Xristianlıq. Xristianlıq Azərbaycan ərazisinə yeni eranın ilk əsrlərində, hələ İsa Məsihin həvariləri dövründə Qafqaz Albaniyası vasitəsilə nüfuz etmişdir. 70-ci ildə Yerusəlimin (Qüdsün) süqutundan sonra yəhudilərin Qafqaza köçürülməsi güclənir. Gələnlər İsanın göstərdiyi möcüzələrdən danışırlar. Bu cür təbliğin təsiri altında bölgədə ilk xristian icmaları yaranır. Albaniyada xristianlığın yayılmasında bu dövr həvari dövrü adlanır və həvarilərdən Varfolomey və Faddeyin adları ilə bağlıdır. Həvari Faddeyin şagirdlərindən olan Yelisey Yerusəlimin birinci patriarxı Yəqubun xeyir-duası ilə yeni dini təbliğ edə-edə Aqvan diyarına gəlib çıxmış və Kiş adlı yerdə kilsə tikmişdir. Bu kilsə Ermənistandakı birinci xristian kilsəsindən qabaq tikilmişdir. 313-cü ildə Roma imperatoru Konstantin xristianlığa etiqad üzərindən qadağanı götürəndə Alban hökmdarı Urnayr xristianlığı dövlət dini elan edir. Bu vaxtdan etibarən Azərbaycanda xristianlığın yayılmasının qrekofil dövrü adlanan yeni dövrü başlanır. Akademik Z.Bünyadov göstərir ki, Urnayr, II Vaçe və III Vaçaqan ölkədə xristianlığı yaymaq üçün mübarizə aparmışlar. IV-V əsrlərdə ruhanilik və kilsə iyerarxiyası təşəkkül tapır. Katolikosun göstərişi ilə feodallar öz ərazilərində kilsə üçün xüsusi yerlər ayırırdılar. Bölgədə kilsələr tikilir, dini kitablar siryani, arami və yunan dillərindən Alban dilinə tərcümə edilirdi. Azərbaycan tarixinin xristianlıqla bağlı məqamları təkcə İslamdan öncəki dövrə aid deyil, əksinə, İslam Azərbaycanda aparıcı dinə çevrildikdən sonra da bu ərazilərdə xristianlar yaşayıb və ümumi mədəniyyətimizin formalaşmasında yaxından iştirak ediblər. Üstəlik müəyyən tarixi dövrlərdən başlayaraq bu dinin müxtəlif qolları - pravoslavlıq, katoliklik və protestantlıq, eləcə də lüteranlıq ölkəmizdə yayılıb və yaşamaq hüququ qazanıb. Azərbaycanın ikiyə bölünməsindən və Rusiya işğalından sonra bölgədə fərqli dini mühit formalaşıb ki, onun təsiri hələ də davam edir. Çünki Rusiyanın işğalından sonra xristianlığın pravoslav və lüteran qoluna mənsub xeyli sayda insan kütləvi şəkildə Şimali Azərbaycana köçürüldü və ölkədə əhalinin istər din, istərsə də məzhəb baxımından tərkibi xeyli dəyişdi. Şübhəsiz, XIX əsrin ikinci yarısında Bakıda neft sənayesinin inkişafı nəticəsində işləmək üçün müxtəlif ölkələrdən Azərbaycana gələn insanların sayı xeyli artdığından əhalinin dini tərkibi daha da zənginləşdi. Bunu həmin dövrdə Bakının dini xəritəsi də təsdiqləyir. 1913- cü ilin məlumatına görə, Bakıda 76 min 927 xristian, 9 min 592 yəhudi, 3 min 801 lüteran, 2 min 902 katolik, 4 min 496 sektant, 262 nəfər təriqətçi yaşayıb və həmin dövrdə Azərbaycanda məscidlər, pravoslav baş kilsələri, kiçik kilsələr, kirxa və sinaqoqlar, məbədlər və s. fəaliyyət göstərib. Məhz bu dövrdə Roma-katolik, lüteran və bir sıra protestant icmaları formalaşıb. Bütün bunlar onu göstərir ki, tarixən çox konfessiyalı ölkə olan Azərbaycanda tolerantlıq prinsiplərinin qorunması üçün münbit şərait olub və təkcə ölkənin yerli əhalisi yox, hətta əcnəbilər də bu mühitdən maksimum bəhrələniblər.