R A T İ
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu
PRESS-RELİZ
09 iyul 2009-cu il
Bakı, Azərbaycan
-
MEDİA HÜQUQU İNSTİTUTU VƏ REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BİRGƏ BƏYANATI
-
POLİS JURNALİSTLƏRİN PEŞƏ FƏALİYYƏTİNƏ MANE OLUB
-
EMİN MİLLİ VƏ ADNAN HACIZADƏ SİFARİŞLƏ HƏBS OLUNUB
-
OMBUDSMAN GƏNCLƏRİN DÖYÜLMƏSİNİ ARAŞDIRIR
-
VİDEOKAMERALI QƏLƏMLƏRƏ QADAĞA QOYULUB
-
KABEL TELEVİZİYASI İLƏ YAYIMLANAN BƏZİ KANALLAR QADAĞAN OLUNA BİLƏR
-
“FANAT.AZ” SAYTINA QARŞI İDDİA NƏSİMİ RAYON MƏHKƏMƏSİNƏ GÖNDƏRİLDİ
REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTU VƏ MEDİA HÜQUQU İNSTİTUTUNUN BİRGƏ BƏYANATI
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu və Media Hüququ İnstitutu Azərbaycan vətəndaş jurnalistikasında yeni təşəbbüslərlə tanınan gənc fəallar Emin Milli (Emin Abdullayev) və Adnan Hacızadənin həbsini qətiyyətlə pisləyir.
Belə ki, “Alumni Network” Gənclər şəbəkəsinin koordinatoru eyni zamanda AN TV online video portalının rəhbəri Emin Milli və OL Gənclər təşkilatının koordinatoru Adnan Hacızadə bir neçə başqa gənclərlə birlikdə (8 iyul saat 20:00 radələrində) restoranda online medianın inkişafında gənclərin rolunu, eləcə də gənclərin ölkənin ictimai-siyasi həyatında rolu barədə müzakirələr apardıqları zaman, idmançı görkəmində olan iki şəxs onlara yaxınlaşıb və onları təhqir edərək siyasi söhbətləri dayandirmaqi tələb ediblər. Bununla kifayətlənməyən həmin şəxslər Adnan Hacizadə və Emin Milliyə fiziki zərbələr endirərək, onlara xəsarət yetirmişlər. Çoxsaylı xəsarətlər alan Adnan Hacızadə və Emin Millini restoran personalı və gənclər zorla hücum edənlərin əllərindən alıblar. Aldığı çoxsaylı yumruq zərbələrindən Adnan Hacızadənin burun sümüyü sınıb, üzü, gözünün ətrafı, bədəninin bir sıra başqa yerləri əzilib. Üzündə xeyli əziklər olan Emin Millinin ayaq sümüyündə çat yarandığı da bildirilir.
Hadisədən dərhal sonra zərərçəkən Emin Milli və Adnan Hacızadə polisə şikayət ediblər. Polisdə gələn kimi təcili tibbi yardım istəyən gənc fəallar tibbi yardımla və müayinə ilə təmin olunmayıblar. Araşdırmanın əvvəlindən gənclərin vəkil tələb etmələrinə və vəkillərin polis şöbəsinə gəlməsinə və işə qoşulmaq istəməsini bildirməsinə baxmayaraq, polis vəkillərlə görüşməyə imkan verməyib. 5 saat sürən dindirmələrdən sonra polis zərərçəkmiş gəncləri Cinayət Məcəlləsinin 221.2.1 (xuliqanlıq) maddəsinə əsasən şübhəli şəxs qismində həbs edib, onları döyən şəxsləri isə azad buraxıb.
Emin Millli və Adnan Hacəzadə Səbael Rayon polis İdarəsində saxlanan zamanda polis nə vəkillərə nə də gənclərin gohumlarına heç bir rəsmi məlumat verməyib. Saxlandığı vaxtdan 16 saatdan çox müddətdə vəkillərin gənclərlə görüşməsinə və işə qoşulmasına imkan verilməyib. Yalnız bu gün (09 iyun) günorta saat 15:00 radələrində vəkillər saxlanılan gənclərlə görüşə bilmişdirlər.
RATİ və MHİ hesab edir ki, idman görkəmli şəxslərin və polisin qanunsuz addımları Emin Millinin və Adnan Hacızadənin Azərbaycan Konstitusiyasında və Avropa İnsan Haqları Konvensiyasında, insan haqları ilə bağlı digər beynəlxalq sənədlərdə nəzərdə tutulan - ifadə azadlığını, azadlıq və toxunulmazlıq hüququnu, işgəncəyə, qeyri insani rəftara və ləyaqəti alçaldan rəftara məruz qalmamaq haqlarını, zəruri hüquqi müdafiə imkanından istifadə hüququnu, ictimai və siyasi baxışlarına və fəaliyyətlərinə görə ayrı-seçkiliyə məruz qalmamaq haqlarını pozub.
RATİ və MHİ həmçinin bəyan edir ki, Emin Milli və Adnan Hacızadə azad düşüncə və azad fikri gənclər arasında yaydıqları üçün saxlanılıblar və beş ilədək həbsə atıla bilərlər. Analoji saxta ittihamlarla (Xuliqanliq maddəsi) höküməti sərt tənqid edən taninmış jurnalist, “Azadliq” qəzetinin baş redaktoru beynəlxalq ictimayət tərəfindən vicdan məhbusu kimi taninan Qənimət Zahid 4 il 6 ay müddətinə həbsə atılıb.
RATİ və MHİ Azərbaycan hökumətini gənc fəalları dərhal azad etməyə və onlara qarşı təxribat törədən və ciddi xəsarət yetirən şəxsləri məsuliyyətə cəlb etməyə çağırır.
RATİ və MHİ beynəlxalq ictimaiyyətə müraciət edərək, onlardan Azərbaycan hökumətindən gənc fəalları dərhal azad etməyi tələb etməyi çağırır.
POLİS JURNALİSTLƏRİN PEŞƏ FƏALİYYƏTİNƏ MANE OLUB
Dünən (8 iyul) Səbail Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları jurnalistlərə təzyiq göstərib onların peşə fəaliyyəti ilə məşğul olmasına maneçilik göstərib. Belə ki, siyasi proseslərdə fəallığı ilə seçilən və vətəndaş jurnalistikası ilə məşğul olan gənclər – ANTV onlayn jurnalistikasının rəhbəri Emin Milli və internetdə tanınmış videobloqer Adnan Hacızadənin axşam saatlarında döyülməsi və Səbail RPİ-yə gətirilməsi ilə bağlı məlumat almaq üçün gələn jurnalistlər polis nəfərləri tərəfindən zorla RPİ-dən uzaqlaşdırılıb və onlara hadisə ilə bağlı heç bir məlumat verilməyib.
Qeyd edək ki, saxlanılan şəxslər dostları ilə Bakıda Livan restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər gənclərə hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib.
Səbail RPİ-nin qərarı ilə döyülən gənclərdən Adnan Hacızadə 48 saat müddətinə şübhəli şəxs kimi saxlanıb. Emin Milli də onunla həmrəylik nümayiş etdirərək birlıikdə təcridxanaya aparılmasını istəyib.
Foto:
http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,281/lang,az/
http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,282/lang,az/
Video: http://www.irfs.az/content/blogcategory/15/31/lang,az/
EMİN MİLLİ VƏ ADNAN HACIZADƏ SİFARİŞLƏ HƏBS OLUNUB
Bu gün (9 iyul) Azərbaycan Media Mərkəzində QHT rəhbərləri və hüquq müdafiəçiləri toplanaraq, vətəndaş jurnalistikası ilə məşğul olan gənclər – “Alumni Network” Gənclər təşkilatının koordinatoru, ANTV onlayn televiziyasının rəhbəri Emin Milli və OL Gənclər təşkilatının koordinatorlarından biri, internetdə tanınmış videobloqer Adnan Hacızadənin axşam saatlarında döyülmələri və həbs olunmaları ilə bağlı müzakirə keçiriblər.
Tədbirdə bildirilib ki, Emin Milli və Adnan Hacızadə bir neçə başqa gənclərlə birlikdə yerli restoranda yemək stolu arxasında gənclər təşkilatlarının internet sahəsindəki işləri ilə bağlı ilə bağlı məsələləri müzakirə edərkən idmançı görkəmində olan iki şəxs onlara yaxınlaşıb, siyasi söhbətlərini dayandırmağı tələb etməklə yanaşı, onları təhqir ediblər. Bundan sonra onlar gənclərə hücum edib onları döyüblər. Zərərçəkən şəxs qismində polisə şikayət etmələrinə baxmayaraq, bir neçə saat sürən dindirmələrdən sonra polis zərərçəkmiş gəncləri həbs edib, onları döyən şəxsləri isə azad buraxıb.
Hüquq müdafiəçisi, İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudov bildirdi ki, şübhəli şəxs qismində saxlanılan hər iki gənclə görüşüb. “Hər ikisinin üz nahiyəsində ciddi xəsarətlər olmasına baxmayaraq, onların tibbi ekspertizadan keçirilməsinə şərait yaradılmayıb. ”
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun sədri Emin Hüseynov gənclərin almasını təsdiqləyərək bildirdi ki, o, dünən Adnan Hacızadəni polis idarəsinin qarşısında burnu qırılmış vəziyyətdə görüb.
Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılı hər iki gəncin Cinayət Məcəlləsinin 221.2.1 maddəsinə əsasən xuliqanlıq cinayətində ittiham olunduğunu diqqətə çatdırdı və “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid də analoji təxribatla həbs olunduğunu yada saldı.
Adnan Hacızadənin atası, politoloq Hikmət Hacızadə bildirib ki, gənclər ictimai-siyasi və vətəndaş jurnalistikasındakı fəallıqlarına görə həbsə məruz qalıblar.
Digər tədbir iştirakçıları da insidentin təxribat xarakterli olduğunu və həbsin siyasi sifariş olduğunu vurğulayıblar. Gənclərin vəkil tələb etmələrinə və vəkilin polis şöbəsinə gəlməsinə və işə qoşulmaq istəməsini bildirməsinə baxmayaraq, 16 saatdan çox müddətdə vəkillərin gənclərlə görüşməsinə və işə qoşulmasına imkan verilməyib. Bildirildi ki, vəkil İsaxan Aşurov Adnan Hacızadə və Elton Quliyev isə Emin Milli ilə görüşüb. Vəkillər zərərçəkmişlərin tibbi ekspertizadan keçirildiyini bildirsələr də, çıxışçılar ekspertiza rəyinin nəticəsinə şübhə ilə yanaşdıqlarını vurğulayıblar.
Müzakirədə iştirak edən ABŞ səfirliyinin əməkdaşı Dmitri Doroxovski çıxışında bildirib ki, onlar bu hadisədən təəssüf və narahatlıq hissi keçirirlər.
Almaniyanın Azərbaycandakı səfiri Pet Stankin də hadisədən narahatçılıq keçirdiklərini dedi və vurğuladı ki, Emin Milli Azərbaycanda qonaq olan Almaniya ombudsmanının tərcüməçisidir. Hər iki səfir məsələni diqqətdə saxladıqlarını və gənclərin tezliklə azad olunması üçün çalışacaqlarını dilə gətirdilər.
Müzakirələrin sonunda Prezident İlham Əliyevə və Daxili işlər naziri Ramil Usubova gənclərin dərhal azad olunması və günahkarların cəzalandırılması ilə bağlı müraciət imzalanıb.
Foto: http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,283/lang,az/
Video: http://www.youtube.com/watch?v=E9epXOCxl9g&feature=channel_page
OMBUDSMAN GƏNCLƏRİN DÖYÜLMƏSİNİ ARAŞDIRIR
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova 9 iyun 2009-cu il tarixdə “Alumni Network” Gənclər Şəbəkəsinin nümayəndəsi Emin Milli və “Ol” Gənclər Hərəkatının təsisçilərindən olan Adnan Hacızadənin iki naməlum şəxs tərəfindən zorakılığa məruz qalması faktını araşdırır. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna məlumat Ombudsman aparatından daxil olub.
Məlumatda bildirilir ki, Ombudsman hadisə ilə bağlı dərhal Daxili İşlər nazirinə və Baş Prokurora müraciət edərək adları çəkilən şəxslərin barəsində başlanmış cinayət işinin istintaqının obyektiv aparılmasının nəzarətə götürülməsini, saxlanmanın qanuniliyinin yoxlanılmasını, onlara qarşı zorakılığa yol vermiş şəxslərin müəyyənləşdirilərək qanunvericilikdə nəzərdə tutulmuş qaydada cəzalandırılmasını, məhkəməyədək məsələnin barışıq yolu ilə həll edilməsinin mümkünlüyünün nəzərdən keçirilməsini və nəticəsi barədə məlumat verilməsini xahiş etmişdir.
VİDEOKAMERALI QƏLƏMLƏRƏ QADAĞA QOYULUB
Azərbaycana gizli kameralı və yaddaş tutumlu qələmlər, həmçinin gizli qulaqasma və müəyyən siqnalları olan cihazlar gətirdiyinə görə 4 Azərbaycan vətəndaşı haqqında Cinayət Məcəlləsinin 233-1.1-ci (qanunla mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaları qanunsuz olaraq hazırlama, əldə etmə, saxlama, daşıma, gəzdirmə, başqasına vermə və ya satma) maddəsi ilə cinayət işi qaldırılıb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna Bu barədə Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəisi Sadiq Gözəlov məlumat verib.
“Həmin şəxslərin idxal etdiyi məhsullar Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən aşkar olunub və qanuniliyinin yoxlanması üçün Milli Təhlükəsizlik Nazirliyinə göndərilib. Götürülmüş əşyalar gizli qaydada informasiya alınması üçün nəzərdə tutulan texniki vasitələr olduğu üçün, mayın 25-də Respublika Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 233-1.1-ci maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması DIN-in Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinə həvalə edilib” – deyən S.Gözəlov “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununda videokameralarla bağlı qadağa olmaması ilə bağlı sualımıza belə cavab verdi:
““Mülki dövriyyəsi məhdudlaşdırılan əşyaların dövriyyəsinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan prezidentinin 12 sentyabr 2005-ci il tarixli fərmanının tələblərinə müvafiq olaraq, vətəndaşlara gizli qaydada informasiya alınması üçün nəzərdə tutulan texniki vasitələrin dövriyyəsinə xüsusi icazə verilməyib və sözügedən qələm-kameralar da həmin vasitələrə aid olduğu üçün, dövriyyəsi qadağandır.”
DİN rəsmisi vurğuladı ki, cinayət işinin açılmasında heç bir qanunsuzluq yoxdur, lakin istintaq getdiyindən əlavə heç bir məlumat verə bilməz.
Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna bildirib ki, videokameralı cihazların dövriyyəsinin qadağan olunması qanunda nəzərdə tutulmayıb. “Əgər həmin cihazlardan qanun pozuntusu halına səbəb olan, yaxud cinayət tərkibli əməllərdə istifadə olunarsa, bu zaman hansısa cinayət işindən söhbət gedə bilər”.
KABEL TELEVİZİYASI İLƏ YAYIMLANAN BƏZİ KANALLAR QADAĞAN OLUNA BİLƏR
Milli Televiziya və Radio Şurası kabel televiziyaları ilə bağlı qaydalar hazırlayır. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədrinin köməkçisi Toğrul Məmmədov məlumat verib. Onun sözlərinə görə qaydalar Şuranın gələn həftə keçiriləcək iclasında qəbul olunacaq: “İndiyədək kabel televiziyaları ilə bağlı ümumi mexanizmlər olsa da, normativ sənədlər yox idi. Qəbul ediləcək qaydalar kabel televiziyalarının fəaliyyətini tənzimləyəcək”.
Qeyd edək ki, MTRŞ sədri N.Məhərrəmli mətbuata açıqlamasında bildirib ki, Azərbaycanla bağlı xüsusi siyasət həyata keçirə bilən kanallar olarsa, o kanalların yayımına Azərbaycanda icazə verə bilmərik. “Mövcud qanunvericiliyə görə, Azərbaycanda kabel şəbəkəsi öz proqramlarını MTRŞ ilə razılaşdırmalıdır. Onlar əvvəlcədən hansı kanalları yayımlamaq istəyirlərsə, bizə məlumat verirlər. Biz həmin kanallara razılıq verəndən sonra onlar həmin kanalı yayımlayırlar” – deyə N.Məhərrəmli vurğulayıb.
Məsələ ilə bağlı MTRŞ sədrinin köməkçisi T.Məmmədov RATİ-yə bildirdi ki, belə kanalların yayımına qadağa qoyulması senzura kimi qiymətləndirilməməlidir: “Azərbaycanla düşmənçilik mövqeyindən çıxış edən, yaxud da Azərbaycan qanunvericiliyi ilə qadağan olunmuş – məsələn, pornoqrafik verilişlər yayımlayan kanalların yayımına qadağa qoyula bilər.”
“FANAT.AZ” SAYTINA QARŞI İDDİA NƏSİMİ RAYON MƏHKƏMƏSİNƏ GÖNDƏRİLDİ
Bu gün (9 iyul) Nərimanov rayon Məhkəməsində hakim Vüqar Məmmədovun sədrliyi ilə “Xəzər-Lənkəran” Futbol Klubunun prezidenti Mais Məsimovun “FANAT.AZ” idman saytının layihə rəhbəri Zahir Əzəmətə və saytın idman yazarı Natiq Muxtarlıya qarşı Cinayət Məcəlləsinin (CM) 147.2 (ağır və xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə hazırlıq iclası keçirildi.
Məhkəmə hazırlıq iclasında cavabdeh tərəfdən “FANAT.AZ” saytının layihə rəhbəri Zahir Əzəmət, idman yazarı Natiq Muxtarlı və vəkil Xalid Bağırov, iddiaçı qismində Mais Məsimovun səlahiyyətli nümayəndəsi, “Palmali Şirkətlər Qrupu”-nun vəkili Məzahir Niftəliyev iştirak edirdi.
İddiaçının vəkili üzr istəniləcəyi təqdirdə iddianı geri götürəcəklərini bildirdi.
Cavabdehlərin vəkili X.Bağırov bildirdi ki, saytın hüquqi ünvanının Nəsimi rayonunda olduğu və işin bu rayonun məhkəməsinə göndərilməsi ilə bağlı vəsatətlə çıxış etdi.
Qısa müşavirədən sonra hakim V. Məmmədov vəsatətin təmin edilməsi və işin Nəsimi rayon Məhkəməsinə göndərilməsi barədə qərarı elan etdi.
Xatırladaq ki, Mais Məsimov “FANAT.AZ” idman saytında yerləşdirilmiş Natiq Muxtarlının köşə yazılarında şərəf və ləyaqətinin təhqir olunduğunu iddia edərək məhkəməyə müraciət edib.
MƏLUMATLARIMIZDAN İSTİFADƏ EDƏRKƏN RATİ-YƏ İSTİNAD EDİN
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ)
Ünvan: Azərbaycan, Bakı şəh., Behbudov 8, mənzil 85/86
tel: (+99 412) 418-03-34, fax: (+ 99 412) 598-45-19
24 saat ərzində aktiv olan qaynar xətt: (+ 994 055) 816 40 04
e-mail: irfs.az@gmail.com
web: www.irfs.az skype: irfs.az
Dostları ilə paylaş: |