 kq verilməsi məsləhət görülür. Yüksək keyfiyyətli lif məhsulu əldə etmək üçün eləcə də
hektara 5-6 kq mis və 1,2-1,5 kq bor gübrəsi verilir.
Çətənə fosforun çətin həll olan birləşmələrinin yaxşı mənimsəyir, ona görə də turşuluğu
yüksək olan və qələviləşmiş qara torpaqlarda fosforit ununun tətbiqi məqsədə uyğundur. Azot
gübrəsi yazda səpinqabağı verilir. Yazda səpinlə birlikdə hektara 50 kq dənəvərləşdirilmiş
superfosfatın verilməsi yaxşı nəticə verir.