Press-reliZ 08 may 2009-cu IL Bakı, Azərbaycan



Yüklə 26,04 Kb.
tarix22.10.2017
ölçüsü26,04 Kb.
#10994

R A T İ

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu


PRESS-RELİZ
08 may 2009-cu il

Bakı, Azərbaycan



  • EMİN HÜSEYNOVUN MƏHKƏMƏSİ TƏXİRƏ SALINDI

  • NAZİM QULİYEVƏ QARŞI MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

  • KORRUPSİYA VƏ CƏMİYYƏT” JURNALININ BAŞ REDAKTORU MƏMMƏD ƏHMƏDOĞLU MƏTBUAT ŞURASINI MƏHKƏMƏYƏ VERİB

  • NAXÇIVANA QƏZETLƏR BİR GÜN SONRA ÇATIR

  • DEPUTATLAR BARAK OBAMANIN BƏYANATINA ETİRAZ EDİBLƏR



EMİN HÜSEYNOVUN İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİ TƏXİRƏ SALINDI

 

Bu gün (08 may) Nəsimi rayon Məhkəməsində hakim İkram Şirinovun sədrliyi ilə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) rəhbəri Emin Hüseynovun polis təzyiqinə məruz qalması ilə bağlı Daxili İşlər Nazirliyinə, Nəsimi Rayon Polis İdarəsinə (RPİ) və Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsinə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilməli idi.



İddiaçı Emin Hüseynov üzürlü səbəbdən prosesdə iştirak edə bilmədiyi üçün, iddiaçı tərəfin səlahiyyətli nümayəndəsi, Media Hüququ İnstitutunun vəkili Elçin Sadıqovun prosesin təxirə salınması ilə bağlı müraciətinə əsasən, proses 13 may saat 11.30-dək təxirə salındı.

Xatırladaq ki, E Hüseynov 14 iyun 2008-ci il tarixində “Alaturka” restoranında  “Çe Gevara Fanatları Klubu”nun keçirdiyi tədbir dağıdılarkən, 22-ci Polis Bölməsində fiziki və mənəvi təzyiqə məruz qalıb. Polisin təzyiqi nəticəsində huşunu itirən E. Hüseynov 20 gündən artıq müalicə alıb və müalicəsini indi də davam etdirməkdədir.



NAZİM QULİYEVƏ QARŞI MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB
Bu gün (8 may) Nəsimi rayon məhkəməsində hakim Elman Əhmədovun sədrliyi ilə “Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı və Səbirə Mahmudovanın “İdeal” qəzetinin təsisçisi Nazim Quliyevə qarşı Cinayət Mvəcəlləsi 147.2 (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə məhkəmə hazırlıq iclası keçirildi.

İclasda iddiaçı T. Rüstəmxanlı və vəkili Əjdər Cavadov, digər iddiaçı S. Mahmudova və səlahiyyətli nümayəndəsi Muxtar Mustafayev, cavabdeh tərəfdən isə “İdeal” qəzetinin təsisçisi N. Quliyev və vəkilləri Elbrus Sarıvəlli, Vüqar Xasayev iştirak edirdilər.

Cavabdehin vəkili E.Sarıvəlli məhkəmə tərkibinə etirazını bildirsə də, etiraz hakim tərəfdən baxılmamış saxlandı.

Prosesdə ilk çıxış edən iddiaçi S.Mahmudova N.Quliyevin təsisçisi olduğu “İdeal” qəzetinin 12 iyun 2008-ci il tarixində “Balakəndən Göyçayadək payladım“ sərlövhəli məqalədə şərəf və ləyaqətim nalayiq formada qəsdən alçaldıldığını bildirdi.

N.Quliyev isə ittihamla razılaşmadığını və sözügedən yazını yazmadığını diqqətə çatdırdı ”Mən təsisçiyəm, qəzetdə dərc olunan yazılara görə məsuliyyəti təsisçi yox, redaktor daşıyır”.

Daha sonra digər iddiaçı T.Rüstəmxanlı çıxış edərək bildirdi ki, şərəf və ləyaqətinin alçaldılıdığı və iddiaya səbəb olan yazıların müəllifi N.Quliyevdir və təsisçinin məhkəmədən təsisçinin cəzalandırılmasını istədi.

Hakim E.Əhmədov növbəti məhkəmə prosesini 14 may saat 15.30-a təyin etdi.

Xatırladaq ki, Tənzilə Rüstəmxanlı və Səbirə Mahmudovanın 2008-ci il noyabrında Nəsimi rayon məhkəməsində N.Quliyevə qarşı xüsusi ittiham qaydasında iddia qaldırmış və hakim Elman Əhmədov N. Quliyev haqqında həbs-qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarmışdı. Lakin N.Quliyev məhkəməyə gəlmədiyinə görə barəsində axtarış elan olunmuş və 24 aprel 2009-cu ildə həbs olunmuşdur.

Qeyd edək ki, “İdeal” qəzetinin təsisçisinə qarşı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən CM-nin 182-ci (hədə-qorxu ilə tələb etmə) və 311-ci (rüşvət alma) maddələri ilə də irəli sürülmüş və ittiham üzrə hələ araşdırma gedir.

KORRUPSİYA VƏ CƏMİYYƏT” JURNALININ BAŞ REDAKTORU MƏMMƏD ƏHMƏDOĞLU MƏTBUAT ŞURASINI MƏHKƏMƏYƏ VERİB


“Korrupsiya və cəmiyyət” jurnalının baş redaktoru Məmməd Əhmədoğlu Mətbuat Şurasını məhkəməyə verib. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna baş redaktorun özü məlumat verib: “Bir müddət öncə Mətbuat Şurası“ “reket qəzetlər” siyahısını açıqlayarkən, iki nəfər böhtançının müraciətinə əsasən, “Korrupsiya və Cəmiyyət” jurnalını da bu siyahıya daxil edib. 5 dəfə yazılı və Mətbuat Şurasına müraciət edərək, bu siyahını hazırlayan komissiya ilə görüşüb məsələni aydınlaşdırmaq istəsəm də, müraciətlərimə cavab verilməyib” – deyən M.Əhmədoğlu bildirdi ki, bu səbəbdən Binəqədi rayon məhkəməsinə müraciət edərək, Mətbuat Şurasının təkzib verərək üzr istəməsini və dəymiş mənəvi ziyana görə 100.000 (yüz min) manat istəyib.

“Həmçinin “Korrupsiya və Cəmiyyət” jurnalının “reket”çilik fəaliyyəti ilə məşğul olması barədə Mətbuat Şurasına müraciət etmiş hər iki şəxs – Ağakərim Əliyev barəsində Suraxanı rayon məhkəməsində və Əhmədimuxtar Əhmədov barəsində Şəki şəhər məhkəməsində xüsusi ittiham qaydasında iddia qaldırmışam” –deyən baş redaktor vurğuladı ki, bu şəxslər ona böhtan atdıqları üçün Cinayət Məcəlləsinin 147.2 (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə cəzalandırılmasını məhkəmədən xahiş edib.

Məsələ ilə əlaqədar Mətbuat Şurası katibliyinin rəhbəri Rəhim Hüseynzadə RATİ-yə məhkəmə iddiasından xəbərsiz olduqlarını bildirib: “Hər kəsin məhkəməyə müraciət etmək hüququ var. Ancaq Mətbuat Şurasının “Korrupsiya və cəmiyyət” jurnalı ilə qərarını haqlı hesab edirəm. Şura mətbu qanunsuzluqlarla bağlı inzibati deyil, ictimai qınaq vasitəsilə mətbuatda tənzimləmələr aparır” – deyən R.Hüseynzadə əlavə etdi ki, Korrupsiya və cəmiyyət” jurnalı ilə bağlı şuraya edilmiş müraciətləri komissiya araşdırmış və jurnalı “reket“ siyahısına daxil etmişdir.
NAXÇIVANA QƏZETLƏR BİR GÜN SONRA ÇATIR
Naxçıvan Muxtar Respublikasına dövrü mətbuatın göndərilməsində problem yaranıb. Bu barədə məlumatı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ ) özəl qəzet yayımçılığı ilə məşğul olan Cəsur Məmmədov bildirib. Onun sözlərinə görə, Naxçıvan MR-ə ilk təyyarə reysi ilə - səhər saat 08.00-da göndərilməli olan qəzetlər “AZAL“ Dövlət Konserninin maneələri nəticəsində ikinci və ya üçüncü reyslərlə göndərilir. “İkinci reyslə uçan təyyarə 15:30-da, üçüncü reys isə gecə 00:00-da Naxçıvana çatır. Bununla da, qəzetlər oxuculara vaxtında çatmır. Hətta üçüncü reyslə göndərilən qəzetlər, dərc olunduqdan 1 gün keçdikdən sonra satışa çıxır və artıq köhnə qəzet sayılır” - deyən C.Məmmədov əlavə edib ki, bu hal satışa da mənfi təsir edir.

RATİ-nin Naxçıvan MR üzrə müxbiri Elman Abbasov qəzetlərin Muxtar Respublikaya gec çatması hallarının tez-tez müşahidə olunduğunu bildirdi və vurğuladı ki, oxucular adətən qəzetləri dərc olunduqdan bir gün sonra əldə edə bilirlər.

“Bakı Xəbər “, “Azadlıq “ və “Yeni Müsavat” qəzetlərindən məsələ ilə bağlı RATİ-yə bildiriblər ki, qəzetlərin Naxçıvan MR-ə gec çatması ilə bağlı məlumatları olsa da, bu halın hansı səbəbdən baş verdiyini dəqiq bilmirlər.

“AZAL” Dövlət Konserninin mətbuat xidmətinin rəisi Məhərrəm Səfərli isə RATİ əməkdaşı ilə söhbətində şirkətin ünvanına deyilən fikirləri təkzib edərək, belə bir halın olmadığını deyib: “Qəzetlərin Naxçıvana göndərilməsi ilə bağlı AZAL tərəfindən heç bir xüsusi maneə yaradılmır. Ola bilər ki, sərnişin sıxlığı ilə əlaqədar hansısa problemlər yaşansın. Ancaq burada Dövlət Konserninin heç bir günahı yoxdur” – deyə M.Səfərli bildirib.


DEPUTATLAR BARAK OBAMANIN BƏYANATINA ETİRAZ EDİBLƏR
Milli Məclisin bu gün (8 may) keçirilən iclasında millət vəkilləri Amerika prezidenti Barak Obamanın beynəlxalq mətbuat azadlığı ilə bağlı ənənəvi müraciətinə münasibət bildiriblər. Millət vəkilləri Asəf Hacıyev, Qənirə Paşayeva, Siyavuş Novruzov, Mübariz Qurbanlı və başqaları Azərbaycanın adının Zimbabve ilə yanaşı çəkilməsinə etiraz edərək, bununla bağlı Xarici İşlər Nazirliyini ABŞ səfirliyindən izahat almağa çağırıblar.

Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn isə ölkədə bir çox jurnalistin həbsdə olduğunu vurğulayaraq deyib ki, nə qədər ki, ölkədə jurnalistlər həbsə salınır, Azərbaycanın siyasi rəhbərliyi belə münasibət gözləməlidir.


ANS-in məlumatına görə, Milli Məclisin spikeri  Oqtay Əsədov bu məsələdə daha çox özümüzdə günahın axtarılmalı olduğunu bildirib.

Xatırladaq ki, 3 May Beynəlxalq Mətbuat Azadlığı Günü münasibətilə bəyanatina Barak Obama jurnalistlərin dünyanın bir çox ölkələrində, təqiblərə, senzuraya və inzibati həbslərə məruz qaldığını bildirib və qeyd edib ki, belə hallar Azərbaycandan tutmuş Zumbabveyə qədər bütün ölkələrdə yaşanmaqdadır.




MƏLUMATLARIMIZDAN İSTİFADƏ EDƏRKƏN RATİ-YƏ İSTİNAD EDİN
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ)

Ünvan: Azərbaycan, Bakı şəh., Behbudov 8, mənzil 85/86

tel: (+99 412) 418-03-34, fax: (+ 99 412) 598-45-19

e-mail: irfs.az@gmail.com

web: www.irfs.az  skype: irfs.az
Yüklə 26,04 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin