Pəhləvİ rejİmİnİn assİmİlyasİya sİyasətİ və ona müqavİmət Bakı- 2013 I hİssə Türklüyün məzlum millətə çevrilməsi



Yüklə 426 Kb.
səhifə5/7
tarix10.01.2022
ölçüsü426 Kb.
#108068
1   2   3   4   5   6   7
III HİSSƏ
Ölkə sənayesinin başqa vacib sahəsi – mədən sənayesi (neft və təbii qaz istisna edilməklə) inkişafının zəifliyi ilə xarakterizə olunurdu. 70-ci illərdə metallurgiya sənayesinin yaranması, sənaye və mülki tikintinin genişlənməsi, eləcə də valyuta axınının böyüməsində dövlətin marağının artması belə mədən sənayesinin inkişafına stimullaşdırıcı təsir edə bilmədi. Halbuki ölkənin bir sıra bölgələri kimi Azərbaycan da faydalı qazıntılarla zəngin idi və mədən sənayesinin inkişafı üçün əlverişli şəraitə malik idi. Bu milli bölgədə geoloji-kəşfiyyat işlərinin məhdud aparılmasına axmayaraq, bəlli ki, Azərbaycanda faydalı qazıntıların zəngin yataqları var. Hər şeydən öncə, bu, bol neft və təbii qaz yataqlarına aiddir. 1965-ci ilin 7 iyun tarixli Ettelaat qəzeti yazırdı ki, Təbrizin mərkəzində su quyusu qazılan vaxt neft fontan vurub. Azərbaycanda neft və qazın sənaye ehtiyatlarının olması haqqında başqa məlumatlar da var. Neft və qazın kompleks geokəşfiyyat işləri (Pakistan və Türkiyənin iştirakı ilə) bu məlumatları təsdiqlədi. Muğan düzündə, ətraf bölgələrdə bol neft və qaz yataqları aşkar edildi. Geoloji kəşfiyyat işlərinin uğurla bitməsindən sonra Muğan düzündəki neft və qaz yataqlarının geniş istismarı nəzərdə tutulmuşdu. 1967-ci ilin 16 mart tarixli Keyhan qəzeti bildirirdi ki, ixrac məqsədi ilə Türkiyədən keçməklə Aralıq dənizinə qədər neft kəmərinin çəkilməsi planlaşdırılmışdır. Oradan isə nefti Avropaya çıxarmaq məqsədi güdülürdü. Ancaq sonralar kəşfiyyat quyuları bağlandı, Muğan nefti və qazı istifadə olunmamış qaldı. 1966-cı ildə Sovet tərəfi danışıqlar zamanı (hər iki tərəf üçün iqtisadi mənfəətlə əsaslandırılaraq) Azərbaycan yataqlarındakı neft və qazı çıxartmaq və Sovet İttifaqına ötürmək məqsədilə işə başlamaq təflifi vermişdi. Ancaq İran tərəfi həmin yataqların toxunulmaz ehtiyat sayıldığını səbəb göstərərək bu təkliflə razılaşmadı. Xuzistandan Sovet Ottifaqına qaz kəmərinin çəkilişi sahəsində də İran tərəfi eyni xətti tutdu. Nəticədə qaz kəməri ən qısa marşrutla (Azərbaycandan) deyil, Tehran və Gilandan keçməklə Astaraya çəkildi.[1]

Bol daş kömür hövzələri (Xalxal, Astara, marağa, Zəncan və b.) və dəmir filizi yataqları (Zəncan, Əhər, Həsənabad, Qaradağ və b.) da kəşf edilmişdir.[2] Əhər, Zəncan və Qaradağ bölgələrində tapılan mis yataqlarının böyük ümum-İran əhəmiyyəti var idi. Bu bölgədə həmçinin alüminium, xromit, marqanes, kobalt, nikel, qiymətli metallar , fosfat və s. Var. 70-ci illərdə uran filizinin kəşfi (xarici şirkətlərlə birlikdə) göstərdi ki, Azərbaycanda onun böyük ehtiyatları var.[3]

Mineral sular, eləcə də Urmu gölünün tərkibində böyük miqdarda yod olan suyu təsərrüfat və tibbi əhəmiyyətə malikdir. Beləliklə, Azərbaycan mədən sənayesinin istehsal həcmini artırmaq, eləcə də onun sahə strukturunun genişləndirilməsi üçün əsas ola biləcək faydalı qazıntılarla zəngindir. Bu sahələrdən bir çoxu ixrac sahəsinə çevrilə bilərdi.

Mədən sənayesi müəssisələrinin sayının artmasına baxmayaraq, onun məhsulları əsasən kommunal tikintidə istifadə olunmaqda idi. Belə ki, Azərbaycan mədən sənayesinin 19 müəssisəsindən (ölkənin 306 “iri” uyğun müəssisəsindən 6,2%-i) 1963-cü ildə yalnız Marağa yaxınlığındakı daş kömür mədəni, Əhər və Zəncan yaxınlığındakı mis yatağı sənaye məqsədilə istismar edilirdi.[4] Doğu və Batı Azərbaycan ostanlarındakı mədənlərin ümumi sayı isə 68-ə çatırdı (bu, ölkənin 1024 mədəninin 8,6%-i idi).[5] Rəsmi məlumatlara görə, 1976/77-ci ildə Doğu Azərbaycan ostanında artıq 70 mədən sənayesi müəssisəsi var idi. Onlardan 58-i “yerüstü” mədən idi. Bu mədənlərin məhsullarının böyük əksəriyyəti tikinti-kommunal işlərdə istifadə edilirdi. 1975/76-cı ildə Batı Azərbaycan ostanında isə uyğun olaraq bu göstəricilər 24 və 16 idi. Zəncan ostanında yalnız bir mədən fəaliyyətdə idi.[6] Müqayisə üçün göstərək ki, hələ 1970/71-ci ildə bütün ölkədə 1102 mədən vardı, 76 mədəndə daş kömür çıxarılır, 18-də dəmir filizi, 101-də qurğuşun, 41-də qurğuşun və sink, 8 mədəndə mis filizi əldə edlirdi.[7]

Beləliklə, 40-70-ci illərdə İranın emal və mədən sənayesində Azərbaycanın xüsusi çəkisi əhəmiyyətsiz dərəcədə kiçik qaldı. Bu, İran əhalisinin ümumi sayında Azərbaycanın xüsusi çəkisi, eləcə də ölkənin əmək qabiliyyətli əhalisinin sayında bu milli bölgənin xüsusi çəkisi ilə uzlaşmırdı. Üstəlik, İran sənayesinə Azərbaycanın xüsusi çəkisi zaman keçdikcə azalmağa meylli olduğunu göstərirdi. 1964/65-ci ildə Azərbaycanın (Zəncansız) emal sənayesi İran emal sənayesinin şərti-təmiz məhsulunun 5,6%-i verirdisə, 1968/69-cu ildə bu göstərici 5%-ə endi.[8]Bu təmayül daha aydın şəkildə müasir iri istehsala münasibətdə müşahidə olunur. Rəsmi göstəricilərə görə, 1972/73-cü ildə İran sənayesinin (neftsiz) əsas sahələrinin məhsul istehsalında Doğu və Batı Azərbaycanın payı yalnız 1,02% idi.[9] Zəncan ostanına gəlincə, burada müasir sənaye ümumiyyətlə mövcud deyildi. 70-ci illərin uyğun göstəriciləri olmadığına görə statistik tutuşdurma aparmaq mümkün deyil. Bununla belə, bu məsələni araşdırmış mütəxəssislərin gəldiyi nəticəyə görə, “İran emal sənayesi 70-ci illərdə regional problemlərin həlli istiqamətində deyil, onun kəskinləşdirilməsi yolu ilə getdi.”[10]

Ölkə sənayesində Azərbaycanın xüsusi çəkisinin azalmasının əsas səbəbləri, bizim fikrimizcə, aşağıdakılardır.

1961/62-ci sənaye sayımına görə, Azərbaycan sənayesində dövlət bölməsi ənənəvi sahələrə (yeyinti və sement) aid 6 xırda müəssisə ilə təmsil olunmuşdu. Bütün İran üzrə isə 1959/60-cı ildə sənayedə dövlət bölməsi 76% idi.[11] Keyhan qəzetinin 24 yanvar 1973-cü il tarixli sayında yazıldığı kimi, 1962-72-ci illər arasında Azərbaycanda dövlət kapital qoyuluşu 11,5 milyard riyal idi. Bu kapital əsasən Təbrizdə maşınqayırma (tikintisinə 4 milyard riyal ayrılmışdı) və traktor (5 milyard riyal) zavodlarının yaradılmasına yönəldilmişdi. Həmin müəssiələrin tikilməsilə 70-ci illərdə dövlət bölməsi öz mövqeyini xeyli gücləndirdi. Ancaq Azərbaycan sənayesində onun payı cüzi olaraq qaldı. Bu, Azərbaycanda dövlət sənaye inşaat işinin məhdud miqyasda olması ilə əlaqədar idi. Fikrimizin təsdiqi üçün qeyd etmək olar ki, üçüncü və dördüncü inkişaf planlarının həyata keçməsi dövründə (......) sənayenin inkişafına dövlətin investisiyası 121,2 milyard riyal idi. Beçinci beşillikdə (.....) isə dövlətin yalnız emal sənayesinə kapital qoyuluşu 177,1 milyard riyal məbləğində nəzərdə tutulmuşdu.[12]

Ölkə sənayesinə kapital qoyuluşunda aparıcı rol özəl bölməyə məxsus idi. 1962-67-ci illərdə özəl bölmənin kapital qoyuluşu 246,1 milyard riyala bərabər idi. Dövlət bütün vasitələrlə özəl kapitalın sahibkarlıq fəallığının artmasını dəstəkləyirdi. Belə ki, özəl bölməyə kapital qoyuluşunu təmin etmək üçün dövlət beşinci beşillikdə özəl bölməyə 100 milyard riyal məbləğində kredit ayırmağı planlaşdırmışdı. Bu, özəl bölmənin bütün kapital qoyuluşunun beşdə birinə bərabər idi.[13] Ancaq Azərbaycan sənayesinə kapital qoyuluşu ölkənin bir çox bölgələri ilə müqayisədə xeyli az idi. 1962-72-ci illərdə Doğu və Batı Azərbaycan ostanlarının iqtisadiyyatına cəmi 6 milyard riyal özəl kapital qoyulmuşdu.[14] Azərbaycanda özəl kapital 70-ci illərdə də passiv qaldı. 1974-cü ilin 16 yanvar tarixli sayında Keyhan qəzeti təsdiq edirdi ki, “ictimai rəyə istənilən müraciət sübut edir ki, az adam Təbrizi özəl kapital qoyuluşu üçün əlverişli sayır. Tehranda, İsfahanda, Əhvazda, Məşhəddə və Şirazda olduğu həcmdə kapital axını Təbrizdə müşahidə edilmir.”

Azərbaycanın yerli burjuaziyası İran mətbuatında bu passivliyi dövlətin Azərbaycanda iqtisadi siyasəti ilə izah edirdi. Onun fikrincə, burada “hər hansı sahibkarlıq fəaliyyəti öz yolunda min cür çətin həll edilən problemlə qarşılaşır.”[15] O, Azərbaycanda sahibkarlıq fəaliyyətinin genişlənməsi yolundakı əngəlləri (iqtisadi məsələlərin həllində yerli dövlət orqanlarının səlahiyyətinin olmaması, kreditlərin verilməsində, eləcə də lisenziya və vergi siyasətində ayrı-seçkilik) götürməyi və bölgənin iqtisadi inkişafının ona tapşırılmasını istəyirdi. Azərbaycanda sahibkarlar kredit məsələsində problemlərlə üzləşdiklərini, hətta kreditin ayrılmasında ayrı-seçkiliklə üzləşdiklərindən şikayətçi idilər. Ayrı-ayrı faktlar Tehran bankları və təşkilatları tərəfindən sahibkarlara verilmiş kreditlərin ümumi məbləğində Azərbaycanın xüsusi çəkisinin az olmasını göstərir. Məsələn, 1959-cu ildə İran Mərkəzi bankı cəmi 5,4 milyard riyal məbləğində 288 kredit buraxmışdı. Ondan Azərbaycanın (Zəncansız) payına 79,3 milyon riyal (təxminən 1,5%) məbləğində 16 kredit düşmüşdür. Azərbaycan bu göstəıiciyə görə Tehran, İsfahan, Xorasan, Mazandaran və Xuzistan ostanlarından sonra altıncı yeri tutmuşdur.[16] 1959-cu ildən 1964-cü ilədək olan dövrdə Sənaye və mədənlər bankı 1041,9 milyon riyal məbləğində kredit buraxmışdı. Bundan 69,5%-i İsfahanın payına düşmüşdü. Doğu və Batı Azərbaycana isə heç bir kredit verilməmişdi.[17]

İran mətbuatının məlumatına görə, müəssisələrin tikilməsinə lisenziya alınması da böyük çətinliklərlə müşayət olunurdu. 60-cı illərin əvvəllərində Təbrizdə 20 milyon riyallıq kapital ilə sement zavodu tikmək üçün səhmdar şirkət yaranmışdı. Ancaq İqtisadiyyat nazirliyi bu zavodun tikintisinə lisenziya verməkdən imtina etdi.[18] Həmin ərəfədə Təbrizin 10 iri sahibkarı toxucu dəzgahlarının idxal edilməsi və yeni müəssisənin tikintisi üçün lisenziya və kredit verilməsi haqqında uyğun dövlər idarələrinə müraciət etmişdilər. Ancaq onların xahişlərinə uzun müddət müsbət cavab verilmədi. İl yarım keçdikdən, ticarət və iqtisadiyyat nazirinə, eləcə də ölkənin baş nazirinə dəfələrlə müraciət etdikdən sonra sahibkarlardan biri onun xahişinin müsbət qarşılanacağı haqqında vəd ala bilmişdi.[19] Təbrizin Ticarət-Sənaye Otağı idarə heyətinin üzvü Keyhan qəzetində (14 may 1972-ci il tarixli) bildirirdi ki, İqtisadiyyat Nazirliyinin Təbrizdə kiçik müəssisə tikmək üçün lisenziya verilməsi haqqında onun xahişinə baxması 6 aydan çox çəkib. Bundan sonra o, “fabrik tikmək arzusundan vaz keçib, çünki məlum deyil, vergi və başqa məsələlərin həlli ilə bağlı daha nə qədər vaxt tələb olunacaqdı.” Doğu Azərbaycan ostandarı isə göstərirdi: “Yerli sahibkar görür ki, buraya kapital qoyarsa, onsuz da kapital qoyuluşu ilə bağlı problemləri Tehranda həll etmək lazım gələcək. Belə olan halda kapitalı Tehranın özündə qoymaq daha yaxşı olmazmı?”[20]

Bəzi yarımçıq tədbirlərə baxmayaraq (məsələn, inzibati inqilab haqqında islahatlar proqramına 17-ci maddənin daxil edilməsi), Azərbaycan sənayesində özəl sahibkarlıq fəaliyyətinin genişlənməsində gözəçarpan irəliləyiş müşahidə olunmadı. Amerikalı iqtisadçı R. Looney qeyd edirdi ki, “desentralizasiya siyasəti ümidverici olmadı.” Onun hesablamalarına görə, 1965-69-cu illərdə Mərkəzi ostanda yeni müəssisələrin tikintisinə verilən lisenziyaların miqdarı 13,6%-dən 43,3%-ə qalxdı. Qalan bölgələrdə isə bu rəqəm 86,4 %-dən 56,7%-ə, yəni 29,7% enmişdi.[21] Sonuncuların əsas hissəsi isə Fars əhalisininn üstün olduğu bölgələrin sahibkarları idi.

Sənayeyə xidmət edən infrastruktur sahələrin 60-70-ci illərdəki müəyyən tərəqqisinə baxmayaraq, o da yerli kapitalın sahibkarlıq fəaliyyətini tormozlayırdı.[22] Bəzi rəqəmləri verməklə kifayətlənək.

1963-cü ildə Doğu və Batı Azərbaycan ostanlarında cəmi 16 elektrik müəssisəsi (ölkədə 107) vardı. Bu müəssisələr mazutla işləyən kiçik istilik-elektrik stansiyaları idi. Zəncandakı istilik stansiyası ilə birlikdə cəmi 19,3 min kvt elektrik enerjisi istehsal olunurdu. Bu, ölkə üzrə istehsal olunan lektrik enerjisinin 3,3%-ə bərabər idi.[23] 1965-ci ildə İranda adambaşına 55 kvt/saat elektrik enerjisi istehsal olunurdusa, Azərbaycanda bu rəqəm 19 idi.[24] Yeni energetika sənayesi müəssisələrinin tikintisi nətisəsində 1975/76-cı ildə Doğu və Batı Azərbaycan ostanlarında elektrik enerjisi istehsalı 282,1 milyon kvt/saata, Zəncan ostanında isə 1976/77-ci ildə 1027, min kvt/saata çatdırıldı.[25] Ancaq nəzərə alsaq ki, 1974/75-ci ildə bütün ölkə üzrə 14 milyard kvt/saat elektrik enerjisi istehsal olunurdu,[26] onda İranın elektrik enerjisi istehsalında Azərbaycanın payının cüziliyi aydın olar.

1970-ci illərin sonlarına doğru Azərbaycan iqtisadiyyatının vəziyyətini yekunlaşdırarkən aşağıdakıları qeyd etmək mümkündür. İqtisadiyyatın əsas sahəsi əvvəlki kimi kənd təsərrüfatı idi. Bəzi sahələrdə ekstensiv inkişafın olmasına baxmayaraq, bütövlükdə o, durğunluq halı keçirirdi. Emal sənayesində də müəyyən müsbət irəliləyişlər müşahidə olunurdu. Konkret olaraq yeni sahələr – maşınqayırma və neft emalı sənayesi yarandı. Ancaq müəssisələrin böyük əksəriyyəti ənənəvi sahələr, özəlliklə yeyinti və xalçaçılıq sənayesi çökməyə yaxın vəziyyətdə idi. Xalçaçılıqda ayrı-ayrı illərdə istehsal kəskin düşdü. Dağ-mədən sənayesində müəssisələrin sayının artmasına baxmayaraq, keyfiyyət dəyişikliyi müşahidə olunmurdu. İnfrastruktur sahələrin inkişafının həm kənd təsərrüfatının, həm də sənayenin tələbatından geri qalması Azərbaycanda istehsalın artımına neqativ təsir göstərirdi. Azərbaycanın iqtisadi geriliyinə onun xarici iqtisadi balansı dəlalət edirdi. Belə ki, 1976/77-ci ildə Azərbaycana Təbriz gömrük idarəsindən idxal olunan malların tam olmayan siyhısı üzrə 1396,4 milyon riyal dəyərində ev əşyaları, dəftərxana ləvazimatı və plasmas əşyalar gətirilmişdi. İxraca isə (slambur, badam, kişmiş, xalça, ərik qurusu) 930,4 milyon riyal dəyərində mal göndərilmişdi.[27] Ölkənin mərkəzi bölgələri ilə Azərbaycan arasında iqtisadi inkişaf səviyyəsindəki fərq 70-ci illərin ikinci yarısında daha da artdı.

Pəhləvi rejiminin Azərbaycana münasibətdə ayrı-seçkilik siyasəti qeyri-istehsal sahələrində, özəlliklə mədəniyyət və rəsmi ideologiya sahələrində daha aydın görünürdü. Bu siyasət açıq irqçi xarakterə malik idi və İrandakı Türkləri əritmək (assimilə etmək) məqsədi daşıyırdı. Bu məqsədə çatmaqda əsas rol mövcud təhsil sistemi oynamalı idi. 1949-cu ilin yayında İran maarif naziri Dr. Zəngənə Azərbaycanda, özəlliklə təhsil sahəsində Fars dilinin mövqeyinin gücləndirilməsi üçün xüsusi tədbirlərin gğrülməsi haqqında göstərilşlər vermişdi. Bu tədbirlər sırasında Azərbaycanın bir sıra şəhərlərində uşaq baxçalarının tikintisi, həmin baxçalar üçün tərbiyəçilərin hazırlanması, barada Fars dilini tədris etmək üçün 250 nəfər müəllimin hazırlanması və Azərbaycanda yerləşdirilməsi, ali təhsil müəssisələrinin yaradılması kimi işlər nəzərdə tutulurdu. Bu işlərin görülməsi üçün Azərbaycan maarif idarəsinin ixtiyarına əlavə 20 milyon riyal vəsait ayrılırdı.[28] 1949-cu ilin payızında Təbriz Universiteti yenidən açıldı. Bu mərasində iştirak edən maarif naziri öz səfərinin nəticələri haqqında verdiyi mətbuat konfransında şahın Azərbaycana “xüsusi qayğısından”, “Fars dilinin Azərbaycanda təlim işindəki uğurlardan”, onun yayılması üçün yaradılmış yeni şəraitdən, eləcə də hələ qalmaqda olan problemlərdən bəhs etmişdir.[29] Həmin ilin sonunda Ettelaat qəzetinin müxbiri Azərbaycanda maarifin vəziyyətini araşdıraraq bu sahədə böyük problemlərin olduğunu göstərir. Müxbir özəlliklə “Türk dilinin məhv edilməsi və Fars dilinin Azərbaycanda yayılması sahəsində heç bir işin görülmədiyini” vurğulamış, “bu gün də məktəblərdə dərslərin Türk dilində aparılmasından” narahat olduğunu bildirmişdir.[30] Şah rejiminin daxili siyasətinin formalaşmasında müəyyən rolu olmuş şahzadə Əşrəf Pəhləvi Təbrizə səfəri zamanı yerli məmurlara təlimat verirdi: “Deyin görək, Azərbaycanda Türk dilinin kökünü necə kəsmək olar?”[31]

Rəsmi məlumatlar göstərir ki, Azərbaycanda təhsil sisteminin vəziyyətinin göstəricisi olan əhalinin savadlılıq səviyyəsi orta İran səviyyəsindən də aşağı idi. Belə ki, 1956-cı il sayımına görə, Doğu Azərbaycan ostanında 10 yaşından yuxarı əhalinin cəmi 10,1%-i, Batı Azərbaycan ostanında 10,6%-i oxuyub-yazmaq bacarır, həmin vaxt bütün İran üzrə bu göstərici 12,7% idi.[32] Maraqlıdır ki, bütün İrandakı dövlət uşaq baxçalarının 70%-i bu iki ostanda idi. 1962/63-cü ildə burada dövlətə məxsus 61 uşaq baxçası var idi.[33] Bu, şahın “Azərbaycanda uşaqları üç yaşından Fars dili öyrətməyə məcbur etmək tapşırığına” uyğun olaraq yaradılmış təhsil ocaqları idi.[34]

“Ağ inqilab” islahatları çərçivəsində “maarif ordusu”nun yaradılması haqqında qanun da referendumda (26.01.1962) təsdiq edildi. Unikal quruluşa malik olan bu qurumla yaxın gələcəkdə ölkədə kütləvi savadsızlığın ləğv edilməsi nəzərdə tutulurdu. Həqiqətən, 60-70-ci illərdə “maarif ordusu”nun yaranması ilə yanaşı, ölkənin təhsil sistemində islahatlar aparıldı, ibtidai və orta mıəktəblər şəbəkəsi genişləndi, texniki-peşə məktəbləri şəbəkəsi yarandı, yeni ali məktəblər açıldı. Rəsmi məlumatlara görə, 1976/77-ci ildə Doğu Azərbaycan ostanında 6 yaşdan yuxarı əhalinin 36,2, Batı Azərbaycan ostanında 25,4, Zəncan ostanında isə 30,3%-i yazıb-oxuya bilirdi. Halbuki İran üzrə bu rəqəm 47,1-ə bərabər idi.[35]

Mədəniyyətin başqa sahələrində də durum təhsildəki kimi idi. Şah rejimi milli şüurun gəlişməsinə təkan verən sahələrin inkişafına əslən imkan vermək fikrində deyildi. İkinci dünya müharibəsindən sonrakı dövrdə bu sahələrdəki dövlət siyasəti Rza Şah dövrünün zülm siyasətindən fərqlənmirdi. Aşıq heykəlinin taleyi bu baxımdan xarakterikdir. Aşıq heykəli lazımi icazə alınandan sonra Təbrizin qələbəlik meydanlarından birində qoyulmuş, şəhər əhalisi ona böyük ilgi göstərmişdi. Abidənin bədii keyfiyyətləri haqqında mətbuatda dəfələrlə yazılmışdı. Mütəxəssislərin rəyinə görə, Aşıq abidəsi İran heykəltəraşlığında mühüm bir hadisə idi.[36] Bu heykəl Türklük simvolu olduğundan tezliklə yerli hökumət orqanları “təhlükəsizliyini təmiun etmək”adı ilə abidəni muzeyə qoydu, 1976-cı ildə isə məhv etdi.[37]

Rəsmi mətbuatda şah rejiminin Azərbaycanda mədəniyyətə etinasız münasibətini göstərən onlarla fakt var. Mətbuat yazırdı ki, 60-cı illərin ortalarında mədəniyyət abidələrinin qorunması üzrə milli komitənin yaranmasından sonra ölkədə 350 tarixi-mədəni abidənin bərpası üzrə işlər başladı. Azərbaycanda sayı 270 olan tarixi abidə isə dağılmış vəziyyətdə qalmaqda idi. Mətbuat dövlət tərəfindən bu işə lazımi diqqətin olmadığını bildirirdi.[38] Ettelaat qəzeti Ərdəbil əhalisinin narazılığını ifadə edərək yazırdı ki, “başqa şəhərlərdə, bu sıradan İsfahanda tarixi abidələrin bərpa edildiyi bir vaxtda rəsmi şəxslər Ərdəbildə də tarixi abidələrin bərpa edilməsi və qorunması haqqında düşünməlidirlər.”[39] Şərqi Azərbaycan ostanı mədəniyyət və incəsənət idarəsi rəisinin sözlərinə görə, 1976-cı ildə abidələrin bərpası və qorunması məsələləri ilə cəmi 2 mühəndis, bir memar və bir texniki işçi məşğul idi. İdarənin sərəncamında isə kifayət qədər vəsait yox idi. Bu da “Azərbaycanın tarixi abidələrinin qorunmasına diqqətin olmamasını sübut edirdi.”[40] 60-70-ci illərdə Azərbaycanda xarici mütəxəssislərin iştirakı ilə bir sıra arxeoloji qazıntılar aparıldı.[41] Bu qazıntıların materialları və başqa qədim predmetlər Tehran muzeylərinə daşınır, bu da yerli əhalinin narazılığına səbəb olurdu.[42]

İranda, özəlliklə Azərbaycanda Türklüyün kökünü qazmaq üçün praktik işlərdən başqa nəzəri-təbliğati fəaliyyət də davam etməkdə idi. 21 Azər hadisəsindən qorxmuş rejim bu sahəyə daha artıq diqqət verdi. Əski Kəsrəviçilik və onun Azərbaycan haqqında tezisləri daha da inkişaf etdirildi. Bu işə ölkənin çeşidli universitetlərindən tarixçi, dilçi, sosioloq alimlər cəlb edildi.

Qüvvədə olan 1906-cı il anayasasındakı “İran milləti” – İrandakı Müsəlmanların bütünü – anlayışı yeni nəzəriyyələrlə zənginləşdirildi. Bu nəzəriyyələrə yeni, elmi don geyindirilsə də, onların nəzəri əsasları kifayət qədər zəif idi. Hər şeydən əvvəl, bu nəzəriyyələrin əksəriyyətində deklarativlik və inkarçılıq özünü göstərməkdə idi. Məsələn, tanınmış ədəbiyyatşünas və siyasi xadim Əli Əsgər Hikmətin iddiasına görə, “İran əhalisinin 95%-i bir dildə - fars dilində danışır və bir əlifba – çağdaş Fars əlifbası ilə yazır.” Yalnız “Azərbaycanın, Xuzistanın ayrı-ayrı yerlərində və başqa həmsərhəd bölgələrində kəndlilər və köçəri əhali fars dilinin Türk, ya Ərəb sözləri ilə qarışıq ləhcəsində danışır.”[43] Başqa bir örnək olaraq, İran tarixçisi və ədəbiyyatşünası Cəmaləddin Fəqihin iddiasına görə, “Azərbaycan əhalisinin İranın qalan bölgələrinin əhalisi ilə irq və din məsələlərində birliyi o qədər aydındır ki, bu hətta qısa izah belə tələb etmir.”[44]

İran sosioloqlarının əsərlərindən “İran milləti” termininin mahiyyətini başa düşmək çətindir. Bu terminin siyasi və elmi mühitdə çox işlək olmasına baxmayaraq, yalnız bir neçə əsərdə onun (“İran millətinin”) əlamətləri verilir. Məsələn, H. Vəhidi hesab edsir ki, “millət – bir əhval-ruhiyyəyə malik, bir mədəniyyətli insan qruplarının birliyidir.”[45] Doktor H. Behzadi-Mədədi etnik birliyin əlamətləri sırasında aşağıdakıları göstərir: dil, irq, mənəvi və mədəni birlik, dövlətçilik, ümumi iradə, vətəndaşlıq, din.[46] Ancaq o, “İran milləti”nin mövcudluğunun sübutu kimi yalnız M.A.Foruğinin göstərdiyi mənəvi aləm birliyi, davranış, adət-ənənə və mədəniyyət sahəsindəki birliklə[47] kifayətlənir. M. Müəyyidinin fikrincə, “İran milləti” möhkəm ailə dayaqları, şahənşah sistemi, Fars dili və İran tarixi, İran mədəniyyəti üzərində mövcuddur.”[48]

Bu arada onu da əlavə edək ki, İranda Türk etnik-milli birliyinin mövcudluğunun danışıqsız inkar edilməsi təmayülü İran şahının “Mənim vətənə xidmətim”, “Ağ inqilab”, “Böyük sivilizasiyaya doğru” başlıqlı kitabları[49] üçün xarakterik idi. Bu kitablarda İran hakim ideologiyasının əsas müddəaları formulə edilmişdi. Şah rejiminin R. Girshman, Vladimir Minorski, R. Sangvi, H. Nəhavəndi kimi xaricdəki apologetləri də eyni mövqedə dururdular. Nəhayət, hakimiyyət partiyaları (İrane-Novin, Rəstaxiz) kimi, “loyal müxalifətin” (Mərdom) proqramlarında “İran milləti” anlayışına şərh verilmirdi. Bu, ölkədə “İran millətindən” başqa digər millətin olmasının inkarı anlamına gəlirdi.

“İran milləti”nin tarixi köklərini əsaslandırmaq məqasədini qarşısına qoymuş rəsmi İran tarixçiliyi Türklüyün keçmişini İran xalqlarının tarixi ilə eyniləşdirmək, Türklər arasında doğru-dürüst tarix şüurunun yaranmasının qarşısını almaq üçün İkinci dünya savaşından sonra da çox fəal olmuşdur. Bunun üçün pan-İranizm mövqeyindən Azərbaycan Türkünün tarixinin müxtəlif dövrləri və məsələləri açıqca təhrif edildi.

İran yaylasında tarixin müxtəlif dövrlərində məskunlaşmış xalqların uzun müddət eyni dövlət qurumlarının tərkibinə daxil olduqları faktını göstərməklə yanaşı, əvvəlki bölmələrdə də bildirildiyi kimi, İran tarixçiliyinin İrandakı xalqların “tarixi tale birliyinin” mütləqləşdirməsinin elmi əsası olmadığı aydındır. İrandakı türklərin tarixi də şəhadət verir ki, o, İran xalqlarını tarixindən fərqlənir. Özəlliklə, İrandakı çağdaş Türklərin keçmiş tarixinin əski dövrü (əski ümum-Türk tarixi) ilə İran xalqlarının tarixi arasında birlik qoymaq tarixilik prinsipinin əlifbasını qəbul etməməkdir. Azərbaycanın tarixi xüsusiyyətlərinə toxunan görkəmli Amerikalı İranşünas Richard Frye yazmışdır: “Qədimdə də, indi olduğu kimi, bu vilayət... bütövlükdə “İran torpağı” olmamışdır.”[50]

Türklük tarixini araşdıran İran tarixçiləri çox həvəslə “Azərbaycanın Türkləşməsi” deyilən məsələdən bəhs etmişlər. Bir üqayda olaraq çağdaş İran ərazisinə miladdan öncə I minilliyin başlarında İrandilli tayfaların (Ariyalıların) miqrasiyasından, başqa sözlə, onların burada avtoxton olmamalrından danışdıqları halda, onlar Türk boylarına buraya köçmə haqqı tanımırlar. Sarvan Kaviyanpur hətta hesab edir ki, “İranın başına gələn ən böyük bədbəxtliklərdən biri vəhşi Oğuz tayfalarının buraya yürüşüdür.”[51]

Rəsmi İran tarixçiliyi Azərbaycan əhalisinin və onun dilini (Türk və Türkcə) təhrif etməkdə, Kəsrəvidən qalan Azəri nəzəriyyəsini təkrarlamaqda idi. Bu elmdən uzaq nəzəriyyə əvvəlki onillərdə olduğu kimi araşdırılan dövrdə də İran ziyalılarının həvəslə müdafiə etdiyi fikir sistemi idi. Murtuza Mürtəzəvi, Rzazadə Şəfəq, Əbdüləli Karəng, S. Şüari, Yəhya Zöka kimi tədqiqatçıların əsərləri bu nəzəriyyənin elmi dairələrdə yayılması və qəbul edilməsində mühüm rol oynadı. Yuxarıda adı çəkilmiş Mahmud Əfşar-Yəzdi bu ənənvi yanaşmanın məqsədini aydın şərh edirdi: “İranın müstəqilliyi və milli birliyi üçün vahid milli dil (yəni Farsca – N.N.) lazımdır. Ona görə də bu barədə əlimizə nə düşürsə, onu hər necə olursa-olsun çap və təbliğ etməliyik.”[52]

Bir sıra İran tarixçisi Azərbaycanda Türk dilinin yayılması məsələsini də təhrif edirdilər. Cəmaləddin Fəqih bu məsələdə Kəsrəvidən də irəli getdi. Sonuncu Türk dilinin İran coğrafiyasına 1135-ci ildən sonra, Səlçuqlularla gəlməyə başladığını yazmışdır. Fəqih isə iddia edir ki, “Türk dilini Azərbaycana Səlçuqlular gətirməyib. Çünki onların rəsmi dili Farsca idi.” (?!)[53] Uyğun ifadələr Ş. Cavadinin əsərində də var idi.[54]

“İran milləti”nin əsas postulatlarından bəhs edərkən İran sosioloqları ən geniş təbliğ etdikləri məsələlərdən birisi də çağdaş İrandakı xalqların əksəriyyətinin dini birliyi məsələsidir. İrandakı xalqları bir yerdə tuta biləcək əsas amillərdən brisi, həqiqətən, din birliyidir. Üstəgəl, uzun yüzillər boyu Şiəlik İrandakı ən çoxsaylı iki xalqı -Türkləri və Farsları- birləşdirən amil olmuşdur. Üstəlik, Səfəvilər (Qızılbaşlar) dövlətinin yaranmasından sonra yeganə dövlət məzhəbi kimi Şiəliyin qəbul edilməsində Azərbaycanın köçəri və oturaq feodallarının aparıcı rolu olmuşdur. İran tarixçiliyində Səfəvi dövləti Ərəb, Türk, Moğol fatehlərinin İranda çoxəsrlik hökmranlığını əvəz etmiş milli İran dövləti keyfiyyətində təsvir edilir. A.Tacbəxşin, R. Səfəvinin, N.M.Şeybaninin, M.C.Məşkurun, Z. Sabetiyanın, A. Nəvainin və başqalarının əsərlərinə görə, Səfəvilər mənşə etibarilə İran (“Ariya”) sülaləsi olmuş, İranın birləşdirmiş, VII yüzildə Ərəblərin zərbələri ilə Sasanilər sülaləsinin hakimiyyətinin devrilməsindən sonra itirilmiş milli Fars (“İran”) dövlətçiliyini bərpa etmişlər. Səfəvilərin hakimiyyətə gəlməsini “milli İran dövlətinin” yaranması ilə bağlayan bəzi müəlliflər İranın “milli dirçəlişi” uğrunda “İranlı”, “Ariya” sülalələrinin apardığı mübarizədə Türk boyları passiv, küt alət rolu ayırırlar. N. Şeybani yazır: “Əslində İranın siyasi birliyi naminə Şiəlik Şah İsmayılın siyasi məqsədlərinin reallaşması üçün vasitə olduğu kimi, tark tayfaları da İran şahı üçün eyni alət və vasitə idi.”[55] Bəzi qatı pan-İranist müəlliflər Səfəvilərin İran (Fars) tarixində oynadığı mühüm rola baxmayaraq, onları Türk mənşəli saymış, tək bu səbəbdən onları qəbullana ilməmişlər. Səfəvilər dövrünün İranda ən böyük tədqiqatçılarından biri Nəsrulla Fəlsəfi Şah İsmayılın Farsca və Ərəbcədən başqa həm də Türkcə şeir yazmasından son dərəcə rahatsız olmuşdur. O, məsələn qeyd edir ki, şah İsmayıl “millətin iki başlıca əsası olan İran mənşəyi və dilinə nifrət edirdi. İranın yerli əhalisini o, Türkmən mənşəli Qızılbaş tayfalarına tabe etdirdi. Şirin Fars dilinin Osmanlı imperiyasında və Hindistanda siyasət və kübar cəmiyyət dili olduğu bir vaxtda, o, Türk dilini İran sarayının rəsmi dili (?!- N.N.) etdi. Hətta özü istisnasız olaraq (?!- N.N.) Türk dilində şeirlər yazdı və bu yabançı dilin (?!- N.N.) yayılması Səfəvilər sarayında elə geniş vüsət aldı ki, bu sülalənin hakimiyyəti dövründə, hətta ondan sonra da sarayın rəsmi dili olaraq qaldı. Odur ki, heç şübhəsiz, Türk hakimiyyətlərini (Qaraqoyunlu və Ağqoyunlu dövlətlərini – N.N.) devirmək və vahid dövlət yaratmaqda Şah İsmayıl öz qarşısına İranın milli və siyasi birliyini bərpa etmək məqsədi qoymayıb.”[56]

Burada Azərbaycan əhalisi arasında aparılan rəsmi təbliğatın mühüm bir sahəsi üzərində də dayanmaq gərəkdir. Bir tərəfdən, Azərbaycan terklərinin tarixi birliyi, dili, mədəniyyəti hər cür hücumlara məruz qalır, digər tərəfdən, Azərbaycan İrana konstitusiya, demokratiya və azadlıq bəxş edən, İranın başı (tacı) elan edilirdi. Məşrutə hərəkatı dövründə Azərbaycanın rolu, 1920-ci il Təbriz üsyanının anti-Britaniya yönümlü hərəkat olması geniş işıqlandırılırdı.

Pəhləvi ailəsinin özəlliklə 70-ci illərdə Azərbaycana münasibətinin təbliğati tərəfi müəyyən maraq doğurur. İran mətbuatının səhifələrində şahın xanımı Fərəf Pəhləvinin və ümumiyyətlə , şah ailəsinin ana tərəfdən Türk olması tez-tez xatırlanırdı. İran şahı Məhəmməd Rza və xanımı hər dəfə yeri düçdükcə özlərinin Azərbaycanla qohumluq əlaqələrini fəxrlə qeyd edirdilər.[57]

Azərbaycan Türklərinin milli konsolidasiyası üçün az əhəmiyyəti olmayan amillərdən biri – Sovet Azərbaycanının varlığı ilə bağlı məsələlər, təbii olaraq, rəsmi tarixçiliyin diqqətindən kənarda qala bilməzdi. Onların əsərlərinin əsas istiqaməti Sovet Azərbaycanı ilə İran Azərbaycanının həm tarixən, həm də indi “müxtəlif ölkələr olduğunu” sübut etmək cəhdidir. Azərbaycanın quzeyinin “yanlış olaraq Azərbaycan adlandırılması” haqqında Kəsrəvinin tezisini davam və inkişaf etdirən müəlliflər (M.C.Məşkur, Cəmaləddin Fəqih, Enayətüllah Reza və başqaları) “elmi faktlarla” onu əsaslandırmağa və bununla da Azərbaycanın və Azərbaycan Türkünün coğrafi-etnik birliyini şübhə altına almağa çalışırdılar.[58] İran mətbuatında bu sahədə birbaşa təhriflərə, hətta “Azərbaycan” adlı dövlət qurumunun və coğrafiyanın varlığının oxucudan gizlədilməsinə belə rast gəlmək mümkündür. Məsələn, Keyhan qəzeti 7 dekabr 1968-ci il tarixli sayında İranla qonşu olan Sovet respublikalarının adlarını sadalayarkən Azərbaycan SSR-i “Qafqaz respublikası” adlandırırdı.

60-cı illərin sonlarından, xüsusən İranda dövlətçilik tarixinin 2500 illiyinin bayram edilməsi ərəfəsi və ondan sonra ideologiya sahəsində bəzi dəyişmələr oldu. Bu, monarxiya ideyalarının təbliğini gücləndirmək üçün müəyyən obyektiv imkanlar yaradan ölkə iqtisadiyyatının inkişafı ilə bağlı idi. Təbliğati fəaliyyətdə başlıca istiqamət artıq “şərəfli və böyük keçmiş” deyil, İranın sənaye və hərbi qüdrətinin məthi idi. İranın qədim və çağdaş “böyüklüyü” arasında başlıca “qanunauyğun” həlqə kimi əsasən İran dəyərləri – şahənşahlıq quruluşu və şah göstərilirdi. Kütlələrə təlqin olunan fikrə görə, iqtisadi sahədə İranın əldə etdiyi uğurlar yalnız “şahənşah quruluşunun bayrağı altında” mümkün ola bilərdi. “Ağ inqilar” doktrinində bu ölkənin bütün tarixi təşəkkülünün izahı əslində bircə sadə fikri əsaslandırmağa yönəlmişdi: “Şahənşah quruluşu” xaricində, ya onun zəiflədiyi təqdirdə “İran xalqı mütləq tənəzzül və deqradasiya mərhələsinə qədəm qoyacaq” və əksinə, “şahənşah quruluşu”nun güclənməsi ilə “İran milləti”ni çiçəklənmə gözləyir. İran tarixi şahənşahlıq tarixi hesab edilir, onun uzunömürlüyü, mərkəzində şahənşahlıq quruluşu duran dəyişməz “İran dəyərləri”nə riayətin nəticəsi sayılırdı.

Ağ inqilab doktrininin başqa bir ayrılmaz hissəsi də İran şahının şəxsiyyətinə görüməmiş, qeyri-məhdud pərəstiş idi. Ölkənin sosial-iqtisadi və siyasi həyatında hər hansı tərəqqi monarxın adına çıxılırdı. Onun üçün yeni epitet – “Ariyamehr” (Ariyalıların atası) quraşdırılmışdı. İranın həyatında və inkişafında “millət atası”nın müstəsna rolunun olduğu bəyan edilirdi. Şaha bu cür rol biçən “ağ inqilab” məddahları işdə xalqın müstəqilliyinə qəsb edirdilər. Xalq monarxın qərarlarını yerinə yetirən dinməz-söyləməz icraçı funksiyası daşımalı idi. “Böyük sivilizasiya”nı xalqla “sıx əməkdaşlıqda” yaradan (buradan da “şah və xalq inqilabı” məntiqi) şah və geniş kütlələrin belə “əmək bölgüsü”, “birgə iştirak”, “tərəf-müqabillik”, “birlik”, “qovuşma” və s. demaqoji ifadələrlə möhkəmləndirilirdi.

Ağ inqilab doktrininə görə, ölkədə yaradılan “böyük sivilizasiya” bəşər tarixində bənzəri olmayan hadisə adlandırılır və onun yalnız İrana məxsus olduğu iddia edilrdi. Bununla yanaşı, o, başqa sivilizasiya dəyərlərini də mənimsəməyin gərəkliyini etiraf edirdi. Onlardan da ən mühümü Qərb dəyərləri hesab edilirdi. Ancaq “ağ inqilab”ın ideoloqları Qərb dəyərlərini, məsələn, “nərmə-naziklik”, “mühafizəkarlıq”, demokratiyadan “birtərəfli istifadə”, “azğınlıq” kimi xüsusiyyətlərini tənqid etməyi də özlərinə rəva bilirdilər. Hər halda, bu, Qərb dəyərlərinin rəddi deyil, onların “xilası” idi, çünki İran, Qərb dünyasına məxsus ölkə hesab olunurdu.[59]

Ağ inqilab doktrininin meydana çıxması, pan-İranizmin inkişafında yeni mərhələ idi. Fars şovinizmi və irqçılıyı bu ideologiyanın artıq mahiyyətinə çevrilmişdi. Hakim dairələr hesab edirdilər ki, pan-İranizm və onun İranın “milli böyüklüyü”nü artırmaq şüarı Fars olmayanları da cəlb edəcək.

İranın keçmişində böyük rol oynamış Azərbaycana dövlət təbliğatının yeni istiqamətlərində geniş yer verilirdi. Bu mərhələdən başlayaraq “vədlər siyasəti”nin , sonrakı dövrlər üçün də xarakterik olmaqla, gücləndirilməsi müşahidə olunurdu. Mətbuatda ölkə iqtisadiyyatı üçün Təbrizdə bəzi “İran iqtisadiyyatı nəhəngləri” (Təbriz maşınqayırma və traktor zavodları, Araz SES) və Təbriz Universitetinin tikintisinin əhəmiyyəti xüsusi qızğınlıqla təbliğ olunurdu. 1976-cı ildə şahın Təbrizə təşrifi münasibətilə təşkil edilmiş 40 minlik mitinq qarşısında monarx yüksək pafosla bəyan etmişdi: “Azərbaycan elə iri addımlarla irəliləyir ki, bu təkcə bizim arzularımıza cavab vermir, bizdə iftixar hissi yaradır.”[60]

Bütün bu deyilənlərdən aydın olur ki, Pəhləvi rejimi İkinci dünya savaşından sonra “vahid İran milləti” haqqında elmə dayanmayan nəzəriyyəni geniş yaymış, əhalinin düşüncə və davranışına təsir edərək, Türklər arasında aşağılıq kompleksi yaratmaqla milli azadlıq hərəkatı ideologiyasının yayılmasının zəminini dağıtmağa çalışmışdır. “Beyinlərin yuyulması”nın əsas forması monarxizm, pan-İranizm və Fars irqçiliyi ideyalarının yayılması olmuşdur.

Əlavə etmək gərəkdir ki, Pəhləvi rejiminə müxalif şəxslərin və qrupların çoxmillətli İranda fars olmayanlar məsələsinə münasibəti bu rejimin münasibətindən çox da fərqlənmirdi. Rus-Sovet şərqşünası Mixail İvanovun yazmış olduğu kimi, “İran şovinizminin təzahürünə təkcə irticaçı dairələrdə rast gəlinmir, mütərəqqi dairələrin, xüsusilə ziyalıların bəzi nümayəndələri arasında belə bir rəy yayılıb ki, guya fars dilinin məcburi dövlət dili kimi işlədilməsini saymasaq, İranda heç bir milli bərabərsizlik və ayrı-seçkilik mövcud deyil, o cümlədən İranın bütün əhalisi iqtisadi münasibətlərdə bərabər vəziyyətdədir.”[61]

Pəhləvi rejimi İranın Türk əhalisini ideoloji təsiri altında saxlayıb, onların arasında bütün gücü ilə pan-İtranizm və Fars irqçiliyini yayırdı. Bu təbliğatın mahiyyəti o idi ki, əgər Türklər öz doğma dillərini və mədəniyyətlərini unudub, fars dil və mədəniyyətini qəbul etsələr, onda Azərbaycan İranın başqa bölgələri kimi yaxın gələcəkdə “millət başçısı”nın rəhbərliyi ilə “sivilizasiya erası”na qovuşacaq. İran müəllifi Əli Rza Nabdil (haqqında az sonra danışılacaq) bununla bağlı haqlı olaraq yazırdı: “İrtica uzun illər qulaqbatırıcı qışqırıqla əbəs yerə sübut etməyə çalışırdı ki, Azərbaycanın xalqının dili və mədəniyyəti əsil deyil və ona xaricdən zorla qəbul etdirilib. Bu tezisi qəbul etməklə Azərbaycanlı özünü nöqsanlı və natamam saymağa məcburdur və indiki əsarəti, zülmü könüllü qəbul etməlidir. Mürtəce rejimlə yanaşı, ölkənin şair və yazıçıları da (Sadiq Hidayət və Pərvin Etisamidən tutmuş, Behazin və Əhvan Salesə qədər) susmaqları ilə milli zülmə səs vermiş olurdular. Müsəddiqin bütün tərəfdarları, hələ Milli Cəbhə təşkilatı bir yana qalsın, yazıçılar və ayrı-ayrı adamlar da öz sözləri və işləri ilə irticanın cinayətlərində iştirak etdilər.”[62]





Yüklə 426 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin