5.Tərbiyədə nikbinlik prinsipi.Bu prinsip pedaqoji ədəbiyyatda “Müsbətə istinad etmə prinsipi”də adlanır. Nikbinlik prinsipinin tələbinə görə, müəllim-tərbiyəçi tərbiyə prosesində öz işini uşaqda müəyyən etdiyi müsbət keyfiyyətlərə əsaslanaraq qurmalıdır.Nikbinlik prinsipinin qaydaları
tərbiyə prosesində müəllimlə şagirdlər arasında münaqişə, qarşıdurma, öcəşmə və kəskin mövqe ziddiyyəti olmamalıdır. Müsbət nəticələr yalnız səbr və dözümlü əməkdaşlıq nəticəsində əldə edilə bilər;
uşaqların davranışında mənfi cəhətləri axtarmaq yox, əksinə, kiçik də olsa, müsbət keyfiyyətləri görə bilmək, müsbəti inkişaf etdirməklə mənfi keyfiyyətləri yox edə bilmək pedaqoji ustalıq sayılır;
uşağın tərbiyəsindəki, davranışındakı çatışmazlıqları hər an onun üzünə vurmaq, həm də bunu başqalarının yanında etmək heç bir səmərə vermir. Bu iş daha çox fərdi aparılmalıdır;
“nadinc” hesab edilən uşağın kiçicik müsbət hərəkətini belə gözdən qaçırmayaraq, bu hərəkətə görə onu tərifləmək, rəğbətlənddirmək, alqışlamaq lazımdır;
uşaqları öz müvəffəqiyyətləri ilə fəxr etməyə, müsbət hərəkətlərindən ləzzət almağa alışdırmaq lazımdır.