Press-reliZ 04 may 2010-cu IL Bakı, Azərbaycan



Yüklə 63,71 Kb.
tarix22.10.2017
ölçüsü63,71 Kb.
#9454

R A T İ

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu


PRESS-RELİZ
04 may 2010-cu il

Bakı, Azərbaycan


  • ELAN!

  • FƏTULLAYEVİN MƏHKƏMƏSİNDƏ ŞAHİDLƏRİN DİNDİRİLMƏSİ DAVAM EDİB

  • XURAL” QƏZETİNƏ QARŞI İDDİA İCRAATA QƏBUL EDİLMƏDİ

  • CƏLAL ƏLİYEV AZƏR AYXANA QARŞI ŞİKAYƏTİNİ GERİ GÖTÜRDÜ

  • DÜNYA MƏTBUAT AZADLIĞI KOMİTƏSİ PREZIDENT İLHAM ƏLİYEVƏ MÜRACİƏT EDİB

  • ÖLKƏ” QƏZETİNƏ QARŞI İDDİAYA SƏBƏB OLMUŞ MƏQALƏ EKSPERTİZAYA GÖNDƏRİLDİ

  • VALİDEYNLƏRİ ADNAN HACIZADƏ İLƏ GÖRÜŞÜBLƏR

  • HÜQUQ MÜDAFİƏÇİSİNƏ QARŞI XÜSUSİ İTTİHAM QAYDASINDA İDDİALAR QALDIRILIB

  • AVROPA ŞURASININ BAŞ KATİBİ MƏQALƏSİNDƏ EYNULLA FƏTULLAYEVDƏN DƏ YAZIB


ELAN!

     05 MAY SAAT 13.00-DA Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində hüquq müdafiəçisi Vidadi İsgəndərov barəsində cinayət Məcəlləsinin 147.2 (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə xüsusi ittiham qaydasında iddia qaldırılması ilə bağlı mətbuat konfransı keçirəcək.

  Tədbirə  jurnalistlər, hüquq müdafiəçiləri və diplomatik korpus nümayəndələri dəvətlidirlər.

FƏTULLAYEVİN MƏHKƏMƏSİNDƏ ŞAHİDLƏRİN DİNDİRİLMƏSİ DAVAM EDİB
Bü gün (04 may) Qaradağ Rayon Məhkəməsində İsmayıl Xəlilovun sədrliyi ilə “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru E. Fətullayevə qarşı qaldırılmış cinayət işi üzrə məhkəmə baxışı davam etdirilib. Proses zamanı 12 saylı Cəzaçəkmə Müəssisəsinin əməliyyat müvəkkili Eldar İsmayılov, təsərrüfat şöbəsinin böyük mütəxəssisi Şahmurad Soltanov və yeməkxana müdiri İsmayıl İsmayılov şahid kimi dindiriliblər.

Təqsirləndirilən şəxsin üzərində axtarış aparılması haqqında protokolu tərtib edən E.İsmayılov Fətullayevin axtarışdan əvvəl axtrarışa etiraz edərək, vəkil tələb etdiyini təsdiqləyib. İsmayılov Fətullayevin gödəkcəsinin tam sökülmədiyini, tapılmış maddənin ölçüsünün çəkilmədiyini də vurğulayıb. İsmayılov 2009-cu il dekabrın 28-də, yəni axtarışdan bir gün əvvəl Fətullayevə əməliyyat şöbəsində külli miqdarda məktub təqdim edib. Jurnalistin vəkili İsaxan Aşurovun “dekabrın 28-də Fətullayevin hərəkətlərində hər hansı bir qəribəlik, qeyri-adilik hiss etminizmi” sualına İsmayılov “xeyr, müşahidə etməmişəm” cavabını verib.

Şahmurad Soltanov axtarış otağına Fətullayevin üzərindən narkotik maddə tapmış Bəhruz Quliyev tərəfindən çağırıldığını bildirib. Üzərindən narkotik maddə tapılmış digər şəxs Şəmsiyevin narkotik maddədən imtina etməsini barədə qeydi Soltanov istintaqa verdiyi ifadəyə əlavə edib. Aşurov bu qeydin axtarışla bağlı tərtib edilən protokola niyə yazmadığını soruşduqda, Soltanov bu suala cavab verə bilməyib.

Yeməkxana müdiri İsmayıl İsmayılov iş üçün yeni olan heç bir söz deməyərək, əvvəlcədən verilmiş şahid ifadələrində işlədilən cümlələrdən istifadə edərək ifadə verib.

Növbəti məhkəmə baxışı digər şahidlərin dindirilməsi ilə mayın 7-i saat 11.00-da davam edəcək.

Qeyd edək ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevin işi üzrə qərar verib. Aprelin 22-də açıqlanan qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822  avro məbləğində təzminat ödəməlidir.

Xatırladaq ki, E.Fətullayev 2007-ci il aprelin 20-də Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Birliyinin sədri Tatyana Çaladzenin iddiasına əsasən Yasamal Rayon Məhkəməsinin qərarı ilə məhkəmə zalında həbs edilib.

Həbs edildikdən bir ay sonra “Realnıy Azerbaydjan” qəzetində dərc olunan və Azərbaycanda işləyən xarici ölkə vətəndaşları və beynəlxalq qurumlarda təşviş yaratdığı iddia olunan yazı ilə əlaqədar Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsində E.Fətullayevlə bağlı cinayət işi başlanıb. Cinayət Məcəlləsinin 214.1-ci (terrorçuluqla hədələmə) və 283.2.2-ci (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə yoluyla onun barəsində həbs-qətimkan tədbiri seçilib. Sonradan istintaq E.Fətullayevi külli miqdarda vergidən yayınmada (213.2.2-ci maddə) da ittiham edib.

2007-ci il oktyabrın 30-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarı ilə E.Fətullayev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və ona 242 min 522 manat həcmində cərimə kəsilib.

29 dekabr 2009-cu ildə isə 12 saylı Cəzaçəkmə Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapılıb. Bununla əlaqədar olaraq Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsində E. Fətullayev barəsində Cinayət Məcəlləsinin 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə açılmış cinayət işi üzrə istintaq yekunlaşıb və bu işə Qaradağ rayon məhkəməsində baxılır. Eynulla Fətullayev, vəkili, həmçinin bir çox yerli və beynəlxalq təşkilatlar bu işi  yaxın zamanlarda jurnalistin həbsi ilə  bağlı Avropa İnsan Haqları Məhkəməsinin  qərarının  qarşısını almaq məqsədilə əvvəlcədən qurulmuş əməliyyat kimi qiymətləndirir.

Qeyd edək ki, 2005-ci ildən  Eynulla Fətullayevin təsisçiliyi və baş redaktorluğu ilə “Realnıy Azerbaydjan” qəzeti həftəlik, “Gündəlik Azərbaycan” qəzeti isə gündəlik nəşr olunub. 2007-ci ildə baş redaktorun həbsindən sonra hər iki qəzet fəaliyyətini dayandırıb.

Foto: http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,500/lang,az/


XURAL” QƏZETİNƏ QARŞI İDDİA İCRAATA QƏBUL EDİLMƏDİ

 

Sabiq baş prokuror İxtiyar Şirinin “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallıya, qəzetin baş redaktorunun müavini Məlahət Zeynallıya və keçmiş müdafiə naziri Rəhim Qazıyevə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia icrrata qəbul edilmədən rədd edilib. Bu gün (04 may) Yasamal rayon məhkəməsində hakim Raqib Qurbanovun sədrliyi ilə keçirilən hazırlıq iclasında bu qərar qəbul edilib.



Cavabdeh Əvəz Zeynallının vəkili Elçin Sadıqov iddianın rədd edilməsi barədə vəsatət qaldırıb. O, vurğulayıb ki, “Xural” qəzeti Nərimanov rayonu ərazisində yerləşdiyinə görə, bu iddia Yasamal rayon məhkəməsində qaldırıla bilməz. “Həmçinin cavabdehlər – Əvəz Zeynallı və Məlahət Zeynallının ata adları və ünvanları iddiada göstərilməyib. Bu isə qanunvericiliyə ziddir” – deyən E.Sadıqov, iddianın da əsassız olduğunu qeyd edərək, baxılmadan rədd edilmsini istədi.

Xüsusi ittihamçı İxtiyar Şirin öz iddiasını müdafiə etdiyini bildirdi və cavabdehlər barəsində həbs-qətimkan tədbirinin seçilməsi barədə vəsatət qaldırdı.

Əvəz Zeynallı çıxışında vəkilinin vəsatəti ilə tam razı olduğunu bildirdi. O, əlavə etdi ki, cavabdeh Məlahət Zeynallının iddiaya səbəb olan məqalə ilə heç bir əlaqəsi yoxdur. Bu səbəbdən də M.Zeynallıya qarşı xüsusi ittiham qaydasında qaldırılmış iddianın nə qanuna, nə də vicdana sığmadığını vurğuladı.

Digər cavabdeh iddiaya səbəb omuş müsahibənin müəllifi Rəhim Qazıyev də bildirdi ki, bu işdə “Xural” qəzeti cavabdehlik daşımamalıdır. O, əlavə etdi ki, sözügedən müsahibədə xüsusi ittihamçı ilə bağlı heç bir təhqirə və böhtana yol verməyib.

Tərəfləri dinlədikdən sonra hakim iddianın qanunvericiliyə uyğun tərtib edilmədiyini əsas gətirərək, icraata götürülmədən rədd edilməsi barədə qərarı elan etdi.

Xatırladaq ki, iddiaya Rəhim Qazıyevin “Xural” qəzetinin 10-16 yanvar tarixli  sayında dərc olunmuş müsahibəsi səbəb olub. Müsahibənin bir hissəsində R.Qazıyev İxtiyar Şirinin mətbuata verdiyi açıqlamalara münasibət bildirib. Bu səbəbdən də İ.Şirin xüsusi ittiham qaydasında məhkəməyə müraciət edərək, cavabdehlərə Cinayət Məcəlləsinin 147 (böhtan) və 148 (təhqir) maddələri ilə cinayət işi açılmasını istəmişdi.



Foto: http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,501/lang,az/

CƏLAL ƏLİYEV AZƏR AYXANA QARŞI ŞİKAYƏTİNİ GERİ GÖTÜRDÜ

Bu gün (4 may) Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə millət vəkili, akademik Cəlal Əliyevin “Yeni Müsavat” qəzetinin baş redaktor müavini Azər Ayxan və qəzetin müxbiri Qoşqar Bakılıya qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddiaya əsasən Nizami rayon məhkəməsinin 10 fevral 2010-cu il tarixli qərarından verdiyi apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirildi.

Prosesdə iddiaçının nümayəndəsi Məzahir Sadıqov, cavabdehlərdən “Yeni Müsavat” qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxan və onun vəkili Elçin Sadıqov iştirak edirdilər.  

Cəlal Əliyevin vəkili M. Sadıqov hüquqlarının müdafiə etdiyi şəxsin apellyasiya şikayətinə xitam verilməsinə dair məhkəməyə ünvanladığı ərizəni hakimə təqdim etdi. Müşavirə elan edən hakim F. Qasımov işə xitam verilməsi barədə qərarını elan etdi.

Xatırladaq ki, Cəlal Əliyev “Yeni Müsavat”ın bu il yanvarın 05-də işıq üzü görən sayında “Prezidentin narazı qaldığı obyektin sahibi tapıldı, “Bakı” mehmanxanası Cəlal Əliyevin imiş” başlıqlı məqalədə şərəf və ləyaqətini ləkələyən, nüfuzdan salan və həqiqətə uyğun olmayan məlumatlar olduğunu hesab edərək, Nizami rayon məhkəməsində Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə xüsusi ittiham qaydasında iddia qaldırmışdı. 10 fevral 2010-cu il tarixində hakim iddia ərizəsinin düzgün hazırlanmamasını əsas göstərək, iddianın icraata götürülmədən rədd edilməsi barədə qərar çıxarmışdı.   

 Qeyd edək ki, millət vəkili Cəlal Əliyev mərhum prezident Heydər Əliyevin qardaşı, indiki dövlət başçısı İlham Əliyevin əmisidir.

 Azərbaycanın ən çoxtirajlı qəzetlərindən olan “Yeni Müsavat” qəzeti 1993-cü ildən fəaliyyət göstərir və gündəlik çap olunur.

Video: http://www.irfs.az/content/view/3847/1/lang,az/

DÜNYA MƏTBUAT AZADLIĞI KOMİTƏSİ PREZIDENT İLHAM ƏLİYEVƏ MÜRACİƏT EDİB
Dünya Mətbuat Azadlığı Komitəsi “Gündəlik Azərbaycan” və “Realnıq Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin azadlığa buraxılması üçün prezident İlham Əliyevə müraciət edib. Bu barədə “Azadlıq” radiosu məılumat yayıb. Komitənin sədi Riçard Uinfildin imzaladığı müraciətdə deyilir ki, Dünya Mətbuat Azadlığı Komitəsi dünyanın hər yerindən 45 mətbuat azadlığı qrupunu təmsil edən bir təşkilat kimi Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına dəstək olaraq, Azərbaycanda həbsdə olan jurnalist Eynulla Fətullayevin dərhal azadlığa buraxılmasını tələb edir.

Riçard Uinfild bildirir ki, Avropa İnsan Haqları Məhkəməsi yerli məhkəmənin qərarının Avropa İnsan Hüquqları Konvensiyasının ədalətli məhkəmə istintaqı və təqsirsizlik prezumpsiyası şərtlərinə zidd olduğunu da aşkar edib.

Qeyd edək ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevin işi üzrə qərar verib. Aprelin 22-də açıqlanan qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822  avro məbləğində təzminat ödəməlidir.

Xatırladaq ki, E.Fətullayev 2007-ci il aprelin 20-də Qaçqın və Məcburi Köçkünlərin Hüquqlarını Müdafiə Birliyinin sədri Tatyana Çaladzenin iddiasına əsasən Yasamal Rayon Məhkəməsinin qərarı ilə məhkəmə zalında həbs edilib.

Həbs edildikdən bir ay sonra “Realnıy Azerbaydjan” qəzetində dərc olunan və Azərbaycanda işləyən xarici ölkə vətəndaşları və beynəlxalq qurumlarda təşviş yaratdığı iddia olunan yazı ilə əlaqədar Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsində E.Fətullayevlə bağlı cinayət işi başlanıb. Cinayət Məcəlləsinin 214.1-ci (terrorçuluqla hədələmə) və 283.2.2-ci (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə yoluyla onun barəsində həbs-qətimkan tədbiri seçilib. Sonradan istintaq E.Fətullayevi külli miqdarda vergidən yayınmada (213.2.2-ci maddə) da ittiham edib.

2007-ci il oktyabrın 30-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarı ilə E.Fətullayev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və ona 242 min 522 manat həcmində cərimə kəsilib.

29 dekabr 2009-cu ildə isə 12 saylı Cəzaçəkmə Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapılıb. Bununla əlaqədar olaraq Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsində E. Fətullayev barəsində Cinayət Məcəlləsinin 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə açılmış cinayət işi üzrə istintaq yekunlaşıb və bu işə Qaradağ rayon məhkəməsində baxılır. Eynulla Fətullayev, vəkili, həmçinin bir çox yerli və beynəlxalq təşkilatlar bu işi  yaxın zamanlarda jurnalistin həbsi ilə  bağlı Avropa İnsan Haqları Məhkəməsinin  qərarının  qarşısını almaq məqsədilə əvvəlcədən qurulmuş əməliyyat kimi qiymətləndirir.

Qeyd edək ki, 2005-ci ildən  Eynulla Fətullayevin təsisçiliyi və baş redaktorluğu ilə “Realnıy Azerbaydjan” qəzeti həftəlik, “Gündəlik Azərbaycan” qəzeti isə gündəlik nəşr olunub. 2007-ci ildə baş redaktorun həbsindən sonra hər iki qəzet fəaliyyətini dayandırıb.

ÖLKƏ” QƏZETİNƏ QARŞI İDDİAYA SƏBƏB OLMUŞ MƏQALƏ EKSPERTİZAYA GÖNDƏRİLDİ
Bu gün (4 may) Yasamal rayon məhkəməsində hakim Xaqani Məmmədovun sədrliyi ilə “Milli Birlik Hərəkatı”nın lideri Lalə Şövkət Hacıyevanın “Ölkə” qəzetinə qarşı iddiasına əsasən  məhkəmə  prosesi keçirilib.

Prosesdə iddiaçının nümayəndələri Əvəz Temirxan və Elxan Abbasov, cavabdehlər Rəfael Becanov, Nicat Dağlar (Hüseynov), Nəsimi Şərəfxanlı, Zülfüqar Hüseynov və qəzetin səlahiyyətli nümayəndəsi Azər Rəsulov iştirak edirdi.

Proses zamanı Ə.Temirxan L.Ş.Hacıyevanın “Vikipediya” saytındadakı tərcümeyi-halının iddiaya səbəb olan məqalədəki “KQB Agenti”nin tərcümeyi halı ilə uyğun olduğunu bildirdi və cavabdehlərə ünvanladığı suallarında da bunun səbəbini soruşdu. Cavabdehlərdən Nicat Dağlar L.Ş. Hacıyevanın tərcümeyi halının “Vikipediya”dan götürüldüyünü, lakin həmin məlumatın “KQB Agenti”nin tərcümeyi-halı kimi göstərilmədiyini bildirdi. Digər cavabdehlər də iddiaya səbəb olan məqalənin L.Ş. Hacıyevaya aid olmadığını bildirdilər.

“Ölkə” qəzetinin səlahiyyətli nümayəndəsi Azər Rəsulov da “KQB Agenti”nin L.Ş. Hacıyeva olmadığını və jurnalistin düşüncəsinə görə məhkəməyə verilməsinin düzgün olmadığını qeyd edib.  Daha sonra hər iki tərəf məqalənin linqvistik ekspertizaya göndərilməsi ilə bağlı vəsatət verdi.

Hakim vəsatəti təmin edərək ekspertizanın cavabı gələnə qədər iddianın icraatının dayandırılması ilə bağlı qərar qəbul etdi.

Xatırladaq ki, “Milli Birlik Hərəkatı”nın lideri Lalə Şövkət Hacıyeva “Ölkə” qəzetinin 11-17 fevral tarixli buraxılışında “”Madam” ləqəbli agent kimdir?” başlıqlı yazısında barəsində həqiqətə uyğun olmayan məlumatların yer aldığını iddia edərək, cavabdehlərin təkzib verməsini, üzr istəməsini və onlardan hər birinin 100 min manat məbləğində cərimələnməsini tələb edib. İddia ərizəsində göstərilib ki, cavabdehlərdən məhkəmə qərarı ilə tutulacaq bütün məbləğ Bilgəh qəsəbəsindəki müharibə və əmək əlilləri üçün pansionatın hesabına köçürülsün.

Qeyd edək ki, “Ölkə” qəzeti 2008-ci ilin fevral ayında fəaliyyətə başlayıb və həftədə bir dəfə dərc olunur.
FOTO: http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,502/lang,az/

VALİDEYNLƏRİ ADNAN HACIZADƏ İLƏ GÖRÜŞÜBLƏR

May ayının 2-si valideynləri 14 saylı cəzaçəkmə müəssisəsində saxlanılan gənc bloqçu Adnan Hacızadə ilə görüşüblər. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) bloqçunun atası Hikmət Hacızadə məlumat verib. Onun sözlərinə görə, Adnan Hacızadə səhətində heç bir problem olmadığını deyib və saxlanma şəratindən narazılıq etməyib.

 Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 08 iyul tarixində  axşam saatlarında  Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 08 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də  Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. Cinayət işinin istintaqı yekunlaşdırılıb və gənclərə qarşı 221.1.2 (xuliqanlıq) və 127 (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddələri ilə ittiham irəli sürülüb və iş baxılması üçün məhkəməyə göndərilmişdi. Noyabrın 11-də Səbail rayon məhkəməsi Emin Millinin 2 il 6 ay, Adnan Hacızadənin isə 2 il azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxarıb. Bakı Apellyasiya Məhkəməsi 10 mart 2010-cu il tarixdə hökmün qüvvədə saxlanılması ilə bağlı qərar qəbul edib.

HÜQUQ MÜDAFİƏÇİSİNƏ QARŞI XÜSUSİ İTTİHAM QAYDASINDA İDDİALAR QALDIRILIB

Bu gün (04 may) “Demokratiyanın Müdafiəsinə Kömək” ictimai birliyinin sədri, hüquq müdafiəçisi Vidadi İsgəndərova qarşı xüsusi ittiham qaydasında qaldırılmış iki iddiaya əsasən hazırlıq iclasları keçirilib. Bu barədə Reportyorlaqrın Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) V.İsgəndərovun özü məlumat verib. V.İsgəndərov Göyçay rayon Polis Şöbəsinin rəisi Vüqar Məmmədyarovun iddiasına əsasən Yasamal rayon məhkəməsində hakim Abbas Rzayevin sədrliyi ilə keçirilən hazırlıq iclasında iddianın qəbul olunması ilə bağlı vəsatət qaldırıb. Hakim vəsatəti təmin edib və prosesi 11 may saat 11.45-ə təyin edib.

Göyçay Rayon Polis Şöbəsinin istintaq bölməsinin rəisi Rüfət İbayevin xüsusi ittiham qaydasında iddiasına əsasən hazırlıq iclası isə həmin məhkəmədə hakim Elçin Qurbanovun sədrliyi ilə keçirilib. Bu iddia üzrə proses 11 may saat 11.45-ə təyin edilib.

Qeyd edək ki, iddiaçılar “Azadlıq” qəzetinin 2 aprel tarixli sayında “Polis məndən 3 min manat rüşvət alıb” adlı yazıda V.İsgəndərovun onlara böhtan atdığını hesab edərək, Cinayət Məcəlləsinin 147.2 (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə xüsusi ittiham qaydasında iddia qaldırıblar.


AVROPA ŞURASININ BAŞ KATİBİ MƏQALƏSİNDƏ EYNULLA FƏTULLAYEVDƏN DƏ YAZIB

Avropa Şurasının baş katibi Torbyörn Yaqland Avropada söz azadlığı ilə bağlı “The Gardian” qəzetində məqalə ilə çıxış edib. O, öz məqaləsində azərbaycanlı jurnalist Eynulla Fətullayevlə bağlı məsələyə geniş yer ayırdığı üçün məqaləni olduğu kimi təqdim edirik.




Avropa ifadə  azadlığını müdafiə  etməlidir

Ümumdünya Söz Azadlığı  gününü qeyd  edərkən hər kəs xatırlamalıdır ki, bizim demokratiyamız bu mühüm hüquqdan asılıdır.

Həbsdə olan redaktor Eynulla Fətullayevin taleyi ciddi narahatlıq doğurur. O, Azərbaycan hakimiyyəti tərəfindən irəli sürülmüş şübhəli ittihamlarla üç ildir ki, həbsdədir. O, sadəcə öz işi ilə məşğul olan və mükafatla təltif edilən bir jurnalistdir. Keçən ay İnsan Haqları üzrə Avropa Məhkəməsi onun dərhal azad edilməsi ilə bağlı qərar verdi.

Məhkəmə qərarında deyilir ki, Azərbaycan ifadə azadlığı hüququna dair İnsan Haqları üzrə Avropa Konvensiyasının 10-cu maddəsi də daxil olmaqla 3 maddəsini pozub. Azərbaycan 2001-ci il yanvar ayında konvensiyaya imza atmış və 2002-ci ilin Aprel ayında isə təsdiq etmişdir. Müqaviləni imzalayan tərəf kmi, qanunla Azərbaycan bu qərarlara riayət etməlidir. Əlavə şərhə ehtiyac yoxdur.

Rəssam Lars Vilksin  və karikaturaçı Kurt Vesterqardın taleyi də  məni narahat edir. Onların hər ikisi ölümlə  hədələniblər. Vesterqard həyatına olunan sui-qəsddən canını güclə qurtarıb. Onların hər ikisi Məhəmməd və İslamın karikaturalarına görə İslamistlərin təhlükəsi altındadır. Onlar həbsdə deyillər, ancaq zorakılıq təhlükəsi onların həyatını həbsə çevirəcək.

Avropa Şurasının baş  katibi kimi, inanıram ki, ifadə azadlığı dəyərlərimizin əsasıdır və 47 üzv dövlət onu güzəştə getmədən və üzr istəmədən həmişə müdafiə etməlidir.

Biz Ümumdünya Söz Azadlığı  gününü qeyd edərkən görürük ki, ifadə azadlığı  təkcə  Avropada deyil bütün dünyada təhlükə iləüzləşir. Google senzura üzündən çin bazarını tərk etdi. Məşhur Amerika South Park komediya proqramının bir epizodu senzuraya məruz qalmışdı. Bu islamistlərin şounun yaradıcılarını Məhəmməd peyğəmbərin rəsmini təqdim etdikləri üçün hədələdikdən sonra baş vermişdi.

Biz 2010-cu il də İnsan Haqalrı üzrə Avropa Konvensiyasının 60 illiyini qeyd edirik. Konvensiyanın 10-cu maddəsi  söz və ifadə  azadlığını təmin edir - mütləq hüquq kimi yox, əsas hüquq kimi. Bu isə digər hüquqlara təsir edir və özündə bəzi məsuliyyətləri daşıyır.

Lakin biz 10-cu maddəni cəmiyyətimizin əsasını zəiflədə biləcək bir tərzdə təqdim edə bilmərik. Söz və ifadə azadlığı Avropada azadlığı qoruyur. Bu isə bizim Avropalı kimi kimliyimizin əsas mahiyyətidir.  Bizim liberal və dünyəvi mədəniyyətlərimiz müxtəlifliklərin müzakirəsini tələb edir. Ifadə və söz azadlığı bizim müxtəlif mədəniyyətləri, adət ənənələri, dinləri, və etiqadları ümumi Avropa evinə inteqrasiya edə bilməmiz üçün bir vasitə deməkdir. Biz zorakılığa və nifrətə təhrikçiliyə yol verə bilmərik. Bununla belə mən həm hökumətləri, siyasi liderləri, dinləri, onların əsatirlərini (mif) və ideyalarını tənqid edə bilmək hüququnu və həm də eyni dərəcədə insanların bu sayaq ifadə azadlığına (istər məqalə şəklində, televiziya proqramlarında, rəsmlərdə və karikaturalarda olsun) qarşı dinc şəkildə etiraz etmək hüququnu güclü dəstəkləyirəm.

İfadə azadlığında güzəştə gedəriksə, bizim demokratiyanın taleyi təhlükədə qaır. İfadə azadlığı olmadan heç bir azadlıq mövcud deyil. Ümumdünya Mətbuat Azadlığı Günü bunu xatırlamaq və bununla bağlı bir iş görmək üçündür.



http://www.guardian.co.uk/commentisfree/libertycentral/2010/may/03/europe-defend-free-expression


MƏLUMATLARIMIZDAN İSTİFADƏ EDƏRKƏN RATİ-YƏ İSTİNAD EDİN

 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ)



Ünvan: Azərbaycan, Bakı şəh., Behbudov 8, mənzil 85/86

tel: (+99 412) 418-03-34, fax: (+ 99 412) 598-45-19

24 saat ərzində aktiv olan qaynar xətt: (+ 994 055) 816 40 04

e-mail: irfs.az@gmail.com

web: www.irfs.az  skype: irfs.az
Yüklə 63,71 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin