Biliklərin möhkəmləndirilməsi prinsipi. Bu prinsip tələb edir ki, öyrənilmiş material uzun müddət yadda qalsın, vaxtında və yerində istifadə edilə bilsin. Biliklərin möhkəmləndirilməsi prinsipinin əsaslandığı qanunauyğunluqlar: - unudulmanın qarşısı alındıqda, vaxtaşırı şüurlu təkrar təşkil olunduqda, eyni bilikdən müxtəlif şəraitdə istifadə edildikdə, biliyin həyat üçün əhəmiyyəti başa düşüldükdə şagirdlərin bilik və bacarıqlarının ömrü artır; - biliklərin möhkəmləndirilməsi təlimin təşkilindən, müxtəlif təlim növləri və metodlarından istifadədən, həmçinin öyrənməyə ayrılmış vaxtdan asılıdır; - təlim materialı maraqlı və cəlbedici olduqca, yaddasaxlamanın müddəti də çox olur.