239
Namaz (2)
Gecə namazı
1130. Gecə namazının fəziləti
Quran:
«Və gecənin bir hissəsini oyaq qal ki, bu (gecə namazı) sənin üçün nafilə ibadətidir. Ümid var ki, Rəbbin səni bəyənilmiş bir məqama çatdırsın.»1
«Şübhəsiz ki, gecə yuxudan qalxmağın əziyyəti daha çoxdur və sözləri (o zaman) daha doğrudur.»2
Hədis:
3657. Allahın Peyğəmbəri (s): «Cəbrayıl ibadət üçün gecə oyaq qalmağı mənə o qədər tövsiyə etdi ki, ümmətimin ən yaxşı şəxslərinin, heç vaxt gecələr yatmayacağını güman etdim.»3
3658. Allahın Peyğəmbəri (s): «Allahın rəhməti olsun, gecə yarısı yuxudan qalxan, namaz qılan, öz həyat yoldaşını namaz qılmaq üçün oyadan və əgər qalxmaq istəməsə onun üzünə su çiləyən kişiyə. Allahın rəhməti olsun, gecə yarısı yuxudan qalxan, namaz qılan, ərini namaz üçün oyadan və əgər imtina edərsə, onun üzünə su çiləyən qadına.»4
3659. Allahın Peyğəmbəri (s): «Bəndə qaranlıq gecənin yarısında öz Ağası ilə xəlvətə çəkilib onunla öz sirlərini və ehtiyaclarını bölüşdürərsə, Allah-taala onun qəlbində nuru sabit edər.. Sonra mələklərinə buyurar: Ey mənim mələklərim! Baxın mənim bəndəmə, qaranlıq gecənin yarısında batil əhli boş və hədər işlərlə məşğul olduğu və qafillər yatdığı zaman mənimlə xəlvətə çəkilmişdir. Şahid olun ki, Mən onu bağışladım.» 1
3660. Allahın Peyğəmbəri(s):«İbadət üçün gecə oyaq qalmağı sizə tövsiyə edirəm ki, bu sizdən əvvəlki ləyaqət sahiblərinin həyat tərzidir.Gecə oyaq qalmaq Allaha yaxınlaşmaq və günahlardan çəkinməyin vasitəsidir.» 2
3661. İmam Əli (ə): «İbadət üçün gecə oyaq qalmaq bədənin sağlamlığının, Allah-taalanın razılığının, Allahın rəhməti altında olmağın və peyğəmbərlərin əxlaqından yapışmağın mənşəyidir.» 3
3662. İmam Əli (ə): «Peyğəmbərin (s) «Gecə namazı nurdur» sözünü eşitdiyim vaxtdan gecə namazını tərk etmədim.» İbn Həvva soruşdu: «Hətta hərir4 gecəsi də?» Buyurdu: «Bəli, hətta hərir gecəsi də.» 5
3663. İmam Sadiq (ə): «Möminin şərəfi onun gecə namazı və izzəti isə xalqın abrını tökməkdən çəkinməyidir.» 6
3664. İmam Sadiq (ə): «İbadət üçün gecə oyaq qalmağı tərk etmə. Çünki uduzan o olacaq ki, gecə oyaq qalmağı uduzsun.» 7
3665. İmam Sadiq (ə): «Quranda gecə namazından başqa bəndənin gördüyü hər bir xeyir iş üçün savab vardır. Gecə namazı Allah-taalanın yanında o qədər əhəmiyyətlidir ki, O, onun savabını məlum etməmiş və buyurmuşdur: «Yanları yataqlardan ayrılar… Onlar üçün etdikləri əməllərə görə gözlərinin işığına səbəb olacaq nə mükafat hazırladığımı heç kəs bilməz.8» 9
3666. İmam Sadiq (ə): «Gecə namazı üzü ağ və nurani edər. Gecə namazı insanı xoş ətirli edər, gecə namazı ruzi gətirər. 1
1131. Gecə namazından məhrum olmağın amilləri
3667. İmam Əli(ə) (bir kişi «Mən gecə namazından məhrum olmuşam.» deyə ərz edərkən): «Sən elə bir adamsan ki, günahların səni zəncirləmişdir.»2
3668. İmam Sadiq (ə): «İnsan hər bir yalanı danışar və buna görə, gecə namazından məhrum olar.»3
1132. Gecə namazı qılmaq niyyətində olan və yuxuya gedən şəxsin savabı.
3669. Allahın Peyğəmbəri (s): «Namaz qılmaq üçün gecənin bir hissəsini oyaq qalmağı niyyət edən, amma yuxuya qalan elə bir bəndə yoxdur ki, onun yuxusu, Allahın onun tərəfindən verdiyi sədəqə və etdiyi niyyət, bir savab kimi onunçün yazılmasın.» 4
240
Namaz (3)
Cümə namazı
1133. Cümə namazı
Quran:
«Ey iman gətirənlər! Cümə gününün namazına çağırıldığınız zaman, Allahı yad etməyə tələsin və ticarətinizi saxlayın. Əgər bilsəydiniz bu sizin üçün xeyirlidir.»1
Hədis:
3670. Allahın Peyğəmbəri (s): «Kim cümə namazını ona əhəmiyyət vermədiyindən tərk edərsə, Allah-taala onun qəlbinə qəflət möhürü vurar.»2
3671. Allahın Peyğəmbəri (s): «Cümə namazı yoxsulların həccidir.»3
3672. Allahın Peyğəmbəri (s): «Kim imanla və Allah xatirinə cümə namazında iştirak edərsə, əməllərini yenidən başlamışdır. (Allah mükafat olaraq onun keçmiş günahlarını bağışlayar və onun üçün yeni əməl naməsi açar)» 4
3673. İmam Baqir (ə): «Cümə namazı vacibdir və imamın olduğu halda, onun üçün toplanmaq vacibdir. Beləliklə, bir üzrü olmadan üç cümə namazını tərk edən şəxs, üç vacib əməli tərk etmişdir və bir səbəb olmadan üç vacibatı münafiqdən qeyri heç kim tərk etməz.» 5
1133. Xütbəyə qulaq asmaq qaydası
3674. İmam Əli (ə): «Cümə imamı xütbə oxuyanda söhbət etmək və üzü namazda icazə verilən həddən artıq qiblədən çevirmək olmaz.» 1
241
Namaz (4)
Peyğəmbərə və onun ailəsinə salavat göndərmək
1135. Peyğəmbərə və onun ailəsinə salavat göndərmək
Quran:
«Allah və onun mələkləri peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər, ona salavat göndərin və onun əmrinə yaxşı tərzdə təslim olun.»1
Hədis:
3675. Allahın Peyğəmbəri (s): «Harada olsanız mənə salavat göndərin, Çünki sizin salavatınız mənə gəlib çatır.» 2
3676. Allahın Peyğəmbəri (s): «Mənə salam və salavat göndərmək, sirat üstündə bir nurdur.» 3
3677. Allahın Peyğəmbəri (s): «Kim bir yazıda mənə salavat göndərsə, mənim adım həmin yazıda olanadək, mələklər daim onun günahlarının bağışlanmasını dilərlər.» 4
3678. Allahın Peyğəmbəri (s): «Ən xəsis insan, onun yanında mənim adım çəkiləndə mənə salavat göndərməyəndir.» 5
3679. İmam Əli (ə): «Peyğəmbərə (s) salavat göndərməyənədək hər bir dua hicab altındadır.» 6
3680. İmam Baqir (ə) və ya İmam Sadiq (ə): «Qiyamət günü tərəziyə qoyulacaq ən ağır əməl Məhəmməd və Ali Məhəmmədə salavat göndərməkdir.»1
1136. Peyğəmbərə və onun ailəsinə salavat göndərməyin usulu
3681. Allahın Peyğəmbəri (s) (O Həzrətə (s) salavat göndərməyin tərzinə dair sualın cavabında): «İlahi! Məhəmməd və Ali Məhəmmədə salavat göndər, necə ki, İbrahimə (ə) və Ali İbrahimə salavat göndərmisən. Sən çox tərif olunan və böyüksən. Məhəmməd və Ali Məhəmmədə (ə) bərəkət ver, necə ki, İbrahimə və Ali İbrahimə bərəkət vermisən. Sən çox tərif olunan və böyüksən – deyin.» 2
Dostları ilə paylaş: |