NAZİM QULİYEVƏ QARŞI MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB
Bu gün (8 may) Nəsimi rayon məhkəməsində hakim Elman Əhmədovun sədrliyi ilə “Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı və Səbirə Mahmudovanın “İdeal” qəzetinin təsisçisi Nazim Quliyevə qarşı Cinayət Mvəcəlləsi 147.2 (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə məhkəmə hazırlıq iclası keçirildi.
İclasda iddiaçı T. Rüstəmxanlı və vəkili Əjdər Cavadov, digər iddiaçı S. Mahmudova və səlahiyyətli nümayəndəsi Muxtar Mustafayev, cavabdeh tərəfdən isə “İdeal” qəzetinin təsisçisi N. Quliyev və vəkilləri Elbrus Sarıvəlli, Vüqar Xasayev iştirak edirdilər.
Cavabdehin vəkili E.Sarıvəlli məhkəmə tərkibinə etirazını bildirsə də, etiraz hakim tərəfdən baxılmamış saxlandı.
Prosesdə ilk çıxış edən iddiaçi S.Mahmudova N.Quliyevin təsisçisi olduğu “İdeal” qəzetinin 12 iyun 2008-ci il tarixində “Balakəndən Göyçayadək payladım“ sərlövhəli məqalədə şərəf və ləyaqətim nalayiq formada qəsdən alçaldıldığını bildirdi.
N.Quliyev isə ittihamla razılaşmadığını və sözügedən yazını yazmadığını diqqətə çatdırdı ”Mən təsisçiyəm, qəzetdə dərc olunan yazılara görə məsuliyyəti təsisçi yox, redaktor daşıyır”.
Daha sonra digər iddiaçı T.Rüstəmxanlı çıxış edərək bildirdi ki, şərəf və ləyaqətinin alçaldılıdığı və iddiaya səbəb olan yazıların müəllifi N.Quliyevdir və təsisçinin məhkəmədən təsisçinin cəzalandırılmasını istədi.
Hakim E.Əhmədov növbəti məhkəmə prosesini 14 may saat 15.30-a təyin etdi.
Xatırladaq ki, Tənzilə Rüstəmxanlı və Səbirə Mahmudovanın 2008-ci il noyabrında Nəsimi rayon məhkəməsində N.Quliyevə qarşı xüsusi ittiham qaydasında iddia qaldırmış və hakim Elman Əhmədov N. Quliyev haqqında həbs-qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarmışdı. Lakin N.Quliyev məhkəməyə gəlmədiyinə görə barəsində axtarış elan olunmuş və 24 aprel 2009-cu ildə həbs olunmuşdur.
Qeyd edək ki, “İdeal” qəzetinin təsisçisinə qarşı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən CM-nin 182-ci (hədə-qorxu ilə tələb etmə) və 311-ci (rüşvət alma) maddələri ilə də irəli sürülmüş və ittiham üzrə hələ araşdırma gedir.
“KORRUPSİYA VƏ CƏMİYYƏT” JURNALININ BAŞ REDAKTORU MƏMMƏD ƏHMƏDOĞLU MƏTBUAT ŞURASINI MƏHKƏMƏYƏ VERİB
“Korrupsiya və cəmiyyət” jurnalının baş redaktoru Məmməd Əhmədoğlu Mətbuat Şurasını məhkəməyə verib. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna baş redaktorun özü məlumat verib: “Bir müddət öncə Mətbuat Şurası“ “reket qəzetlər” siyahısını açıqlayarkən, iki nəfər böhtançının müraciətinə əsasən, “Korrupsiya və Cəmiyyət” jurnalını da bu siyahıya daxil edib. 5 dəfə yazılı və Mətbuat Şurasına müraciət edərək, bu siyahını hazırlayan komissiya ilə görüşüb məsələni aydınlaşdırmaq istəsəm də, müraciətlərimə cavab verilməyib” – deyən M.Əhmədoğlu bildirdi ki, bu səbəbdən Binəqədi rayon məhkəməsinə müraciət edərək, Mətbuat Şurasının təkzib verərək üzr istəməsini və dəymiş mənəvi ziyana görə 100.000 (yüz min) manat istəyib.
“Həmçinin “Korrupsiya və Cəmiyyət” jurnalının “reket”çilik fəaliyyəti ilə məşğul olması barədə Mətbuat Şurasına müraciət etmiş hər iki şəxs – Ağakərim Əliyev barəsində Suraxanı rayon məhkəməsində və Əhmədimuxtar Əhmədov barəsində Şəki şəhər məhkəməsində xüsusi ittiham qaydasında iddia qaldırmışam” –deyən baş redaktor vurğuladı ki, bu şəxslər ona böhtan atdıqları üçün Cinayət Məcəlləsinin 147.2 (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə cəzalandırılmasını məhkəmədən xahiş edib.
Məsələ ilə əlaqədar Mətbuat Şurası katibliyinin rəhbəri Rəhim Hüseynzadə RATİ-yə məhkəmə iddiasından xəbərsiz olduqlarını bildirib: “Hər kəsin məhkəməyə müraciət etmək hüququ var. Ancaq Mətbuat Şurasının “Korrupsiya və cəmiyyət” jurnalı ilə qərarını haqlı hesab edirəm. Şura mətbu qanunsuzluqlarla bağlı inzibati deyil, ictimai qınaq vasitəsilə mətbuatda tənzimləmələr aparır” – deyən R.Hüseynzadə əlavə etdi ki, Korrupsiya və cəmiyyət” jurnalı ilə bağlı şuraya edilmiş müraciətləri komissiya araşdırmış və jurnalı “reket“ siyahısına daxil etmişdir.
Dostları ilə paylaş: |