Pedaqoji proseslər silsilə xarakteri daşıyır. Bütün pedaqoji proseslərin inkişafında eyni mərhələlər nəzərə çarpır. Mərhələlər prosesin tərkib hissələri deyil, onun inkişaf ardıcıllığıdır. Pedaqoji prosesin üç başlıca mərhələsi – hazırlıq, əsas, yekun mərhələləri vardır.
Pedaqoji prosesin hazırlıq mərhələsində prosesin nəzərdə tutulmuş istiqamətdə və sürətlə baş verməsi üçün zəruri şərait yaradılır. Bu mərhələdə aşağıdakı mühüm vəzifələr həll olunur: qarşıya məqsədin qoyulması, şəraitin diaqnostikası, nailiyyətlərin proqnozlaşdırılması, prosesin inkişafının planlaşdırılması və s.
Məqsədin müəyyənləşdirilməsi və əsaslandırılması təhsil sisteminin qarşısında duran ümumi pedaqoji məqsədi konkret vəzifələrə çevirmək deməkdir. Buna pedaqoji prosesin müəyyən kəsiyində və konkret şəraitində nail olunur. Məqsəd pedaqoji prosesin konkret sistemi ilə bağlıdır. Pedaqoji prosesin bu mərhələsində ümumi pedaqoji məktəbin tələbləri ilə tədris müəssisələrinin, şagird kontingentinin konkret imkanları arasında ziddiyyətləri aşkara çıxarılır və planlaşdırılan prosesdə həmin ziddiyyətlərin həlli yolları nəzərdə tutulur. Pedaqoji prosesin əsas məqsədini və vəzifələrini diaqnostikasız müəyyən etmək mümkün deyil.
Pedaqoji diaqnostika pedaqoji prosesin baş verəcəyi şərtləri və şəraiti aydınlaşdırmaq istiqamətində aparılan tədqiqatdır. Onun başlıca məqsədi nəzərdə tutulan nəticələrə nail olmağa kömək və ya mane ola biləcək səbəblər haqqında aydın təsəvvür əldə etməkdir. Diaqnostika prosesində pedaqoq və şagirdlərin real imkanları, onların əvvəlki hazırlıq səviyyəsi, prosesin baş verdiyi şərait, bir çox digər vacib şərtlər haqqında lazım olan bütün informasiyalar toplanılır. Bundan sonra pedaqoji prosesin gedişi və nəticələri proqnozlaşdırılır.
Proqnozlaşdırmanın mahiyyəti ondan ibarətdir ki, burada proses başlamazdan qabaq mövcud konkret şəraitdə əldə ediləcək mümkün nəticələrə ilkin qiymət verilir. Proqnozlaşdırma mürəkkəb metodikalarla həyata keçirilir. Pedaqoqlar pedaqoji prosesin az səmərəli olacağını və ya arzuolunmaz nəticələrə gətirib çıxaracağını gözləmədən onun planlaşdırılmasına və gedişinə fəal müdaxilə etmək imkanı qazanırlar .
Pedaqoji prosesin əsas mərhələləri qarşılıqlı əlaqəli, mühüm elementləri özündə birləşdirir. Bu mərhələ özlüyündə digər sistemlərdən nisbi təcrid olunmuş bir sistemdir. Onun aşağıdakı elementləri vardır: qarşıdakı fəaliyyətin məqsəd və vəzifələrinin müəyyən olunması və izah edilməsi; pedaqoqlarla şagirdlərin qarşılıqlı təsiri; pedaqoji prosesin nəzərdə tutulmuş metodları; vəzifələri və formaları; əlverişli şəraitin yaradılması; məktəblilərin fəaliyyətini stimullaşdırmaq üçün müxtəlif tədbirləri həyata keçirmək; pedaqoji prosesin digər proseslərlə əlaqəsini təmin etmək.
Pedaqoji prosesin səmərəliliyi bu elementlərin bir-birilə məqsədyönlü əlaqəsindən, onların istiqamətinin və praktik həyata keçirilməsinin ümumi məqsədə və bir-birinə zidd olmamasından asılıdır. Pedaqoji prosesin həyata keçirilmə mərhələsində onun idarə edilməsi ilə bağlı operativ qərarlar qəbul etmək üçün əks əlaqənin mühüm rolu vardır. Əks əlaqə prosesi keyfiyyətlə idarə etmək üçün əsasdır.
Bununla əlaqədar qeyd etmək lazımdır ki, pedaqoji proses sistemi xeyli dərəcədə özünü tənzimləyən sistemdir, çünki orada iştirak edən insanlar öz iradəsinə və sərbəst seçmə imkanına malikdirlər. Pedaqoji prosesin gedişində operativ əks əlaqənin yaradılması qarşılıqlı təsirdə vaxtında düzəlişlər aparmağa kömək edir.
Pedaqoji prosesin yekun mərhələsi alınan nəticələrin təhlili ilə başa çatır. Təhlil edən zaman pedaqoq buraxılan səhvlərdən həm nəticə çıxarır, həm öyrənir və həm də inkişaf edir. Ona görə də ciddi təhlil və özünütəhlil pedaqoji ustalığın yüksəldilməsinin ən mühüm şərtidir. Pedaqoji prosesin gedişi və nəticələri proqnozlara uyğun gəlmirsə, onda səhvin harada, necə və nə üçün buraxıldığını müəy-yən etmək lazımdır. Praktika göstərir ki, pedaqoq prosesin diaq-nos-tikasını və proqnozunu nəzərə almayanda daha çox səhv buraxır. Belə proses şagirdlərin vaxtını almaq, marağını itirməkdən başqa heç bir şey vermir. dövlət sənədləri və s.
Pedaqoji proses əvvəlcədən müəyyən olunmuş nəticələri əldə etmək üçün müəllimlərin əlaqələndirici, istiqamətverici, məsləhətci, şagirdlərin isə tədqiqatçı, təcrübəçi, yaradıcı subyektlər kimi qarşılıqlı əməkdaşlıq fəaliyyətləri əsasında aşağıdakı prinsiplər nəzərə alınmaqla qurulur:
pedaqoji prosesin tamlığı - pedaqoji prosesdə təlim məqsədləri kompleks (inkişafetdirici, öyrədici, tərbiyəedici) həyata keçirilir, real nəticələrlə yekunlaşan müəllim və şagird fəaliyyətini əhatə edir;
təlimdə bərabər imkanların yaradılması - bütün şagirdlərə eyni təlim şəraiti yaradılır və pedaqoji proses onların potensial imkanları nəzərə alınmaqla tənzimlənir;
şagirdyönümlülük - şagird pedaqoji prosesin mərkəzində dayanır. Bütün tədris və təlim işi şagirdlərin maraq və tələbatlarının ödənilməsinə, onların istedad və qabiliyyətlərinin, potensial imkanlarının inkişafına yönəldilir;
inkişafyönümlülük - şagirdlərin idrak fəallığı izlənilir, nailiyyətləri təhlil edilir, bilik, baçarıq və vərdişlərinin inkişaf səviyyəsi tənzimlənir;
fəaliyyətin stimullaşdırılması - pedaqoji prosesin səmərəli və effektiv qurulması, şagirdlərin təlimə marağının artırılması üçün onların fəaliyyətindəki bütün irəliləyişlər qeyd olunur və dəyərləndirilir, nəticə etibarı ilə şagirdlərin daha uğurlu təlim nəticələrinə istiqamətləndirilməsi təmin olunur;
dəstəkləyici mühitin yaradılması - pedaqoji prosesin münasib maddi-texniki baza əsasında və sağlam mənəvi-psixoloji mühitdə təşkil edilməsi keyfiyyətin və səmərəliliyin yüksəldilməsi üçün əlverişli və təhlükəsiz təlim şəraiti yaradır.
Pedaqoji proses, yəni – təlim, tərbiyə, təhsil və inkişaf prosesi biliyinbaşlıca mənbəyidir. Pedaqogika elmi son illərdə xeyli inkişaf etmişdir. Onun özünün bir sıra sahələri meydana çıxmışdır. Bunlar hamısı birlikdə pedaqoji elmin sistemini təşkil edir. Pedaqogika elminin sahələri əsas aşağıdakılardır:
1.Körpəlik pedaqogikası – 3 yaşınadək olan uşaqların fiziki və psixoloji inkişafına qayğı və diqqət məsələləri.
2.Məktəbəqədər tərbiyə pedaqogikası: - Bağca yaşlı uşaqların tərbiyəsi, təlimi və psixoloji inkişafı məsələlərini tədqiq edir.
3.Məktəb pedaqogikası.
4.Texniki peşə məktəbi pedaqogikası
5.Orta ixtisas məktəbi pedaqogikası
6.Xüsusi pedaqogika: - görmə, eşitmə və nitq orqanlarında ciddi qüsurları, habelə psixikasında müəyyən pozuntuları olan uşaqların təlim, tərbiyə, təhsil problemlərini öyrənir. Xüsusi pedaqogika özü bir neçə şaxəyə ayrılır: Kar və lal uşaqların təlim, tərbiyə və təhsili ilə - Surdo pedaqogika, kor uşaqlarla – tiflopedaqogika, əqli cəhətdən cəhətdən geridə qalan uşaqları – oliqofrenapedaqogika öyrənir.
7.Ali məktəb pedaqogikası
8.Hərbi pedaqogika
9.Əmək islah pedaqogikası: - Hüquq qaydalarını pozan şəxslərin saxlandığı yerlərdə gənclərin təlim, tərbiyə, təhsil və psixoloji inkişaf problemlərini tədqiq edir.
10.İstehsalat pedaqogikası
11.Mədəni – maarif işi pedaqogikası
12.Fənlərin tədrisi metodikası
13.Pedaqogika tarixi
14.Ailə pedaqogikası
15.Azərbaycan Xalq pedaqogikası
16.Milli pedaqogika və s.
Pedaqogika elmi bir sıra elmlərlə fəlsəfə fizilologiya ilə psixologiya, etika, estetika və s. ilə sıx əlaqəlidir.Pedaqoji tədqiqat üsulları əsas aşağıdakılardır:
1.Nəzəri tədqiqat üsulları – təhlil, tərkib onların vəhdəti və b.
2.Praktik Tədqiqat üsulları – müşahidə, müsahibə, anketləşdirmə, fəaliyyət məhsullarının öyrənilməsi, məktəb sənədlərinin öyrənilməsi və b.
3.Eksperimental tədqiqat üsulları.
4.Tarixi müqayisəli tədqiqat üsulları.
5.Pedaqoji tədqiqatda riyazi üsullar – qeydə alma, nizamlama, qiymətləndirmə
Dostları ilə paylaş: |