R A T İ
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu
PRESS-RELİZ
09 oktyabr 2009-cu il
Bakı, Azərbaycan
-
ELAN!
-
SƏRDAR ƏLİBƏYLİYƏ YENİDƏN HƏBS CƏZASI VERİLDİ
-
POLİSİN QANUNSUZ HƏRƏKƏTLƏRİ İLƏ BAĞLI MƏHKƏMƏDƏ İDDİA QALDIRILACAQ
-
BLOQÇULAR GÜNAHSIZ HƏBS OLUNDUQLARI İLƏ BAĞLI MƏHKƏMƏDƏ İFADƏ VERDİLƏR
-
HACI MƏMMƏDOV ELMAR HÜSEYNOVUN QƏTLİNİ ŞƏXSƏN TƏŞKİL ETDİYİNİ BİLDİRİB
-
MÜŞFİQ HÜSEYNOVUN SƏHHƏTİ AĞIRLAŞIB
-
“GÜNDƏLİK BAKI” APELLYASİYA MƏHKƏMƏSİNDƏ DƏ QALİB GƏLDİ
-
CƏLİLABAD POLİSİ BAŞ REDAKTORDAN İZAHAT İSTƏYİB
-
“AYAN” QƏZETİNƏ QARŞI İDDİA TƏMİN EDİLMƏDİ
ELAN!
12 OKTYABR SAAT 13.00-DA Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində “Millətim” qəzetinin baş məsləhətçisi Ramiz Tağıyev “Nota” qəzetinin baş redaktor əvəzi Sərdar Əlibəyli və “Millətim” qəzetinin baş redaktoru Fərəməz Allahverdiyevin həbs olunması ilə bağlı mətbuat konfransı keçirəcək.
Tədbirə jurnalistlər, hüquq müdafiəçiləri, eləcə də diplomatik korpus nümayəndələri dəvətlidirlər.
SƏRDAR ƏLİBƏYLİYƏ YENİDƏN HƏBS CƏZASI VERİLDİ
Bu gün (09 oktyabr) Bakı Apelyasiya Məhkəməsində hakim Qail Məmmədovun sədrliyi ilə Daxili Qoşunlar (DQ) komandanı general-leytenant Zakir Həsənov, DQ komandanının müavini, general-mayor Fəxrəddin Səmədov, DQ-nin kadrlar idarəsinin rəisi polkovnik Nəsir Hüseynov və DQ Maliyyə Xidmətinin rəisi Namiq Poladovun “Nota” qəzetinin baş redaktor əvəzi Sərdar Əlibəyliyə qarşı qaldırdıqları xüsusi ittiham qaydasında iddiaya əsasən Nizami rayon Məhkəməsinin çıxardığı hökmdən hər iki tərəfin verdiyi apelyasiya şikayəti üzrə qərar çıxarılıb.
Hakim birinci instansiya məhkəməsinin qərarını dəyişdirilməsi, Sərdar Əlibəylini Cinayət Məcəlləsinin 147.1 (Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma) maddəsi ilə təqsirli bilinərək, dünən Apellyasiya məhkəməsində verilmiş 3 ay azadlıqdan məhrum etmə cəzası ilə birlikdə cəmi 4 ay müddətinə azadlıqdan məhrum edilməsinə qərar verdi.
Qeyd edək ki, iddiaçılar “Nota” qəzetində DQ ilə bağlı dərc olunmuş yazılara görə qəzetin baş redaktor əvəzi Sərdar Əlibəyliyə qarşı CM-nin 147.2 maddəsi (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) ilə iddia qaldırmış və Nizami rayon məhkəməsi 20 iyul tarixində cavabdehə 7 ay icbari iş verilməsi və aylıq gəlirinin 4 faizinin dövlətin nəfinə tutulması barədə hökm çıxarmışdı. İddiaçı tərəf cəzanın artırılması, cavabdeh tərəf isə hökmün ləğv edilməsi və bəraət verilməsi ilə bağlı apellyasiya şikayəti vermişdi.
Xatırladaq ki, dünən (8 oktyabr) Bakı Apellyasiya Məhkəməsində hakim Camal Ramazanov “Azadlıq Hərəkatçıları Birliyi”nin (AHB) sədri Təhmasib Novruzovun “Nota” qəzetinin baş redaktor əvəzi Sərdar Əlibəyliyə (Əliyev) qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 148-ci (təhqir), qəzetin əməkdaşları Ramiz Tağıyev və Fərəməz Novruzoğluna (Allahverdiyev) qarşı isə 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddələri ilə xüsusi ittiham qaydasında qaldırdığı iddiaya əsasən Nizami rayon məhkəməsinin çıxardığı hökmü qüvvədə saxlayaraq, Sərdar Əlibəyli və qəzetin yazarı Fərəməz Allahverdiyevin 3 ay azadlıqdan məhrumetmə, Ramiz Tağıyevi isə 6 ay islah işləri cəzasına məhkum etmişdi.
POLİSİN QANUNSUZ HƏRƏKƏTLƏRİ İLƏ BAĞLI MƏHKƏMƏDƏ İDDİA QALDIRILACAQ
Bu gün (9 oktyabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində “Milli yol” qəzetinin və Poliqon İnformasiya Agentliyinin (PİA.AZ) baş redaktoru Şahin Ağabəyli, müavini Ravil Məmmədovun həbs olunması, həmçinin Şahin Ağabəylinin həbsinin şahidi olmuş RATİ əməkdaşlarının polisin fiziki təzyiqinə məruz qalması, zorla əllərindən videokamera və fotoaparatlarının alınması ilə bağlı mətbuat konfransı keçirilib.
Mətbuat konfransında çıxış edən RATİ əməkdaşı İdrak Abbasov bildirdi ki, saat 19.00 radələrində Ş.Ağabəyli “Milli yol” qəzetinin və Poliqon İnformasiya Agentliyinin Rəsul Rza və Bəşir Səfəroğlu küçələrinin kəsişməsində yerləşən ofisinin mülki geyimli polis əməkdaşları tərəfindən mühasirəyə alındığını bildirib. Dərhal PİA-nın ofisinə gedən RATİ-nin araşdırma qrupu ofisin həqiqətən də mülki geyimli şəxslər tərəfindən mühasirəyə alındığının şahidi olublar: “Mən və digər əməkdaşımız Qəmbər Qəmbərov Şahin Ağabəyli ilə mülki geyimli şəxslərin birinin söhbətini lentə alarkən, mülki geyimli şəxslər hücum edərək Şahin Ağabəylini həbs etdilər, həmçinin bizim qollarımızı buraraq, çəkiliş avadanlıqlarını zorla əlimizdən alıdılar. Bundan başqa, binanın bayır hissəsində çəkiliş aparan digər RATİ əməkdaşı Elnur Məmmədovun da əlindəki videokameranı müsadirə edərək onu Ş.Ağabəyli ilə eyni maşında apardılar”.
“Milli yol” qəzetinin və Poliqon İnformasiya Agentliyinin (PİA.AZ) baş redaktoru Şahin Ağabəyli bildirdi ki, dünən baş verən hadisələr onun həbsi üçün qurulmuş oyun idi. “Dünənə saat 12.00-da həbs olunan müavinim – 1988-ci il təvəllüdlü Ravil Məmmədov çox gənc və təcrübəsizdir. DİN əməkdaşları onu və məni Baş Mütəşəkkil Cinayətkarliqla Mübarizə İdarəsində 05 oktyabr tarixində PİA.az saytında “DİN-də ixtisarlar olacaq” yazısına görə sorğu-sual ediblər. Bu dindirilmələr hamisi qeyri-rəsmi olub. Orada sözügedən yazının ictimaiyyətdə çaşqınlıq yaratdığını dedilər” – deyən Ş.Ağabəyli baş verənləri Azərbaycan hakimiyyəti üçün qara ləkə hesab etdiyini bildirib.
RATİ sədri Emin Hüseynov məsələ ilə əlaqədar olaraq Daxili İşlər Nazirliyinə (DİN) qarşı məhkəmədə iddia qaldıracaqlarını bildirdi: “DİN əməkdaşları vəzifə səlahiyyətlərini aşaraq jurnalistlərin peşə fəaliyyətlərinə mane olub, həmçinin çəkilişləri pozublar. Artıq hadisə iştirakçıları və şahidlər izahat yazıb, iddia ərizəsi hazırlanır. Bu məsələ ilə bağlı Media Hüququ İnstitutu hüququ yardım göstərəcək.
Foto: http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,328/lang,az/
Video: http://www.irfs.az/content/view/2944/1/lang,az/
BLOQÇULAR GÜNAHSIZ HƏBS OLUNDUQLARI İLƏ BAĞLI MƏHKƏMƏDƏ İFADƏ VERDİLƏR
Bu gün (09 oktyabr) Səbail Rayon Məhkəməsinin hakimi Araz Hüseynovun sədrliyi ilə gənc bloqçular - Adnan Hacızadəyə və Emin Abdullayevə (Milli) qarşı Cinayət Məcəlləsinin 221.2.1 (xuliqanlıq) və 127-ci (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddələri ilə irəli sürülmüş ittiham üzrə cinayət işinə əsasən proses keçirilib.
Prosesdə bloqçuların vəkilləri vəsatət qaldıraraq, işə daxil edilən ekspert rəyinin saxta olduğunu deyərək, bu rəyin nə hüquqi, nə də tibbi sənədlərə əsaslanmadığını vurğulayaraq sübutlar siyahısından çıxarılmasını istədilər. Hakim A. Hüseynov vəsatəti baxılmamış saxladı və növbəti proseslər zamanı baxılacağını dedi
Daha sonra gənc bloqçular sərbəst ifadə verdilər. Adnan Hacızadə bildirdi ki, hadisə baş verən gün restoranda Vüsal Məmmədov tərəfindən döyülüblər və Babək Hüseynov tərəfindən təhqirə məruz qalıblar. “İdmançı görkəmində olan Vüsal Məmmədov güclü və dəqiq zərbələr endirib və bu proses ani vəziyyətdə baş verib. Vüsal Məmmədov Emin Millidən sonra mənə də kəllə zərbəsi endirməsi nəticəsində yerə yıxıldım və o, təpik zərbələri ilə mənə zədələr yetirməyə davam etdi. Birdən zərbələrin dayandığını hiss etdim və ayağa qalxanda gördüm ki, bir nəfər – sonradan onun restoranın aşpazı olduğunu bildim – Vüsalın qarşısını kəsib. Bu zaman mən Emin Millini yerdən qaldıraraq onunla bayıra qaçdıq. Bayırda mən Emin Millinin ayağından qan gəldiyinin və ayaqqabısız olduğunu gördüm. Biz Babək Hüseynov və Vüsal Məmmədovun bizim arxamızca çıxdığını düşünərək, kortəbii şəkildə Fəvvarələr Meydanına tərəf qaçmağa başladıq. Fəvvarələr Meydanında arxamızdan heç kimin gəlmədiyinə əmin olduqdan sonra polisə şikayət etmək üçün, ən yaxın polis bölməsi olan 39-cu polis bölməsinə getdik” – deyən A.Hacızadə həm özünün, həm də sonradan onların yanına gələn dostunun mobil telefonu ilə 39-cu polis bölməsində çəkilən şəkillərini proses iştirakçılarına nümayiş etdirdi. Şəkillərdə “39-cu polis bölməsi” yazılmış lövhənin əks olunduğunu xüsusi vurğulayan Adnan Hacızadə bu şəkillərin məhkəmədə ifadə verən polislərin, həmçinin Vüsal Məmmədov və Babək Hüseynovun yalan danışmasına sübut olduğunu xüsusi qeyd etdi. Qeyd edək ki, polislər ifadələrində bloqçuların restorandan birbaşa 9-cu polis bölməsinə aparıldığını bildirmişdilər.
Adnan Hacızadə həbs olunmalarına səbəb kimi aktiv ictimai fəaliyyətlə və internetdə neqativ hallara qarşı videomateriallar yerləşdirmələrinin səbəb olduğunu bildirdi. Hacızadə ittiham aktının qərəzli olduğunu, onun barəsində həm yerli, həm də xarici təhsil ocaqlarından alınmış 8 xasiyyətnamənin işə əlavə olunmadığını, biri xaricdə alınmaqla 2 ali təhsilinin olduğunu və yaratdığı gənclər təşkilatı vasitəsilə bir neçə il ərzində qeyri-zorakılığı təbliğ etdiyini bildirdi. Adnan vurğuladı ki, restoranda döyülən zaman burnundan aldığı zədələr nəticəsində hələ də nəfəs almaqda çətinlik çəkir. “Həbsdə olduğum müddətdə məni yoxlayan həkim bildirdi ki, normal nəfəs almağım üçün mütləq əməliyyat olunmalıyam.”
E. Milli çıxışında istintaqa verdiyi ifadələri təsdiqlədiyini bildirdi və Adnan Hacızadənin ifadəsi ilə razılaşdığını vurğuladı. “Mən təhsil aldığım Almaniyada qeyd edilən Berlin divarlarının sökülməsi ilə bağlı hamını təbrik edirəm. Əminəm ki, Azərbaycanda da olan bu cür divarlar və yalanlar tezliklə söküləcək” – deyə E.Milli bildirib.
Daha sonra bloqçuların vəkilləri zərərçəkmiş şəxs kimi tanınan V.Məmmədov və B.Hüseynovun növbəti dəfə məhkəmədə iştirak etmədiklərini hakimin diqqətinə çatdıraraq, onların gələn prosesdə iştirak etmələrinin təmin edilməsini xahiş etdi.
Hakim növbəti prosesi 13 oktyabr saat 15:00-a təyin etdi.
Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 08 iyul tarixində axşam saatlarında dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb. İyulun 20-də Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. Cinayət işinin istintaqı yekunlaşdırılıb və gənclərə qarşı 221.1.2 (xuliqanlıq) və 127 (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddələri ilə ittiham irəli sürülüb və iş baxılması üçün məhkəməyə göndərilib.
Foto: http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,329/lang,az/
HACI MƏMMƏDOV ELMAR HÜSEYNOVUN QƏTLİNİ ŞƏXSƏN TƏŞKİL ETDİYİNİ BİLDİRİB
Çoxsaylı qətllər və digər ağır cinayətlər törətdiyinə görə ömürlük azadlıqdan məhrum edilmiş Daxili İşlər Nazirliyinin (DİN) keçmiş polkovniki Hacı Məmmədov “Monitor” jurnalının baş redaktoru, mərhum jurnalist Elmar Hüseynovun qətlini şəxsən təşkil etdiyini bildirib. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumat verən İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudov bildirib ki, bir neçə gün öncə Milli Təhlükəsizlik Nazirliyinin (MTN) təcridxanasında Hacı Məmmədovla görüşərkən o, törətdiyi cinayətlər haqqında danışıb: “Hacı Məmmədov dedi ki, Elmar Hüseynovun qətlini və məlum olan bütün cinayətləri özü törədib, bunları etiraf etmək üçün isə ona heç bir təzyiq edilməyib”.
E.Behbudov onu da qeyd edib ki, H. Məmmədovun bunlarla bağlı təqdim etdiyi məktubu götürməkdən imtina edib.
Xatırladaq ki, “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov 2005-ci il martın 2-də yaşadığı evin qarşısında qətlə yetirilib.
Hacı Məmmədov isə bir sıra ağır qətllər, adam oğurluğu və digər cinayətlər törətdiyinə görə ömürlük həbs cəzasına məhkum edilib.
Məsələ ilə bağlı MTN-in İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəisi Arif Babayev məsələ ilə bağlı araşdırma aparacağını deyərək, bir qədər sonra zəng etməyimizi istədi. Lakin sonradan onunla əlaqə saxlamaq mümkün olmadı.
MÜŞFİQ HÜSEYNOVUN SƏHHƏTİ AĞIRLAŞIB
“Bizim Yol” qəzetinin əməkdaşı, 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Müşfiq Hüseynovun səhhəti ağırlaşıb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna Müşfiq Hüseynovun qardaşı oğlu Cavidan Hüseynov məlumat verib. Onun sözlərinə görə dünən M.Hüseynov telefon əlaqəsi saxlayaraq, iki həftədir müalicə kursu keçdiyinə baxmayaraq, hərarətinin düşmədiyindən bildirib. “O bildirdi ki, cəzaçəkmə müəssisəsində lazımı preparatların olmadığı üçün bu yaxınlarda özümüz preparatları alıb ona aparacağıq”.
Həmçinin Cavidan Hüseynovun bildirdiyinə görə ailəsi onun müalicə müəssisəsinə yerləşdirilməsini istəsə də, müəssisədəki şəraitin həddindən artıq pis olduğu üçün Müşfiq oraya köçürülməyin əleyhinədir” – deyən C.Hüseynov vurğuladı ki, ailəsi hüquq müdafiəçilərinin, xüsusilə Elçin Behbudovun Müşfiqlə görüşməsini və səhhəti ilə maraqlanmasını istəyirlər.
Xatırladaq ki, M.Hüseynov 2007-ci il, iyulun 24-də həbs olunub. Ona qarşı CM-nin 311-ci maddəsi (rüşvət alma ) ilə ittiham irəli sürülüb və 2008-ci ilin yanvar ayında o 6 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsi isə M.Hüseynovun cəzasını 1 il azaldıb.
“GÜNDƏLİK BAKI” APELLYASİYA MƏHKƏMƏSİNDƏ DƏ QALİB GƏLDİ
Dünən (8 oktyabr) Bakı Apellyasiya Məhkəməsində hakim Cəmilə Səfiyevanın sədrliyi ilə “Hacı Mazan” MMC-nin təsisçisi Ramazan Zeynalovun “Gündəlik Bakı” qəzetinin təsisçisi və baş redaktoru Habil Vəliyevə qarşı şərəf və ləyaqətin müdafiəsi ilə bağlı qaldırdığı iddiaya əsasən Yasamal rayon məhkəməsinin çıxardığı qərardan iddiaçı tərəfin verdiyi apellyasiya şikayəti üzrə keçirilən prosesdə qərar çıxarılıb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) qəzetin təsisçisi və baş redaktoru Habil Vəliyev məlumat verib.
H.Vəliyevin sözlərinə görə, hakim C. Səfiyeva apellyasiya şikayətinin təmin edilməməsi və Yasamal rayon Məhkəməsinin 20 aprel 2009-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması barədə qərar çıxarıb.
Xatırladaq ki, Ramazan Abdullayev "Gündəlik Bakı" qəzetinin 14 yanvar 2009-cu il tarixli sayında dərc olunmuş "Cənubdakı Narkotik Marşurutu" və 22 yanvar 2009-cu il tarixli sayında dərc olunmuş "Cənubdakı Narkotik Marşurutu-2" başlıqlı məqalələrə görə Yasamal rayon məhkəməsinə müraciət etmişdi. İddiaçı tərəf üzr istənilməsini, təkzib verilməsini və mənəvi zərərə görə “Gündəlik Bakı” qəzetinin təsisçisi və baş redaktoru Habil Vəliyevdən 300000 (üç yüz min) AZN tutularaq şirkətə ödənilməsini istəmiş, lakin Yasamal rayon məhkəməsi iddianı təmin etməmişdi.
CƏLİLABAD POLİSİ BAŞ REDAKTORDAN İZAHAT İSTƏYİB
“Bizim Vətən” qəzetinin baş redaktoru Mirhüseyn Nağıyev bu gün Cəlilabad rayon polis Şöbəsinə çağırılıb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun Qaynar Xəttinə baş redaktorun özü məlumat verib. Onun sözlərinə görə, rəhbəri olduğu qəzetdə “Cəlilabadda uşaq əməyindən istifadə olunur” bağlıqlı yazıya görə polisə çağırılıb. “Həmin yazı “Təzadlar” qəzetində də dərc olunub. Məqalədə Cəlilabadda yerləşən “Qurtuluş” ticarət mərkəzində azyaşlı uşağın əməyindən istifadə olunması əks olunub. Polisdə müstəntiq mənə bildirdi ki, yazı ilə bağlı şikayət daxil olduğu üçün izahat verməliyəm. Mən isə izahat verməkdən imtina etdim. Bu halda mənim imtina etməyimlə bağlı akt tərtib olundu. Lakin mən bu akta da imza atmaqdan imtina etdim və bildirdim ki, mən yalnız gördüklərimi yazmışam və deyəcəyim hər şey məqalədə əks olunub” – deyən M.Nağıyev vurğuladı ki, bundan sonra onu sərbəst buraxıblar.
Cəlilabad Rayon Polis Şöbəsinin Allahverdi adlı (soyadını söyləmədən imtina etdi) müstəntiqi RATİ əməkdaşına bildirib ki, M.Nağıyev barəsində şikayət ərizəsi daxil olduğu üçün araşdırma aparılır. Şikayətin kim tərəfindən və hansı səbəb edilməsi ilə bağlı isə müstəntiq açıqlama verməkdən imtina etdi.
M.Nağıyev bildirdi ki, məsələ ilə bağlı mətbuat konfransı keçirəcək.
“AYAN” QƏZETİNƏ QARŞI İDDİA TƏMİN EDİLMƏDİ
Bu gün (9 oktyabr) Nəsimi rayon Məhkəməsində hakim Emin Mehdiyevin sədrliyi ilə Masallı rayonunda yerləşən “Viləş” su anbarının direktoru Ağabəy Ağayevin “Ayan” qəzetinə qarşı mülki iddiası üzrə məhkəmə prosesi keçirilib.
Prosesdə cavabdeh tərəf kimi “Ayan” qəzetinin təsisçisi və baş redaktoru Cavid Ələsgəroğlu və Vasif Turan, iddiaçı qismində “Viləş” su anbarının direktoru A. Ağayev və onun vəkili İlham Ağayev iştirak edirdilər.
Cavabdehin nümayəndəsi V. Turan “Ayan” qəzetinin 8 mart 2009-cu il tarixli sayında “1000 nəfərin həyatı təhlükədədir” başlıqlı məqalədə yazıların həqiqətə əsaslanaraq yazıldığını bildirdi. O həmçinin qeyd edib ki, məqaləni yazarkən istənilən tərəfin fikirlərini öyrənmək üçün dəfələrlə A. Ağabəyovla əlaqə saxlamağa cəhd etsə, də sözügedən şəxs onunla danışmaqdan qəti surətdə imtina edib.
A.Ağabəyov məqalədə yazıların həqiqətə uyğun olmadığını və iddianın əsaslı olduğunu bildirdi.
Sübutları dəyərləndirmək üçün müşavirə elan edən hakim E. Mehdiyev iddianın təmin olunmaması barədə qərar verdi.
Xatırladaq ki, Heydər Əliyev adına “Viləş” Su Anbarının direktoru Ağabəy Ağayev “Ayan” qəzetində dərc olunmuş “1000 nəfərin həyatı təhlükədədir başlıqlı yazıda gedən fikirlərin böhtan olduğunu iddia edir və buna görə, qəzetin 50 min manat cərimə edilməsini və qəzetin təkzib verməsini istəyirdi.
MƏLUMATLARIMIZDAN İSTİFADƏ EDƏRKƏN RATİ-YƏ İSTİNAD EDİN
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ)
Ünvan: Azərbaycan, Bakı şəh., Behbudov 8, mənzil 85/86
tel: (+99 412) 418-03-34, fax: (+ 99 412) 598-45-19
24 saat ərzində aktiv olan qaynar xətt: (+ 994 055) 816 40 04
e-mail: irfs.az@gmail.com
web: www.irfs.az skype: irfs.az
Dostları ilə paylaş: |