Alban-udi xristian kilsəsi. Azərbaycanda xristianlığın tarixi Alban kilsəsindən başlayır. Qədim qaynaqlar sübut edir ki, Alban kilsəsi nəinki Qafqazda, hətta bütün xristian dünyasında ən qədim kilsələrdən biridir və apostol mənşəlidir. Alban kilsəsinin qədimliyini təkcə tarixi faktlar yox, həm də mövcudluğunu dövrümüzə qədər qoruyub saxlamış qədim alban məbədləri təsdiqləyir. Alban katolikosunun iqamətgahı Çoqay şəhərində yerləşirdi. 552-ci ildə iqamətgah Bərdəyə köçürülmüşdür. İslam fütuhatlarından, xüsusilə Alban məlikliyinin süqutundan sonra ölkədə xristianlığın rolu zəifləmiş, kilsələrdə ibadət erməni dilində aparılmış, Alban dili sıxışdırılmışdır. VIII-IX əsrlərdə Azərbaycan ərazisində müstəqil dövlətlər yarananda Alban kilsəsi yenidən avtokefal kilsə statusunu bərpa etmişdir. Xristianlıqla bağlı araşdırmalar aparan tədqiqatçıların ümumi qənaətinə görə, Şəkidə yerləşən, «Şərq kilsələrinin anası» sayılan və günümüzə qədər qorunub saxlanılan Kiş kilsəsi Qafqazda ilk xristian məbədidir. Əslində dövrümüzə qədər gəlib çatmış və böyük əksəriyyəti Qarabağ, Qəbələ-Şəki-Zaqatala bölgəsində yerləşən alban abidələri xristian Azərbaycan türklərinin xristian mədəniyyətinə, ümumilikdə, bəşəriyyətin mədəni dəyərlər xəzinəsinə ən böyük töhfəsidir. Təəssüf ki, Azərbaycana qarşı işğalçılıq siyasəti aparan təcavüzkar Ermənistan Azərbaycan xalqının tarixində böyük bir mərhələni təşkil edən alban abidələri saxtalaşdırılaraq qriqoryanlaşdırılmışdır. Ermənistan işğal etdiyi ərazilərdə saxtalaşdırdığı alban məbədlərini dünyada erməni abidələri kimi qələmə vermişdir. Halbuki, həm tikilişinə, həm memarlıq xüsusiyyətlərinə, həm də dini atributlarının formasına görə alban abidələri erməni kilsələrindən fərqlənir və alban ənənələri erməni kilsəsi ilə müqayisədə alban kilsəsinin daha qədim olduğunu təsdiqləyir. Çar Rusiyası tərəfindən Qarabağa köçürülən ermənilərin hiyləsinə uyan Rusiya çarı 1836-cı ildə fərman imzalayaraq Alban kilsəsini ləğv edir, Alban məbədləri, kilsəyə aid olan bütün avadanlıq və sənədlər erməni apostol kilsəsinə verilir. Bu şəraitdə udilər ya qriqoryanlığı qəbul edib erməni olmalı, yaxud dinsiz insanlara çevrilməli idilər. Lakin onlar misilsiz qəhrəmanlıq göstərib 160 ildən çox bir dövrdə öz dininə, adət-ənənələrinə, dininə, tarixi vətəninə sadiq qalmış, erməniləşməmiş, əksinə 1836-cı ildə həyata keçirilən tarixi ədalətsizliyi həmişə aradan götürməyə çalışmışlar. Udili ziyalıların təşəbbüsü ilə 2003-cü ildə AlbanUdi xristian icması yaradılmış və müvafiq qaydada dövlət qeydiyyatından keçmişdir. İcmanın qeydiyyatı Alban apostol avtokefal kilsəsinin dirçəldilməsi, ümumiyyətlə, tarixi ədalətsizliyin aradan qaldırılması yolunda ilk addımdır. Azərbaycan hökumətinin dəstəyi ilə Şəki rayonunun Kiş kəndində yerləşən və Qafqazda kilsələrin anası hesab olunan apostol Yelisey kilsəsi bərpa edilmiş, 2006- cı ildə isə udilərin kompakt halda yaşadığı Qəbələ rayonunun Nic qəsəbəsindəki «Çotari» Alban-udi kilsəsinin rəsmi açılışı olmuşdur. Təbii ki, Alban-udi xristian icmasının dirçəldilməsi və alban abidələrinin bərpası tarixi ədalətsizliyin aradan qaldırılması, ölkəmizdəki tolerantlıq mühitinin qorunub saxlanılması baxımından təkcə Azərbaycan deyil, həm də bütün dünya tarixində mühüm əhəmiyyət kəsb edir. Alban-udi xristian dini icmasının qeydiyyat alınması formal olaraq digər icmaların qeydiyyatından fərqlənməsə də, xarakter, məzmun, dini və siyasi əhəmiyyət baxımından çox əlamətdar bir hadisədir. Bu gün Udi etnosuna mənsub olan insanların sayı dünyada 10.000-ə qədərdir ki, onların 6000-i Azərbaycan ərazisində, o cümlədən 4.400-ü kompakt şəkildə Qəbələ rayonunun Niç kəndində yaşayır.