327
Öldürmək
1494. Adam öldürmək.
Quran:
«Bu səbəbdən də İsrail oğullarına hökm etdik ki, hər kəs qisas haqqı olmadan, yer üzündə fitnə-fəsad törətməmiş kimsəni öldürsə bütün insanları öldürmüş kimidir. Hər kəs kimsəni diriltsə bütün insanlara həyat bəxş etmiş kimidir.»1
Hədis:
5145. Allahın Peyğəmbəri (s): «İnsanların ən dikbaşı, onu öldürmək niyyəti olmayan günahsız birisini öldürən və ya onu vurmayan birisini vurandır.»2
5146. Allahın Peyğəmbəri (s): «Qiyamət günü insanlar arasında, barəsində ilk hökm veriləcək şey qan olacaqdır.»3
5147. Allahın Peyğəmbəri (s): «Əgər bütün dünya məhv olsa belə Allahın yanında onun əhəmiyyəti, nahaq yerə tökülən qandan daha azdır.»4
5148. İmam Rza (ə): «Allah insanı öldürməyi haram buyurdu. Çünki bu işi rəva görsəydi, insanların məhvinə və cəmiyyətdə hərc-mərcliyə səbəb olardı.»5
1495. Mömini öldürmək.
Quran:
«Hər kəs qəsdən bir mömini öldürsə, cəzası əbədi qalacağı cəhənnəm olacaq. Allah ona qəzəb və lənət edər və onunçün böyük bir əzab hazırlamışdır.»6
5149. Allahın Peyğəmbəri (s): «Ey camaat! Mən sizin aranızda olam və qətlə yetirilənin cənazəsi tapılsın, ancaq qatili məlum olmasın? Əgər göylərin və yerin əhli müsəlman bir kişinin öldürülməsində əlbir olsalar, hər an Allah onların hamısına saysız-hesabsız əzab verər.»2
5150. Allahın Peyğəmbəri (s): «Hər kəs özünün bir kəlmə sözü ilə olsa belə, möminin qətlinə kömək edərsə qiyamət günündə alnına «Allahın rəhmətindən naümid (və məhrum)» sözləri yazılmış halda Allahın görüşünə gələr.3
5151. İmam Baqir (ə): «Hər kim qəsdən bir mömini öldürsə, Allah-taala bütün günahları ona yazar və qətlə yetirilən günahlardan azad olar. Bu Allah-taalanın sözlərindəndir. Belə ki, O buyurmuşdur: «İstəyirəm ki, mənim və sənin günahlarını çiyinlərinə çəkəsən və cəhənnəm əhlindən olasan.4»5
5152. İmam Sadiq (ə) («Əgər mömin, qəsdən başqa bir mömini öldürərsə, ona tövbə düşürmü?» sualına verdiyi cavab): «İmanına görə onu öldürmüşsə, tövbə düşmür. Yox əgər qələbə və ya dünya işlərindən birinə görə öldürmüşsə, onun tövbəsi ondan qisas alınmasıdır.»6
1496. İntiharın qadağan olunması.
Quran
«Ey iman gətirənlər! Bir-birinizin razılığı ilə (olan) alış-verişdən başqa bir-birinizin malını haqsız yerə yeməyin və özünüzü öldürməyin. Həqiqətən Allah həmişə sizinlə mehribandır.»7
Hədis:
5153. İmam Baqir (ə): «Mömin hər bəlaya giriftar olar və hər ölümlə ölər, ancaq intihar etməz.»1
5154. İmam Sadiq (ə): «Kim bilərəkdən özünü öldürsə, həmişə cəhənnəm odunda olacaq.»2
328
Quran
1497. Quran.
«Həqiqətən, biz sənə təkrarlanan yeddi ayəni («Fatihə» surəsini) və böyük Quranı əta etdik.»1
«Quranı öyüd-nəsihət almaq üçün asanlaşdırdıq. Amma bir öyüd-nəsihət qəbul edən varmı?»2
Hədis:
5155. Allahın Peyğəmbəri (s): «İşlərin sizlər üçün zülmət gecələr tək qaranlıq və şübhəli olduğu hər vaxt Qurana üz tutun. Çünki şəfaəti qəbul olunan bir şəfaətci, şikayəti qəbul edilən bir şikayətçidir. Kim Qurana üz tutsa, onu cənnətə çəkib gətirər, ona arxa çevirəni isə cəhənnəmə qovar.»3
5156. Allahın Peyğəmbəri (s) (Allah tərəfindən) Ona «Tezliklə sənin ümmətin fitnələrə giriftar olacaq» deyilərkən «ondan xilas yolu nədir?» deyə soruşanlara): «Allahın əziz kitabı!. Batilin nə öndən, nə də arxadan ona yol tapa bilmədiyi, öyülən Alim tərəfindən nazil edilmiş bir Kitab. Elmi Qurandan qeyri yerdə axtaran hər kimsəni Allah azdırar.»4
5157. Allahın Peyğəmbəri (s): «Quran sizinlə olsun. Onu özünüzə rəhbər edin.»5
5158. Allahın Peyğəmbəri (s): «Quranın digər sözlərdən üstünlüyü, Allahın öz yaratdıqlarından üstünlüyü qədərdir.»6
5159. İmam Əli (ə): «Pak olan Allah öz qüdrətini kitabında göstərmişdir. Bununla da görsənmədən Özünü bəndələrinə göstərmişdir.»1
5160. İmam Əli (ə): «Sizi and verirəm Allaha! Sizi and verirəm Allaha! Məbada, başqaları Qurana əməl etməkdə sizdən önə keçsinlər.»2
5161. İmam Əli (ə): «Allah-taalanın kitabını öyrənin. Çünki o sözlərin ən yaxşısı, öyüdlərin ən aydınıdır. Quranı başa düşün. Çünki o, qəlblərin baharıdır və onun nurunda şəfa axtarın. Çünki o, sinələrdəki xəstəliklərə şəfa verəndir. Onu yaxşı oxuyun, Çünki o ən yaxşı əhvalatdır.»3
5162. İmam Səccad (ə): «Şərqdən Qərbədək bütün insanlar ölsə belə, təkcə Quran mənimlə olsa, heç vaxt qorxu və kimsəsizlik hiss etmərəm.»4
1498. Quran həmişə təzədir.
5163. Allahın Peyğəmbəri (s): «Quran elə bir sənətdir ki, onsuz imkanlı olmaq, onunla yoxsul olmaq olmaz.»5
5164. Allahın Peyğəmbəri (s): «Kimə Quran (onu bilməyin neməti) verilibsə və o, bununla belə başqasına bundan daha çox nemət verildiyini güman etsə, şübhəsiz ki, kiçiyi böyük, böyüyü isə kiçik sanmışdır.»6
5165. Allahın Peyğəmbəri (s): «Hər kim əcdadlarının və gələcəkdəkilərin, dünyanın əvvəlindən sonuna qədər olan elmi öyrənmək istəyirsə, Quranı tədqiq edib dərindən düşünsün.»7
5166. İmam Əli (ə): «Quran nə qədər təkrarlansa və qulaqlara çatsa da, yenə köhnəlməz.»8
5167. İmam Əli (ə): «Ən böyük dərdlərin dərmanı Qurandadır: küfrün, nifaqın, puçluğun və azğınlığın dərdi»9.
5168. «Biharul Ənvar»: İmam Sadiqdən (ə) soruşdular: «Bu nə sirdir ki, Quran nə qədər çox oxunub bəhs edildikdə onun təzəliyi və təravəti bir o qədər artır?» Həzrət buyurdu: «Çünki Allah-taala onu yalnız xüsusi bir zaman və xüsusi insanlar üçün yaratmamışdır. Buna görə də hər bir zamanda, hər bir insan üçün qiyamət gününə qədər təzə və təravətlidir.»2
1499. Quranı öyrənmək və onu öyrətmək.
5169. Allahın Peyğəmbəri (s): «Sizlərin ən yaxşısı Quranı öyrənən və onu başqalarına öyrədəndir.»3
5170. Allahın Peyğəmbəri (s): «Quranı bilən kimsəyə deyiləcək: «Oxu və yuxarı yüksəl. Dünyada oxuduğun kimi tərtillə oxu. Çünki sənin məqamın oxuduğun son bir ayədədir.»4
5171. Allahın Peyğəmbəri (s): «Quranı öyrənmək və onu oxumaq sizinlə olsun.»5
5172. Allahın Peyğəmbəri (s): «Kim bir nəfərə Quran öyrədirsə, onun mövlasıdır. Həmin şəxs onu kimsəsiz, köməksiz qoymamalı və özünü ondan üstün tutmamalıdır.»6
5173. İmam Əli (ə): «Övladın ata üzərindəki hüquqlarından biri də ona yaxşı ad qoyulması, gözəl tərbiyə olunması və Quran öyrədilməsidir.»7
5174. İmam Sadiq (ə): «Layiq olanı budur ki, mömin dünyadan köçməmiş Quranı öyrənsin və ya öyrənərkən vəfat etsin.»8
1500. Quranı əzbərləməyə həvəsləndirmək.
5175. Allahın Peyğəmbəri (s): «Allah-taalanın öz kitabını əzbərləmək nemətini ona bəxş etdiyi kimsə, başqalarına ondakı nemətdən böyük nemət verildiyini güman etsə, şübhəsiz ki, ən böyük nemətə qarşı hörmətsizlik və naşükrlük etmişdir.»1
5176. Allahın Peyğəmbəri (s): «Daxilində Qurandan bir şey olmayan kimsə xaraba ev kimidir.»2
5177. Allahın Peyğəmbəri (s): «Sizlərdən kimsənin «filan ayəni unutmuşam» deməsi yaxşı deyil. (Belə deyil) Yadından çıxarılmışdır. Quranı (yaddaşınızda vərəqləyin və) yadınıza salın. Çünki canım əlində olana and olsun ki, Quran insanların sinəsindən, dəvə bəndindən qopandan daha tez qopar.»3
5178. Allahın Peyğəmbəri (s): «Quranı içlərində daşıyanlar (və əzbər bilənlər) Allahın rəhməti arasında olar və Allahın nuruna bürünərlər.»4
5179. Allahın Peyğəmbəri (s): «Mənim ümmətimin böyükləri və kübarları Quran daşıyanlar və gecəni ibadətdə dirigözlü açanlardır.»5
5180. Allahın Peyğəmbəri (s): «Allah qarşısında tam və aşkar təvazökarlığa ən layiq olanlar Quranı əzbər bilənlərdir. Namaz qılmağa, aşkarda və gizlində oruc tutmağa layiq olan da, Quranı əzbər biləndir.»6
5181. Allahın Peyğəmbəri (s): «Quranı qoruyan kimsəyə, ona qarşı sərt rəftar edənə sərt olmaq yaraşmaz. Daxilində Allahın kəlamı olan (ona qarşı) cahilcəsinə rəftar edənlə ağılsız davranmaz.»7
5182. İmam Sadiq (ə): «Qurana əməl edən hafiz, mətləb gətirən mələklər qədər hörmətli və yaxşı əməl sahibi olar.»8
5183. İmam Sadiq (ə): «Kim Quranın bir surəsini unudarsa, həmin surə (cənnətdə) gözəl bir surət və yüksək məqam timsalında qarşısında canlanar. Həmin şəxs onu gördükdə soruşar: «Sən kimsən? Nə qədər gözəlsən! Ey kaş mənim olaydın.» Cavab verilər: «Məni tanımırsan? Mən filan surəyəm. Məni yadından çıxarmasaydın, səni yüksək məkana aparardım.»1
1501. Quranı avazla oxumağa həvəsləndirmək.
Quran:
«Allahın kitabını oxuyan, namaz qılan, onlara verdiyimiz ruzidən gizli və aşkar xərcləyənlər heç vaxt kasad olmayan ticarətə ümid bəsləmişlər.»2
Hədis:
5184. Allahın Peyğəmbəri (s): «Sizlərdən kimsə Allahı ilə söhbət etmək istəyəndə Quran oxusun.»3
5185. Allahın Peyğəmbəri (s): «Ürəklər də dəmir kimi pas bağlayar.» Ərz olundu: «Ey Allahın Peyğəmbəri! Ürəkləri cilalayan nədir?.» Buyurdu: «Quran oxumaq.»4
5186. Allahın Peyğəmbəri (s): «Quran oxumaq sənin işin olsun! Çünki Onu oxumaq günahların kəffarəsidir və alovun qarşısında pərdə, əzabdan qorunmağın səbəbidir.»5
5187. Allahın Peyğəmbəri (s): «Övladım! Quran oxumaqdan qəflətdə qalma. Çünki Quran qəlbi dirildər və pozğunluq, pis əməl, zülm və günahdan saxlayar.»6
1502. Gözəl səslə oxumaq.
5188. Allahın Peyğəmbəri (s): «Hər şeyin bir zivəri var və Quranın zivəri də gözəl səsdir.»7
5189. Allahın Peyğəmbəri (s): «Quranı (xoş) səslərinizlə zinətləndirin.»1
5190. Allahın Peyğəmbəri (s) («Kim Quranı hamıdan daha gözəl oxuyur?» sualına verdiyi cavabdan):–«Onun Quran oxumağını eşidəndə, səsində Allahdan qorxu və qəzəbi görəsən.»2
5191. Allahın Peyğəmbəri (s): «Quranı həzin avazla oxuyun. Çünki o həzin nazil olmuşdur.»3
1503. Tilavətin haqqı.
5192. İmam Sadiq (ə)(«Onlara kitab verdiklərimiz, Kitabı layiq olan şəkildə oxuyarlar»4 ayəsi haqda buyurduqlarından): «Ayələrini aydın və qısa-qısa oxuyarlar. Mənalarını anlamağa çalışarlar. Hökm və fərmanlarını tətbiq edər, vədlərinə ümid bəsləyər, əzabından qorxarlar. Əhvalatlarından örnək götürər, misallardan öyüd alar, əməllərini yerinə yetirər, qadağalarından uzaq durarlar. Allaha and olsun ki, Quranı tilavət haqqı, ayələri əzbərləmək, hərfləri və sözlərini ardıcıl oxumaq, surələrini tilavət etmək, onun beş-on cüzvünü təkrarlamaqla deyil. (bəziləri) Hərf və sözlərini əzbərlədilər, hədd və mənaları tərk etdilər. Tilavətin haqqı isə onun ayələri haqda dərin düşünməkdir. Allah-taala buyurur: Sənə göndərdiyimiz mübarək bir kitabdır ki, onun ayələrini dərindən düşünəsən.»5,6
1504. Quran oxumağın qaydaları.
1. Ağzı təmizləmək.
5193. Allahın Peyğəmbəri (s): «Quranın keçdiyi yerləri təmizləyin.» Ərz olundu: «Ey Allahın Peyğəmbəri! Quranın keçdiyi yer haradır.» Buyurdu: «Ağızlarınız.» Ərz olundu: «Nə ilə təmizləyək?» Buyurdu: «Misvakla.»1
2. Allaha pənah aparmaq.
Quran:
«Quran oxuyanda, qovulmuş şeytandan Allaha pənah apar.»2
Hədis:
5194. İmam Sadiq (ə) (Hər surəni oxumağa başlayanda, «əuzu billahi minəş şeytanir rəcim» demək barədə suala cavabından): «Bəli, şeytanların ən alçağı olan qovulmuş şeytandan Allaha pənah apar.»3
3. Tərtil (aydın və qısa-qısa oxumaq)
Quran:
«Ona bir qədər (yarısı) artır və Quranı ağır-ağır oxu.»4
Hədis:
5195. Allahın Peyğəmbəri (s) (Quranı ağır-ağır oxu» ayəsi barədə): «Quranı aydın və ağır-ağır oxu. Onu ot şitili kimi səpmə və şer kimi tələsik, qırıq-qırıq oxuma. Heyrətamiz yerlərində ləngiyin, qəlbləri onunla doyündürüb hərəkətə gətirin. Bütün səyləriniz surəni başa çatdırmaq olmasın.»5
4. Dərindən düşünmək
Quran:
«Sənə göndərdiyimiz mübarək bir kitabdır ki, ayələrini dərindən düşünsünlər və ağıl sahibləri ondan ibrət alsınlar.»6
Hədis:
5196. İmam Əli (ə): «Bilin ki, Quranı düşünmədən oxumağın bir xeyri yoxdur. Bilin ki, fəhmsiz və düşüncəsiz ibadətin də bir xeyri olmaz.»7
5197. İmam Sadiq (ə) (Quranı bir gecədə xətm etmək barədə suala cavabından): «Onu bir aydan az müddətə oxumağını istəmirəm.»1
5.Qəlbin yumşaqlığı.
Quran:
«İman gətirənlərin qəlblərinin Allahı xatırlamaq və haqdan nazil olan üçün yumşalma vaxtı gəlib çatmamışdırmı? Bundan əvvəl (səmavi) kitab verilənlər kimi olmasınlar ki, onların gözləmə müddəti uzun müddət çəkdi, qəlbləri sərtləşdi. Onların çoxu fasiq idilər.»2
Hədis:
5198. Allahın Peyğəmbəri (s) («İnsanlardan ən gözəl Quran oxuyan kimdir?» sualına cavabından): «Quran oxumağını eşidəndə, Allahdan qorxduğunu hiss etdiyin.»3
5199. «Əyunul-Əxbaril-Rza» (ə): «İmam Rza (ə) Xorasana səfərə çıxarkən gecələr yatağında çox Quran oxuyardı. Cənnət və oddan bəhs edən ayəyə çatdıqda ağlayar, Allahdan cənnət diləyər, oddan Ona pənah aparardı.»4
1505. Quranın lənətlədiyi kimsələr.
5200. Allahın Peyğəmbəri (s): «Quranın lənətlədiyi Quran oxuyanlar nə qədər də çoxdur.»5
5201. Allahın Peyğəmbəri (s): «Səni (günahlardan) saxlayana qədər Quran oxumusan. Yox əgər saxlamayıbsa, Quran oxumamısan.»6
5202. Allahın Peyğəmbəri (s): «Cəhənnəmdə dəmirdən bir dəyirman var və onun başında günahkar qarilər, alimlər üyüdüləcək.»7
1506. Qurana qulaq asmaq.
Quran:
«Quran oxunanda ona qulaq asın və susun ki, bəlkə rəhm olunasınız.»1
Hədis:
5203. Allahın Peyğəmbəri (s): «Ehey! Kim Allaha müstaqdırsa, Onun sözünə qulaq assın.»2
5204. Allahın Peyğəmbəri (s): «Kim Allahın kitabının bir ayəsinə qulaq asarsa, ona ikiqat savab yazılar. Kim Qurandan bir ayə oxusa qiyamət günündə həmin ayə onunçün nura çevrilər.»3
5205. İmam Sadiq (ə) (Zurarənin Quran eşidən kimsənin susmasının və qulaq asmağının zərurəti haqda sualına cavabından):–«Bəli, sənin yanında Quran oxunanda, qulaq asıb sakit dayanmağın vacibdir.»4
1507. Öz nəzərinə uyğun təfsirdən çəkinmək.
5206. Allahın Peyğəmbəri (s): «Allah-taala buyurmuşdur: Sözümü öz nəzərinə uyğun təfsir edən alim Mənə iman gətirməmişdir.»5
5207. Allahın Peyğəmbəri (s): «Dünyadan köçəndən sonra ümmətim üçün ən çox qorxduğum şey, Quranı yanlış yozandır.»6
5208. İmam Sadiq (ə): «Kim Quranı nəzərinə uyğun təhlil etsə və təfsiri doğru olsa, ona heç bir əcr çatmaz və əgər səhv olsa, günahı onun boynundadır.»7
Dostları ilə paylaş: |