R A T İ
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu
PRESS-RELİZ
07 oktyabr 2009-cu il
Bakı, Azərbaycan
-
REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSiZLİK İNSTİTUTUNUN BƏYANATI
-
FANAT.AZ SAYTININ LAYİHƏ RƏHBƏRİNƏ VƏ KÖŞƏ YAZARINA HÖKM OXUNDU
-
GƏNC BLOQÇULARIN CİNAYƏT İŞİ İLƏ BAĞLI MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB
-
RATİ-NİN ƏMƏKDAŞLARI “MÜHARİBƏDƏN REPORTAJ” MÖVZUSUNDA KEÇİRİLƏN MÜSABİQƏDƏ 2-Cİ YERİ TUTDULAR
-
JURNALİSTİN HƏDƏLƏNMƏSİ VƏ TƏHQİR EDİLMƏSİ DAVAM EDİR
-
ATV RAMİZ MEHDİYEVİN MƏQALƏSİNDƏN NƏTİCƏ ÇIXARDI
-
“AZƏRBAYCAN” VƏ “YENİ AZƏRBAYCAN” QƏZETLƏRİNDƏ RAMİZ MEHDİYEVİN MƏQALƏSİ MÜZAKİRƏ OLUNUB
-
“TURAN SERVİS” MMC-NİN RƏHBƏRİNİN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ
-
QƏNİMƏT ZAHİD APELYASİYA ŞİKAYƏTİ VERİB
REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSiZLİK İNSTİTUTUNUN BƏYANATI
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) bu gün Nəsimi rayon məhkəməsində “FANAT.AZ” saytının layihə rəhbəri Zahir Əzəmət və saytın köşə yazarı Natiq Muxtarlıya qarşı islah işləri nəzərdə tutan cəzanın təyin olunmasını pisləyir.
Belə ki, bu gün (07 oktyabr) Nəsimi rayon Məhkəməsi “Xəzər-Lənkəran” Futbol Klubunun prezidenti Mais Məsimovun Cinayət Məcəlləsinin (CM) 147.2 (ağır və xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə xüsusi ittiham qaydasında iddiasına əsasən Natiq Muxtarlının isə məvacibinin 20 faizinin Mais Mənsimovun xeyrinə tutulması ilə 1 il, Zahir Əzəmətin isə məvacibinin 20 faizinin tutulması ilə 6 ay islah işlərinə cəlb olunması ilə cəzalandırılması barədə hökm çıxarılıb.
RATİ bu məhkəmə prosesin monitorinqini apararaq, məhkəmə istintaqının natamam aparılmasını müşahidə etmiş və jurnalistlərin günahını sübuta yetirən hər hansı əsaslı dəlillərə rast gəlməmişdir. Eyni zamanda RATİ-nin hakimə ünvanlandığı müraciətə və məhkəmə prosesinin acıq keçirilməsinə baxmayaraq, hakim jurnalistlərə və müşahidəçilərə prosesdə video və foto çəkiliş aparmağa icazə verməmişdir.
RATİ yuxarı məhkəmə instansiyalarını bu qərarı yenidən nəzərdən keçirməyə və jurnalistlərə bəraət qazandıran qərar verməyə çağırır. Eyni zamanda RATİ iş adamlarını, eləcə də iqtidar nümayəndələrini onlara qarşı yazılan tənqidi məqalələrə dözümlə yanaşmağa çağırır.
RATİ həmçinin Azərbaycan hökumətini həbsdə olan bütün jurnalistləri azadlığa buraxmağa və ölkədə ifadə azadlığını inkişaf etdirə biləcək münbit şəraitinin yaradılmasına çağırır.
FANAT.AZ SAYTININ LAYİHƏ RƏHBƏRİNƏ VƏ KÖŞƏ YAZARINA HÖKM OXUNDU
Bu gün (07 oktyabr) Nəsimi rayon Məhkəməsində hakim Elmar Kərimovun sədrliyi ilə “Xəzər-Lənkəran” Futbol Klubunun prezidenti Mais Məsimovun “FANAT.AZ” idman saytının layihə rəhbəri Zahir Əzəmətə və saytın idman yazarı Natiq Muxtarlıya qarşı Cinayət Məcəlləsinin (CM) 147.2 (ağır və xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə qaldırdığı iddia ərizəsi üzrə jurnalistlər barəsində hökm oxunub. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Zahir Əzəmət məlumat verib.
Hakim Natiq Muxtarlının isə məvacibinin 20 faizinin Mais Mənsimovun xeyrinə tutulması ilə 1 il, Zahir Əzəmətin isə məvacibinin 20 faizinin tutulması ilə 6 ay islah işlərinə cəlb olunması ilə cəzalandırılması barədə hökm oxuyub. Zahir Əzəmət RATİ-yə onu da bildirib ki, hökmdən apellyasiya şikayəti verəcəklər.
Xatırladaq ki, “Xəzər-Lənkəran” futbol klubunun prezidenti Mais Mənsimov Natiq Muxtarlının FANAT.AZ idman saytında yerləşdirilmiş köşə yazılarında şərəf və ləyaqətinin təhqir olunduğunu hesab edərək Zahir Əzəmət və Natiq Muxtarlıya qarşı xüsusi ittiham qaydasında iddia qaldırmışdı.
GƏNC BLOQÇULARIN CİNAYƏT İŞİ İLƏ BAĞLI MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB
Bu gün (07 oktyabr) Səbail Rayon Məhkəməsinin hakimi Araz Hüseynovun sədrliyi ilə gənc bloqçular - Adnan Hacızadəyə və Emin Abdullayevə (Milli) qarşı Cinayət Məcəlləsinin 221.2.1 (xuliqanlıq) və 127-ci (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddələri ilə irəli sürülmüş ittiham üzrə cinayət işinə əsasən proses keçirilib.
Prosesdə bloqçuların vəkilləri İsaxan Aşurov və Elton Quliyev həm Emin Milli, həm də Adnan Hacızadənin məhkəmə istintaqından yayınma, istintaqa mane olma və s hallarının olmadığını diqqətə çatdıraraq, gənclər barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatət qaldırdılar. Hakim müşavirədən qayıtdıqdan sonra vəsatətin təmin edilməməsi ilə bağlı qərarı elan etdi.
Daha sonra tibbi ekspert qismində məhkəməyə dəvət edilmiş Məcid Məmmədov ifadə verdi. Təqsirləndirilən şəxslərin vəkillərinin bir çox suallarından imtina edən ekspert bildirdi ki, işi aparan müstəntiq ona 6-7 nəfərin 2 nəfəri döyməsi ilə bağlı qərarı təqdim edib və o qərara əsasən də ekspertiza keçirib. Vəkillər ekspertin bu fikrini ekspertiza rəyinin saxtalaşdırılması kimi qiymətləndirdilər.
Daha sonra müdafiə tərəfinin vəkillərinin təqdim etdiyi bir neçə şahid dindirilməli olsa da, hakim onlardan yalnız birinin – Rəşadət Axundovun dindirilməsini təmin etdi. Şahid R.Axundov A.Hacızadə və E.Millinin hadisə baş verən gün restorandan çıxıb 39-cu polis bölməsinə getmələrini və onlara dostları tərəfindən ilkin yardım edildiyini təsdiqlədi. O bildirdi ki, Adnan Hacızadə 39-cu polis bölməsinin həyətində ona bildirib ki, restoranda Emin Millinin ayaqqabısı və eynəyi, özünün isə əl çantası qalıb. Adnan ondan həmin əşyaları götürməyi xahiş edib. Bu məqsədlə restorana gedən R.Axundova restoranın inzibatçısı Rizvan Əlizadə bildirib ki, gənclərin yemək hesabı ilə yanaşı sınmış qab-qacağa görə də 11 manat borcları var. R.Axundov isə bildirib ki, sınmış əşyaları dava salan digər iki nəfər qırıb. Bununla razılaşan R.Əlizadə onlardan yalnız yeməyin hesabını alıb və bildirib ki, həmin 11 manatı dava salan şəxslərdən alacaqlar.
Hakim növbəti prosesi 9 oktyabr saat 15.00-a təyin etdi.
Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 08 iyul tarixində axşam saatlarında dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb. İyulun 20-də Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. Cinayət işinin istintaqı yekunlaşdırılıb və gənclərə qarşı 221.1.2 (xuliqanlıq) və 127 (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddələri ilə ittiham irəli sürülüb və iş baxılması üçün məhkəməyə göndərilib.
Foto: http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,327/lang,az/
RATİ-NİN ƏMƏKDAŞLARI “MÜHARİBƏDƏN REPORTAJ” MÖVZUSUNDA KEÇİRİLƏN MÜSABİQƏDƏ 2-Cİ YERİ TUTDULAR
Böyük Britaniyanın “Hərb və Sülh İcmalları İnstitutu”nun “Airsoft
Georgia” Federasiyası və Gürcüstan Müdafiə Nazirliyi ilə birgə oktyabrın 3-6-da telejurnalistlər üçün təşkil etdiyi “müharibədən reportaj” mövzusunda müsabiqədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATI) ikinci yeri tutub. Müsabiqədə birinci yerə isə Gürcüstanın İctimai Televiziyası layiq bilinib. Bu barədə müsabiqədə iştirak etmiş RATİ-nin üzvü, habelə “Ayna” və “Zerkalo” qəzetlərinin müxbiri İdrak Abbasov məlumat verib.
“Müsabiqədə Azərbaycan, Gürcüstan və Ermənistan jurnalistləri iştirak ediblər. Ümumilikdə isə müsabiqədə 8 telekanal iştirak edib. Azərbaycanı isə bu müsabiqədə RATİ-nin video-operatoru Mehman Hüseynov və mən təmsil edirdim. Müsabiqədə cəmi iki mükafat – 1 və 2-ci yerlər var idi. Bizim cəmi iki mükafatdan birinə sahib olmağımız böyük uğurdur. Çünki biz telejurnalist deyilik və bizim “Rustavi-2”, “İmedi”, “Acar-TV”, “Georgian TV” və Ermənistanın “Erkir” TV-si kimi ciddi rəqiblərimiz var idi”, - deyə qeyd edən İ. Abbasovun sözlərinə görə, operator - 19 yaşlı M. Hüseynov ilk dəfə belə bir şəraitdə çəkiliş aparıb. Amma M. Hüseynov gördüyü işlə münsifləri ram edə bilib.
Belə ki, telejurnalistlər üçün təşkil olunmuş müsabiqə Gürcüstanın “Vaziani” hərbi bazasının nəzdindəki poliqonların birində həyata keçirilib. Səhnələşdirilmiş müharibə terrorizmdə ittiham edilən Somalili generalın Amerika hərbçiləri tərəfindən zərərsizləşdirilməsinə həsr olunub. Real müharibəyə çox oxşadılmış döyüş bombalaması nəticəsində dağıdılaraq xarabalığa çevrilmiş balaca bir şəhərdə gedirdi. Döyüşçülər real silah-sursatla silahlanmışdılar, kauçuk qəlpə saçan qumbaralar və kauçuk güllələrdən istifadə edirdilər. Müsabiqənin şərtlərinə görə, jurnalistlər əsir düşməməli, vurulmamalı və ən asası döyüş meydanından balanslı reportaj verməli idilər.
Video: http://www.irfs.az/content/view/2922/1/lang,az/
JURNALİSTİN HƏDƏLƏNMƏSİ VƏ TƏHQİR EDİLMƏSİ DAVAM EDİR
RATİ-nin Naxçıvandakı bölgə müxbiri Elman Abbasovun ev telefonuna naməlum şəxs zəng edərək jurnalisti ölümlə hədələməkdə, onu və ailəsini nalayiq ifadələrlə təhqir etməkdə davam edir. Bu barədə RATİ-yə E. Abbasovun özü məlumat verib:
“Türkdilli dövlət başçılarının Naxçıvandakı toplantısı ərəfəsində zənglər kəsilsə də, oktyabrın 4-dən etibarən evimə olunan hədə zəngləri yenidən başlayıb. Həmin adam zəng edərək, yarı fars dilində, yarı İran azərbaycanlılarının ləhcəsində məni və ailəmi hədələyir, nalayiq söyüşlər söyür. Polis zənglərin xaricdən gəldiyini bildirsə də nömrəni mənə təqdim etmək istəmir. Gələn zənglərin isə xaricdən olduğuna inanmıram. Çünki uzaqdan olunan telefon zənglərini asanlıqla hiss etmək olur.”.
Hadisə ilə bağlı E. Abbasovu dünən (05.10.09) yenidən Naxçıvan şəhər Polis İdarəsində olub və polisi məlumatlandıraraq, 23 sentyabr tarixdə hadisə ilə bağlı yazdığı şikayət ərizəsinə cavab istəsə də, ona heç bir rəsmi cavab verilməyib. Polis jurnalistin ev telefonunu yenidən nəzarətə götürüldüyünü bildirib.
Belə ki, 20 sentyabr 2009-cu il tarixdən başlayaraq bir neçə gün ardıcıl olaraq E.Abbasovun ev telefonuna naməlum şəxs zəng edərək jurnalisti ölümlə hədələyib, onu və ailəsini nalayiq ifadələrlə təhqir edib. Jurnalist bu barədə rəsmi qaydada Naxçıvan şəhər Polis idarəsinə müraciət edib. Naxçıvan şəhər Polis İdarəsindən onun ev telefonuna zəng edənin telefon nömrəsi qismən bəlli olması barədə məlumat verilib. Polisin verdiyi məlumata görə, zəng Amerika Birləşmiş Ştatlarından (ABŞ) daxil olub.
Xatırladaq ki, 2007-ci ilin mart ayının 6-da E. Abbasovun mobil telefonuna gizli nömrədən zəng olunaraq, rus dilində danışan şəxs onun başını kəsəcəyi ilə hədələyib, onun ünvanına nalayiq söyüşlər söyüb. 30 yanvar 2009-cu il tarixdə E. Abbasovun mobil telefonuna zəng edərək özünü Sədərək rayon sakini Malik Əliyev kimi təqdim edən şəxs RATİ- nin Naxçıvandakı bölgə müxbirləri E. Abbasovu, H. Mehdiyevi, “Azadlıq” radiosu və “Turan” İA-nin müxbiri Məlahət Nəsibovanı ölümlə hədələmişdi. Hər iki hadisə zaman rəsmi qaydada MR DİN-ə, MR Prokurorluğuna, MR MTN-ə müraciət olunsa da heç bir tədbir görülməyib.
ATV RAMİZ MEHDİYEVİN MƏQALƏSİNDƏN NƏTİCƏ ÇIXARDI
Oktyabr 5-də “Azad Azərbaycan” Teleradio Yayım Şirkətində verilişlərin səviyyəsi və formatı ilə bağlı toplantı keçirilib.
ATV-nin yaydığı məlumata görə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin telekanallarla bağlı səsləndirdiyi tənqidi tezislərə uyğun olaraq nöqsanlar müzakirə edilib, “Performans”, “Tam sərbəst-solo” verlişlərinin, həmçinin SMS onlayn xidmətinin dayandırılması ilə bağlı qərar qəbul edilib. “Onlar” proqramının isə məzmunu dəyişdirilib və veriliş mədəniyyət proqramı kimi fəaliyyət göstərəcək.
Şirkət ana-uşaq problemləri ilə bağlı, valideyn maarifçiliyinə yönəlmiş “Körpəm” proqramını yayıma hazırlayır. Milli-mədəni məsələləri araşdıracaq “İrsimiz” layihəsi əməkdar incəsənət xadimi Əbdül Mahmudbəyovun aparıcılığı ilə efirə çıxacaq. Azərbaycanın tarixi ilə bağlı etnoqrafik layihə olan “Sirli Azərbaycan”, həmçinin hərbi vətənpərvərlik layihəsi olan “Ordum var”, muğam sənətini təqdim edəcək “Muğam ocağı” da ATV-də yayımlanacaq yeni layihələrdir.
Toplantıda tanınmış ziyalılardan ibarət Bədii Şuranın yaradılması və bu şuranın ATV-də veriliş və layihələr reallaşdırılarkən öz məsləhətlərini verməsi qərara alınıb. Bütün bu dəyişikliklərlə bağlı artıq Milli Televiziya və Radio Şurasına məlumat verildiyi bildirilib.
Xatırladaq ki, Oktyabrın 4-də “Azərbaycan” qəzetində Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Azərbaycanın efir məkanı: problemlər və vəzifələr” sərlövhəli məqaləsi dərc olunub. Məqalədə televiziya və radio kanallarının fəaliyyətində nöqsan və çatışmazlıqlar, xüsusilə də şou-bizneslə bağlı bayağı verilişlər ciddi tənqid olunub.
“AZƏRBAYCAN” VƏ “YENİ AZƏRBAYCAN” QƏZETLƏRİNDƏ RAMİZ MEHDİYEVİN MƏQALƏSİ MÜZAKİRƏ OLUNUB
Dünən (6 oktyabr) “Azərbaycan” və “Yeni Azərbaycan” qəzetlərində dəyirmi masa keçirib. Hər iki tədbir Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin oktyabrın 4-də “Azərbaycan” qəzetində dərc olunan “Azərbaycanın efir məkanı: problemlər və vəzifələr” məqaləsinə həsr olunub.
“Yeni Azərbaycan” qəzetində təşkil olunan dəyirmi masada Milli Məclisinin Mədəniyyət komitəsinin üzvü Jalə Əliyeva, İctimai Televiziya və Radio Yayım Şirkəti Şurasının sədri Cahangir Məmmədli, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Yalçın Əlizadə, telejurnalist Qulu Məhərrəmli, Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev, Milli Televiziya və Radio Yayım Şurasının üzvü Aslan Xəlilov iştirak ediblər. Tədbir iştirakçıları televiziyaların proqram siyasəti, peşəkarlığı, teleradio qanunvericiliyi və s. məsələləri müzakirə ediblər.
“Azərbaycan” qəzetində təşkil olunan, qəzetin baş redaktoru Bəxtiyar Sadıqovun apardığı dəyirmi masada isə deputatlar Rəbiyyət Aslanova, Fəzail İbrahimli, Zahid Oruc, Aydın Mirzəzadə, Fazil Mustafa, Cəmil Həsənli, televiziya mütəxəssisləri Qafar Cəbiyev, Qulu Məhərrəmli, kinoşünas Cəmil Quliyev, jurnalist Vüsalə Mahirqızı, xanəndə Mənsum İbrahimov, AzTV və İTV kanallarının təmsilçiləri Sadıq Elcanlı və Füzuli İsmayılov iştirak ediblər.
ATV-dən dəyirmi masada teleşirkətin vitse-prezidenti Natiq İbrahimovun iştirakı planlaşdırılsa da, kanalın rəhbərliyi son anda tədbirdə iştirakdan imtina edib.
"Media forum" saytı xəbər verir ki, tədbirdə R.Aslanova milli-mənəvi dəyərlərin televiziyalarda necə qorunduğu barədə fikirlərini açıqlayıb. F.İbrahimli, Z.Oruc, A.Mirzəzadə, F.Mustafa, C.Həsənli, V.Mahirqızı əsasən şou proqramlarından, əyləncə və şou proqramlarını necə görmək istədiklərindən danışıblar. Q.Cəbiyev teleradio yayımının uğurları və əhatəsi, kanallar qarşısında müəyyənləşən vəzifələrdən, onların bu vəzifələri necə icra etməsindən, Q.Məhərrəmli televiziyaların proqram siyasətindən, televiziyalarda ənənə və novatorluqdan, C.Quliyev özəl telekanallarda gedən bədii filmlərdən, dublyajların səviyyəsindən, S.Elcanlı televiziya aparıcılığından, F.İsmayılov şou-biznesdən, onun fəaliyyətinin tənzimlənməsi qaydalarından, M.İbrahimov isə mahnı müsabiqələrindən söz açıb.
Dəyirmi masanın iştirakçıları mövzu ətrafında çıxış edərkən R.Mehdiyevin məqaləsinə istinad ediblər, onun yazısında toxunulan məsələlərə münasibət bildiriblər.
“TURAN SERVİS” MMC-NİN RƏHBƏRİNİN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ
Bu gün (7 oktyabr) Bakı Apelyasiya Məhkəməsində hakim Sərvət Hüseynovun sədrliyi ilə “Turan Servis” MMC-nin direktoru Samir İsmayılovun Vergilər Nazirliyinə və Bakı Şəhər Vergilər Departamentinə qarşı qaldırdığı iddiaya əsasən 1 saylı Bakı İqtisad Məhkəməsinin 29 may tarixində çıxardığı hökmdən hər iki tərəfin verdikləri apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirildi.
Prosesdə iddiaçı “Turan Servis” MMC-nin direktoru Samir İsmayılov və onun nümayəndəsi, Media Hüququ İnstitutunun vəkili Elçin Sadıqov, cavabdehlərdən Vergilər Departamentinin hüquqşünası Nəsib Nəbiyev, Vergilər Nazirliyinin nümayəndəsi Günay Cəfərli iştirak edirdilər.
Hakim S. Hüseynov birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayaraq, apellyasiya şikayətinin təmin edilməməsi barədə qərar verdi.
“Turan Servis” MMC-nin direktoru Samir İsmayılov RATİ-yə bildirdi ki, qərardan Ali məhkəməyə şikayət edəcəklər.
Xatırladaq ki, iddiaçı “Turan Servis” Şirkətinin Bakı şəhər VD-inə qarşı Səyyar vergi yoxlamasının keçirilməsi barədə 0801020031979300 №-li bildirişin, Səyyar vergi yoxlamasının keçirilməsi haqqında 07.07.3008-ci il tarixli 08000100148398 №-li qərarın, Səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın müddətinin uzadılması haqqında olan 17.09.2008-ci il tarixli 08001700692341 №-li qərarın, Səyyar vergi yoxlaması haqqında 18.09.2008-ci il tarixli 08000102683297 №0-li AKT-ın etibarsız hesab edilərək ləğv edilməsi, iddiaçıdan tutulmuş 972 manat 54 qəpik pul məbləğinin ona geri qaytarılması, vurulmuş maddi zərərə görə iddiaçıya 7000 manat, iddiaçının çəkdiyi məhkəmə xərclərinə görə 2000 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, icranın dayandırılması barədə məhkəmə qərardadı olduğu halda cavabdehin iddiaçının bank hesablarına yeni sərəncamlar qoyması və iddiaçının hesabından pul sildirməsinin qanunsuz hesab olunmağını tələb edir. 29 may 2009-cu ildə 1 saylı Bakı İqtisad Məhkəməsi qismən təmin edilməsi barədə qərar çıxarılıb.
QƏNİMƏT ZAHİD APELYASİYA ŞİKAYƏTİ VERİB
17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin cəzasının qalan hissəsinin daha yüngül cəza ilə əvəz olunması tələbinə əsasən Əzizbəyov rayon Məhkəməsinin 17 sentyabr 2009-cu il tarixində çıxardığı qərardan apelyasiya şikayəti verilib. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) baş redaktorun vəkili Elçin Sadıqov məlumat verib. O, apelyasiya şikayətində məhkəmənin çıxardığı qərarın ədalətsiz olmasının qeyd olunduğunu bildirdi:
“Təqdim etdiyimiz şikayətdə Əzizbəyov rayon Məhkəməsinin əsassız mülahizələrə istinad edərək çıxardığı qərarın ləğv olunaraq, iddianın təmin olunması xahiş olunub. “
Qeyd edək ki, Qənimət Zahid cəzasının üçdə bir hissəsini çəkdiyinə görə cəzasının qalan hissəsini azadlıqda çəkməsi ilə bağlı qaldırılmış iddia Əzizbəyov rayon məhkəməsi tərəfindən təmin edilməmişdi.
Xatırladaq ki, hazırda 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Qənimət Zahid (Zahidov) CM-nin 127.2.3 (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az zərər vurma) ittiham olunaraq 3 il 6 ay, CM-in 221-ci maddəsi ilə ittiham edilməklə isə 6 ay olmaqla ümumilikdə 4 il müddətinə azadlıqdan məhrum edilib.
MƏLUMATLARIMIZDAN İSTİFADƏ EDƏRKƏN RATİ-YƏ İSTİNAD EDİN
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ)
Ünvan: Azərbaycan, Bakı şəh., Behbudov 8, mənzil 85/86
tel: (+99 412) 418-03-34, fax: (+ 99 412) 598-45-19
24 saat ərzində aktiv olan qaynar xətt: (+ 994 055) 816 40 04
e-mail: irfs.az@gmail.com
web: www.irfs.az skype: irfs.az
Dostları ilə paylaş: |